Tarixin “Füyuzat” həqiqəti
Füyuzatçılar Azərbaycan xalqını ədəbi
dil cəhətdən
bütün türk dünyası ilə eyni vəziyyətə salmaq istəyirdilər
1937-1938-ci
illərdə yazdığı
"Böyük demokrat"
əsərində Mirzə
İbrahimov "Molla Nəsrəddin"lə digər
mətbu orqanların qarşılıqlı əlaqələrini
"iki üslubun mübarizəsi" kimi səciyyələndirirdi: "Molla
Nəsrəddin"in ictimai
görüşləri, ideal və meyilləri tezliklə hamıya bəlli oldu. Çox tezliklə dostlar öz məhəbbətlərini, düşmənlər
öz nifrətlərini
bildirməyə başladılar.
Cəbhələr ayrıldı:
Mürtəce fikirlərin
mərkəzi olan
"Həyat", "Füyuzat",
"Şəlalə" və
sair burjua-mülkədar
orqanları "Molla Nəsrəddin"in sağlam,
tənqidi realizm üslubuna qarşı mistik mürtəce romantizmi irəli sürdülər. ..."Molla
Nəsrəddin"lə "Füyuzat" - "Şəlalə"
qədər bir-birinə
zidd olan iki qütb təsəvvür
etmək çətindir".
Eyni fikirlərin "Molla Nəsrəddin" və mollanəsrəddinçilər"də
də yer tutduğunu görürük:
"İyirminci əsrin
əvvəllərində mürəkkəb,
ziddiyyətli şəraitdən
doğan inqilabi-demokratik
mətbuatla burjua məfkurə orqanları arasında barışmaz ideya döyüşü gedirdi. "Molla Nəsrəddin" cəbhəsi
ilə "Həyat"
və "Füyuzat"ın
bir-birinə zidd ideya-ədəbi xətti bu qələm çarpışmasının mərkəzində dururdu.
Bunlardan birincisi əsil xalq mətbuatı orqanı idi, zəhmətkeş təbəqələrin arzularına,
istəklərinə, mənafeyinə
xidmət edirdi. İkincilər isə əsasən hakim sinfin, milli burjuaziyanın mənafeyini təmsil və müdafiə edirdi". (F.Hüseynov
"Molla Nəsrəddin"
və mollanəsrəddinçilər")
Eyni ildə işıq üzü görən və XX əsrin əvvəllərində
milli mətbuatın formalaşmasında özünəməxsus
əhəmiyyəti olan
"Molla Nəsrəddin"
və "Füyuzat"
jurnallarını sovet
dönəmində bir-birinə
qarşı qoyaraq rənglərə boyadılar.
"Füyuzat" və
füyuzatçılar barəsində
o dövrün araşdırmalarında,
tədqiqatlarında, dərsliklərində
yanlış mülahizələr
və fikirlər öz əksini tapdı. "Füyuzat"
jurnalının Azərbaycan
mətbuatındakı yeri
və ondan sonra yaranan ədəbi
məktəblərin fəaliyyətlərinin
üzərindən ya
sükutla keçildi,
ya da yalan
yazıldı. Arxiv sənədləri, mətbuat
materialları və o
dövrün çoxsaylı
bədii ədəbiyyat
və publisistika nümunələri təsdiqləyir
ki, milli istiqlal məfkurəsinin yaradılmasında, demokratik
dövlət qurmaq uğrunda mübarizədə
"Füyuzat"ın misilsiz
xidməti olub. Doğrudur, bir qisim tədqiqatçılar
ötən əsrin əvvəllərində ədəbiyyatda
pərvəriş tapan
milli romantikadan danışanda ya üstüörtülü şəkildə,
ya da bir-iki
cümlə ilə
"Füyuzat"ın adını
çəkirdilər. Əgər
"Molla Nəsrəddin"
satirik üslubda çıxırdısa,"Füyuzat" da romantik ədəbi
məktəbinin banisi
idi. "Molla Nəsrəddin" Azərbaycan
mətbuatında felyetonun,
"Füyuzat" isə
bədii publisistikanın
əsasını qoyub.
Buna baxmayaraq, uzun illər hər iki jurnalın yaratdığı ədəbi
məktəblər və
onun üzvləri bir-birinə düşmən
qüvvələr kimi
üz-üzə gətirilsə
də, əsl həqiqətdə hər
iki jurnal milli düşüncənin
inkişafında eyni amalla mübarizəyə qoşulmuşdu. "Füyuzat"
jurnalının birinci
nömrəsi 1906-cı ilin
noyabr ayında Bakıda məşhur maarifçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi
ilə "Kaspi" mətbəəsində çap
edilib. Yeni dərgi Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunurdu.
