Fikir, vicdan və din
azadlığı
Hüquqşünas Nərgiz
Ağayeva: "Dünyanın aparıcı hüquq məktəblərinin
bu məsələyə münasibəti eyni deyil”
Dini etiqad
azadlığı ictimai asayiş maraqları naminə
demokratik cəmiyyətdə belə məhdudiyyətlərə
məruz qala bilər
Bu gün dünyada ən çox müzakirə olunan
aktual mövzulardan biri fikir, eləcə də din
azadlığıdır. Avropa İnsan
Hüquqları və Əsas Azadlıqların Müdafiəsi
Haqqında Konvensiyaya görə fikir, vicdan və din
azadlığı aşağıdakı şəkildə
qorunur. Maddə 9. Fikir,
vicdan və din azadlığı.
1. Hər
kəsin fikir, vicdan və din azadlığı hüququ var;
bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək
azadlığı, öz dininə və ya əqidəsinə
həm təkbaşına, həm də başqaları ilə
birlikdə etiqad etmək və açıq, yaxud şəxsi
qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini
yerinə yetirmək azadlığı daxildir.
2. Öz
dininə və baxışlarına etiqad etmək
azadlığı yalnız ictimai asayiş maraqları naminə,
ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı
qorumaq üçün və ya digər şəxslərin
hüquq və azadlıqlarını müdafiə etmək
üçün qanunla nəzərdə tutulmuş və
demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə
məruz qala bilər.
Hüquqşünas
Nərgiz Ağayeva hesab edir ki, bu konvensiyada fikir, vicdan və
din azadlığı bir necə hissədən ibarətdir:
"Onun əsas hissəsi, yəni etiqad hissəsi
toxunulmazdır. Heç bir halda bir şəxsin
hər hansı fəlsəfi və ya dini cərəyanın
ideyalarını qəbul etməsinə və ya ondan imtina etməsinə
dövlət müdaxilə edə bilməz. Bu, dinlərin
"Tanrıyla insan arasında", "şəxsi",
"daxili" məsələ olduğu barədə fikrin
hüquqi ifadəsidir. Bu azadlığın
ikinci üzü, yəni öz etiqadına uyğun, təkbaşına
və ya kollektiv şəkildə ibadət etmək, rituallarda
iştirak etmək imkanı isə fərqli şəkildə
tənzimlənir. Buna başqa sözlə
"etiqadın nümayişi" də deyilir - bu azadlıq
mütləq deyil və müəyyən şərtlər
daxilində məhdudlaşdırıla bilər. Son illər Avropanın köhnə
demokratiyalarını bitib-tükənməyən müzakirələrin
ağuşuna atan da elə vicdan azadlığının bu
nüansıdır".
Onun
sözlərinə görə, Avropada əsasən (müstəsna
olaraq deyil, çünki xristian xaçı, hindli
türbanı və ya yəhudi kipi də zaman-zaman müzakirə
olunur) müsəlman qadınların yaylıq, türban,
niqab, çadra geyinmə azadlığının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması
şəklində təzahür edən ictimai və hüquqi
problemin özəyində əslində daha dərin bir məsələ
durur -dövlətlə dinin qarşılıqlı
münasibəti: "Danılmaz faktdır ki, demokratiyalar dinlərdən
uzaqlaşaraq bərqərar olublar. Bu, əlbəttə,
hər hansı dinin antidemokratik olduğu anlamına gəlmir.
Sadəcə demokratiyanın əsas xətti
olan dinin dövlətdən ayrılması, yəni dinin
dövlət işlərinə qarışmaması və ya
dövlətin hər hansı konkret bir dinə
üstünlük verməməsi prinsipidir. Bu, demokratik cəmiyyətdə plüralizmin,
müxtəlifliyə dözümlülüyün bərqərar
olması üçün əsas şərtlərdən
biridir. Bir haşiyə çıxaraq qeyd edim ki,
dünyəvilik prinsipi demokratiyaların böyük əksəriyyətinə
xas olsa da, Avropanın köhnə demokratiyalarından olan
Britaniyada dövlət dini, dövlət kilsəsi var. Bəzi
insan hüquqları mütəxəssisləri bunun nəzəri
olaraq insan haqları konsepsiyasına zidd vəziyyət kimi qiymətləndirsə
də, reallıq göstərir ki, Britaniyada dövlət kilsəsi monarxiya ənənələri kimi
funksionallığını itirmiş və sadəcə
britaniyalıların çox fəxr etdiyi zəngin tarixin
qalığı, simvolu sayılır. Britaniyada
dini müxtəlifliyə elə də böyük problem
yoxdur. Avropanın başqa bir qeyri-dünyəvi ölkəsində,
Yunanıstanda isə vəziyyət daha fərqlidir: burada
zaman-zaman dövlətin rəsmi dinindən fərqli əqidə
daşıyıcılarına qarşı təqiblərin
olması hallarına rast gəlinir.
