İnformasiyanın açıqlanması
üsulları
Azərbaycan
Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan
informasiyalar açıq informasiyalar sayılır
"İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının qanununda informasiyanın açıqlanması
üsulları haqqında ayrıca danışılır. Maddə 31-də
vurğulanır ki, informasiya sahibi ictimai informasiyanı elə
üsulla açıqlamalıdır ki, bu informasiya
ehtiyacı olan hər kəsə mümkün qədər tez
çatsın.
İctimai informasiyanın açıqlanması üsulu
xüsusi qanunla və ya beynəlxalq müqavilələrlə
nəzərdə tutulubsa, onda ictimai informasiya
açıqlanarkən həmin qanunla və ya beynəlxalq
müqavilə ilə nəzərdə tutulan üsul tətbiq
olunur. Əgər həmin vəzifə, həmçinin bu
qanunun 29.1-ci maddəsinin tələblərindən irəli gəlirsə,
ictimai informasiya internet informasiya ehtiyatlarına da daxil edilir.
İnformasiya sahibi insanların həyatı,
sağlamlığı və əmlakı, yaxud ətraf
mühit üçün yaranan təhlükə, ictimaiyyət
üçün mühüm əhəmiyyət kəsb edən
digər hadisələr və faktlar barədə informasiyanı
həmin təhlükənin qarşısını almaq və
onun mümkün olan nəticələrini azaltmaq məqsədi
ilə dövri mətbuatda, teleradio verilişlərində və
internet informasiya ehtiyatlarında təcili surətdə
açıqlamalıdır.
Qanunda
internet informasiya ehtiyatlarına verilən tələblər
haqqında danışılarkən vurğulanır ki,
informasiya sahibləri internet informasiya ehtiyatları ilə
tanış olmaq imkanları barədə məlumatı əks
etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri
kütləvi informasiya vasitələrində
açıqlamaq yolu ilə ictimaiyyətə
çatdırırlar; internet informasiya ehtiyatlarında ən
yeni və aktual informasiyaları yerləşdirirlər;
köhnəlmiş, natamam, qeyri-dəqiq və ya
çaşqınlıq yaradan informasiyaları internet
informasiya ehtiyatlarında yerləşdirməkdən imtina
edirlər; internet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini
təmin edirlər. İnformasiya sahibi internet
informasiya ehtiyatlarında sənədin yerləşdirildiyi
vaxtı və digər üsullarla açıqlanması
tarixini göstərməlidir.
İnformasiyanın təsnifatına gəlicə,
"İnformasiya əldə etmək haqqında" qanunda
qeyd olunur ki, əldə olunma növünə görə
informasiya ümumi istifadə üçün açıq və
alınması məhdudlaşdırılan informasiyalara
bölünür.
Bəs hansı informasiyalar "açıq"
sayılır?
Qanunda göstərilir ki, qanunla əldə
olunması məhdudlaşdırılmayan informasiyalar
açıq informasiyalar sayılır. Əldə
edilməsi qanunla məhdudlaşdırılan informasiyalar
hüquqi rejiminə görə məxfi və gizli
(konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların,
mülkiyyət növündən asılı olmayaraq
yaradılmış idarə, müəssisə və təşkilatların,
digər hüquqi şəxslərin qanuni maraqlarının
qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət
qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq
və məhkəmə sirləri, habelə fərdi məlumatlar
konfidensial xarakter daşıyır. Fərdi məlumatlar
daxilolma (əldə olunma) növünə görə
konfidensial və açıq kateqoriyalara bölünür.
