Nasir, ədəbiyyatşünas,
publisist
İsmayıl Şıxlı insanda dostluğu, aydınlığı və
inamı vacib sayırdı
İsmayıl Şıxlı... Bu
ad çox şey deyir. Bu ad çəkilən
zaman əsl müəllim, görkəmli
alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada
düşür. Nasir,
ədəbiyyatşünas, publisist, Azərbaycanın
xalq yazıçısı
İsmayıl Şıxlı
hələ keçən
əsrin 80-ci illərində
Sovet rejimində gedən "yumşalma"
prosesini görürdü
və ona görə də milli taleyimizlə bağlı məsələlərə
ziyalı mövqeyindən
yanaşırdı. 1988-ci ildə
Qərbi Azərbaycandan
(indiki Ermənistan adlanan ərazidən) soydaşlarımız deportasiya
olunarkən o, ağrılı,
acılı insanları
ruhdan düşməməyə
çağırırdı və "Su axan yerdən bir də axar" deməklə bizim dədə-baba yurd yerlərimizə sahib çıxacağımızı
söyləyirdi.
İsmayıl Şıxlının qələm
adamı, yazıçı
olmasında mühitin
böyük rolu olmuşdu. Əlbəttə, burada Qazax seminariyasının ab-havası,
üstəlik ədəbiyyat
müəllimlərinin rolu
danılmazdır. Müsahibələrinin
birində deyirdi:
"Qazax seminariyasına
qəbul olub, qələm tərəfə
baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın
ab-havası özü
adamı dingildədir,
canından, qanından
söz-söhbət, od-alov
qoparmaq istəyir.
Ədəbi ocağa bənzəyən
hər addımda Firudin bəy Köçərlinin, Əli
Hüseynin, S.Vurğunun,
Osman Sarıvəllinin
adı çəkilən
bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən
S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım,
Əli, Sarı Hüseyn kimi müəllimlər gənc
ürəklərimizi körük kimi basırdılar".
İsmayıl Şıxlı ədəbiyyata şeirlə
gəlib və onun cəmi bir şeiri - "Quşlar"
şeiri çap olunub. Amma o, şeirdə dayanmayıb nəsrə
keçib. Öz ürək
sözünü nəsrlə demək istəyib, nəsrdə
özünü tapa bilib və istedadlı bir
yazıçı kimi özünü nəsrdə təsdiq
edib.
İsmayıl Şıxlını tanıyanlar onu
şair gözləyirdilər. Ancaq o, nasir oldu.
Hətta onun müəllimi Sarı Hüseyndən soruşanda
ki, "İsmayıl Şıxlının müəllimi
olmusunuz, onun yazıçı olacağını
görürdünüzmü?" sualına belə bir cavab
verilmişdi: "İsmayılı ədəbiyyat dərnəyindən
tanıyırdım. Sözlərinin
gün-gündən sərrastlaşdığından, mətləbə
tezcə gələ bilməsindən hər şeyi bəlli
eləyirdi. Düzü mən onu şair
gözləyirdim".
İsmayıl Şıxlı heç olmazsa, bircə
şeirinin çap olunması arzusu ilə yaşasa da, bu arzu
həyata keçdikdən sonra şair olmaq sevdasından tamam
uzaqlaşmışdı. Və bu məsələni sonralar
belə xatırlamışdı: "Həmin gün mən
həm sevinir, həm də kədərlənirdim. Sevinirdim, nəhayət,
şeirim çıxdı; kədərlənirdim - heyif ki,
bir də şeir yazmayacağam..."
İsmayıl Şıxlının şeirdə
özünü tapmaması, məncə, bir sıra səbəblərlə
bağlı olmuşdu. Birincisi, xarakterindəki səliqəlilik,
zəhmətkeşlik, əqidəli bir insan olmaq qabiliyyəti
(hələ gənclik illərindən), qətiyyəti,
özünə tənqidi yanaşmaq keyfiyyəti ona nasir kimi
daha çox meydan verirdi. İkincisi, 20
yaşlı bir gəncin öz arzuları, romantik
dünyası imkan verirdi ki, o, ilk
yaradıcılığını şeirlə
başlasın, qələmini burada sınasın. Başqa bir tərəfdən, onun gənc
çağlarında pərəstiş etdiyi bir şair də
olmuşdu. Həmin şairə (Əli
Sübhiyə) olan pərəstiş İsmayıl
Şıxlının ilk qələm təcrübəsini
şeirə bağlamışdı. Bunu
İsmayıl Şıxlının verdiyi müsahibələrdən
biri də təsdiq edir. O vaxt (gənclik
çağı nəzərdə tutulur) "Hansı
şairə pərəstiş edirdiniz?" sualına
İsmayıl Şıxlı belə cavab vermişdi:
"İndi deyəcəyim adı yəqin ki, heç kəs
eşitməyib - Əli Sübhi. Qazax 1 nömrəli
orta məktəbinin şagirdi Əli Sübhinin o vaxt
(İsmayıl Şıxlı gənclik
çağını nəzərdə tutur - B.X.) kitabı nəşr
olunmuşdu. Bunu mən şeir aləmində az qala Kərəm qəhrəmanlığı
hesab eləyirdim. Çox heyif ki, Azərbaycan
şeirində belə bir ad göyərib çiçəklənə
bilmədi. Sonralar mənimlə cəbhəyə
yollanan Əli Sübhinin ömrünə də, şeirlərinə
də güllə dəydi".
