Freydin maraqlı və mübahisəli
nəzəriyyəsi
O, xəstə
insanların psixikasının
tədqiqi əsasında
müəyyən qənaətlərə
gələ bilmişdi
Çoxsaylı tədqiqatlar sübut edir ki, oğlan
və qızlar öz cinslərinə aid xüsusiyyətləri daha
çox ailə tərbiyəsi nəticəsində
mənimsəyirlər. Başqa sözlə,
burada bioloji faktorlardan daha çox sosial faktorlar öz təsirini göstərir.
Uzun müddət qadın və kişilərə xas olan xüsusiyyətlərə
birtərəfli yanaşılıb.
Son dövrlərdə belə bir mövqe
də var ki, qadınlarda kişilərə, kişilərdə
qadınlara aid edilən
keyfiyyətlər mövcuddur.
Feminizasiya və maskulinizasiyanı öyrənmək
məqsədi ilə aparılan çoxsaylı
testlər vasitəsi ilə müəyyənləşdirilib
ki, kişi
və ya qadın olmasından asılı olmayaraq insanları aşağıdakı
dörd qrupdan birinə aid etmək olar:
1. Maskulin tip. Bu tipə aid edilənlər ənənəvi
kişi keyfiyyətlərinin daşıyıcılarıdır.
Məsələn, qətiyyətlidir, qürurludur, iradələdir
və s.
2. Femen tip. Bura ənənəvi qadın xüsusiyyətləri
aiddir. Məsələn, zəriflik, affektivlik,
qayğıkeşlik və
s.
3. Androqin tip. Bu insanlarda həm qadına, həm də kişilərə xas olan xüsusiyyətlər
eyni dərəcədə
vardır;
4. Psixoloji baxımdan cinsi identifikasiyasının
müəyyənləşdirilməsi çətin olanlar.
Tədqiqatlar göstərir ki,
androqinlərdə kişi və ya qadın olmasından
asılı olmayaraq şəraitin tələb
etdiyi xüsusiyyətlər
özünü göstərir.
Androqiniya latın
sözü olub, "andros" kişi, "qines" qadın deməkdir. Androqoniya anlayışını ilk dəfə Amerika psixoloqu S.Bem işlədib. Androqinlər o şəxslərdir ki, özlərində həm
qadına, həm də kişiyə aid olan xüsusiyyətləri
birləşdirir.
Psixikanın, xüsusilə psixi pozuntuların öyrənilməsi
sahəsində psixoanalizin
özünəməxsus rolu
və yeri olub. Psixoanalizin yaradıcısı məşhur
Avstriya psixoloqu və psixiatrı Ziqmund Freyddir. Lakin Freyddən də əvvəl bu problemlə Yozef
Breyer məşğul olub. Breyer iki il
müddətində Berta Pankenqeym adlı psixikası
pozulmuş xəstə üzərində apardığı
müşahidələrin əsasında 1882-ci ildə
"İsterik fenomenin psixoloji mexanizmləri haqqında" əsərini
yazır. Tədqiqatçıların əksəriyyəti
psixoanalizin yaranma tarixini də bu vaxtdan götürürlər.
Freyd isə psixoanalizlə ilk dəfə 1882-ci ildə məşğul
olmağa başlayır. Psixoanalizlə bağlı
"İsteriya haqqında etüdlər" adlı ilk
kitabı Freyd Breyerlə birlikdə yazır. Lakin bundan sonra müəlliflərin nəzəri
baxışları ayrılır. Breyer
özü Freydin psixi pozuntuların baş verməsində
seksual motivlərin təsiri ideyasını bəyənir,
lakin fikir ayrılığı Freydin bu motivlərin müstəsna
təsir etməsini sübuta çalışması ilə
bağlı idi. Maraqlıdır ki, sonralar
Freydin tələbələri və davamçıları da
bu ideyanı qəbul etmirlər.
Freyd və Y.Breyer arasındakı fikir
ayrılığı həm də nevrozun etiologiyası ilə
bağlı idi. Sonralar Freyd özünün "Avtobioqrafiya" əsərində
yazırdı: "Psixoanalizin yaranması mənə Breyerlə
dostluğumun itirilməsi hesabına başa gəldi".
Freyd bildirirdi ki, cinsi meyllərin qarşısının
alınması nevroza, psixi pozuntuya səbəb olur. Bundan başqa
göstərirdi ki, instinktlərin insan ağlı vasitəsilə
qarşısının alınması da psixi pozuntularla
müşayət edilir. Freydə görə,
qarşısı alınan instinktlər yox olmur, onlar
insanı narahat edir, əsəb xəstəlikləri
yaradır.