1906-1907-ci illər ərzində
32 nömrəsi çıxır.
Jurnalın səhifələrində
mövzu müxtəlifliyi
diqqət çəkirdi.
Eyni ildə ilk nömrəsi çıxan
hər iki jurnalın ətrafında
birləşən qələm
sahibləri müxtəlif
sənətkarlıq qütblərində
dayansalar da, milli intibah ideyasına
xidmət edirdilər.
"Molla Nəsrəddin"in
fəaliyyətinə ilk və
düzgün elmiqiyməti
məhz Əli bəy Hüseynzadə verib. O yazırdı:
"Molla Nəsrəddin"
mətbuat dünyasında
az-az müşahidə
edilən nadir bir keyfiyyət, qüdrətli
satirik jurnaldır".
Eyni şəkildə
də "Molla Nəsrəddin" jurnalının
baş redaktoru Cəlil Məmmədquluzadə
"Füyuzat"ın fəaliyyətini
yüksək qiymətləndirərək
onu Şərq mətbuatı tarixində
tutduğu mövqeyə,
milli ictimai-siyasi və ədəbi-bədii
fikrin təkamülündə
oynadığı müstəsna
rola görə həmişə müdafiə
edirdi. Hətta "Molla Nəsrəddin" jurnalının 1907-ci ildə
çıxmış 42-ci sayında bu dərginin bağlanmasına
münasibət də
bildirilir. Yazıda
"şəhidi-mərhum "Füyuzat" ifadəsi işlədilir. Sonrakı
saylarda da müxtəlif müəlliflər
tez-tez"Füyuzat"a müsbət
münasibət bildirərək
onun bağlanmasını
pislənir. "Füyuzat"
da sinfi mübarizədə barışdırıcı,
milli məsələdə
pantürkist, mədəniyyət
sahəsində kosmopolit,
dinə münasibətdə
optodoks islampərəst
idi. Tərəqqipərvər
yazıçıların əsərlərinə
xüsusi diqqətlə
yer ayıran "Füyuzat" əsas etibarilə türkçü
müəlliflərin gücü
ilə çıxırdı.
Ən fəal füyuzatçılar Ə.Hüseynzadə,
Əhməd Kamal və H.S.Ayvazov idi. Ə.Hüseynzadə
"Ə.H.", "Turani", "Salyani" imzası ilə həm ədəbi-tənqidi, həm
də fəlsəfi mövzularda məqalələr
çap etdirirdi.
"Füyuzat" redaksiyası
istedadlı şair-mütəfəkkir
Məhəmməd Hadi
ilə də bir müddət əməkdaşlıq edib
onun yaradıcılığına
xeyli təsir göstərib. M.Ə.Sabir,
A.Səhhət və A.Şaiq kimi yazıçıların imzasını
da "Füyuzat"da
görmək mümkündür.
Düzdür, "Füyuzat"
səhifələrində çarizmin
zülmünü, İran
və Türkiyə mütləqiyyət üsulunu,
Azərbaycandakı feodal
münasibətlərini, Şərq
ətalətini tənqid
edən yazılar da çap olunurdu.
Lakin bu tənqid Azərbaycan millətçi
sahibkarlarının mənafeyinə uyğun idi. Ümumiyyətlə,
XX əsrin inqilab alovlarını "qırmızı"
qaranlıqlar adlandıran Ə.Hüseynzadə bolşevik hərəkatına,
sosializm ideyalarına düşmən olduğunu hər əsərində
büruzə verirdi. O, Türkiyə "İttihad və tərəqqi"
firqəsinin Parisdəki başçıları ilə məktublaşır,
türklük və islamçılıq ideyalarını
yaymaq istiqamətində iş aparırdı. Bolşeviklər
partiyasının çar mütləqiyyətinə
qarşı mübarizə üçün kütlələri
silahlı qırğına çağırdığı
bir zamanda "Füyuzat" səhifələrində sinfi
sülh ideyası təbliğ olunur, "Nicat məhəbbətdədir!"
şüarı irəli sürülürdü.
