Mətbuat, televiziya və
radioda dil qüsurları...
Sabir
Rüsiəmxanlı: "Alınma sözlərə nəzarət
edilməlidir"
Nəsir
Əhmədli: "Mətbuat, radio və televiziya nümayəndələri
bu məsələyə ciddi fikir verməlidir"
Mətbuat, televiziya və radioda dil qüsurları
problemi aktuallığını qoruyur. Qəzet,
jurnal, saytlarda Azərbaycan və alınma sözlərin
yazılışında acınacaqlı vəziyyət
hökm sürür. Sosial şəbəkələr,
küçə və prospektlərə vurulmuş reklam
lövhələrində eyni hal təkrar olunur. Qeyd edilən sahələrdəki qüsurlar qrammatik
və leksik pozuntularla müəyyənləşir. Terminlər, dialekt, şivə, neologizmlər
düzgün qiymətləndirilmir. Mövcud
qüsurların ən başlıcası morfoloji və
sintaktik pozuntulardır. Bir müddət əvvəl
Mətbuat Şurası və KİVDF-ın apardıqları
monitorinqlər zamanı konkret olaraq mətbuatda hansı səpkidə
dil qüsurlarının olduğu aşkar edilib. Alınma sözlər, terminlər, dialekt və
şivə, neologizmlərin yaradılması və işlədilməsi
əsas dil pozuntusu faktlarıdır. Bu
silsiləyə sintaktik və morfoloji, üslub, dili praktik bilməmək,
dilin qaydalarını bilməmək, bəhs olunan predmeti bilməmək
qüsurları da daxildir. Bu problemlərlə
yanaşı mətbuatda texniki səhvlər də yetərincədir.
Dildən istifadə qaydaları zamanı
pozuntuya daha çox televiziyalar yer verirlər. Bəzi mətbuat orqanları kobud (vulqar) sözlərdən
çox istifadə edirlər. Bu cür
yazılar oxunaqlı olsa da dil normalarına tərs
üslubdur. Xüsusi və mürəkkəb
adların yazılarda istifadə edilməsi qaydaları da
pozulur. "Orfoqrafiya lüğəti"nə əsasən
yüksək dövlət vəzifələri, müxtəlif
dövlət orqanlarının və s. adların birinci hərfi
böyük şriftlə yazılır. Məsələn:
ABŞ Dövlət katibi Con Kerri, Almaniya Kansleri Angela Merxel,
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və s.
Çox hallarda isə bu sözlər bu cür ifadə edilir:
ABŞ dövlət katibi, Rusiya xarici işlər naziri,
Almaniya kansleri. Həmçinin lüğət
qaydalarına əsasən mürəkkəb adların
ixtisarla yazılış qaydasına (abreviatura) da əməl
edilmir. Mətbu orqanlarda "Orfoqrafiya
lüğəti"ndə qeydə alınmayan sözlərdən
istifadə də geniş yayılıb.
"Novostroyka", "obşak", "srok",
"dıxaniye", "kayf" "uje",
"voopşe", "davay do svidaniya" və s. kimi
sözlər daha çox işlədilir. Qəzet,
jurnal və saytlarda əcnəbi adlar Azərbaycan dilinin fonetik
qaydalarına uyğunlaşdırılmır. Məsələn:
"Facebook" (Feysbuk), "Mc Donalds" (Mak Donalds), Michael
Jackson (Maykl Cekson), "Reuters" (Röyters), Giovanni Zambrotta
(Covanni Zamrotta), Mahmud Ahmetnejat (Mahmud Əhmədinejad), Ayatullah
Ali Xomeneyi (Xamneyi) və s. kimi adlar çox vaxt olduğu kimi
yazılır. Punktuasiya (durğu işarələrinin
qoyulması) qaydalarının pozulması halları da tez-tez
rast gəlinən qüsurlardandır. Azərbaycan
dilinin qrammatik qaydalarına əsasən "O",
"Bu" əvəzlikləri və "Ki"
bağlayıcısından sonra vergül (,) işarəsi
qoyulur. Əgər "Ki"
bağlayıcısından sonra xəbər gəlirsə
vergül işarəsi işlədilmir. "Bu" və
"O" sözlərindən sonra qoşma,
bağlayıcı, xəbər, ədat və s. gəlirsə
o zaman vergüldən istifadə edilmir. Müxtəsər
cümlələrdə də "Ki"
bağlayıcısından sonra vergül qoyulmur. Əksər hallarda isə bunun tamam əksini
özünü tapır. Problemlərin
başqa bir tərəfi idə neologizmlərdən
düzgün istifadə edilməməsidir. Əsasən də Türkiyə türkcəsindən
dilimizə keçən sözlər çox vaxt olduğu
kimi yazılır və tələffüz edilir. Məsələn:
"Sonuc" türkcədə "Sonuç" kimi
işlədilir. Lakin, bu tip keçmə
sözlər mətbuat orqanlarında çalışan
jurnalistlər tərəfindən necə var elə işlədilir.
