Rəssamlıqda müstəqil düşüncə tərzi

 

Səttar Bəhlulzadə öz yaradıcılığında sənətkar müstəqilliyini heç nəyə qurban verməyəcəyini təsdiqləmişdi

 

Məşhur rəssam Səttar Bəhlulzadənin çağından bəri rəssamlıqda yaratdığı özünəməxsus təsir göz qabağındadır.

Onun müstəqil düşüncə tərzi vardı rəssamlıqda ifadəsini tapan. Səbəbi onda idi ki, əslində Səttar Bəhlulzadə həmişə özünü daxilən azad hiss edirdi. Tanınmış sənətşünas Ziyadxan Əliyev S.Bəhlulzadənin həyat yolu ilə yaradıcılığı arasındakı bağlantını belə açır: "Səttar Bəhlulzadə yüz il əvvəl Bakının qədim Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açmışdı. Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidliydi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad oldu, sənətinin qüdrəti ilə başqa xalqlara da doğmalaşdı. Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu. Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. "Ömür qatarı"ndan "ölüm qatarı"na minəndə də dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz "Səttar görümü" ilə tərk etdi, ecazkar rənglərində "əriyib" əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan "Sənətin Məcnunu" ayamasını qazandı. Məcnunluğu müəyyən səbəblərdən özünə həm də kədərə bələnmiş sevinc gətirsə də, başqalarına "Səttar dünyası" adlı qeyri-adi, nəhayətsiz bir gözəllik qaynağı bağışladı. Özünün və sənətinin bənzərsizliyinin nəticəsidir ki, o, bir ömürdə bəlkə də bir-neçə tale yaşadı. Səttar doğrudan da bənzərsiz və təkrarsız idi, ona görə ki, o dünyanı müasirlərindən, rəssam həmkarlarından da çox fərqli duyur, görür və kətanda gerçəkləşdirirdi. Əslində o qəribə barmaqlarsanki "magik kristal"dan dünyaya göz qoyan baxışlar məhz belə bir nağılvari-ideal bədii gözəllik yaratmaq üçün ona bəxş olunmuşdu. O, bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən "kədər məcmusu" idi. Odur ki, bütün ömrü də kədəri dərk etmiş bir şəxsiyyətin acılı-şirinli hekayətidir".

Ziyadxan Əliyev Səttarın aqibətindəki özünəməxsusluğu belə açır: "Səttar əsərinin Azərbaycanın ən ucqar bir nöqtəsində, adi bir insanın evində asılmasından qürur hissi keçirərdi. Onun böyük el məhəbəti qazanmasında bu amilinböyük rol oynadığı birmənalıdır. Səttarın hələ sağlığında "Aramızda gəzən dahi" deyə çağrılması da artıq hökumətin onu ən yüksək formada dəyərləndirməsindən də çox yüksəkdə dururdu. Səttar əgər özünə həmdəm saydığı təbiət motivlərinə onların öz "dilində" danışmağı bacarırdısa, bu onun həm də xalqına, Vətəninə bağlılığından irəli gəlirdi. Yalnız Vətəninin və xalqının dərdini və sevincini bilən, ona acıyan, ondan fərəhlənən kəs ona qəlbində bu cür bədii qürur heykəli ucaltmağı bacarardı. Onun sehrli fırçası, bu cür təsirli, çoxmənalı, ecazkarsolmaz boyaları doğma Azərbaycan təbiətini sözün əsl mənasında bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı, desək, yanılmarıq... Səttar sözü üzə deməkdən çəkinməzdi, qarşısındakı adamın kimliyindən asılı olmayaraq".

Z.Əliyev bildirir ki, Səttar pul qazanmaq üçün çalışmırdı. Bunu çox erkən dərk edən rəssam sadəcə, öz missiyasını yerinə yetirməklə məşğul idi. Dili Füzulinin qəzəlləri olan rəssamın ali missiyası yaratdığı gözəllik qaynaqları ilə başqalarına sevinc hissləri bəxş etmək idio, bunu yaxşı duyduğundan şərəflə də yerinə yetirdi. Yaşadığı zamandan asılı olaraq doğma yurdu Azərbaycan sağlığında onu sona qədər dünyaya tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı. 2009-cu ildə YUNESKO-nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunması da bunun təsdiqidir. O, həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə sanki haram qatmaq istəmirdi. Səttar o az sənətkarlardandır ki, yaradıcılıqda həmişə cavan və təravətli, həm də müdrik qaldı. Odur ki, yaratdıqları hər hansı dəyərləndirmə çərçivəsinə də sığışmır. Belə olan halda rəssam adına iddialı olan hər kəs başının üstündə həmişə Səttar Bəhlulzadə kimi bir sənət dühasının olduğunu unutmamalıdır".