"Füyuzat"ın bütün başqa ictimai-siyasi və
mədəni hadisələrə münasibətini onun millətçi
ideya istiqaməti təyin edirdi. Çar hökuməti fəhlə
hərəkatının qarşısını almaq,
inqilabçıları arxayınlaşdırmaq niyyəti ilə
bir-birinin ardınca dumalar çağırdığı
zaman, "Füyuzat" müəllifləri milli tərəqqi
naminə iş aparırdılar. Bolşeviklər müxtəlif
milliyyətdən olan zəhmətkeşləri
yalançı proletar beynəlmiləlçiliyi
bayrağı altında topladıqları zaman,
"Füyuzat"ın millətçi müəllifləri
islamçılıq və türkçülük
şüarları ilə nəinki təkcə azərbaycanlıları,
habelə Rusiya imperiyasına daxil olan başqa müsəlmanları
da "milli-mədəni muxtariyyat" şüarı ilə
birləşdirməyə cəhd edirdilər.
Füyuzatçılar öz ideyalarını yaymaq
üçün fədakarlıq edən, lakin hər
addımda müvəffəqiyyətsizliyə uğrayan məqsədlərini
siyasət planında bir o qədər açıq verə
bilməsələr də, ədəbiyyat və dil məsələlərinə
gəldikdə əsl niyyətlərini bütünlüklə
açıb meydana qoyurdular. "Füyuzat" səhifələrində
Azərbaycan ədəbi dilinin və klassik ədəbi irsinin
müstəqilliyini, özünəməxsus orijinal, tarixi
inkişaf yolu keçdiyini təsdiqləyən yazılar
çap olunurdu. Nizami və Füzuli, Vaqif və Axundov kimi
böyük klassiklərin ədəbi ənənələrindən
bəhrələnən füyuzatçılar eyni zamanda
"İstanbul ədəbiyyatını təqlid" etməyə
çağırırdılar. "Füyuzat" və onun
müəllifləri bəzən romantizmcəsinə
"Hüdudi-Çindən Ab dənizə qədər
bütün türklərin şükufeyi-ruhu olacaq bir ədəbiyyati-qərra
vücuda gətirilməsi" haqqında xəyallar bəsləyirdilər.
Jurnalın dil siyasəti də eyni dərəcədə
maraqlı idi. Füyuzatçılar Azərbaycan
xalqını ədəbi dil cəhətdən bütün
türk dünyası ilə eyni vəziyyətə salmaq istəyirdilər.
Bu cəhdin mənası bundan ibarət idi ki,
turançılığın təbliğatçıları
"Çindən Ağ dənizə qədər"
uzanmış torpaqlarda yaşayan müsəlmanları təkcə
ədəbiyyat və dil cəhətindən deyil, türk
dövlət cəhətindən də Türkiyənin
hökmranlığına tabe etmək fikrində idilər.
Onlar kəskin tənqid etdikləri sultan Əbdülhəmidin
yıxılması və türk burjuaziyasının
başçılığı ilə bir imperiya yaradılması
planını hazırlamış Türkiyə millətçiləri
ilə əlbir idilər. Təsadüfi deyil ki, bəzi məxəzlərdə
Ə.Hüseynzadə açıq-aşkar pantürkizm cərəyanının
başçılarından biri adlandırılır.
"Füyuzat" redaktorunun dərin bilik, geniş mütaliə
sahibi olması jurnalın mündəricəsinə də
müəyyən dərəcədə müsbət təsir
edib. Qeyd edək ki, Nizami və Sədi, Şekspir və Bayron,
Höte və Tolstoy kimi klassiklərdən tərcümələrin
verilməsi, Füzuli, Şiller, Tolstoy, Mendeleyev kimi tarixi
simalar haqqında məqalələrin çap edilməsi nə
qədər yaxşı təşəbbüs olsa da,
"Füyuzat" bu işi elita dilində aparır, burada da
yalnız bir təbəqənin insanları nəzərə
alınırdı. Bunu göstərmək kifayətdir ki,
klassiklərin əsərləri varvarizmlərlə dolu olan
ağır, ibarəli bir dillə tərcümə edilirdi.
Ə.Hüseynzadə Hötenin "Faust" əsərini
belə bir dillə tərcümə etmişdi:
"Ənzari-şəbabımda pədidar olan, ey zill, Ey
zilli-tüluat, oluyorsan, yenə peyda!"