Əcnəbi dillərdən alınmış
sözlər qrammatik cəhətdən "verbalizə
olunmuş" və "verbalizə edilməmiş"
olaraq iki qrupa ayrılır. Əcnəbi dillərdən
yazılı alınmalar 6 qrupa bölünür: 1) bilavasitə
yazıda dəyişiklik edilmədən alınma; 2)
transliterasiya - başqa yazı ilə verilməklə
alınma; 3) elmi və tədris ədəbiyyatında elmi,
fonetik və fonematik transkripsiya ilə alınma; 4) öz hərfləri
ilə məhdudlaşmaqla praktik transkripsiya ilə alınma;
5) doğma dilin qrammatik vasitələri ilə morfoloji cəhətdən
ifadə edilməklə alınma; 6) tam və ya qismən tərcümə
olunmaqla, leksik ifadə ilə alınma. Sırf linqvistik
baxımdan alınmış sözlər isə 3 yerə
bölünür: 1)morfem dəyişikliyi
olmadan alınma; 2) qismən morfem dəyişikliyi ilə
alınma; 3) tam morfem dəyişilməsi ilə alınma. Bunlar bütün dünya dövlətləri tərəfindən
qəbul edilmiş qrammatik qaydalardır. Lakin,
qəbul edilmiş bu qaydaların heç birisinə faktiki
olaraq əməl edilmir.
Mediada dil problemlərinin qloballaşmasının səbəbi
korrektura şəbəkəsinin sıradan
çıxması, dil normalarına səthi jurnalist və
redaktor yanaşması, qeyri-peşəkarların mətbuata
axınıdır. "Orfoqrafiya lüğəti" qaydalarının
düzgün dəyərləndirilməməsi, jurnalistlərin
iş müqabilində aldıqları məvacibin
azlığı və Azərbaycan dilinin fundamental xüsusiyyətlərindən
lazımi istifadə edilməməsi də məsələyə
təsir edən amillərdir. Problemləri həll etmək
üçün mətbuatda korrektor işi bərpa
olunmalı, Azərbaycan dilinin qaydaları barədə
bütün mətbuat sahəsində çalışanlar
maarifləndirilməli, Mətbuat Şurasının, həmçinin
aidiyyatı qurumların mətbuat orqanlarında
apardıqları monitorinqlərin sayı
artırılmalı, jurnalistlərə verilən maddi vəsaitlərin
(qonorar və maaş) məbləği artırılmalı
və qeyri-peşəkarların mətbuata axınının
qarşısı alınmalıdır.
Bunun qarşısının alınması
üçün dil polisini yaradılması təklifi də səslənirdi.
