Erkən nikahlar problemi dərinləşir
Əgər qızlar 18
yaşına çatmamış nikaha məcbur edilirlərsə,
valideyn məsuliyyətə cəlb olunmalıdır
Azərbaycanda nikah yaşı 18 olsa da, erkən yaşda
ərə verilən qızların sayı ilə
bağlı ciddi rəqəmlər var və bu, son illər
artmaqda davam edir. Ölkənin bəzi bölgələrində
qız uşaqlarını çox erkən yaşlarında -
15-16-17 yaşlarında ərə verməyə adət ediblər.
Belədə yeniyetmə qızlar təbii ki, həm
də erkən yaşda ana olurlar. Rəsmi statistikadan belə
məlum olur ki, erkən yaşda ana olan azərbaycanlı
qızların sayı hər il bir
neçə yüz nəfər artır.
Məsələn,
Dövlət Statistika Komitəsinin məlumatına görə,
2009-cu ildə 3538 nəfər yeniyetmə (15-17 yaşlı)
qız dünyaya uşaq gətirib. Bir il
sonra bu rəqəm xeyli artıb. Belə ki,
2010-cu ildə 15-17 yaşlı 4103 nəfər yeniyetmə
qız ana olub. 2011-ci ildə erkən
yaşda ana olan yeniyetmə qızların sayı bir qədər
də artaraq 4500-dək yüksəlib.
Qeyd edək ki, nikah yaşı çatmayan qızlarla
bağlı digər utancverici faktlar aşkarlanıb. Məlum olub
ki, erkən yaşda aborta məruz qalma halları da ildən-ilə
artır. Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2008-ci ildə 15-17 yaşı
olan 131 qız aborta məruz qalıb. Sonrakı illərdə
bu rəqəm bir qədər də artıb: 2009-cu ildə
15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda
158 qız abort etdirib. "Uşaq-ana",
"Uşaq nikahları" - son vaxtlar sosial problem kimi
dünya ölkələrini narahat etməkdədir.
Azyaşlı qızların oğlanlarla seksual
münasibətinin yaşı get-gedə aşağı
düşür. Hər il dünyada 15 yaşına qədər 7,3 milyon yeniyetmə qız ana olur. Onlardan 2 milyonu 14 yaşına qədər erkən
dünyaya uşaq gətirir. Rusiyalı
ekspertlər narahatlıqla hətta ölkədə 9
yaşında hamiləlik və doğuş hallarına rast gəlindiyini
bildirirlər. Ölkənin 60 regionunda
aparılan tədqiqatlar qeyri-adi faktları ortaya
çıxarıb. Bununla belə, ruslar
erkən hamiləliklə bağlı planetdə birincilik
qazanmadıqlarına görə sevinirlər. Çünki dünya ölkələri arasında
"Uşaq hamiləliyi"nə görə ən yüksək
göstərici ABŞ-ın payına düşür. Rusiyada da bu göstərici kifayət qədər
yüksək olsa da, Şimali və Qərbi Avropa ölkələrindən
aşağıdır.
Ekspertlər narahatlıqla "Uşağın
fiziologiyası bu çətin, ekstremal sınağa
hazırdırmı?", "Cinsi tərbiyəni uşaqlar
hansı yaşdan öyrənməyə
başlamalıdırlar?" suallarına cavab axtarırlar. Sorğuların
göstərdiyi kimi, 85 faiz respondentlər bu cür suallara məktəblərdə
cavab axtarılmasını dəstəkləyir.
Müzakirələri əhatə edən suallar isə kifayət
qədər çoxdur: hamiləliyin başlanması,
kontroseptik metodlar, xəstəliklər, cinsi yolla keçən
xəstəliklər. Sorğuda iştirak edənlərin
əksəriyyəti hesab edir ki, xüsusilə 15
yaşına qədər yeniyetmələrə bu sualların
cavabını əhatə edən dərslər keçirilməlidir.
Dünya praktikasında isə əsas informasiya
mənbəyi səhiyyə sistemi, hər şeydən əvvəl
ixtisaslı xidmət, ailə planlanması barədə
proqramlar, vətəndaş cəmiyyəti, səhiyyə
sistemi ilə əməkdaşlıq edən aparıcı
şəxslər və cinsi tərbiyə ilə bağlı
məktəb proqramlarıdır. Rusiyada isə
bu elementlərlə bağlı informasiya sistemi kifayət qədər
inkişaf etməyib.
Rusiyada aparılan tədqiqatlar göstərir ki, meqapolis
şəhərlərdən daha çox kənd yerlərində
qızlar cinsi əlaqədə olurlar. Onlar daha erkən
ərə gedir və erkən də ayrılırlar. Qızların təhsilsizliyi, ailələrinin sosial
vəziyyəti bəzən problemin yaranmasında rol
oynayır. Özlərini təhsilli və
maliyyə cəhətdən təmin olunmuş müasirləri
ilə müqayisədə erkən doğuşlar və
nikahlar onların həyatında daha çox baş verir.