Xatırladaq ki, dünyanın aparıcı hüquq məktəblərinin
bu məsələyə münasibəti eyni deyil. Əgər ABŞ Ali Məhkəməsi
hər hansı dövlət məktəbində məcburi
xarakter daşımayan duanın oxunmasının dinlə
dövlətin bir-birindən qalın divarla ayrılması
fikrinə zidd, hüquqi dillə desək, qeyri-konstitusion elan
edirsə, İtaliyada dövlətə məxsus məktəb
otaqlarında xaçların asılması italyan məhkəmələri
tərəfindən normal, hüquqa zidd olmayan bir ənənə
kimi qarşılanır, bundan öz əqidələrinə
müdaxilə və dövlətin
neytrallığının pozulması hesab edən italyan ana
Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciət etməli olur. Digər tərəfdən,
Fransada dini təmayüllü özəl məktəblərin
dövlət tərəfindən maliyyələşməsi ənənəvi
xarakter alıbsa və dövlətin dini
neytrallığının pozulması kimi qiymətləndirilmirsə,
ABŞ-da bu məsələyə münasibət birmənalı
deyil. Belə ki, əgər dövlət
dini məktəbə qeyri-dini kitabların alınmasıyla
yardım edirsə, bu addım konstitusion sayıla bilər,
amma Fransadakı kimi müəllimlərin
maaşlarının verilməsində dövlətin
iştirakı neytrallıq cizgisini aşma, yəni
qeyri-konstitusion hesab olunur.
Amma müsəlman baş örtüyü məsələsi
ilə bağlı da dünyada fikir birliyi yoxdur. Fransada və Belçikada məktəblərdə
bütün dini simvolların istifadəsinə qadağa varsa,
Almaniya, Avstriya, İspaniya, Hollandiya, Britaniya, İsveç və
İsveçrədə gənc müsəlman qızların
dini baş örtüklərin istifadəsinə müəyyən
şərtlər daxilində icazə verilir: "Belə ki, bəzi
ölkələrdə cilbab və niqab adlanan, gözlər
istisna olmaqla bütün sifəti, bədənin yuxarı hissəsini
və ya bütünlüklə bədəni örtən
örtüklərin istifadəsinə yol verilmir. Nəhayət, qərarları Azərbaycanda da məcburi
hüquqi qüvvəyə malik olan Avropa İnsan
Hüquqları Məhkəməsi bu suala birmənalı cavab
vermir. Məhkəmənin ümumi təcrübəsinə
əsasən, mütləq olmayan hər hansı hüquqa
müdaxilə hüquqi bazaya (qanunlarda və ya məhkəmə
təcrübəsində ifadə olunmuş və ərizəçiyə
aydın olan) malik olmalı, legitim məqsəd
daşımalı və demokratik cəmiyyətdə zəruri
olmalıdır. Legitim məqsədin nə
olmasından asılı olaraq dövlətlərə müəyyən
qiymətləndirmə səlahiyyəti və hərəkət
manevri tanınır. Yəni dövlətlər
hər hansı ölçü vasitəsi seçməkdə
müəyyən azadlığa sahibdirlər. İctimai
marağın legitim məqsəd kimi göstərildiyi və
xüsusilə də Avropa ölkələrində ümumi
praktikanın olmadığı məsələlərin (məsələn
baş örtüyünün tənzimlənib-tənzimlənməməsi
sualı) həlli ilə əlaqədar Avropa Məhkəməsi
dövlətlərin daha sərbəst hərəkət
qabiliyyətinin vacibliyini elan edir, çünki yerli orqanlar
öz cəmiyyətlərinə daha yaxındırlar, onu daha
yaxşı tanıyırlar və tənzimləmə zərurətini
daha yaxşı hiss edirlər. Dövlətin hərəkət
sərbəstliyinin böyük olduğu hallarda Məhkəmənin
nəzarəti daha yığcam olur.
