Tarix onlara qalib gələ bilmədi

 

Onlar az idi, fəqət saf qüdrətli əməlləri ilə tarixə iz saldılar

 

Tarix hələ onlara çox xidmətlər göstərəcək, çünki onlar tarixi yaradanlar idi. Hər bir xalqın taleyində "tarixin günahları" adlanan amansız bir yalan qəbiristanlığı var. Zaman-zaman tarixin günahları açılaraq hər yeni nəsil üçün gizli bir vahiməyə, milli-ictimai təslimçilik aşılayan xofa çevrilir. Hər bir nəsil öz tarixi yükünü ləyaqətlə özü çəkməyəndə "tarixin günahları" ağırlaşır, sonrakı nəsillər üçün ikiqat əzaba çevrilir.

Əslində 20-ci illərdə ədəbiyyat sahəsində gedən mübarizə sənətdə "yeni dünya hissi" adlanan yalana qarşı, həqiqi sənət uğrunda mübarizələr idi. Yeni inqilabi sənət, proletar sənəti naminə köhnəliyin hər cür təzahürlərini inkar edən, əslində həmin sənəti ədəbiyyatdan uzaqlaşdıran proletkultçuluq Petroqradda, inqilab barrikadalarında yaranmışdı. Sonralar Lenin proletkultçuların revanşizminin qarşısını ala bilmədi onlar sənətdə inqilabçılığı yoluxduran mikroblar kimi ədəbiyyata yayıldılar. 20-ci illərdə Azərbaycanda da tənqid sənətdə təbliğata qarşı bədiyyat uğrunda mübarizə aparır, təbliğat bədiyyatı üstələmişdi. Bu dövrdə bir çox mübahisələr ədəbi irsə münasibətlə bağlı idi. Ancaq 20-ci illər boyu sakit axarda, paralel inkişaf edən mübahisə mülahizələr 30-cu illərdə kəskinləşir, qarşılıqlı ədəbi-siyasi ittihamlara çevrilir. Bunun geniş araşdırmalar tələb edən bir çox səbəbləri var.

Əslində tarix bu iftixara layiq imzaların - H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, S.Hüseynin, S.Mümtazın, Ə.Nazimin, Ə.Abidin, B.Çobanzadənin, M.Quliyevin, H.Zeynallının - 1937-ci ildə amansızcasına güllələnənlərin tutulanların əməllərinin təsdiqinə xidmət edir. Onlar az idi, fəqət saf qüdrətli əməlləri ilə tarixə iz saldılar.

Ədəbi mühitdə çaxnaşma ziddiyyətlər əslində Kommunist Partiyasının ədəbiyyat səhnəsində siyasəti haqqında 1925-ci il qətnaməsindən başlandı. Onun mahiyyəti ədəbi mühitdə proletar ədəbiyyatının hegemonluğuna nail olmaqdan ibarət idi. Bu sənəddə ilk dəfə 20-ci illərdə fəaliyyət göstərən yazıçılar rəsmi surətdə sinfi mövqedən üç qrupa bölündü: proletar yazıçıları, burjua-qolçomaq yazıçıları cığırdaşlar. Məhz bundan sonra ədəbi mübahisələr bədii-estetik problemlərə doğru yol aldı. Ən sürüşkən məsələ cığırdaşlara münasibət idi. Əslində 30-cu illər ərəfəsində ədəbiyyatda cığırdaşlar uğrunda çarpışma gedirdi.

Böyük Mirzə Cəlilin Sabirin heykəlinə baxaraq dediyi "Vaxtında ölmək xoşbəxtlikdir" sözləri "köhnə" yazıçıların 20-30-cu illərdəki faciəsini dolğun əks etdirir. C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi, C.Cabbarlını 37-ci ilin biabırçı işgəncələrindən yalnız səbəbi hələ müəmmalı qalan "vaxtında ölmək" xilas etdi. Ədəbi-nəzəri qarşıdurmanın ikinci əsas səbəbi partiyanın XVI qurultayında irəli sürülən, bütün sahələrdə xüsusi bir amansızlıqla həyata keçirilən "Sosializmin bütün cəbhə boyu geniş hücumu" şüarı idi. Burada sosializmin necə deyərlər, üzü açıldı. Lakin artıq gec idi. Sənədlərə diqqət yetirək. "Sosializmin bütün cəbhə boyu hücumunun başlanması ilə əlaqədar partiyanın bəzi üzvləri belə hesab edirdilər ki, vahid beynəlmiləl dil tətbiq etməyin vaxtı çatıb, siyasi, təsərrüfat administrativ rəhbərliyi mərkəzləşdirmək tələb olunurdu, az qala respublikaları ləğv etmək təklif edilirdi. Nəhayət, üçüncü əsas səbəb Şərqlə, xüsusilə Türkiyə ilə bağlılıq idi. Məlumdur ki, 20-ci illərin görkəmli ziyalıları - H.Cavid, B.Çobanzadə, Ə.Abid b. Türkiyədə təhsil almışdılar, inqilab ərəfəsində - Azərbaycanda 1920-ci il bolşevik işğalı başlananda M.Rəsulzadə, M.Məmmədzadə, Ə.Hüseynzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu kimi görkəmli şəxsiyyətlər mühacirətə getmiş xarici ölkələrdə görürdülər. Əlbəttə, bu, yalnız bəhanə idi. O zaman sovet dövlətinin Türkiyə ilə rəsmi münasibətləri var idi. Paradoks burasında idi ki, Moskvada Tofiq Fikrətin kitabı çap olunur (1923), Leninqrad Şərqşünaslıq İnstitutunun tələbəsi, tənqidçi Əli Nazimin müəllimləri Samoyloviç Bertelsin təşəbbüsü ilə Türkiyəyə altı aylıq ezamiyyəti burada məqalə çap etdirməsi ona qarşı ittiham üçün əsasa çevrilirdi s. Beləliklə, partiyanın XVI qurultayından sonra "Ədəbiyyat cəbhəsində" qəzeti dövrün ruhuna uyğun olaraq 2 həftədə bir çıxan "Hücum" jurnalına çevrilir dərhal ədəbiyyat cəbhəsində opportunizmə qarşı hücuma keçir.

