XX əsrin əvvəllərində milli mətbuatımız
Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan məşhur
"Azərbaycan" qəzeti ilk rəsmi dövlət qəzeti
kimi milli mətbuatın tarixində şərəfli yer tutur. Akademik İsa Həbibbəylinin
fikrincə, 1918-ci il 15 sentyabrda nəşrə başlayan
"Azərbaycan" qəzetinin meydana çıxması XIX
əsrin ikinci yarısından başlanan və XX yüzilliyin
əvvəllərində genişlənib milli hərəkata
çevrilmək proseslərini yaşayan azərbaycançılıq
dalğasının məntiqi nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması azərbaycançılıq
uğrunda aparılan çoxillik mübahisələrin, millət
davasının, milli dövlət idealının
özünütəsdiqi idi.
"Azərbaycan" qəzeti - qalib gəlmiş bir
ölkənin, Azərbaycan Xalq Cümhuriyyəti adlanan
müstəqil bir dövlətin mətbu
sözçüsü idi. "Azərbaycan"
qəzeti - müstəqillik əldə etmiş bir xalqın
ölkəsi və milləti adından dil açıb
danışması imkanının reallaşması demək
idi. Eyni zamanda, "Azərbaycan" qəzeti
ondan əvvəl təxminən yarım əsrə yaxın
bir müddət ərzində milli ziyalıların ölkənin
adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet
çıxarmaq təşəbbüslərinin də
davamı, məntiqi nəticəsi idi. Hələ
1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal
Ünsizadənin baş redaktoru olduğu "Kəşkül"
qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı
qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə
Baş Mətbuat İşləri İdarəsinə
müraciət etmək arzusu da baş tutmamışdı.
Təbrizdə Məşrutə hərəkatı
dövründə nəşr edilən "Azərbaycan"
qəzetinin də ömrü uzun sürə bilməmişdi.
Bununla belə, XX əsrin əvvəllərinin
milli mətbuatında necə adlandırılmasından
asılı olmayaraq, azərbaycançı düşüncə
üstün mövqeyə çıxmışdı. Nəhayət ki, XX əsrin əvvəllərində
"Azərbaycan" adlanacaq mətbuat orqanını da zəmanə
artıq hazırlamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə
"Azərbaycan" adlı qəzetin nəşrə
başlamasının reallaşması milli mətbuatımızın
tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli
dövlətin adını ifadə edən mətbuat
orqanının fəaliyyətə başlaması ilə əlamətdardır. Bu mənada,
"Azərbaycan" qəzetinin rəsmi dövlət qəzeti
kimi meydana çıxması Azərbaycan tarixinin mühüm
hadisəsidir.
Qəzetin
baş redaktoru Üzeyir Hacıbəylin "Azərbaycan"
qəzeti haqqında yazırdı: "Danışırlar
ki, "Azərbaycan" qəzeti guya "Müsavat"
partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi
lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir.
"Azərbaycan" qəzetinin məsləki
Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir".
Qəzet 1918-ci il 15 sentyabr tarixdə Gəncə
şəhərində nəşrə başlamış,
altıncı saydan etibarən qəzetin nəşri Bakıda
davam etmişdi. İki dildə çıxan
"Azərbaycan" qəzetinin Azərbaycan dilində 443,
rus dilində isə 438 sayı çap olunub. İlk
sayları "Heyəti-idarə", "Heyəti-təhririyyə"
kimi "Redaksiya heyəti" mənasını ifadə edən
məsul şəxslər qrupu tərəfindən çap
edilən "Azərbaycan" qəzetinə müxtəlif
vaxtlarda Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Xəlil
İbrahim, qəzetin rus variantına isə Səfi bəy
Rüstəmbəyli baş redaktorluq edib.
