“Yoxdan
var”
Rafael Hüseynovun
Məhəmməd Füzuli
haqqında monoqrafiyası
işıq üzü
görüb
Görkəmli ədəbiyyatşünas alim, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, AMEA-nın müxbir üzvü,
professor Rafael Hüseynovun dahi
Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzuliyə
həsr edilmiş
"Yoxdan var" adlı yeni monoqrafiyası işıq
üzü görüb.
AMEA-nın məlumatına
görə, Məhəmməd
Füzuli haqqında Azərbaycan ədəbiyyatşünaslığında
çoxsaylı məqalə
və kitabların yazılmasına baxmayaraq,
Rafael Hüseynovun əsəri
yazı və yanaşma tərzinin yeniliyi və özünəməxsusluğu ilə seçilir. Müəllif Azərbaycan,
Orta Asiya, İran, Türkiyə və bir sıra
Avropa ölkələrindəki
arxiv və əlyazma xəzinələrində
uzun illər ərzində apardığı
araşdırmalarının yekunu olaraq XVI əsr ədəbi və fəlsəfi fikrimizin bu müstəsna
nümayəndəsi haqda
elmdə yeni söz olan tədqiqat
əsəri yaratmağa
müvəffəq olmuşdur.
Şairlikdə mahirliyi qədər
elmiliyi ilə də fərqlənən Füzulinin əsas məziyyəti ondan ibarətdir ki, yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurma?ı bacarmışdır. Ona görə
də Füzulidən
bəhs edərkən
Rafael Hüseynov onu sadəcə olaraq şair, yaxud yalnız alim adlandırmır, iki vacib dəyəri eyni zamanda varlığında
və yaradıcılığında
daşıyan mütəfəkkir
söz ustasını
bütövlüyü ilə
təhlil edir.
Müəllif göstərir ki,
ana dilindən savayı fars
və ərəbcə
də mükəmməl
bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı
türkdilli ədəbiyyatın
inkişafına güclü
təsir göstərmişdir.
Yaşadığı əsrdən
başlayaraq müasiri
olan sənət nəzəriyyəçiləri və ədəbiyyatşünaslar
onun yaradıcılığı
ilə maraqlanmış
və Füzulinin əsərləri rus, alman, ingilis, fransız, italyan, ispan, rumın, macar, polyak, gürcü və sair dillərə tərcümə edilmişdir.
Kitabın adı Füzulinin öz məşhur qəzəlindən götürülüb. Sözün
və onun daşıdığı rəngarəng
mənaların yoxluqdan
yaranmasına heyrətlənən
Füzuli yaradıcılığında
bədii sözün elə bir plastikasına
nail olmuş və son
dərəcə dar məkan içərisində
çox böyük fikir genişliyini ifadə etməyi bacarmışdır. Rafael Hüseynovun monoqrafiyasındakı
bir neçə fəsildə Füzuli yaradıcılığının bu xüsusiyyətləri təfərrüatları ilə
izlənilir. Monoqrafiyada
həm Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər,
nail olduğu ifadə
gözəllikləri nəzərdən
keçirilir, həm də şairin qəzəl yaradıcılığının
özündən sonrakı
lirik poeziyanın irəliləyişlərinə təsiri araşdırılır.
Kitabda Füzulinin ən məşhur əsəri olan "Leyli və Məcnun" məsnəvisi də diqqət mərkəzində saxlanılır, əsərdəki Leyli obrazına münasibətdə ilk dəfə olaraq bəlli stereotiplərdən kənara çıxılır və Füzulinin təsvir etdiyi Leyli məhz müəllifin təqdim etdiyi mürəkkəbliyi ilə təhlil olunur. Məsnəvidən iqtibas edilən parçalar və VIII - XI əsrlərə aid ərəb məxəzlərindən toplanmış məlumatlar əsasında Füzuli məsnəvisində Leylinin fərqli situasiyalarda dəyişən xarakteri və davranışları təsvir edilir.
Tədqiqatda bu qənaət təkidlə vurğulanır ki, istənilən klassikin yaradıcılığının doğru-düzgün öyrənilməsindən ötrü ilk növbədə onun əsərlərinin kamil elmi tənqidi mətninin hazırlanması gərəkdir. Bununla əlaqədar əsər boyu indiyədək Füzuli mətnlərinin nəşrlərində yol verilmiş bəzi qüsurlar üzərində dayanılaraq onlar islah edilir və həmin yanlışlıqların doğurmuş olduğu səhv qənaətlər xatırlanır.
Araşdırmada Füzuli irsində müstəqil şəkildə öyrənilməsi vacib olan problemlərin mümkün dairəsi də cızılır, şairin bütün yaradıcılığından keçərək sistemə çevrilən ayrı-ayrı obrazlara diqqət yönəldilir.
Füzuli öz ədəbi vəzifəsinin ən vacibini milli dilə xidmətdə görürdü və lirik poeziyanı ana dilində farsca ilə müqayisədə rəqabətə qadir bir duruma çatdırmağa can atırdı. Rafael Hüseynov böyük şairin bu çətin tarixi öhdəliyi necə icra edə bildiyini dəlillərlə şərh etmişdir. Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan bu kitabda həm də Füzuli əsərlərinə müxtəlif dövrlərin miniatürçü və rəssamlarının çəkdiyi illüstrasiyalar yer almışdır.
Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin elmi redaktoru olduğu bu dəyərli monoqrafiya Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının məsləhəti ilə nəşr olunmuşdur. 50 çap vərəqi həcmində olan 808 səhifəlik bu fundamental əsər "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilib. Elmi ictimaiyyətlə yanaşı, geniş oxucu auditoriyası üçün də maraqlı olacaq əsər oxunaqlı dildə yazılmış, kitabın sonunda müxtəlif dillərdə olan məxəzlərdən, adlar göstəricilərindən istifadə edilmiş, əsərin ingilis, fars, rus dillərində xülasələri verilmişdir.
Tərlan
Xalq Cəbhəsi.- 2014.- 28 iyun.- S.15.