Şair, deputat, Azərbaycan Dil Qurumunun rəhbəri
Sabir Rüstəmxanlı ölkədə dil polisinin
yaradılması ilə bağlı bir neçə gün əvvəl
dediyi fikirlərə aydınlıq gətirib. Deputat bildirib ki, o heç də
konkret dil polisi yaradılsın deyə təkliflə
çıxış etməyib: "Mən sadəcə dillə
bağlı ümumi vəziyyətdən danışarkən
dünya təcrübəsindən misallar gətirmişəm,
dilin qorunması üçün bir sıra ölkələrin
atdığı addımları sadalamışam. Məsələn, Almaniyada dili yad, gəlmə
sözlərdən qoruyan dil gömrüyü
yaradılıb. Onlar kənardan gələn
sözləri süzgəcdən keçirir, alman dilinə
uyğun gələnlərin istifadəsinə icazə verir,
digər hallarda qadağalar tətbiq edirlər. Kanadada ingilis dili dövlət dilidir, ölkənin
Kvebek əyalətində isə fransız dilini qorumaq
üçün dil polisi fəaliyyət göstərir.
Hansı formada, hansı adla fəaliyyət
göstərməsindən asılı olmayaraq dünyanın
hər yerində ana dilinə nəzarət mexanizmi var.
Bu gün paytaxtın mərkəzində üzərində
ana dilində bir ifadə belə olmayan kifayət qədər
xarici adlı mağazaya rast gəlirik. Niyə
Bakının mərkəzini kənar reklamlara, sözlərə
təslim eləmişik? Belə hallarla
qarşılaşan ölkələr vəziyyətdən
çıxmaq üçün lazımi tədbirlər
görür, həmçinin dil polisi yaradır. Azərbaycanda da dilimizin qorunmasına hansısa şəkildə
nəzarət olunmalıdır.
Bu təklifdən çıxış edib bəzi
jurnalistlərin "Azərbaycanda onsuz da polis çoxdur, dil
polisi də yaradılacaq?" kimi söz oyunu düzəltməsi,
ana dilinin qorunması yolunda irəli sürülən təkliflərə
bu cür yanaşması, ifadəni "polis"
sözünün doğurduğu məna ilə assosiasiya etməsi
cahillik əlamətidir. Mən fikirlərimlə dünyada dilə
münasibətin mənzərəsini ifadə etmişəm,
deməmişəm ki, Azərbaycanda da hökmən dil polisi
yaradılmalıdır. Mənə elə
gəlir qəzetlərin, medianın özünə də nəzarət
edilməlidir ki, hansı dillə yazmaq, hansı ifadələri
qəzetə, mətbuata gətirmək olar".
Deputat
qeyd edib ki, dilin qorunması çox mühüm milli məsələ
olduğu üçün bu sahə ilə təkcə bir
qurum, bir müəssisə məşğul olmamalı,
nazirliklər, dövlət idarələri işə cəlb
edilməli, hətta Milli Məclisdə qəbul olunan
qanunların belə dilinə xüsusi diqqət yetirilməlidir:
"Bizim dil haqqında qanunumuz var. Qanunun yerinə yetirilməsi
məsuliyyət doğurur, bu məsuliyyəti tələb etmək
lazımdır. Bu fəaliyyətin dil polisi
yaratmaqlamı, yoxsa hansısa başqa formada təşkil edilməsi
haqqında düşünmək lazımdır. Deyək
ki, yol polisi, gömrük nəzarəti idarələri
olduğu kimi ana dilinə nəzarət idarəsi də ola bilər. Gömrük xidməti
ölkəyə keyfiyyətli malların daxil olmasına nəzarət
edir. Onda niyə yad dillərdən gələn
sözlər də süzgəcdən keçirilməsin?
Bu nəzarəti həyata keçirən
qurumun, orqanın adı nə qoyulursa qoyulsun, məqsəd dil
haqqında qanunun yerinə yetirilməsinə nəzarəti həyata
keçirməkdir. Alınma sözlərə,
dilin işlənməsinə, qanunun yerinə yetirilməsinə
hökmən nəzarət edilməlidir".
