Milli adət və ənənələr mənəvi
dəyərlər sistemində
Yaşadığımız
XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan
qarışıq, "mədəni dünya"nı özündə təcəssüm etdirməkdədir.
Zahirən bəzəkli görünən bu
dünya, öz acımasız qanunları ilə maraqlar və
iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin
deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız
münasibət təəssüf doğuracaq haldır və
bu etinasızlıq xalqı öz tarixi yaddaşını
itirməyə sürükləyə bilər.
Nə yazıq ki, bu deqradasiyasının katalizatoru
gündəlik həyatımızı bir anlıq olsun belə
onsuz təsəvvür etmədiyimiz media - mətbuat,
televiziya, radio və internetdir. İnsanın öz dəyərlərini
itirərək, gözünü maddiyyata və
ambisiyalarına çevirməsində, onun öz daxili aləmini
çirkləndirməsində medianın rolu
böyükdür. Kütləvi informasiya
vasitələrinin necə böyük bir gücə malik
olması barədə söhbət açmaq yersiz olardı.
KİV bu gün bütünlüklə ayrı
bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri
mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz
dərəcədə böyük təsir gücünə
malikdir. Çünki onsuz həyatımızın
hansı istiqamətdə axın edəcəyini
düşünmək qeyri-mümkündür. Bu, günümüzün reallığıdır.
Lakin gəlin bir anlıq təsəvvür edək: nəinki
gündəlik iş rejimimizə, hətta
şüurlarımıza və bilavasitə şəxsiyyət
kimi inkişafımıza birbaşa təsir etmək
gücünə malik KİV düzgünlük, vətənpərvərlik,
demokratiya və insan hüquqlarına hörmət etmək əvəzinə,
zorakılığı, diskriminasiyanı, cəmiyyətin bir
çox eybərcərliklərini elə eybəcər formada
da qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına
çevrilir. O zaman istər cəmiyyətin, istərsə də
ayrı-ayrı fərdlərin müsbət yöndə
inkişafından danışmağa dəyərmi? Çoxsaylı mətbuatımız, televiziya
kanalları, nəhayətsiz internet şəbəkələri,
müxtəlif informasiya texnologiyaları təəssüf ki,
başlı-başına buraxılıb. Azad
sözün yaratdığı imkanlarından, məqamından
qeyri-sağlam istifadə olunması, cəmiyyətimizə, mənəviyyatımıza
yad təzahürlərlə tuğyan etməsi gənclərin
mənəvi dünyasının formalaşdığı məkana,
ailələrə, məktəb yaşlı uşaqların
düşüncə tərzinə təbii fəlakət kimi
soxulması yolverilməz olsa da, təəssüf ki,
bugünkü həyatımızın gerçəkliyidir.
Söz azadlığından istifadə edən bəzi mətbuat
orqanları xalqımızın iman-etiqad göstərdiyi
müqəddəs məkanlara, böyük şəxsiyyətlərimizə
yönəlmiş mənfi məna daşıyan yazılardan
çəkinməlidirlər. Bu gün ölkə
mediasındakı vəziyyəti nəzərdən keçirərkən
heç də ürəkaçan mənzərə ilə
qarşılaşmırıq. KİV-də
gedən materiallarda xalqımızın əxlaq normaları
gözlənilməli, bayağı xarakter
daşımamalıdır. Biz elə bir zamanda
yaşayırıq ki, gənclərimizin mənəvi - əxlaqi
zəmində yazılmış məqalələrə
böyük ehtiyacı var. Lakin təəssüf ki, elə mətbuat
nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt
isə milli mentalitetimizə uyğun olmayan yazılarla
çıxış edir, gəncliyin mənəviyyatına
açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz
məfkurə sahəsi olan medianın başlıca məqsədi
gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək
olmalıdır. Təsirli, cəlbedici, məntiqi,
reallığa söykənən ibrətli yazılarla mətbuat
bu günün problemlərindən söz açmalı, cəmiyyəti
maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq
və qərəzsiz informasiya ötürücüsünə
çevrilməlidir. Çünki
yaradıcılıq üçün ən zəngin mənbə
həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir.
Söhbətlərində, geyim-geçimlərində,
xalqının milli-mənəvi dəyərlərinə,
tarixinə, adət-ənənələrinə laqeyd qalan gənclərin
taleyi, cəmiyyətdə "avropalaşmaq" adı ilə
özünə yer tapmağa başlayan mənəvi deqradasiya
mediada həyəcan təbili çala bilmir. Əvəzində isə,
sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər,
milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə
bir dəfə təsadüfən baş vermiş
bayağı nəsnələr, incəsənət
ulduzlarının şəxsi həyatında baş vermiş
mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti
olmayan hadisələr, abırsız şəkillər,
kollajlar mediada istənilən qədərdir. Bəzi
mətbuat orqanları tarixi ənənələrimizdən
uzaq düşür, öz kökümüzə balta vurur,
satira əvəzinə söyüş, tənqid əvəzinə
təhqir yazırlar.