"Azərbaycan" qəzetinin redaktorları
arasında onlardan hər birinin xidmətini yüksək qiymətləndirməklə
yanaşı, Üzeyir Hacıbəylinin fəaliyyəti
xüsusi fərqlənib. Əvvəla,
Üzeyir Hacıbəylinin "Azərbaycan" qəzetinə
redaktorluq etdiyi vaxt digərləri ilə müqasiyədə
daha çoxdur. Bundan başqa, mətbuat
sahəsində daha böyük təcrübəyə malik
olan Üzeyir Hacıbəylinin "Azərbaycan" qəzetinin
ideya-siyasi səviyyəsinin yüksəldilməsindəki xidmətləri
yüksək qiymətə layiqdir. Azərbaycan Xalq
Cümhuriyyətinin Milli Məclisinin açılması
münasibətilə Üzeyir Hacıbəylinin "Azərbaycan"
qəzetinin 1918-ci il 7 dekabr tarixli 58-ci
sayında çap edilmiş "Tarixi günümüz"
məqaləsində yazır: "Bu o gündür ki, Azərbaycan
türklərinin Milli Məclisi, Milli Şurası
açılıb. Azərbaycan təkmil bir
hökumət şəklinə girir. Yüz-yüz əlli
sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət
olan Azərbaycan torpağının rus istilasından
qazandığı bir mənfəət o oldu ki, bu torpaq
üzərində qurulmuş olan saxta və əməli
hüquqları silinib-süpürülmüş müttəhid
və vəsi bir ərazi şəklinə girdi və bu
gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə
Azərbaycan Cümhuriyyəti namını daşımağa
kəsbi-ləyaqət etdi. Bəs bu gün haman
bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi
açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi
artıq itmama yetir. Belə olan surətdə,
deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır.
Və ümidvarıq ki, cavan parlamanımız
bu ümidimizin hüsuli yolunda var qüvvəsilə
çalışacaq və Vətənimizin istiqlal və
azadlığına birinci səbəb olacaqdır".
"Azərbaycan" qəzetinin rus dilində nəşrinin
baş redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Milli Məclisinin
deputatı Səfi bəy Rüstəmbəylinin tam bir
istiqlalçı ruhu var idi. Onun sonralar 1933-cü ildə
İstanbulda qələmə aldığı və
hazırda Salman Mümtaz adına Ədəbiyyat
və İncəsənət Arxivində saxlanılan "27
aprel 1920-ci il xatirələri" adlı yazısı AXC
hökumətinin süqutunun səbəbini gerçək surətdə
əks etdirən qiymətli mənbədir. Səfi bəy
Rüstəmbəyli xatirələrində yazırdı:
"Nəhayət, 27 aprel gecəsi saat 12-də Bakıda
bütün idarə, məhəllə bolşeviklərin əlinə
keçdi. Bununla aşağı-yuxarı
ikillik Milli Azərbaycan istiqlal tarixi qapandı. Fəqət, milli azəri türkünün istiqlal
ruhunu əlindən ala bilmədilər. İşğal
zəfərləri yarımçıq qaldı. Məmləkətin həqiqi övladlarının
istiqlal uğrundakı qan ilə boyanmış və müttəhid
bir kütlə halındakı gənc övladlarının
hürriyyət və istiqlaliyyət ruhu ilə istiqlal hələ
yürüyür. İmanın qüvvəsi,
istiqlalın təbcili bizdə Bakı və Azərbaycan
yaşadıqca yaşayacaq və bütün türk ellərini
istiqlal ilə sevindirəcəkdir".
Dövrün görkəmli ziyalıları rəsmi
dövlət orqanının ətrafında birləşərək
"Azərbaycan"çıların möhkəm cəbhəsini
yaratmışdılar. "Azərbaycan"çıların
fikrinə görə, "Azərbaycan" məfhumu
coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində
təcəssüm edir. İstiqlal xaricində
onun üçün bir Azərbaycan yoxdur". Beləliklə, "Azərbaycan" qəzeti azərbaycançı
fikirlərin və əməllərin, istiqlal idealının
qəzeti idi. Tədqiqatçıların
fikrincə, "Azərbaycan" qəzeti Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir.
"Azərbaycan" qəzetinin Gəncə və
Bakı nəşrlərində Xalq Cümhuriyyəti
hökumətinin həyatında baş vermiş bütün
hadisələr və proseslər özünün layiqli əksini
tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi,
AXC Milli Məclisinin işə başlaması və fəaliyyəti,
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad
olunması, Bakı Dövlət Universitetinin
yaradılması, dövlət müstəqilliyinin
ildönümünün qeyd edilməsi, hətta hakimiyyətin
bolşeviklərə təhvil verilməsi zərurəti və
s. kimi tarixi hadisələri bütün təfərrüatı
ilə öyrənmək üçün "Azərbaycan"
qəzeti mötəbər mənbədir. "Azərbaycan"çılar
mövzusundan asılı olmayaraq, haqqında söz
açılan məsələlərə müstəqil
dövlətin formalaşdırılması və möhkəmləndirilməsi
mövqeyindən yanaşır, yeni qurulmuş milli hökumətin
ideyalarını və əməli addımlarını xalqa
çatdırırdılar.