Bakı
Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin
müəllimi Nəsir Əhmədli isə bildirib ki, Azərbaycan
dilindən düzgün istifadə, dilin təbliği və
qorunması məqsədilə "Dil polisi"nin yaradılmasına ehtiyac var: "Dövlət
dilinin qorunması ilə bağlı çoxsaylı dövlət
proqramları, qanunlar var. Amma çox təəssüflər
olsun ki, heç birinə əməl edən yoxdur. Onun özünü necə doqğruldacağı təbii
ki, onun quruluşundan və qarşısına qoyduğu məqsədlərdən
asılı olan bir şeydir. Yəni əsas
yaradılmasıdır. Qalan şeylər
sonranın işidir. Hər şey qurumun təşkilatlanmasından,
orada təmsil olunacaq insanlardan asılıdır. Əgər
adına uyğun şəkildə öz
funksiyasını tam məsuliyyətlə yerinə yetirəcəksə.
Yaradılacağı təqdirdə "dil
polisi" dilimizin qorunması və təbliği istiqamətində
müsbət nəticələr əldə edəcək".
Onun
sözlərinə göoə, Dilimizdə işlənən əcnəbi
sözlərə birmənalı yanaşmaq doğru deyil:
"Burada müxtəlif kateqoriyalar var. Elə sözlər
var ki, dilimizdə qarşılığı olmasına rəğmən
biz öz sözlərimizdən deyil, onun rus, yaxud da ingilis
variantından istifadə edirik. Elə əcnəbi
sözlər də var ki, onun ana dilimizdə
qarşılığı olmadığı
üçün ehtiyac üçün üzdən işlədirik.
Bu da təbii prosesdir. Fikrimizi
ifadə etmək üçün əcnəbi də olsa, həmin
sözlərdən istifadə etməliyik. Yəni əcnəbi
sözlər iki kateqoriyaya ayrılır: ehtiyac olan və
ehtiyac olmayan əcnəbi sözlər.
Əcnəbi sözlərdən istifadə zamanı
jurnalistlər çox diqqətli olmalıdır. Sözün
quruluşuna, mahiyyətinə çox ciddi
yanaşmalıdır. Bəzən
jurnalistlər dilimizin qayda- qanunlarını bilmədiyi
üçün yanlış sözlərdən istifadə
edirlər. Bu o qədər də qorxulu
deyil. Çünki hər bir
redaksiyanın tərkibində korrektor ştatı var və həmin
səhvi o aradan qaldıra bilər. Bir də
var ki, bəzi yanlış sözlər artıq dilimizdə
"qanuniləşib". Doğru mahiyyət
ifadə etməməsinə rəğmən birmənalı
şəkildə hər kəs tərəfindən işlənir.
Təhlükə burdadır və bunun
qarşısını almaq lazımdır".
Nəsir
Əhmədli hesab edir ki, reklam, idarə, müəssisə
adları olan lövhələrdə bir çox hallarda əcnəbi
adlara üstünlük verirlər: "Bunun bir səbəbi
var, o da nəzarətsizlikdir. Hesab edirəm ki,
"dil polisi" yaradılsa, məhz bu sahəyə də
ciddi nəzarət etməlidir. Hətta
üst yazıları ilə məşğul olacaq ayrıca
bir şöbə də yaradılsa, daha yaxşı olar.
Bu sahə kifayət qədər nəzarətsizdir.
Hər nə qədər qanunda reklam lövhələrinə,
obyektlərə əcnəbi adların verilməsi qadağan
olsa da, bizdə buna əməl edən yoxdur.
Bütün sahələrdə dilimizin
saflığı və təmizliyi eyni səviyyədə
qorunmalıdır. Amma razıyam ki, mətbuat, radio və
televiziya nümayəndələri bu məsələyə
ciddi fikir verməlidir. KİV birbaşa
kütləyə ünvanlanır və maarifləndirici
funksiya daşıyır. Mətbuatda gedən
bir söz artıq cəmiyyət tərəfindən
sorğu-sualsız düzgün variant kimi qəbul olunur.
Bu mənada, media nümayəndələri daha
ehtiyatlı olmalıdır.
Sadəcə, dilimizin qayda-qanunlarına dərindən bələd olmaq, orfoepiya və orfoqrafiya qaydalarına əməl etmək lazımdır. Bir qədər də yaradıcı olmaq lazımdır".
Əli
Xalq Cəbhəsi.-
2014.- 26 iyun.- S.11.