"İnformasiyanın xidməti istifadə
üçün nəzərdə tutulmuş hesab edilməsinin
əsasları" maddəsində (35) bildirilir ki, informasiya
sahibi informasiyanın əldə olunmasına məhdudiyyət
qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə
tutulmuş hesab edə bilər. İnformasiya sahibi
aşağıdakı informasiyaları bu qanunda göstərilən
müddət ərzində xidməti istifadə
üçün nəzərdə tutulmuş hesab etməlidir:
cinayət işi və ya inzibati xətalar haqqında iş
üzrə toplanmış informasiya iş məhkəməyə
verilənədək və ya işin icraatına xitam verilməsi
barədə qərar qəbul edilənədək; dövlət
nəzarəti gedişində toplanan informasiya həmin məsələ
üzrə qərar qəbul edilənədək; vaxtından əvvəl
açıqlanması dövlət siyasətinin
formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə
başa çatdırılmasına mane olan və ya mane ola
bilən informasiya prosesin başa çatması barədə
razılaşma əldə edilənədək; vaxtından əvvəl
açıqlanması dövlət orqanı tərəfindən
testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə
ciddi təhlükə yaradacaq və ya təhlükə yarada
biləcək informasiya - test və ya maliyyə yoxlaması
başa çatanadək; vaxtından əvvəl
açıqlanması dövlət orqanında fikir mübadiləsini,
məsləhətləşmə prosesini pozacaq və ya poza
biləcək informasiya - son qərar qəbul edilənədək;
vaxtından əvvəl açıqlanması dövlət
orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin
həyata keçirilməsinə mənfi təsir göstərə
bilən informasiya iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti
ilə bağlı konkret əməliyyat başa çatanadək;
ədalət mühakiməsinin həyata keçirilməsinə
əngəl törədəcək və ya törədə
biləcək informasiya - məhkəmə qərarı qəbul
edilənədək; xarici ölkələrdən və ya
beynəlxalq təşkilatlardan daxil olan sənədlər sənədin
açıqlanması üçün
qarşılıqlı razılıq əldə edilənədək;
ətraf mühit üçün təhlükə yaradacaq və
ya yarada biləcək, ətraf mühitin komponentlərinə
zərər vuracaq və ya zərər vura biləcək
informasiya - bu təhlükəni törədən səbəblər
aradan qalxanadək; açıqlanması informasiya sahibinin
qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə
yetirən özəl hüquqi şəxslərlə
bağlanan müqavilədə informasiyanın xidməti
istifadə üçün nəzərdə tutulması qeyd
olunubsa - texniki həllər barədə informasiya.
Qanunda
daha sonra vurğulanır ki, (37.1.23) məlumatın
açıqlanması dövlətin müdafiəsinə və
təhlükəsizliyinə xələl gətirmirsə,
dövlət orqanları və bələdiyyələr tərəfindən
aparılan, yaxud sifariş verilən tədqiqatların və
təhlillərin nəticələri barədə; ətraf
mühitə, insanların sağlamlığına təsir
edən və ya təsir edə biləcək fəaliyyət
nəticəsində ətraf mühitin komponentlərində
baş verən və ya baş verə biləcək dəyişikliklər,
onların qiymətləndirilməsi, ətraf mühitin
mühafizəsi və səmərəli istifadəsinə
yönəldilmiş tədbirlər və xərclər barədə;
reyestrdə qeydə alınmayan daxili sənədlər - təbrik
məktubları, zəmanətlər, memorandumlar, kütləvi
tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar
açıqlana bilər.
Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən
hüquqi şəxslər malların və xidmətlərin
təklif edilməsi şərtlərinə və qiymətlərinə,
həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə
dair informasiyaları, bu qanunun 9.3.2-ci maddəsində göstərilən
hüquqi və fiziki şəxslər isə dövlət və
ya bələdiyyə büdcəsindən verilmiş vəsaitdən
və ya onlara ayrılmış əmlakdan istifadəyə
dair informasiyaları xidməti istifadə üçün məhdudlaşdıra
bilməzlər.
