Sənətdə qadın düşüncələri...

 

Suğra Bağırzadə: "Əsərlərimin adında belə təbiətə sevgimi ifadə etməyə çalışmışam"

 

Azərbaycan ictimai mühitində qadınların fikir, düşüncə müstəqilliyi həmişə ciddi müzakirə mövzusu olub. Qadınla gülün incə, həm də biri-birini tamamlayan vəhdəti var. Yüzillərdir ki, incəsənətin müxtəlif sahələri sirli-sehrli qadın dünyasının əsrarəngizliyi, özünəməxsusluğu barədə yazır, ancaq mövzu bitmək bilmir ki, bilmir. Maraqlısı və qəribəsi budur ki, qadınlar da çox hallarda özlərindən yazırlar; incəsənət onlara özlərini ifadə etmək üçün geniş imkanlar verir. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin qadınlar haqqında yüzillər ərzində formalaşmış qənaətləri həm də təzadlı xarakter daşıyıb. Əslində cəmiyyətdə qadınlarla bağlı yaranan ziddiyyətli təəssüratların səbəbkarı çox hallarda kişilər olub. Qadın həmişə fitrətən kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də həmişə qadın zərifliyinə ehtiyac duyub, onu idealizə edib. Zamanımızda qadının əşyalaşması fəlakətli bir cəhət olaraq sezilməkdə, görünməkdədir. Türk ailəçiliyində qadına ilahi münasibət son dərəcə heyrətamizdir. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" hesab olunurdu. Təəssüf ki, indi yurdumuzda da qadına ilahi münasibət səngiməkdədir.

Qadınların yaradıcılıq imkanları hədsizdir. Ailəçilikdə

əvəzsiz varlıq olan qadının xüsusən ötən yüzildə ictimai həyata ardıcıl şəkildə cəlb edilməsi gerçəkdir ki, ailəçiliyə ziyan verdi.

Qadın mövzusunda kim yazmayıb ki? Bəşər yaranandan bəri qadın döyüldüyü, söyüldüyü dərəcədə də vəsf olunub. Əslində bədiyyatda, sənətdə daha çox vəsf olunan qadın gerçəklikdə aşağılanıb. Qadına münasibət niyə bu dərəcədə dəyişkəndir? Çünki insaniliyə münasibət qarışıqdır, enib-qalxandır. Cəmiyyət kişilərin şəxsində qadına daha çox vasitə kimi baxır. Qadın ilk növbədə anadır, bu səbəbdən də o, cəmiyyətin heç bir ölçüsünə sığmır. Ananın ən böyük analığı, təsdiqi ailəsi, ailəçiliyidir. Çağımızın ən böyük fəlakəti isə ondadır ki, qadın-qadınlıq dayanılmadan bu və başqa biçimdə gözdən salınır. Hansı ki, qadınsız ailə, ailəsiz isə xalqın təsdiqi mümkün deyil.

Dünyada pulçuluq, təbəqəçilik artır. Bundan ilk növbədə əzab çəkən qadınlar olur. Ümumiyyətlə, yaşamın harmoniyası durmadan pozulur. Cəmiyyət qadın-kişi münasibətlərində sanki öz əliylə uçurum yaradır. Çünki insaniliyə əsaslanmayan hər sayaq münasibətlər yadlıq yaradır. Bəşəriliyin mayası insanilikdir. İnsanilik həm də ailənin, qadınlığın doğmalıq tələbində, yaşamında təsdiq olunur. Doğmalıq isə ciddiliyə dayanır. Çağdaş dövrdə qadın-kişi münasibətlərində səadətin təsdiqini axtarmaq çox zaman müşkülə dönür, ona görə ki, bu münasibətlər ləyaqət tələbi əsasında olmur. Əslində səadət-sədaqət-ləyaqət üçü bir anlamı ifadə edir. Yəni insan - fərqi yoxdur, istər qadın, istərsə də kişi olsun, ləyaqətli, sədaqətli yaşadığı dərəcədə səadətə çatır.

