Azərbaycan xalçaçılıq məktəbinin
müdrik müəllimi
Kamil Əliyev yaratdığı hər
xalçanı sevirdi,
onları övladları
kimi əzizləyirdi
Kamil Əliyev
yaradıcılığa başladığı
ilk dövrlərdən etibarən
süjetli xalçalar
yaratmaq arzusu ilə yaşayırdı. Bəzən
onu xalçaçılıq
sahəsindən uzaqlaşdırmaq
istəyənlər olsa
da, qəlbindəki bu qədim və
əbədi sənətə
məhəbbət, sevgi
bir an belə
səngiməyib. O, 1921-ci il oktyabrın 22-də
İrəvanda doğulub.
1936-cı ildə Bakı rəssamlıq məktəbinə daxil olub, eyni zamanda
"Azərxalça" İstehsalat
Birliyində köçürücü
rəssam kimi işləməyə başlayıb.
Böyük Vətən Müharibəsinin
iştirakçısı olub.
Müharibədən sonra
"Soyuz-Torq reklam"ın
baş direktoru və baş rəssamı (1954) təyin
olunan K.Əliyev daha sonra Bədii
Fondun Yaradıcı-İstehsalat
Kombinatının direktoru
(1961), Bakı Zərgərlik
Fabrikinin direktoru
(1964-71), Yerli Sənaye
Nazirliyi İstehsalat şöbəsinin müdiri
(1971-93) vəzifələrini icra edib.
1993-cü ildən ömrünün
son gününədək "Azərxalça" Elm-İstehsalat
Birliyinin baş direktoru olub və ömrünü mədəniyyət tariximizin
mühüm səhifələrindən
olan xalqımızın
qədim xalçaçılıq
sənətinin zəngin
ənənələrinin qorunub
saxlanmasına və inkişaf etdirilməsinə
həsr edib. 1958-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
yubileyinin keçirilməsi
planlaşdırılırdı. Bir rəssam kimi onun da ürəyində
bu ilahi məhəbbət şairinin
portretini işləmək,
şairin ilmələrə
çökmüş obrazını
yaratmaq arzusu baş qaldırır.
Ürəyində boy verən arzunu
ilk dəfə bəstəkar
dostu Qara Qarayevə açır,
"Mənə Füzulinin
şəkli lazımdır"
deyir. "Narahat olma, kömək
edərik"-deyə
Qara sədaqətli dostuna ürək-dirək
verir. Doğrudan
da bu, asan
iş deyildi, çünki Füzulinin orijinal şəkli yox idi və
yeganə portreti də hansısa türk rəssamı tərəfindən açıqca
kimi işlənmişdi.
Bir müddət sonra işə başlayan Kamil Əliyev Füzulinin portretinin on variantda eskizini çəkir, ancaq heç biri müəllif kimi onu razı salmır.
Nəhayət, sonuncu variantın
üzərində dayanır.
Deyəsən, istədiyi
alınmışdı... Qara Qarayev
dostunu o vaxtkı mədəniyyət nazirinin
müavini Nəzərovla
görüşdürür. Görüş uğurlu olur,
nazir müavini eskizi bəyənir və Kamil Əliyevin
çoxdan bəri ürəyində gəzdirdiyi
arzusu gerçəkləşir.
1958-ci ildə toxunan
Füzulinin portret-xalçası
Kamil Əliyevə böyük sənət uğuru gətirir. Deyəsən, ilahi məhəbbət şairinin sevgisi ilə rəssamın xalça sənətinə
olan sevgisi üst-üstə düşmüşdü.
"Dünyada ilahi məhəbbəti onun qədər poetik ustalıqla ifadə edən ikinci bir söz
ustası varmı?
Nə qədər ürəyim döyünür, o sevgi də oradadır"- deyən rəssamın həqiqətən də
"Şəbi-hicran" notlarında
köklənmiş "Füzuli"
portret-xalçası başdan-ayağa
məhəbbətə bələnib.
