Milli Ordu tariximiz
Əliağa
Şıxlinski: "Ordu xalqın istinadgahıdır-bura
xalqın ləyaqətli oğulları gəlməlidir"
Bu gün Azərbaycanda Milli Ordu günüdür. Milli Ordunun
yaranmasında xidmətləri olan generallarımızdan biri də
Əliağa Şıxlinskidir. Əliağa
Şıxlinski 1865-ci il aprel ayının
23-də Qazax qəzasının Qazaxlı kəndində
anadan olub. Anası Şah Yəmən xanım
Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən
biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi
idi.
1883-cü ildə orduda hərbi xidmətə başlayan
Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyə
çalışır. Bütün bu uğurlu addımlar onu
Peterburq artilleriya məktəbinə gətirir. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə
bitirən Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində
batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla
vuruşmağa başlayır. Port-Artur
qalasının müdafiəsi zamanı xüsusi şücaət
göstərdiyinə görə "Qızıl
qılınc"la mükafatlandırılır.
Müharibədən sonra topçu zabitlər
hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi
kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə
polkovnik rütbəsi alır. Hərb elminin daha da dərindən
mənimsənilməsi üçün yazdığı, dərs
vəsaiti kimi istifadə edilən "Səhra
toplarının cəbhədə işlədilməsi" əsəri
1910-cu ildə çap olunur. Bundan əlavə,
onun "Şıxlinski üçbucağı",
"Şıxlinski formulu" adlı hərbi yenilikləri
topçu zabitlər üçün hazırlanmış dərsliklərə
daxil edilir. Bütün bu xidmətlərinə
görə gənc hərbçiyə 1912-ci ildə
general-mayor rütbəsi verilir. Beləcə
o, Azərbaycanın ilk hərbi generallarından olur, çar
ordusunun aparıcı mütəxəssislərindən birinə
çevrilir.
xxx
1914-cü ildə baş verən I dünya müharibəsi
zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi
general Əliağa Şıxlinskiyə
tapşırılır. Sonralar Qərb cəbhəsi artilleriya
qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə
10-cu ordunun komandanı təyin olunur.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik
Respublikasının yaranması Əliağa Şıxlinskini
vətəninə qayıtmağa məcbur edir. 1918-ci ilin dekabrında dövlətin hərbi işi
Azərbaycanın iki görkəmli oğluna
tapşırılır. Artilleriya
general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın
hərbi naziri, daha bir artilleriya general-leytenantı
Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin
edilir. Qısa zaman ərzində bu iki
şəxsiyyətin gərgin səylərilə Azərbaycan
ordusu yaradılır. Ordunun xeyli cəbbəxanası
formalaşır.
xxx
Əlli ildən çox nizami orduda qüsursuz xidmət
edən Əliağa Şıxlinski həmişə birincilər
sırasında olub. O dörd müharibənin şahidi,
üçünün iştirakçısı olub:
1904-1905-ci illərdə Port-Artur, 1914-cü il
Cahan Müharibəsində, 1918-ci ildə isə
torpaqlarımızın bütövlüyü uğrunda
daşnak Ermənistanına qarşı
döyüşüb. Böyük Vətən
müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini
dayandırmır. O, "Xatirələrim" kimi qiymətli
hərbi memuarını diktə edib yazdırır. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə
hərbi memuardır. İnqilabdan əvvəl
və inqilabdan sonrakı dövrlərlə məşğul
olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan
faydalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə
etməsin.
Görkəmli sərkərdə Əliağa
Şıxlinskinin xalqımız üçün ən
böyük xidmətlərindən biri də 1917-ci ilin
noyabrında olur. Həmin ayın 15-də Qafqaza qayıdan
Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan
ibarət milli korpus yaradır. Bununla da o,
Azərbaycan Milli Ordusunun təməl daşını qoyur.
Bu barədə general "Xatirələrim" hərbi
memuarında daha dəqiq məlumat verir: "Tiflisə
qayıtdıqda, müvəqqəti olaraq mənə korpus
komandanlığı həvalə olunduğu barədə əmri
oxudum. Öz xalqımın baş verə biləcək
xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan
özünü qorumasına xidmət etmək arzusu ilə
korpus təşkil etməyi qət edib Tiflisdə öz qərargahımı
düzəltməyə başladım. Dekabrın
31-də öz qərargahımın ilk heyəti ilə Gəncəyə
getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul
olum. Korpus hissələrinin təşkilində
böyük əngəllərə rast gəlirdik".