Proqnozlar da xoş deyil. Belə
ki, statistikaya görə, təkcə Rusiyada 2030-cu ilə qədər
15-19 yaşlı qızlar arasında bu istiqamətdə problem
25 faiz artacaq.
Qonşu Türkiyədə də erkən nikahlar
sarıdan həyəcanlı xəbərlər eşidilir. Yaxın
günlərdə mətbuatda yayımlanan "11
yaşında ərə verildi, 12 yaşında ana oldu, 13
yaşında 2-ci uşağa hamilə ikən ərinin
zorakılığı ilə öldürüldü" xəbəri
erkən nikahın növbəti faciəsini
çatdırdı. Statistikaya görə, Türkiyədə
hər il 5 minə qədər 15
yaşına çatmayan qız uşağı ərə
verilir.
Ekspertlər bildirir ki, "Yeniyetmə hamiləliyi"nə
BMT-nin diqqət ayırması çox vacibdir. Ona görə
yox ki, dünyanın bir sıra regionlarında, xüsusilə
inkişaf etmiş ölkələrdə 15-19 yaş qruplar
arasında doğuşlar çox yüksəkdir. Ona görə də yox ki, bir sıra inkişaf
etmiş ölkələrdə həmin yaş dövründə
doğuşların çoxu süni abortla başa
çatır. Ona görə ki, nə qədər
bayağı və pafoslu səslənsə də, 15-19
yaş bizim gələcəyimizdir. Yeniyetmələrin
uzun reproduktiv həyatı var. Bu, hansı sonluqla bitir? Bu sualın cavabı onların həyatının
necə başlamasından asılıdır. Əgər qızlar yetkinlik dövrü haqqında
nəzəri biliklərlə silahlansalar, sonra stabil
cütlüyə çevrilsələr, həmin
cütlük gələcəkdə dünyaya normal uşaq da
gətirər. Yox, əgər yeniyetmə
qızların həyatı təsadüfi insanlarla cinsi əlaqədən
başlayırsa təbii ki, bu, arzuolunmayan hamiləlik xəstəliklərlə,
bəzən də faciələrlə sonuclanır.
Ölkə
ərazisində erkən hamiləliklə bağlı faktlar az deyil. Həm də bu faktlar təkcə
erkən nikahlarla yox, qeyri-rəsmi münasibətlərlə
də bağlıdır. Bu istiqamətdə
statistika açıqlanmasa da, vəziyyət o qədər də
ürəkaçan deyil. Ümidli Gələcək Gənclər
Təşkilatının rəhbəri Kəmalə Aşumova
da ölkəmizdə bu cür faktlara rast gəlindiyini istisna
etməyib: "Qızların erkən nikaha cəlb
olunması, qeyri-rəsmi əlaqələr qurmaları ilə
bağlı faktlar hazırda bizdə də çoxdur.
Reabilitasiya mərkəzi olaraq bizdə 13-14 yaşlı
qızların abort etməsi ilə bağlı qeydiyyatlar
olub. Sonradan hüquq-mühafizə orqanları tərəfindən
araşdırılaraq bu cür halların harada və
hansı şəraitdə baş verməsi üzə
çıxıb". Ekspert hesab edir ki, bu faktlar əksər
hallarda ailədə valideynlərin davranışı,
uşağın tərbiyəsinin düzgün qurulmaması,
ailənin sosial vəziyyətinin ağırlığı və
s. amillərdən irəli gəlir. Həmçinin
onların ünsiyyət etdiyi qruplaşmalar, dostları da rol
oynayır: "Amma bütün hallarda məsuliyyət
valideynin üzərinə düşür. Bəzən
valideyn uşağını təklikdə böyüdür.
Çörəkpulu dalınca gedir. Uşaq nəzarətsiz qalır. Bu, həm də uşağın
dünyagörüşünün düzgün olmayan formada
inkişafına səbəb olur. Həmçinin
uşaqların internetə, evdən bayıra və digər
riskli qruplara aludəçiliyi də rol oynayır. Nəticədə isə yetkinlik yaşına
çatmayanlar belə bir problemlə üzləşir. Sosiallaşma dövründə uşaq həm ailəsinə
bağlılığı dərk etməli, həm də pis
davranışlara meyilli olmamağı anlamalıdır".
Ekspertin sözlərinə görə,
azyaşlının cinsi əlaqədə olduğu şəxs,
abortu edən həkim və ya dərmanı əldə etdiyi
aptek işçiləri məsuliyyətə cəlb
olunmalıdırlar. Belə ki, erkən hamiləlik həm
qanuna, həm də azyaşlının bioloji durumuna görə
riskdir. Belə ki, onun az
yaşında ana olması, dünyaya uşaq gətirməsi,
bədəninə zərbə vurur. Kəmalə
Aşumovanın fikrincə, qızlar yalnız yetkin yaşa
çatan dövrdə ailə qura bilərlər. Bəzən ailələr sosial vəziyyətləri
ağır olduğu üçün, yəni ailədə
uşaqlardan birinin sayı azalsın deyə,
övladlarını "satırlar". "Təəssüf
ki, bununla ailənin rifahı düzəlmir. Valideyn öz uşağına travma vurmuş olur.