Kamil Əliyev çağdaş portret-xalça janrının müəllifi kimi özünü təsdiqləyir və o, Azərbaycan xalçasının şöhrətini daha da artırır, bütün dünyaya tanıdır. Beləcə, Şota Rustavelinin, Puşkinin, R.Taqorun, İ.Qandinin, Azərbaycan ədəbiyyatının klassiklərindən Nizami, Nəsimi və M.F.Axundovun, daha neçə-neçə sənətkarın, ictimai və dövlət xadiminin portret-xalçaları sıralanır Kamil Əliyevin əvvəl ürəyində, təfəkküründə, sonra isə sənət nümunələrinin sərgiləndiyi fərdi xalça muzeyində. O, yaratdığı hər xalçanı sevirdi, onları övladları kimi əzizləyirdi. Onun böyük məhəbbətlə yaratdığı portret xalçaları seyr etdikcə inanırsan ki, Puşkin, Ş.Rustaveli, Nizami, Füzuli, Nəsimi, Atatürk, M.Ə.Rəsulzadə, R.Taqor və daha neçə-neçə böyük şəxsiyyətlər yenidən doğulur və Kamil Əliyevin sehrli barmaqlarının yaratdığı ilmələrin qovuşuğunda əbədilik qazanırlar. Rəssam öz füsunkar sənəti ilə ölkəmizi digər ölkələrlə yaxınlaşdırmaq, dostlaşdırmaq missiyasını da yerinə yetirir, xalqlar arasında mənəvi körpü salır, mədəni əlaqələri genişləndirirdi. Deyirdi ki, yaşadığımız dünyada ta qədimdən üzü bu yana əmin-amanlığı, insanların təhlükəsiz, azad həyatını qorumaq üçün ən vacib cəhətlərdən biri və ən əsası xalqların, insanların bir-birini tanıması, qəbul etməsi və sevməsidir. Ayrı-ayrı xalqların, insanların ürəklərinə məhəbbət körpüsü salmaq, ünsiyyət, mədəni əlaqələr yaratmaq isə sənət adamlarının vətəndaşlıq borcu, vəzifəsidir.
K.Əliyevin realist üslubda yaratdığı hər xəttində, ornamentində bir sirr, hikmət gizlənən portret-xalçalarında daxili bir harmoniya, vəhdət var. Azərbaycan xalçaçılıq məktəbinin müdrik müəllimlərindən biri oldu Kamil Əliyev. Bu qədim sənətin tarixini, ənənələrini əsas tutaraq yeni söz demək, öz dəsti-xəttini yaratmaq üçün orijinal bir yol seçdi. Elə bir yol ki, onun başlanğıcını məhz özü qoydu, açdığı cığırlarla uzun-uzadı yol gedərək sonunu axtardı. Ancaq sonuna çatmağa tələsmədi. Söhbətimiz zamanı maraqlı bir fikir söyləmişdi: "Qızım, haqqımda tərif dolu sözləri çox işlətmə... Vaxt gələr, məndən də istedadlı rəssam, xalça sənətkarı doğular, ona deməyə söz tapmazsan... Xalçanın hər xəttində bir sirr, bir hikmət gizlənib. Ümumiyyətlə, sənətdə hüdud yoxdur. Mənim cəhdlərim də uğurlu olub. Ona görə ki, hər bir dünya xalqının özünəxas xalçaçılıq sənəti olduğundan bir-birinin əsərlərini yeni əsər kimi qəbul edirlər. Naxışlar isə xalçanın danışan dilidir. Harda olursa-olsun, özünü nişan verir, mənsub olduğu xalqın tarixini, mədəniyyətini bəyan edir. Lap uşaqlıqdan zərrə-zərrə öyrəndiyi bilik, bacarıq və səylərini, topladığı təcrübəni xalçaçılığın inkişafına, onun dünyada tanınmasına sərf etdi.
Kamil Əliyev yaradıcılığında sərhəd tanımırdı. Xalça qəhrəmanının xarakterini, üzlərinin rəngini olduğu kimi vermək üçün münasib rəng seçmək asan deyil. Əlbəttə, hər bir xalqı xalq edən, onu dünyaya tanıdan, adını bəşəriyyətin tarix yaddaşında qoruyub saxlayan onun bədii yaradıcılıq sənəti və sənətkarları, elm, mədəniyyət adamları, ictimai-siyasi xadimləridir. Kamil Əliyev də xalqımızın yetirdiyi belə şəxsiyyətləri dünyaya tanıtmağa çalışmış, təkrarsız portret-xalçalarını da məhz bu müqəddəs arzu və istəklə yaratmışdı.
Esmira Fuad,
alim-publisist
Xalq Cəbhəsi.- 2014.-
4 mart.- S.14.