"Füyuzat"dakı xətt-hərəkəti, çox
təbii olaraq, bolşevizm ideyalarının
daşıyıcılarında ona qarşı kəskin bir
etiraz hissi oyatdı. Bolşevik qəzeti "Təkamül"
bu jurnalın sosializm ideyalarını təhrif etməsinə
qarşı çıxdı, ədəbi ictimaiyyət
içərisində füyuzatçılar əleyhinə
etirazlar getdikcə çoxaldı. Cəmi 32 nömrəsi
çıxandan sonra 1907-ci il noyabrın 1-də jurnal
bağlandı. Satirik əsərlərindəki eyham, kinayə
və gülüşlə cəmiyyətin düçar
olduğu bədbəxtliklərə əlac tapmağa
çalışan Mirzə Cəlil yaratdığı nəşrin
səbəbini belə səciyyələndirir: "Molla Nəsrəddin"i
həyat özü yaratdı, zəmanə özü
yaratdı". Jurnalın ilk sayında Mirzə Cəlil
"Sizi deyib gəlmişəm" məqaləsi ilə məsləyini,
amalını və proqramını bəyan edir. Xalqı,
milləti gözüaçıqlığa, oyanışa,
mübarizəyə və həyatın zülmətindən
qurtulmağa çağırır. Deyək ki, ana dilinin
saflığı və təmizliyi uğrunda jurnalın
apardığı mübarizə indi də öz əhəmiyyətini
saxlayır. Milli dirçəliş ideyalarından, müstəqillik
uğrunda mübarizənin ruhundan yoğrulmuş bir nəşr
kimi "Molla Nəsrəddin" jurnalı tək Azərbaycanın
deyil, Yaxın Şərqin ictimai fikir tarixində əhəmiyyətli
yer tutur. Bəs "Molla Nəsrəddin"lə
"Füyuzat"ı üz-üzə qoymağa əsas səbəb
nə idi? Ən əvvəl məslək və əxlaq
kamilliyinin vəhdətini pozmaq üçün türkdilli
xalqlar arasındakı müştərək birliyin
üstündən qara xətt çəkmək niyyəti.
Əgər "Füyuzat" turançılıq
ideyası ilə fəlsəfi düşüncədə yer
alaraq türklərin mədəni, mənəvi birliyini
böyük bir ərazidən - Adriatik dənizindən
Çin səddinə qədər çəkərək
ortaq dəyərlərimizin yenidən təhlilinə, tədqiqinə,
şərhinə, təbliğinə önəm verirdisə,
bu, böyük türk dünyasını parçalamaq istəyənlərə
sərf etmirdi. Əli bəy Hüseynzadənin "Türklər
kimdir və kimlərdən ibarətdir" sualına cavab
axtarması, irs və varislik əlaqələrinin bərpasına,
möhkəmləndirilməsinə xidmət göstərməsi
inqilabçıların xoşuna gələ bilməzdi. Bu o
dövr idi ki, imperiya tərəfindən xalqlar arasında dini
ayrı-seçkiliklə bərabər, təriqət
ayrılığı, sünni-şiə
parçalanmaları şiddətlə həyata
keçirilirdi. "Füyuzat"çılar isə əksinə.
Turan mədəni-mənəvi birliyinin əsası kimi ortaq
dil, mədəniyyət və tarixin öyrənilməsini təxirəsalınmaz
vəzifə kimi qaldırırdılar. Bütün bunlar isə
mədəni-mənəvi birliyə, vəhdətə xidmət
edirdi. Əxlaqi dəyərlərin qorunması milli
düşmənlərimizə sərf etmirdi. Onlar "Molla Nəsrəddin"
jurnalını, əlbəttə, olduğu kimi yox, özlərinə
sərf edilən tərzdə bayraq edərək
"Füyuzat"a qarşı haqsızlıq etdilər. Heç
bir həqiqətə, tarixi fakta məhəl qoymadan
füyuzatçılar "mücərrəd mövqeli
idealistlər" adlandırıldı. Halbuki
füyuzatçılar məslək dürüstlüyü,
ideya dəqiqliyi və konkret əməlləri ilə
seçilirdilər. Parçalanmış və
talanmış Azərbaycanı fəlakətə
düçar etmək üçün
füyuzatçıları birdəfəlik olaraq hətta
"burjua tör-töküntüsü"
adlandırıldı. Çünki "vilayətin ayinəsi"
olmaq qüdrətinə malik bu cür demokratik bir jurnal ölkəni
öz əsarəti altında saxlamaq istəyən hiyləgər
tədbirli imperiyaya qətiyyən gərək deyildi.
Ülviyyə Tahirqızı
Xalq
Cəbhəsi.- 2014.- 5 mart.- S.11.