Freydin ilk xəstəsi özü olub. O, ömrünün sonunadək
öz üzərində tədqiqat aparıb. Xəstəliyinin
səbəbini araşdıran Freyd belə qənaətə gəlir
ki, xəstəliyin səbəbi sekslə bağlıdır.
"Opponentlərinin iradlarına baxmayaraq Freyd
sübut edir ki, libidonun (cinsi meyl) əsası uşaqlıqdan
qoyulur. O göstərir ki, erotik hisslər
hətta çağalıq dövründən təzahür
edir. Uşaq qeyri-şüurlu şəkildə
anasından həzz almağa cəhd edir və beləliklə
onda atasına qarşı ilk qısqanclıq başlayır.
Freyd bunu "Edin kompleksi" adlandırır.
Bununla əlaqədar 1887-ci ildə Vyana psixoloqlar
konqresində insan psixikasında
sıxışdırılıb-gizlənmiş seksual meyillərin
isterik hallarla özünü büruzə verməsi barədə
məruzə ilə çıxış edir və demək
olar ki, mütəxəssis dolu auditoriyanın
qarşısında biabır olur. Ona gülür, lağa qoyurlar:
"Ey, şəhvət düşkünü, bizə
nağıl danışma, kürsüdən aşağı
düş..."
Freyd isə
sabahkı qələbələrini görürdü. Odur ki,
heç nəyə baxmadan, bir addım belə geriyə
çəkilmədən Breyer ilə birgə
tapdıqları metodu təkmilləşdirir, bu yöndə
apardığı axtarışlarını dönmədən
davam etdirirdi. Metod isə bundan ibarətdir: xəstəliyin
kökünə gedib çıxmaq üçün xəstəyə
tam sərbəstlik vermək, ondan gərginliyi almaq, onu
sustaltmaq və istədiyini, o anda yadına düşəni
dilinə gətirmək və bununla da kök bildiyi hadisəyə
gedib çıxmaq. Psixoanalitik seansda iştirak edən adam
yarıyuxulu vəziyyətdə hər şeyi, hətta ən
doğma adamına demədiyi, hətta özünə belə
bu barədə düşünməyi qadağan etdiyi hadisələri,
məqamları, xəyalından nə vaxtsa keçənləri,
adi vaxtda unutduqlarını bir-bir açıb
danışırdı. Danışıqda məntiqi əlaqənin
olmasına qətiyyən ehtiyac yoxdur. Əksinə, məntiq
istənilən nöqtəyə gedib çatmağa mane olur.
1899-cu ildə
Freydin "Yuxugörmənin şərhi" adlı əsəri
çap olunur. Əsərdə Freyd belə bir ideya irəli
sürür ki, həyatda reallaşa bilməyən arzu, istək
yuxuda reallaşır. Məhz yuxu vasitəsi ilə insan öz
daxili gərginliyindən azad olur. Bu isə psixi
sağlamlığa müsbət təsir edir. Freydin
psixoanalitik ideyalarının formalaşmasında Şarko,
Bayer və digərlərinin elmi və praktik fəaliyyəti
mühüm rol oynayır. Həkim Bayerin praktik işi Freydin
fikirlərinin təsdiqinə imkan yaradır. "Bayer gənc
bir qızın əsəb xəstəliyini müalicə
edirdi. Həkim fikir vermişdi ki, qız öz xəstəliyi
barədə danışanda vəziyyəti
yaxşılaşır. Bundan başqa, Bayer görürdü
ki, qız özü ilə bağlı bildiklərini cidd-cəhdlə
gizlədir. Həkim qızı hipnoz vəziyyətinə
salır və qız etiraf edir ki, atasının
yatağında yatarkən qorxulu hisslər keçirib, lakin
qız bu hissləri "boğub". Hipnoz halında hər
dəfə qızın etiraflarından sonra onun vəziyyəti
yaxşılaşırdı və nəhayətdə qız
tamamilə sağalır".
Bayerin
işinə istinad edən Freyd müəyyənləşdirir
ki, sıxışdırılan, qarşısı alınan
psixi enerji müxtəlif əsəb xəstəliyi şəklində
təzahür edir. Freydə görə, insanın ruhi aləmində
(psixikada) şüurluluq və şüursuzluq arasında daim
mübarizə gedir. İnsan davranışına məsul olan
şüurla, heç bir məsuliyyət daşımayan
instinktlər arasında daim mübarizə baş verir. Deməli,
insanın ruhi sarsıntılarının səbəbini
şüursuzluq sahəsində axtarmaq lazımdır. Freyd
"psixikanın təmizlənməsi" yolu ilə xəstələrin
sağaldıla bilməsi ideyasını irəli sürür
və özü bunu praktikada sübut edir. Beləliklə də
insan psixikasının dərk olunmasının yeni
metodları yaranır. Bu metodlardan biri də proeksiya metodudur.