Ötən əsrin ikinci yarısını çoxəsrlik Azərbaycan təsviri sənətinin yenidən dirçəlişi mərhələsi sayan Z.Əliyev bildirir ki, həmin dövrdə yaşayıb-yaradanların sırasında qibtə ediləsi sənətkarlar az deyildi: "Naturanı kölə kimi təkrarlamağı tövsiyə edən "sosialist realizmi" bədii prinsipinə mahiyyətcə "əlvida" deyənlərin sırasında müxtəlif nəsillərin nümayəndələri vardı. Həbsxana və sürgün həyatını başa vuran Ələkbər Rzaquliyev, "formaca milli, məzmunca sosialist" göstərişinə "öz yeni realizmi" ilə cavab verən Səttar Bəhlulzadə, "sığallı-ütülü" rəngkarlığa sərt görüm tərzi gətirən Tahir Salahov, dünyaya milli folklor qəhrəmanlarının gözü ilə baxan Mircavad Mircavadov, Toğrul Nərimanbəyov və Rasim Babayev, gerçəkliyi mütərəqqi bədii vasitələrlə göstərməyə çalışan Əşrəf MuradoğluQorxmaz Əfəndiyev, sonda da gözəllik qaynaqlarını adi gün-güzəranımızda axtaran "Abşeron məktəbi"nin mövcudluğu keçmişdən zamanına və daha uzaqlara uzana biləcək çətin yolda sarban-mayakdı, desək, yanılmarıq. Bu sənətkarlar bəzi cəhətlərinə görə bir müstəvidə duruş gətirə bilməsələr də, sənətə və dünyamıza münasibətdə bir gəminin sərnişinləri idilər. Zamanın axarına təsir göstərməyə çalışan yerli və moskvalı ideoloqlar bütün mənalarda bu milli kadrların axtarış dolu yaradıcı səylərinə nə qədər "yox" deməyə çalışsalar da, onları inamlarından döndərə bilmədilər. Səttarı da, onun həmfikirlərini də özünəinama səsləyən onlara Təbriz miniatür məktəbi kimi möhtəşəm örnəyin və digər neçə-neçə nəhayətsiz qədim bədii qaynağın arxa olması idi. Bu gün çox da uzun olmayan zaman distansiyasımdan bu yaradıcıların artıq tarixə dönən cəsarətli axtarışlarına güzgü tutanda görünür ki, onlar həqiqətən də böyük görmüş, təsviri sənətimizi duyulası dərəcədə yeni görüm tərzi ilə zənginləşdirmişlər. Elə Səttarın bütün yaradıcılığı boyu işlədiyi əsərləri göz önünə gətirəndə onlarda rəngkarlığımızda ona qədər tuş gəlinməyən zəngin koloritin, kompozisiya həllinin müxtəlifliyinin, bədii şərhin reallıqdan geniş ümumiləşdirməyə və ekspressiv - dinamik yaxılarla ifadəsinə qədər dəyişdiyini görmək mümkündür. Bu əsərlərdə biz ilk növbədə tanış obyektlərə, ənənəvi mövzulara yeni və özünəməxsus münasibətin şahidi oluruq. Səttar Bəhlulzadə əslində ideoloji buxov rolunu oynayan "ali tövsiyə"ni başqa cür başa düşdüyünü qarşı tərəfin istəyinin əksinə olsa da davamlı şəkildə nümayiş etdirməklə həm də öz sənətkar müstəqilliyini heç nəyə qurban verməyəcəyini təsdiqləmiş oldu. Etiraf edək ki, həmin dövrlərdəki özünəməxsus Səttar görümü nəinki ideoloqlara, hətta öz həmkarlarına qəribə gəlirdi. Ancaq Azərbaycan bədii məkanı üçün ənənəvi olan neft və pambıq mövzusuna Səttarsayağı şairanə və lirik yanaşma o qədər fərqli və cəlbedici idi ki, yığcam və lakonik rəng qatından "boylanan" gerçəklik nə qədər idealirreal görünsə də, inandırıcı və duyğulandırıcı qəbul olunurdu".