Bu yazıda ictimai mühitdə imzası yaxşı tanınan aktrisa Suğra Bağırzadə haqqında danışacağıq. O, həm də tanınmış rəssam-floristdir. İndiyə kimi bir neçə dəfə əsərlərindən ibarət sərgisi keçirilib. Deyir, onun təbiətə sevgisi anadangəlmədir: "Evimizdə həmişə gülə böyük sevgi görmüşəm. Bu sevgi mənə də keçdi. Yadımdadır, güllərimiz solanda anam bərk kədərlənirdi. Əlimdən gələni etməyə çalışırdım ki, güllərimiz solmasın. Səhnəyə çox tez çıxmışam. Mənə hədiyyə olunan gülləri ayrıca bir sevgiylə qorumağa, ömürlərini artırmağa çalışırdım. Rəssam olmaq fikrim yox idi, sonradan yarandı. Təbiətin bu möcüzəsini yalnız bir qadın olaraq sevirdim, onların suyunu tez-tez dəyişirdim. Heft-Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirmişəm. Kimyaçı olandan sonra qərara aldım ki, uşaqlıqda ağlımda olan arzularımı gerçəkləşdirim. Məhlullarla işləyirdim. Biliyim vardı və artıq güllərə tamamilə yaradıcı gözlə baxmağa başladım. Hara gedirdimsə, bitkilər, güllər haqqında kitablar axtarırdım. Yavaş-yavaş bu duyğularımı inkişaf etdirdim, arzularımı gerçəkləşdirdim".

Suğra xanım yalnız təzə-tər güllərlə, budaqlarla işləyir.

Çox az hallarda qurumuş güllərdən kompozisiya düzəldir: "Güllərə böyük sevgiylə, ehtiyatla yanaşıram. Bu prosesdə böyük təcrübə qazandım. 20 ildən çoxdur bu sənətlə məşğulam. Əvvəlki illərə baxana indi işlərim daha da yetkinləşib.

Rəssamlar İttifaqının, Ümumdünya Floristlər Şurasının üzvü oldum. Dünya floristləri ilə tanışlıqdan sonra əsərlərim daha da yetkinləşdi. Əsas odur ki, qadın işgüzar olsun.

Ümumiyyətlə, insan işgüzardırsa, deməli, özünə qarşı tələbkardır, mütləq uğur qazanacaq, arzusuna çatacaq".

Şübhəsiz, qadının ən böyük sərvəti ailədir. Qadınla gül arasında mahiyyətcə fərq yoxdur. Qoy insanlar bir-birləri ilə münasibətdə gül qədər zərif, incə olsunlar. Gül danışa bilmir insan kimi, onu danışdıran insandır. Əslində Suğra xanımın əsərlərini yazı da saymaq olar: romantik, duyğulu, ehtizazlı, insana sevgi yaradan əsərlər... Bu əsərlərdə də insanın təbiətin mənası ilə üz-üzə qalması mümkündür. Həyat necə də gözəldir - özünün dağı-daşıyla, çəməni-çiçəyilə!

Əlbəttə, təbiətin qadın tərəfindən duyulması, sənətdə ifadəsi bir başqa hadisədir.

Suğra xanım təbiətin gülə qarşı amansızlığına acıdığını deyir: "Cəmiyyətin qadına qarşı münasibətinə gəlincə, qadın güclü olarsa, cəmiyyət ona heç nə edə bilməz". Rəssam-floristin təbiəti duyumunun bir başqa olduğunu deyən Suğra xanım onun təbiəti sevdirməsinin gözəlliyindən danışır: "Əsərlərimin adında belə təbiətə sevgimi ifadə etməyə çalışmışam. Gülləri o qədər sevirəm ki, ən gözəl adlarla onları adlandırıram. Onları dibçəkdə, bağda yetirirəm. Deyirlər bu gülləri təzə-tər kəsməyə əliniz necə gəlir? Deyirəm ki, bu gülləri sənətdə yaşatmaq üçün kəsməyə məcburam. O gözəlliyi insanlara göstərmək istəyirəm".

Gülə qarşı amansızlıq təbiətin qaydasıdır. Qadının da çiyninə cəmiyyətdə az yük düşmür. Cəmiyyətdə qadına münasibət heç zaman yaxşı olmayıb. Cəmiyyətin daha çox döyülən, əzilən qismi qadındır. Qadın isə ucalıq rəmzidir. Suğra xanım düşünür ki, qadın hər zaman hünərli olmalıdır: "İndiki zamanda qadınlar daha çox çalışırlar ki, maddi cəhətdən güclü olsunlar. Qadın üçün işin öz gözəlliyi olmalıdır. Çalışmaq, yenə də çalışmaq. Belədir, ancaq gərək insan daim çalışsın, ruhdan düşməsin".

Suğra xanım indiyə kimi 10-dan çox filmdə çəkilib. Onillər ərzində filmlərin ana dilimizdə səsləndirilməsində fəal iştirak edib. Onun bir aktrisa olaraq xüsusən Azərbaycan kinosunda yaratdığı obrazlar tamaşaçıların yaddaşındadır. Xüsusən də "Ulduz" filmindəki Yetər obrazı ilə daim xatırlanır.