Proeksiya zamanı insan keçirdiyi hisslərə başqa məna
verir. Situasiyanı özünün xəyali düşüncələri
baxımından şərh və qəbul edir. Xəyali
olanı isə reallıq kimi təsəvvür edir.
Psixi
pozuntular, eləcə də psixika ilə bağlı digər
problemlərin dərk olunmasında, eləcə də onun
aradan qaldırılması metodikasının işlənməsində,
praktik fəaliyyət prosesində bu gün də psixoanalizə
geniş şəkildə istinad olunur. Freyd belə hesab edirdi
ki, bu kimi xəstəlikərin səbəbi insan
psixikasının dərin qatlarında yatır.
Keçmişdə, xüsusən də uşaqlıqda
ödənilməmiş qayğıları, istəkləri,
narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin
səbəbi adlandırırdı. O, xəstələrini qəbul
edərkən xüsusi metodu üzrə hərəkət
edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini
rahat şəkildə danışmağa vadar edir, fikirlərini,
ağlına gələn hər şeyi ona söyləməsini
istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.
Freyd
göstərirdi ki, insana təbiətən bir sıra şiddətli
meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən
edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra
formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət
tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından
qadağan olunmuş arzular qeyri-şüuri sahəyə
ötürülür və bunlar da sonda nevroz və bəzi
psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə
halların baş verməməsi üçün isə o,
insanı idman, iş, yaradıcılıqla məşğul
olmağa səsləyirdi.
Freydin
Avstriyada apardığı psixoanalitik seansların səsi-sorağı
bütün dünyaya yayılır. Onun yanına
bütün dünyadan, əsasən də özünə
yeni məşğuliyyətlər axtaran varlı adamlar Vyanaya
axın-axın gəlməkdə idi. Gündə 12-14 saat
işləmək lazım gəlirdi. Freyd seansları həddən
artıq baha qiymətə aparırdı. Onun dediyinə
görə, xəstənin öz müalicəsinə
çoxlu pul ödəməsi psixoanalitik effekt verir və
müalicəni tezləşdirir. Bunu sübut etmək
üçün nümunə olaraq bir nəfəri seçib
onu havayı müalicə edir və nəticə əldə
olunmayanda hamıya elan verib bildirirdi:
"Gördünüzmü, mənim seansa baha qiymət
qoymağım səbəbsiz deyil". 1896-cı ildən
sonra şöhrət pulqarışıq Freydin həyatına
daxil olurdu. Onu Amerikaya dəvət edirdilər. O vaxt
üçün fantastik məbləğ olmasına baxmayaraq,
Freyd 10 min dollara razılıq verməmişdi.
Freyd
maraqlı bölgü apararaq insan psixikasını
üç təbəqəyə bölürdü: O
(İD), Mən (Ego), Fövqəl-Mən (Super-Ego).
Ziqmund
Freydin bəşər tarixində ən böyük kəşfi
təhtəlşüurdur. Təhtəlşüur bizim
şüurumuzdan aşağıda yerləşən sonsuz,
dibi, ucu-bucağı görünməyən bir aləmdir.
Bizim bütün hərəkətlərimizin, xarakterimizin,
davranışımızın, hətta taleyimizin kökü
bu aləmdə gizlənib və onunla şərtlənir. Təhtəlşüurun
aparıcı qüvvəsi isə libido, insanın seksual
meyilləridir. Bu, biz düşündüyümüzdən
daha nəhəng qüvvədir. Seksual meyil insan
davranışının magistral xəttidir. Bundan istəsən
belə kənara çıxa bilməzsən.
Psixoloqlar
bildirir ki, Freydin təlimi qüsürlardan da azad deyil. Yəni
o, insan həyatında seksual meyilin rolunu həddən artıq
şişirdir. Freyd nəzəriyyəsi normal insan
psixikasının tədqiqi əsasında irəli
sürülmüş nəzəriyyə deyildi. O, xəstə
insanların psixikasının tədqiqi əsasında müəyyən
qənaətlərə gələ bilmişdi...
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 1 mart.- S.15.