Səttarın öz axtarışlarında artıq tək olmadığını vurğulayan araşdırmaçı bildirir ki, sənətsevərlər də artıq hər yeni sərgidə onunla yanaşı T.Salahov, T.Nərimanəyov, T.Cavadov, M.Mircavadov, Ə.Rzaquliyev və başqalarının əsərlərini də axtarırdılar. Rəssamlar kimi tamaşaçılar da gerçəkliyə, onları əhatə edənlərə fərqli münasibət görmək istəyirdilər. Yeri gəlmişkən qeyd edək ki, Səttarın və digərlərinin "sosialist realizmi" adlı bədii prinsipin çərçivəsində "boğulmaqdan" yaxa qurtarmalarına elə hökumətin daxilində mənəvi dəstək verənlər vardı. Səttar Bəhlulzadə çox

məhsuldar işləyən sənətkarlarımızdandır. Onun rəngkarlıq və qrafik irsini saya gətirmək sadəcə mümkünsüzdür. Dövlət statuslu muzeylərdə 150-yə yaxın rəngkarlıq, 30-a qədər qrafik işi var. Son araşdırmalar nəticəsində onun 600-a qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığını müəyyən etmək mümkün olub. Onların da çoxunun saxlandığı dəqiq ünvan məlum deyil. Bu vaxta qədər izinə düşülməyən əsərlər də çoxdur. Nəzərə alsaq ki, Səttar çox əliaçıq idi və əsərlərini də təmənnasız olaraq ürəyinə yatan insanlara ərməğan verərdi, onda bu naməlum ünvanların sayagəlməz olduğunu söyləmək olar. Onun əsərlərinə müxtəlif yollarla sahib olanların bir qismi çox qəribə olsa da onlarda S.Bəhlulzadənin tablosunun olduğunu inkar edirlər".

Səttarın yaradıcılıq məqamı çox maraqlı olub: "Səttar çox vaxt rahatlıq bilmədən işləyərdi. İstirahəti də, yeməyi də çox vaxt unudardı. Onun sübhdən qürub çağına kimi başında görmək mümkün idi. Havanın yaxşı-pisliyinə baxmadan, qızmar günəş altında da, yağış yağanda da işləyərdi. Çoxlarını bütün günü fasiləsiz işləməyə qadir olan bu çəlimsiz adamdakı enerjinin tükənməzliyi və sonsuz həvəs heyrətləndirirdi. Bu yerdə rəssamın 1973-cü ildə Moskvada açılmış fərdi sərgisində iki nəfərin söhbətini xatırlamaq yerinə düşərdi... Əsərlərə heyranlıqla tamaşa edən qadın ərindən soruşur ki, görəsən, bu rəssamın neçə yaşı var? Kişi cavab verir ki, yəqin cavandır. Çünki əsərləri təbiətlə bağlıdır. Bunları çəkmək üçün çox gəzmək, görüb-götürmək lazımdır. Həmişə hərəkətdə olmaq, dağa-daşa çıxmaq yaşlı adamın işi deyil. Rəssamın əsərlərindəki heyrətamiz baxış nöqtələri, ecazkar rəng duyumu, qeyri-adi təravət və yaxıların ekspressiyası yəqin ki, kişini bu qənaətə gəlməyə vadar etmişdi. O vaxt isə Səttar Bəhlulzadənin nə az, nə çox, düz 64 yaşı vardı.

Moskva sərgisi ilə bağlı bir deyimi də xatırlasaq, Səttar sənətinin bəşəriliyini bir daha təsdiqləmiş olarıq. Rəssam Moskvadan geri qayıdandan sonra deyirdi ki, mən gərək çoxdan orada sərgimi göstərmiş olaydım. Elə oradakılar da bu fikirdə idi. Üzünə deyilən bir tamaşaçı fikri isə çox ibrətamizdir: "Görün Azərbaycan xalqı nə qədər istedadlıdır ki, Səttar kimi bir rəssamı 60 il ərzində dünyadan gizlədə bilib!" Düşündürücüdür, elə deyilmi?"

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 1 mart.- S.13.