Çox vaxt bu erkən nikahlarla ailə quran
qızlar getdiyi ailələrdə ya ünsiyyət qura bilmir,
ya da uşağa baxmağı bacarmırlar. Bu üzdən yenidən öz valideynlərinin
üstünə qayıdaraq, ailəsinə əlavə bir
problem də gətirirlər". Ekspert
hesab edir ki, bu sahədə ailənin maariflənməsi,
insanların övladına normal qayğını göstərməməsi,
valideyn məsuliyyətinin düzgün dərk edilməməsi
nəticəsində qızlar erkən nikaha məcbur edilir.
Əgər qızlar 18 yaşına
çatmamış nikaha məcbur edilirlərsə bu,
valideynin məsuliyyətə cəlb olunması ilə nəticələnməlidir.
Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban
Zeynalova qeyd edib ki, yetkinlik yaşına çatmayanların
erkən nikahı və hamiləliyi istiqamətində ölkədə
mühüm tədbirlər həyata keçirilir. Bununla belə, problem
qalmaqdadır: "Müəyyən dövr vardı ki, məişət
zorakılığı, insan alveri qurbanları, çətin
vəziyyətdə yaşayanlar 13-15 yaşlarında ailə
qurur və dünyaya uşaq gətirirdilər. Hazırda
bununla bağlı vəziyyət o qədər də gərgin
deyil. Amma cəza tədbirlərinin nəzərdə
tutulmasına baxmayaraq, yenə də faktlar kifayət qədərdir".
Mehriban
Zeynalova faktla bağlı lazımı orqanlardan statistik rəqəm
ala bilmədiyini də bildirir: "Məlumat ala bilmirik ki, erkən
nikahlarla bağlı nə qədər fakt var və ya bununla
bağlı kimsə cəzalanıb, ya yox". M. Zeynalova
qeyri-rəsmi münasibətdə olan yetkinlik yaşına
çatmayanların hamiləliyini onların
savadsızlığı ilə əlaqələndirib:
"Bizdə elə faktlar olub ki, hətta, qızlar ailə
qurduğu adamın adını və soyadını bilməyib.
Ancaq ondan dünyaya uşaq gətirib. Onların təhsilsizliyi, həyata hazır
olmamaları bu cür addım atmalarında rol oynayıb".
Mehriban xanım erkən hamiləlik hallarının həm
Bakıda, həm də regionlarda baş verdiyini qeyd edir:
"Demək olmaz ki, Bakı bu baxımdan ideal şəhərdir.
Ancaq bu cür münasibətlər rayonlarda
baş verəndə daha qabarıq görünür".
Qeyd edək ki, bir çoxu uşaq və yeniyetmə
nikahlarını İslam dini ilə pərdələyir. İlahiyyatçı
Elşad Miri birmənalı olaraq bildirir ki, İslam dinində
erkən nikahlara icazə verilmir: "Nə qədər iddia
edilsə ki, Məhəmməd peyğəmbər
özündən çox kiçik - 9 yaşlı Aişə
ilə evlənib, bu, İslam dininə vurulan zərər və
ləkələrdən biridir. İslamda belə
bir hadisə olmayıb. Həmin
xanımın da 18 yaşı olub. Peyğəmbərimiz
isə öz qızlarını nə 9, nə də 13
yaşında ərə verib. Bunun Həzrəti Fatimə
nümunəsində də şahidi ola bilərik".
Elşad Mirinin fikrincə, qızların erkən
yaşında hamilə qalması İslam dinində zina hesab
edilir. Belə ki, zina islam dinində ən
böyük günahlardan sayılır: "Yeniyetmə
oğlanla yeniyetmə bir qızın təklikdə bir otaqda
qalması barıtla atəşin bir yerdə olması kimidir. Ona görə İslam dini bir oğlanla bir
qızın təklikdə qalmasını qadağan edir.
Əgər evlənəcəklərsə, bunun
ən gözəl yolu Allahın bildirdiyi şəkildə,
şahidlərin hüzurunda ailə həyatı
qurmalarıdır".
İlahiyyatçı hesab edir ki, müvəqqəti nikah anlayışının İslamla əlaqələndirilməsi, vətəndaş nikahı adı altında insanların əxlaqsızlığa sürükləndirilməsi gələcək nəslin korlanmasına, ailə məfhumunun aradan qalxmasına gətirib çıxaran səbəblərdir. Belə ki, müəyyən boşanmalar, övlad dünyaya gətirmələrin sayının azalması bir çox gələcək təhlükələrin əsasını qoyur: "Erkən yaşda ailə qurmağa məcbur edilmə həmin övladın sabah əxlaqdan kənar yaşamasına səbəb olur. Çünki o özünün istədiyi həyatda deyil, valideynlərinin məcbur etdiyi həyatda yaşayır. Buna görə də valideynlər günah qazanmış olurlar".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 6 mart.- S.13.