İsmayıl Şıxlı təkcə bir şeirini
çap etdirdikdən sonra şeir aləmindən
uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq
onda yaranmış olan bir həvəsdir. Bəlkə
də keçici, ötəri bir hissdir. Başa
düşdü ki, sözünü demək üçün
şeir meydanı ona kifayət etmir və bəlkə də
bu meydanda o, bütöv bir tam halında özünü tapa
bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin
birində deyilir: "Bircə onu deyə bilərəm ki,
şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra,
şeirin mənim yemim olmadığını başa
düşdüm. İsmayıl Qəhrəman
oğlunun cəmi bircə - "Quşlar" şeiri
çap üzü görüb. Şeir həvəsini
durna kimi uçurub, köçürüb başqa bir yola
göz qoyub".
İsmayıl Şıxlı şeirdə lövbər
salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi
Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn
ona yalnız gördüklərini, bildiklərini
yazmağı tövsiyə etmişdi. İsmayıl
Şıxlı buna əməl edərək "Konserv
qutuları", "Həkimin nağılı", "Səhəri
gözləyirdik", "Kerç sularında",
"Haralısan, ay oğlan?", "Raykom katibi",
"Daşkəsən" oçerklərini, "Ayrılan
yollar", "Dəli Kür", "Ölən
dünyam" romanlarını yazdı. O, nəsrin
astanasından içəri daxil olduqdan sonra özünü
tapdı və yaradıcılıq potensialını burada
göstərə bildi. İsmayıl
Şıxlı nəsr sahəsində nəinki
özünü tapdı, həm də Azərbayca nəsrinin
nəsr qəlibinə salınmasında ilk addım atdı.
Özünün sonralar dediyi kimi,
"Ayrılan yollar" kimi əsər yazması Azərbaycan
nəsrinin uğuru idi. İsmayıl Şıxlı
vaxtilə verdiyi müsahibələrinin birində deyirdi:
"Ayrılan yollar" şəxsiyyətə pərəstişi
ilkin qamçılamış,
şüarçılıqdan, boş hay-küydən uzaq ilk
Azərbaycan romanının və "Yanar ürək",
"Böyük dayaq", "Qara daşlar" kimi
romanların yaxşı mənada örnəyi, sələfidir".
"Ayrılan yollar" romanı nəsr sahəsində
İsmayıl Şıxlının özünə olan
inamını artırdı. Həmin inam, uğur
onu "Dəli Kür"ə gətirdi. Ancaq İsmayıl Şıxlı "Dəli
Kür"dən sonra yeni "Dəli Kür"ü
yaratmadı. Bəlkə də o, Cahandar
ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq
ki, İsmayıl Şıxlının
yaşayıb-yaratdığı dövrlərdə (məsələn,
Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr
yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda
yaranmasını əsas verirdi. İsmayıl
Şıxlı ədəbiyyatda yeni "Dəli
Kür"ü yazmaması barədə təvazökarlıqla
deyirdi: "Çox söz verib uzatmış, ləngitmişəm.
Odur ki, bu barədə heç bir şey deməyəcəyəm,
ta ortaya bir şey qoyana kimi. Amma tələb
haqlıdır. Elə dediyim kollektivləşmə
dövrünün kəndi, adamların iqbalı... Onların qarşısında özümü borclu
və günahkar hesab eləyirəm".
"Dəli Kür" əsəri "Azərbaycan"
jurnalında çap olunduqdan sonra ədəbiyyat aləmində
böyük bir hadisə kimi qarşılanmışdı. Bu hadisənin
ilk təəssüratını bölüşənlərdən
biri və birincisi Mehdi Hüseyn olub. Mehdi Hüseyn ona
"Dəli Kür" barəsində 1962-ci ildə belə
yazmışdı: "Əzizim İsmayıl!
"Dəli Kür"əsərini dünən gecə
oxuyub qurtardım. Düzünü deyim ki, mən
səndən yaxşı əsər gözləyirdim, amma bu
cür qüvvətli və təsirli bir əsər
yazacağını (məhz indi, bu illərdə!) gözləmirdim.
Əhsən, bərəkallah! Son on ildə bizim
ədəbiyyatımızdan oxuduğum heç bir əsər
məni bu cür sarsıtmamışdı."
Buludxan Xəlilov,
filologiya elmləri doktoru,
professor
Xalq Cəbhəsi.- 2014.- 1 mart.- S.14.