"Açıq
söz" qəzeti 1918-ci il 7 yanvar tarixli
nömrəsində nizami müsəlman əsgəri qüvvələrinin
yaranması haqqında belə bir xəbər
yaymışdı: "Yanvarın 3-də Zaqafqaziya Mərkəzi
Müsəlman Komitəsinin üzvü, Mərkəzi Komitə
sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri
təşkilatı haqqında məruzədə
bulunmuşdur. Məruzədən
anlaşıldığına görə, 1917-ci il dekabrın 11-də Zaqafqaziya
Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami
ordu təşkil etməsi qətnaməsini
çıxarmışdır. Nizami ordu
üçün lazımi qədər könüllü cəm
edilməsi işi Zaqafqaziya Mərkəzi Müsalman Komitəsinə
həvalə edilmişdir. Nizami ordu təşkil
edildikdən sonra müsalmanlardan alınan əsgəri verginin
ləğvi haqqında Zaqafqaziya Komissarlığı tərəfindən
dekret veriləcəkdir. Zaqafqaziya
Komissarlığının qətnaməsinə əsasən,
dekabrın 19-da beşinci və yeddinci Qafqaziya
nişançı firqələrindən ibarət olan
altıncı ordu korpusunun Müsəlman nizami ordusu ilə əvəz
edilməsi haqqında Qafqaziya cəbhəsi
qoşunlarının baş komandanı tərəfindən
"Əmrnamə" verilmişdir. Həmin əsgər
dəstələrini milliləşdirmək işlərinə
nəzarət general Əliağa Şıxlinskiyə həvalə
edilmişdir. General Əliağa
Şıxlinski öz vəzifəsinin ifasına
başlamışdır".
xxx
1918-ci
ilin oktyabrında general Əliağa Şıxlinski Gəncədə
yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri
qarşısında çıxış edərək deyir:
"Azərbaycanlılar birdəfəlik bilməlidirlər
ki, doğma ordu əsla tənbəlxana deyil və onun
mövcudluğu hər hansı bir azərbaycanlının
maddi rifahını daha da yaxşılaşdırmaq
üçün yaranmayıb. Ordu xalqın
istinadgahıdır - bura xalqın ləyaqətli
oğulları gəlməlidir".
General Əliağa Şıxlinski bu vətənpərvər
çıxışını Gəncədə praporşiklər
məktəbinin birinci buraxılışı münasibətilə
söyləyir. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı
Nuru Paşa, atası Hacı Əhməd paşa, xalq təhsil
naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili
Mehdi bəy Hacınski, sosial təminat naziri Musa bəy Rəfibəyov,
Gəncə qubernatoru, general İbrahim aba Vəkilov və
başqa dövlət xadimləri iştirak edirlər.
xxx
1918-20-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin
təşkilində Əliağa Şıxlinskinin müstəsna
rolu olur. Doğma xalqın nizami ordusunu yaratmaq istəyən
general uzun illər hərbi təcrübəsindən gecə-gündüz
istifadə edir. Yetmiş ildən çox
Respublika Yeni Tarix Mərkəzi Dövlət arxivində
"tam məxfidir" qrifi ilə saxlanan qiymətli bir sənəd
bunu bir daha təsdiqləyir. Milli Azərbaycan korpusunun
komandiri general Əliağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən
göndərdiyi "Məlumat"ında yeni Azərbaycan
Ordusunun layihəsini hazırlayır.
General yazır ki, Azərbaycanın müstəqil
respublika elan edilməsi ona may ayının 27-də qəzetlərdən
aydın olur: "Mən mayın 28-də yeni dövlətin hərb
nazirliyinin layihəsini artıq
hazırlamışdım". Layihənin
arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə
edilir. Vəziyyətlə əlaqədar
Əliağa Şıxlinski layihəsində təklif edir ki,
vaxtilə türk zabitlərinin köməyilə
yaradılmış hərbi korpus ləğv edilsin. Müharibə şəraitində bu azlıq təşkil
edir. Əvəzində diviziyalar təşkil
olunsun. Onlar da hərb nazirinə və onun
köməkçisinə tabe olunsun.
Şıxlinski layihədə incə bir mətləbə
də toxunur.