Maddə 38-də "Fərdi məlumatlar"
anlayışına aydınlıq gətirilir. Əldə
olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları
xidməti istifadə üçün nəzərdə tutulmuş
hesab etmək olar. Fərdi məlumatlar
şəxsi və ailə həyatına dair məlumatların
məcmusudur. Əldə olunmasına məhdudiyyətlər
qoyulan şəxsi həyata dair məlumatlar
aşağıdakılardır: qanunla müəyyənləşdirilmiş
qaydada qeydə alınan özəl hüquqi şəxslərdə,
üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi
baxışları, dini etiqadları, əqidələri və
dünya görüşlərini əks etdirən məlumatlar;
etnik mənşə və ya irqi mənsubiyyət haqqında
məlumatlar; cinayət işləri və ya digər hüquq
pozuntularına dair işlər üzrə icraatın
gedişində toplanmış informasiyalar açıq məhkəmə
iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə
qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı,
şəxsi və ailə həyatının müdafiəsi,
yetkinlik yaşına çatmayanın, zərərçəkənin
və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin
həyata keçirilməsi üçün tələb edilən
hallarda; şəxsin məhkumluğu barədə məlumatlar;
sağlamlıq vəziyyəti haqqında məlumatlar; şəxslərin
özəl xüsusiyyətləri, qabiliyyətləri və
xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;
sosial yardım və sosial xidmətlər göstərilməsinə
dair vəsatətlər barəsində məlumatlar; ruhi və
fiziki əzablara dair məlumatlar;
şəxsə qarşı məişət
zorakılığının törədilməsinə dair məlumatlar;
vergi ödənişləri üzrə borclar istisna olmaqla,
vergitutma ilə əlaqədar məlumatlar.
Qanunda əldə
olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına
dair məlumatların aşağıdakılar olduğu
vurğulanır: cinsi həyat haqqında məlumatlar; vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;
ailə həyatının ayrı-ayrı məqamları
haqqında məlumatlar; övladlığa götürmə
ilə bağlı məlumatlar. Bu maddədə
göstərilən fərdi məlumatlar
alındığı və ya sənədləşdirildiyi
gündən onların əldə olunmasına məhdudiyyətlər
qoyulur. İnformasiya sahibi aşağıdakı hallar
istisna olmaqla, fiziki şəxslərin sorğuları əsasında
onları özləri barəsindəki fərdi məlumatla tanış etməyə borcludur:
yetkinlik
yaşına çatmayan şəxsin informasiya ilə
tanış olması onun mənşəyi haqqında sirri
pozursa; informasiyanın əldə olunması cinayətin
qarşısını almağa, cinayətkarı tutmağa və
ya cinayət işində həqiqəti müəyyənləşdirməyə
mane olarsa; digər insanların hüquq və
azadlıqlarının müdafiəsi informasiyanın
açıqlanmamasını tələb edirsə; informasiya
dövlət təhlükəsizliyi naminə toplanıbsa.
Aşağıdakı
şəxslər bu maddədə göstərilən fərdi
məlumatlarla tanış olmaq və ya onu əldə etmək
hüququna malikdirlər: valideynlər və ya qəyyumlar -
yetkinlik yaşına çatmayanlar haqqında məlumatlarla;
qəyyumlar - fiziki cəhətdən qüsurlu şəxslər
barədə məlumatlarla; dövlət və bələdiyyə
qulluqçuları xidməti vəzifələrinin yerinə
yetirilməsi ilə bağlı məlumatlarla; fərdi məlumatlarla
işləməyə icazə alanlar - yalnız bu icazədə
göstərilən məlumatlarla; normativ hüquqi aktlarla və
ya müqavilə əsasında təhsil, mədəniyyət,
səhiyyə və sosial sahələrdə xidmət göstərən
özəl hüquqi şəxslərin işçiləri və
sahibkarlar yalnız bu xidmətlərin göstərilməsi
üçün zəruri olan həddə informasiyalarla.
Maddə 40-da göstərilir ki, xidməti istifadə
üçün nəzərdə tutulan informasiyaların əldə
olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti
doğuran səbəblər aradan qalxdıqda, lakin 5 ildən
gec olmayan müddətdə götürülür. Fərdi məlumatların əldə
olunmasına qoyulan məhdudiyyət həmin informasiya
alınan və ya sənədləşdirilən gündən
75 il müddətinədək və ya
şəxsin vəfatından sonra 30 il müddətinədək
və ya ölüm faktı müəyyənləşdirilməyibsə,
həmin şəxsin doğum tarixindən 110 il müddətinədək
qüvvədədir. İnformasiyanın əldə
olunmasına qoyulan məhdudiyyətin qüvvədən
düşmüş hesab edilməsi informasiyanın
daşıyıcısında və reyestrdə qeyd olunur.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 6 mart.- S.11.