Bu tək mənim deyil, digər həmkarlarımın da
fikridir.
Anar
Tağıyev ("Gündəlik Bakı"): "Kütləvi
informasiya vasitələrində milli-mənəvi dəyərlərimizin
qorunması məni qane etmir. Çünki bəzi
istisnalar nəzərə alınmaqla bu, çox pis vəziyyətdədir.
Əksinə, mətbuat Azərbaycan
xalqının milli mentalitetinə, adət-ənənələrinə
zidd və yad olan elemetləri ictimai şüura
daşıyır. Hesab edirəm bu da həm
subyektiv, həm də obyektiv səbəblərlə əlaqədardır.
Mətbuatda jurnalist peşəkarlığının
aşağı olması, habelə bəzi media kapitanlarının
maddi maraqları bu zərurəti üstələyir və son
nəticədə milli-mənəvi dəyərlərimizin
qorunması arxa plana keçir".
Arzu
Laçın Zeynallı (müstəqil jurnalist):
"KİV-də milli mənəvi dəyərlərin təbliği
sanki dondurulub. Daha çox gəncləri
yüngüllüyə, bəsitliyə aparan yazı və
verlişlərə yer ayrılıb. Mənə
elə gəlir ki, bir azdan "milli mənəvi" sözlərinin
özü unudulacaq, nəinki dəyərlərimiz. Məni qane edən təbliğat yoxdur".
Bəxtiyar
Məmmədli ("Gündəlik Teleqraf"): "Mediada
milli mənəvi dəyərlərin təbliği ilə
bağlı materiallara çox az rast gəlinir. Hesab edirəm ki, bu da xüsusən internet media
üçün, sosial sifarişdən irəli gəlir.
Çünki bu günkü Azərbaycan
insanı daha çox kriminal və şou məzmunlu, intriqa
yaradan yazılara üstünlük verir. Bir jurnalist kimi
nəinki milli mənəvi dəyərlərlə
bağlı, bütövlükdə ciddi yazıların
mediada çox az yer alması narahat edir. Bu səbəbdən də yaxşı olar ki,
KİV rəhbərləri bir araya gəlib bu kimi, xüsusən
mövzu ilə bağlı problemləri müzakirə etməlidirlər.
Əgər media rəhbərləri özləri
öz aralarında bir razılığa gəlməsə, nəinki
milli mənəvi dəyərlərin qorunması məsələsi,
bütövlükdə cəmiyyətin savadlanması məsələsi
yaxın gələcəkdə tamamilə medianın gündəmindən
çıxacaq".
Aydın
Xan Əbilov (yazıçı-kulturoloq): "Azərbaycan
KİV-nidə milli-mənəvi dəyərlərlə
bağlı müxtəlif layihələr hazırlanıb
gerçəkləşdirilsə də, son illər sarı mətbuat,
bulvarlaşma və tv-radio kanallardakı şou-biznes
"şitləşmə"ləri cəmiyyətimizin
inkişafında artıq böyük maneələrə
çevrilməkdədir. Milli mental dəyərlər
əvəzinə meşşanlıq, süni kübarlıq,
pul, var-dövlət hərisliyi, asan qazanc dalınca
qaçmağın təşviqi xüsusən də yeni nəslin
mənəvi-əxlaqi inkişafına mənfi təsirlər
buraxır. Məncə, həssas
intellektual-estetik səviyyəyə malik toplumumuzda müxtəlif
xarici təsirlərə, eləcə də yad həmlələrə
qarşı xüsusi ideoloji konsepsiya işlənməlidir,
yoxsa durum daha da pis olacaq".
Tural
Tağıyev ("Palitra"): "Bu sahədə
görülməli işlər çoxdur. Xüsusən TV-lərdə,
KİV-də gənclərin milli dəyərlər əsasında
tərbiyəsi, mənəvi-əxlaqi saflaşması zəruridir.
Hazırkı duruma nəzər saldıqda isə KİV-də
milli mənəvi dəyərləri təbliğ edən az sayda yazılara rast gəlirik. KİV-də
ictimai müzakirələr keçirilməli və televiziya
proqramları hazırlanmalıdır. Əvvəllər
milli mənəvi dəyərləri təbliğ edən bir
neçə veriliş var idisə bu gün onların sayı
çox azdır".
Məhərrəm
Ağalaroğlu ("Oxucu.info"): "Məni qane etməyən
əsas məsələ ondan ibarətdir ki, xəbərlərini
oxutmaq üçün bir sıra mətbu orqanlar kriminala və
ya açıq-saçıq informasiyalara üstünlük
verirlər. Bu da ondan qaynaqlanır ki, gənclərin
üstünlük təşkil etdiyi ölkəmizdə bu tip
xəbərlər daha çox oxunur".