May ayında ilk müstəqil Azərbaycan
hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin
edilir. O da mülki şəxs idi. Xosrov bəy
türk zabitlərinin köməyilə ordunun təşkilində
bəzi təxirəsalınmaz işlər görsə də,
bu, ölkədəki ağır vəziyyəti
yüngülləşdirmir. Azərbaycanın
həm daxilindəki, həm də qonşuluğundakı
amansız düşmənə qarşı güclü ordu
yaratmaq vacib idi. Təhlükə o qədər
artmışdı ki, ölkənin qərb rayonlarında hərbi
vəziyyət elan olunur. Belə bir şəraitdə
mülki şəxsin hərb naziri olmasını peşəkar
hərbçi olan Əliağa Şıxlinski məsləhət
bilmir. Ona görə də haqlı olaraq
yazır ki, hərb naziri, əgər o mülki şəxsdirsə,
onda özünün yanında səlahiyyətli şəxslərin
çox kiçik sayından hərbi şura yaratmalı və
qoşunların təlim-tərbiyəsinə bilavasitə nəzarət
etmək üçün köməkçi təyin etməlidir.
Mətndən
o da məlum olur ki, Əliağa Şıxlinski layihəni
artıq ikinci, bəlkə də üçüncü dəfə
hökumətin ünvanına göndərir: "Hökumət
Gəncə şəhərinə köçən kimi (iyun
ayının əvvəlində), mənim layihəm hərb
nazirliyi müəssisələrinin müfəssəl sxemi
şəklində Nazirlər Sovetinin sədrinə təqdim
edilir. Ehtimal edilirdi ki, hökumətə tam məlumatı,
yəqin ki, Nazirlər Sovetinin müvafiq iclasına dəvət
olunacaq korpus komandiri şəxsən özü təqdim edəcək.
Lakin mən heç bir yerə dəvət edilməmişəm
və layihə haqqında heç bir xəbərdarlıq
almamışam. Güman edirəm ki, layihə
heç müzakirə edilməmişdir. Çünki
Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi
və bunun üçün lazım olan xarici kömək ilə
əlaqədar olaraq yaranmış xüsusi şəraitə
görə hökumət hərb naziri təyin etməkdən
imtina etmişdir".
Nəhayət,
hökumətin əmrilə 1918-ci il
dekabrın 25-də tam artilleriya generalı Səməd bəy
Mehmandarov hərb naziri oldu və həmin gün alovlu bir bəyanatla
xalqa müraciət edir. Dekabrın 29-da isə
general-leytenant Əliağa Şıxlinski hərb nazirinin
müavini təyin olunur.
xxx
1920-ci il aprelin 27-də imperiya ordusu Azərbaycanı
işğal edəndə Səməd bəy Mehmandarov xəstə
olduğu üçün nazir vəzifəsini Əliağa
Şıxlinski icra edir. Düşmən öz
hiyləgərliyindən yararlanaraq müqavimətsiz təslim
olmaq üçün gənc Azərbaycan Demokratik
Respublikasına altı şərt irəli sürür.
Bu şərtlərdən biri də Azərbaycan
ordusunun ləğv olunmaması idi. Əliağa
Şıxlinski qan tökülməsinin
qarşısını almaq, həm də 72 minlik qoşunla
vuruşmağın mümkünsüz olduğunu nəzərə
alaraq minalanmış körpülərin partladılmasına
icazə vermir. İşğaldan sonra isə
imperiya yetkililəri verdikləri sözlərə əməl
etmirlər. Azərbaycan ordusu hissə-hissə
dağıdılır. Sovet imperiyası
iki dahi şəxsiyyətə - Səməd bəy Mehmandarova
və Əliağa Şıxlinskiyə isə toxunmur. Ən azı ona görə ki, hərbi
ixtisasçı kimi onlar əvəzolunmaz idi.
xxx
Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra
Qərargahında çalışır. 1921-ci ilin
yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına
göndərilir. Bir müddət Bakı
Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini
işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab
Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat
Kollegiyasının sədri kimi çalışmağa
başlayır. 1924-cü ildə isə
Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə
rəis müavini təyin edilir.
1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi
lüğət" çap etdirən Şıxlinski məhz
buna görə SSRİ Hərbi İnqilab Şurasının
Fəxri Fərmanı ilə təltif olunur. 1929-cu ildən
istefaya çıxan general-leytenant Əliağa
Şıxlinski bir çox orden və medallarla, o cümlədən
Fransanın yüksək hərbi ordenləri ilə
mükafatlandırılır.
Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə
Bakıda vəfat edir.
Arzu Şirinova
Xalq Cəbhəsi.-
2014.- 26 iyun.- S.8.