Məhkəmənin mövqeyinə görə, məktəb
müəlliməsinin sinif otağında müsəlman
baş örtüyündə olmasına qoyulan qadağa
Konvensiyanın yol verdiyi müdaxilə həddini aşmır. Məhkəmənin
uşaqların mənəvi bütövlüyünün
qorunması xəttinə sadiq qaldığı bu qərarla
tamamilə razı olduğumu bildirməyi isə özümə
borc bilirəm.
Avropanın akademik, ictimai və siyasi dairələrində
daha qızğın müzakirələrə səbəb
olan məşhur Leyla Şahin işində Məhkəmə
Türkiyədə universitet tələbəsi olan ərizəçinin
öz dini etiqadını nümayiş etdirmə
azadlığına müdaxiləsinin Konvensiyaya uyğun
olub-olmamasını müəyyən etməli idi. Məhkəmə
baş örtüyünə münasibətdə Türkiyə
dövlətinin manevr azadlığının olduğunu və
müdaxilənin Konstitusiya Məhkəməsinin təcrübəsindən
aydın surətdə ərizəçiyə bəlli
olduğunu müəyyənləşdirir. Bundan sonra məhkəmə sonuncu,
üçüncü şərtin, yəni Türkiyə
dövlətinin bu müdaxiləsinin türk cəmiyyətində
zəruri olub-olmamasının yoxlanılmasına keçir.
Məhkəmə Türkiyə Konstitusiya Məhkəməsinin
təcrübəsinə əsaslanaraq, Türkiyənin tarixi
inkişaf yolunu və cəmiyyətdə dünyəvilik
prinsipinə verilən əhəmiyyəti, plüralizm,
başqalarının hüquqlarına hörmət,
xüsusilə də kişi və qadınların qanun
qarşısında bərabərliyi kimi dəyərlərin
geniş tədris olunduğu və tətbiq edildiyini nəzərə
alaraq, universitetin geyim normalarının tətbiq edilməsini
qəbul olunan elan edir (16 səs lehinə, 1 səs əleyhinə).
Başqa sözlə, bu qərara əsasən, hətta
universitetdə belə baş örtüyünə
qadağanın qoyulması Konvensiyaya uyğun ola
bilər".
Almaniya
Konstitusiya Məhkəməsinin 24 sentyabr 2003-cü il tarixli qərarına
əsasən federal torpaqların səlahiyyət dairəsinə
aid olan bu məsələdə hər hansı
qadağanın tətbiq olunması üçün
maraqlı federal torpaq xüsusi qanun qəbul etməlidir, belə
bir qanunun qəbul olunmadığı halda dini simvolun istifadəsinə
hər hansı müdaxilə qeyri-konstitusiondur: "Qeyd edim
ki, hələlik, dövlətlər Məhkəmə qərarlarının
erga omnes qüvvəsini təntənəli olaraq elan etməkdən
çəkinirlər və söhbət ancaq qərarların
inter partes qüvvəsindən gedir, yəni qərar hansı
dövlətə qarşı çıxarılıbsa, o
dövlət üçün məcburidir. Bununla
belə, bir qayda olaraq, Məhkəmənin
yurisdiksiyasını tanıyan bütün dövlətlərdə
Məhkəmənin başqa dövlətlərə
qarşı olan qərarları də izlənməli və
yerli məhkəmələr tərəfindən tətbiq
olunmalıdır. Belçikadan olan hakim
xanım Fransuaz Tülkenz fikirlərini xüsusi rəyində
ifadə edib. Onun fikrincə, tələbə
və şagirdlərin baş örtüyü məsələsinə
Məhkəmə eyni cür yanaşmamalı idi, müsəlman
qadının universitetə baş örtüyündə gəlməsi
nə başqalarının hüquqlarını pozur, nə də
ictimai qaydaya təhlükə yaradır və baş
örtüyünün qadın-kişi bərabərliyi
ideyasına zidd olması fikri mübahisəlidir.
Əli
Xalq Cəbhəsi.-
2014.- 5 mart.- S.13.