Bu zaman ədəbi mübahisələrin düyün yeri 1931-ci il idi. Doğrudur, artıq 1929-cu ildə bu mübahisələrin həddi görünməkdə, onun başlıca meyilləri hiss olunmaqda idi. XVI qurultayda irəli sürülən maksimalist şüar həmin ziddiyyətli prosesi kəskin dərəcədə qızışdırırdı. 30-cu illər ərəfəsində rus ədəbi prosesində olan ədəbi qrup cərəyanlar arasında da çəkişmə kəskinləşmişdi. 1931-ci il sonralar 1937-də repressiyaya məruz qalan adamların taleyində düyün məqamına çevrildi. Ədəbiyyatda, daha artıq tənqid sahəsində ideoloji zəmində qarşılıqlı ədəbi-siyasi ittihamlar qorxunun, vahimənin eybəcər ifadəsi olan etiraflar başlandı. Həmin dövrdə belə ittihamlara ən çox məruz qalanlardan biri, dövrün fəal tənqidçisi Əli Nazim idi. Ona görə tənqidçi hamıdan çox etiraf yazmağa məcbur olmuşdu. Əslində Ə.Nazimə qarşı ittihamlar, habelə onun etiraf ittihamları 30-cu illər ədəbi mübahisələrinin əsas təmayülünü əmələ gətirir. 20-30-cu illərin mübahisələri ənənəvi "Kim idi günahkar, kim haqlıdır?" sualını qəbul etmir. Çünki bu suala veriləcək hər hansı cavabda mütləq yeni bir yanlışlıq ifadə olunacaq. Görünür, elə buna görə tariximizin ədəbiyyatımızın mürəkkəb, ziddiyyətli mərhələlərində meydana çıxmış sualların cavabı kimi həmişə zaman, tarix günahlandırılıb. Bununla da illər talelər arasındakı münasibətlər daha da dərinləşib, susqu sükutun amansız pərdəsi bu münasibətlərə qorxunc vahimə donu geyindirib. Halbuki tarixin, illərin heç bir "günahı" yoxdur. Əslində tarix qarşısında bütün məsuliyyət insanların üzərinə düşür, ən məchul müəmmaların mənbəyi insan əməlləridir. Tarix nəsillərin taleyində yaşayır, onların əməlləri ilə hərəkətə gəlir. İş burasındadır ki, 30-cu illərdə satanlar da, satılanlar da, ittiham olunanlar da, ittihamçılar da eyni bir nəsil idi. Bəlkə onlar haçansa bir parta arxasında oturub, eyni bir müəllimdən dərs almışdılar. Bəs haradan idi bu əqidə ayrılığı, niyə onların bəzisi digərləri üçün amansız düşmənə çevrilmişdi? Axı onlar bir sinfin - proletar sinfinin yetirmələri idi? Eyni sinif daxilində yeni qruplaşmalar yaradan səbəblər hansılar idi? 30-cu illər nəslinin tarixi taleyini bu suallardan kənarda dərk etmək mümkün deyil.

20-ci, xüsusən 30-cu illərin ədəbi ittiham mübahisələri narahat fikir axtarışlarından doğulmuşdu. Əgər siyasi-ideoloji rəng verilməsəydi, onu normal bir ədəbi-tarixi proses kimi qiymətləndirmək olardı. Ona görə belə anlaşılmasın ki, Ə.Nazimi tənqid etdiyinə görə M.Hüseyn, H.Cavidi tənqid etdiyinə görə Ə.Nazim bir-birlərinə düşmən idi. Bacısı Tahirə xanımın dediyinə görə, Ə.Nazimlə H.Cavidin münasibətləri səmimi olub. 30-cu illərdə ən dəbdə olan, ən qorxunc demək olar, hamıya verilən siyasi ittiham "pantürkizm" idi. Bu ad altında ən çox iki böyük şəxsiyyət - Hüseyn Cavid Bəkir Çobanzadə ittiham olunmuşdu. İtmiş nəslin taleyindən keçən pantürkizm ağrısını 37-nin amansız repressiyaları belə sağalda bilmədi.

 

Hizaməddin Şəmsizadə,

Professor

Xalq Cəbhəsi.- 2014.- 5 mart.- S.14.