Görkəmli publisist Məhəmmədağa
Şahtaxtlının "Azərbaycanda darülfünun"
məqaləsində ölkədə universitet
açılması hadisəsi müstəqil dövləti
qurmağın, inkişaf etdirməyin və qorumağın
mühüm vasitələrindən biri olaraq dəyərləndirilir. Məhəmmədağa
Şahtaxtlıya görə: "Darülfünun olmazsa...
ümumi
maarifə aid orta məktəblərimizdə dərs verəcək
müəllimlərimiz olmaz. Naxoşlarımızı
müalicə edəcək təbiblər yetişməz.
Hüquqşünas alimlər bulamayız ki, mal və mülk
üçün münaqişə edən vətəndaşlarımızı...
mühakimə etsin... Mədəni həyatın
şəraitinə və amillərinə təhdid nəzərilə
baxıldıqda o dəqiqə görünür ki, bu həyatın
mənbəyi, sərçeşməsi mabədəl qəvalül-darülfünundur.
Darülfünundan əl çəkmək mədəni
həyatdan rugərdan olmaqdır".
Üzeyir
bəy 1919-cu il yanvarın 16-dan 1920-ci il
aprelin 27-nə kimi "Azərbaycan" qəzetinin baş redaktoru
olub. Qəzetdə onun çoxsayda baş məqaləsi,
Azərbaycan parlamanenti haqqında reportajları, teatr və
musiqiyə həsr olunmuş tənqidi yazıları çap
edilmişdir. "İçimizdəki Denikinlər",
"İstiqlal və istiqbal ümidi", "İstefa
münasibətilə", "Azərbaycan istiqbalı",
"Azərbaycan parlamanı", "Qarabağ
hadisatı", "Ermənistan və Azərbaycan
münasibatı", "Nə istəyirlər",
"Qara təhlükə" və s. məqalələr bu
gün də öz aktuallığını itirməyib.
Üzeyir
bəy Hacıbəyli "Eyni müamilə gözləyirik"
məqaləsində yazır: "Qarabağ ermənilərinin
Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə
göstərməkdə olduqları inad artıq həyasızlıq
dərəcəsinə varmışdır" ("Azərbaycan"
qəzeti, 5 may 1919-cu il). "Nə istəyirlər"
məqaləsində yazırdı: "Mart hadisatında
(1918-ci ilin mart soyqırımı nəzərdə tutulur -
S.Q.) bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman
fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını
erməni-daşnak soldatlarının süngü, güllə
və xəncərlərlə arvad və uşağına
kimi qırdıran bolşeviklərə biz nətövr etibar
edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman
qırğını salanların hansı "gözəl"
sözünə və "insaniyyəti-pərvəranə"
sözlərinə inana bilərik? Bolşevikləri
dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik?
İstiqlalımızı qəbul etmədiklərinə
görəmi? Və bu gün hər bir vəsilə
ilə olur-olsun "istiqlalımızı əlimizdən
almaq yolunda çalışdıqlarına görəmi?"
("Azərbaycan" qəzeti, 7 may 1919-cu il).
AXC-nin
dövlət bayrağı qəbul olunarkən Üzeyirbəy
"Azərbaycan" qəzetinin 2 may 1919-cu il,
175-ci sayında "Bayrağımız saralmaz" məqaləsində
yazırdı: "...Bayrağımız haqq
bayrağıdır. O, bir millətin bəşəri
hüquqlarının parçasıdır. Bir
millətin ki, onun insan kimi yaşamağa haqqı vardır.
Bir millətinki, daha əsir olmaq istəmir...".
Müstəqillik dövründə Üzeyir bəy həm
publisistika, həm də musiqi sahəsində
çalışırdı. O, 1919-cu ildə Əhməd
Cavadın sözlərinə bəstələdiyi "Azərbaycan"
marşı hazırda müstəqil Azərbaycan
Respublikasının himnidir. "Azərbaycan" qəzetinin
1919-cu il 27 fevral tarixli 124-cü sayında göstərilirdi:
"...Üzeyir Hacıbəyov tərəfindən "Azərbaycan"
adlı bir balet rəqsi yazılmışdır ki, bu baletdə
"tərəkəmə" səbukundədir və səhnə
üçün hazırlanmaqdadır...".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 28-30 iyun.- S.11.