Suğra xanım rənglərin dilinə, xasiyyətinə fitrətən bələddir. Təbiidir ki, fitri rəssamlıq keyfiyyəti heç də müəyyən sahədə mütəxəssis olmaqla şərtlənmir. Hər halda müəyyən keyfiyyətlərin bir şəxsdə yaradıcı şəkildə birləşməsi sənətdə özünəməxsusluğa gətirib çıxarır. Suğra xanımın əsərlərində gül obrazı təbii olaraq aparıcıdır. O, fitrətən təbiətin ən gözəl varlıqları olan qadınla gülün incə, həm də biri-birini tamamlayan vəhdətini verməyə nail olub. Təəssüf ki, ana təbiətin özü belə elə hey çəkdiyi alınmayan rəssama oxşayır. Rəssam istədiyi alınmayanda əsərini cırıb atır. Təbiət isə əksər hallarda gözəl, bənzərsiz rəssamdır: bu əsərlərdə biz kliplərdəki, filmlərdəki, rəssamlıqda, nəsrdə, poeziyadakı təsvirlərdən artıq olan qeyri-adi gerçəkliyin, əslində mənanın ifadələrini - nişanələrini görürük. Suğra xanımın tablolarında yaradılanı yaşatmaq ehtirası zərif güllərin timsalında, qadın xəyalında obrazlı və gerçək vəhdət təşkil edir. O, zahirən eyni mövzularda çoxsaylı əsərlər yaratsa da, bunlardakı biçim müxtəlifliyi əslində məna zənginliyinə dəlalət edir. Rəssamın fanatcasına bu sənətə bağlılığı bütün əsərlərində - yazılarında hiss olunur. Əslində o, bu yazıları ilə həyata, dünyaya, yaşamağa olan sonsuz sevgilərini ifadə etmək istəyib və haradasa nail olub.

S.Bağırzadənin əsərlərindəki özünəməxsusluq onların təbii, canlı güllərdən yaradılmasıdır. Sanki müxtəlif biçimli, ideyalı, kompozisiyalı güllər tabloların üzərində sadəcə, donub qalıb. Lakin donuq halda belə güllər özlərinin qısa, amma qanadlı, ehtizazlı, aşiqanə hekayətlərini danışırlar.

Rəssamın əsərlərini adlandırmasına gəlincə, bunlarda bir şərtilik var. Çox zaman adlar biri-birinə bənzəyir, bəlkə də eyni məzmun ifadə edir. Lakin hər bir əsər digərindən təkcə məzmunca deyil, həm də biçimcə xüsusi şəkildə fərqlənir. Rənglərin məharətli ahəngdarlığının tapılması, tablonun ümumi halının güllərin rəngi ilə birliyi gözəl alınıb: "Qərib məftunlar", "Bətndə həyat", "Duet", "Hurlu arzular", "Sadəlik bir gözəllikdir", "Bitməmiş simfoniya", "Gözəlliyə vurğunluq", "Günəbaxanlar", "Məhəbbət çələngi", "Payız melodiyası", "Xoşbəxtlik naxışları", "Boran", "Qış romantikası", "Səhrada həyat" və başqa əsərlərdə tükənməzlik ideyası bu və ya digər dərəcədə ifadəsini tapıb. "Duet" adlı əsərdə iki biri-birinə oxşar çələng biçimli tablolar yan-yana durub. Rəng düzümləri zahirən oxşardır, amma eynilik və ekizlik yoxdur. "Günəbaxanlar" əsərində təbii rəng tabloya hopub: sarı rəngin işığı xəyallı arzular selinə qarışır.

Onun "Bətndə həyat" əsəri maraqlıdır: sanki canlı çiçəklər güldanda donub qalıb. Doğrudan da Suğra xanım canlı çiçəklərdən tablo yarada bilib. Güldanın ortasında yarımçıq bir şam var.

"Məhəbbət çələngi" tablosunda rəssam adi həyatda heç kəsin fərqinə varmadığı, maraqlanmadığı tərəvəzlərdən gözəl bir əsər yaradıb: iri lobyalar, həmçinin torpağa bulaşmış buğdalar açıq və boz fonda təsvir edilib. Həyatın acısı və şirini, kədəri və fərəhi var. Gərək insan o dərəcədə güclü olsun ki, fəlakətində belə sarsılmasın, məhv olmasın. Suğra xanımın "Solmaz çiçəklər"i güllərin zərif timsalında insana dözüm, iradə hekayətini danışır. Təbiət gülə qarşı amansız olsa, daim onu tez soldurmağa cəhd etsə belə, həyat həmişə ümidlə, güllük əhvalı ilə doludur. İnsan ruhunun dərin qatlarına endikcə, könül dünyasının solmaz çiçəklərini dərdikcə fərəhi yerə-göyə sığmır.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 4 mart.- S.11.