Tahirə
Qafarlı ("Üç nöqtə"):
"Böyük güclərin "dünyaya
ağalıq" etmək ehtirası, hər bir kəsdən
milli maraqların müdafiəçisi rolunda
çıxış etməyi tələb edir. Belə bir zamanda Azərbaycan KİV-i daha çox
diqqətli olmalı və milli-mənəvi dəyərlərimizin
qorunması, təbliğini "Dağlıq Qarabağ
münaqişəsi" mövzusu ilə paralel
qoymalıdır. KİV təmsilçisi
olaraq bunun yetərli olmadığını
düşünür və təəssüf edirəm.
Qəzetlərdə bu mövzuya az da olsa
toxunulur. Amma hesab edirəm ki, bu işdə
böyük auditoriyası olan televiziyalar böyük rol oynaya
bilərlər. Amma televiziyaların
"başı reklam toplamağa" elə
qarışıb ki, milli-mənəvi dəyərləri əhatə
edən verilişlər yaddan çıxıb. Müharibə gedən ölkənin KİV-i
üçün bu bağışlanmazdır".
Azərbaycanın Avropaya inteqrasiya olunması, onun
müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul
etməsi heç də Azərbaycanın öz milli dəyərlərindən
imtina etməsi demək deyil. Əxlaqi-mənəvi
mədəniyyət praktik mənəviyyatı şərtləndirir.
Mənəvi mədəniyyət cəmiyyətin,
hər hansı sosial qrupun qazandığı mənəvi
inkişaf ölçüsüdür. Bu
ölçü mənimsənilmiş və insan fəaliyyətində
realizə olunan mənəvi sərvətlərlə xarakterizə
olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət
də mənəvi şüuru, əxlaqi münasibətləri
və mənəvi fəaliyyəti əhatə edir. Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət
məsələləri vacibdən vacib məsələlərdir.
Azərbaycan dövləti də bu kimi məsələlərdə,
milli-mənəvi dəyərlərimizin təbliğatında
KİV-ə yardım edir. Belə ki, 2002-ci ildə Milli
Televiziya və Radio Şurası, 2003-cü ildə Mətbuat
Şurası, 2007-ci ildə Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası və 2009-cu ildə Azərbaycan Respublikası
Prezidenti yanında KİV-ə Dəstək Fondu
yaradılıb. Bu qurumlar yazılı və
elektron mediada digər sahələrlə yanaşı milli-mənəvi
dəyərlərimizin qorunması ilə bağlı ictimaiyyət
arasında maariflənmə işinin aparılmasında onlara
böyük dəstək olur. QHT-lərə Dövlət
Dəstəyi Şurası milli-mənəvi dəyərlərimizin
qorunması və inkişaf etdirilməsi üçün hər
il 30-dan çox QHT-yə maliyyə dəstəyi
göstərir. KİV-ə Dəstək Fondu isə
ildə 2 dəfə 30-40 yerli mediaya maliyyə dəstəyi
göstərir. Bir çox mətbuat orqanı daha
çox mənəvi dəyərlərimizin qorunması,
xalqın adət-ənənlərinin yaşadılması mövzusuyla
bu fonda müraciət edir.
Amma əfsuslar olsun ki, dövlət tərəfindən
müəyyən proqramlara uyğun maliyyə dəstəyi
almayan bir çox müstəqil və müxalifət
medianın yadına milli-mənəvi dəyərlərin
qorunması məsələsi yada düşmür. İnternet
portal və tv-lərdə ümumiyyətlə bu məsələlərə
yer ayrılmır. Dövlət tərəfindən
qrant ayrılırsa bu məsələ qəzet səhifələrində
aktuallaşır, ayrılmırsa unudulur. Xalqın
adət-ənənəsinin qorunması, milli-mənəvi dəyərlərimizin
inkişaf etdirilməsi təkcə Azərbaycan hakimiyyətinin
prioritet məsələsi olmamalıdır. Hər bir media orqanı bu mövzunu gündəmdə
saxlamalıdır. Bu gün milli-mənəvi
dəyərlərimizə də təcavüz etmək təşəbbüsləri
və halları olduğu üçün, bu vacib məsələnin
daim diqqətdə saxlanılması zərurəti yaranıb.
Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin
üstündən belə asanlıqla xətt çəkmək,
onu aşağılamaq istəyinin bəzən baş
qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər
boyu cilalanmış, zamanın keşməkeşli
sınaqlarından çıxmış, ələnmiş,
saflaşmış, bugünümüzün həyati təlabatına
çevrilmiş, xalqımızın özünəməxsus
milli mentalitetinə, meyarlarına çevrilmiş mənəvi
dəyərlər xalqımızın yüksək əxlaqi
xüsusiyyətlərinin təcəssümüdür,
duz-çörək qədər hamımıza əzizdir.
Cavid
Şahverdiyev
Xalq Cəbhəsi.-
2014.- 26 iyun.- S.7.