Yeni zeytun bağlarının salınmasının təşviq olunması

 

Kasıb torpaqların zəngin ağacı

 

Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron ideal ərazi hesab olunur. Vaxtilə məhz Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının salınması təsadüfi deyildi. Təəssüf ki, sonradan bəzi "işbazlar"ın sayəsində bağların ərazisi zəbt edilərək satıldı.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Bu bağlardan ildə 60 ton zeytun yağı istehsal olunur.

Həzərinizə çatdıraq ki, Türkiyə, Yunanıstan, İspaniya İtaliya zeytunçuluqdan milyardlarla gəlir əldə edir. Ümumiyyətlə, Aralıq dənizi hövzəsində yerləşən ölkələr zeytunçuluğun inkişafına böyük önəm verir. Məsələn, İtaliyada 2 milyon, İspaniyada 1,5 milyon, Yunanıstanda Türkiyədə isə 1 milyon hektar ərazidə zeytun bağları salınıb.

Bu meyvənin quru lətinin 50-75 faizi yağdır. Bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir (onun 1000 qramında 930 kalori, kərə əridilmiş yağda isə 750-780 kalori vardır). Zeytun yağını orqanizm asanlıqla mənimsəyir, həzm orqanlarına yaxşı təsir göstərir, turşuluğu aşağı salır, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir.

Zeytun ən bahalı bitkilərdən biri hesab edilsə yerli sahibkarların zeytunçuluğa marağı çox azdır. Kənd Təsərrüfatı Nazirliyi bunu zeytun ağacının gec gəlir gətirməsi ilə əlaqələndirir. Lakin bununla belə Abşeronda ən azından 1 zeytun bağı salınıb. Belə ki 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Firuz Hüseynova Bakının Zirə qəsəbəsində yeni zeytun bağı salmaqdan ötrü 400 min manat güzəştli kredit ayırıb. Həmin layihə çərçivəsində salınmış zeytun bağında Türkiyədən alınmış 100 min ədəd zeytun tingi əkilib.

Bağın sonrakı taleyindən xəbər tutmaq üçün Zirədəki zeytun bağına baş çəkdik. Əvvəla deyək ki, zeytun ağacı dəniz səviyyəsindən 400-800 metrəyədək yüksəklikdə, yayı isti, qışı mülayim keçən iqlimdə bitir. Suyu çox sevir, amma susuzluğa da dözümlüdür. Suyu bol olduğu təqdirdə məhsulu da bol olur. Bundan əlavə zeytun ağacı özünü yetişdiyi mühitə uyğunlaşdırmağı bacarır. Bağban Zeynal Əliyev həvəslə bizə becərdiyi bağı göstərdi. Burada səliqə ilə əkilmiş zeytun ağaclarının yaşıllığı göz oxşayır. Mal-heyvandan qorunması üçün bağ çəpərə alınıb. Hazırda ağaclar üç illikdir meyvəsi yox dərəcəsindədir. Hər ağacın üstündə olan bir-iki zeytun isə yığılmır. Çünki, buna işçi qüvvəsi cəlb etmək sərfəli deyil. Zeynal dayı ağacları həvəslə gözdən keçirərək saqqalını tumarlaya-tumarlaya bizə zeytunzeytun ağacından bol-bol danışdı: "Bəzi meyvələrin bir neçə növü var. Misal üçün alma dedikdə, beyində bir neçə növ alma canlanır. Amma zeytun bir növdür. Başqa növü yoxdur.

Quranın Ənnur surəsinin 35-ci ayəsində Allah zeytunun haqqında danışır. Alimlər, ayədəki "nə şərqdən nə də qərbdəndir" ifadəsi barəsində belə deyirlər ki, zeytunun əmələ gəlməsində Günəşin çıxıb-batması ilə heç bir əlaqə yoxdur. Yəni zeytunu Günəş göyərdib, əmələ gətirmir və ya heç vaxt Günəşin şüası və kölgəsi altında qalmır. Ona görə də meyvəsi nə kal olur, nə də turş. Nə üzü şərqədir, nə də qərbə. Nə şərqindir, nə də qərbin. Bəlkə ortadadır".

Zeynal dayı deyir ki, zeytun ağacları özünü tutandan sonra, ən sərt şəraitdə yaşamağa qadirdir. Ancaq zeytun gilli torpağı sevmir. Qışda temperatur mənfi 3-4 dərəcədən yuxarı olan ərazilərdə zeytun kolları əkilə bilər. Temperatur həmin dərəcədən aşağı düşəndə isə zeytun ağaclarının inkişafı çətin olur. Bağbanın dediyinə görə, fevralın bərk şaxtalarında ağacların bəzisini don vurdu: "Əvvəlcədən "qəlp" (ehtiyat ting- red.) ağaclar saxlayırıq. Donanya quruyan ağac olanda əvəz edirik". Amma Zirə ərazisində zeytun ağacının donma ehtimalı cüzi olduğuna görə, kütləvi ciddi tədbirlər görülmür. Bağbanın dediyinə görə, ümumiyyətlə, əkilən ilk tinglərin hamısı tutmamış, onların 5-10 faizi məhv olmuşdu. Zeynal dayı deyir ki, bağ ildə iki dəfə; martnoyabr aylarında şumlanır. Ərazidə qazılmış 10-a yaxın su quyusu bağın bütün tələbatını ödəyir. Su quyuları elə zeytun bağının ərazisində yerləşir və nasoslar vasitəsilə sistemə vurulur. Ağaclar damcı sistemi ilə suvarılır.

Zeynal dayının sözlərinə görə, zeytun ağacı 10 metrəyədək boy atır və asanlıqla çoxala bilir. Belə ki, ağac yaşlandığı, gövdəsi quruduğu təqdirdə kökündən çıxan pöhrələrin sayəsində yenidən canlana bilir. Odunu sərt və sağlamdır. Eləcə də yanğına qarşı da davamlıdır. Yanan ağaclar qısa müddətdə pöhrə verə bilirlər. Yaşlı zeytun ağaclarının gövdəsindəki il xətləri zamanla çürüyür. Bu səbəbdən zeytun ağacının gövdəsinə baxıb yaşını təyin etmək çətindir. Bağın salındığı ərazidə oksigen bolluğu xüsusilə hiss olunurdu. Bağbanın dediyinə görə, becərdiyi bağ gələcəkdə külək erroziyasının qarşısını almaqda əvəzsiz xidmət göstərəcək.

Zeynal dayı bağın nə zaman və nə qədər məhsul verəcəyini dəqiq bilməsə də deyir ki, adətən gənc ağaclar qulluqdan asılı olaraq 5 ilində məhsul verə bilir. 20 illik zeytun ağacı ildən-ilə məhsuldarlığını artırır və bu dövr ağacın 150 yaşına kimi davam edir. Ümumiyyətlə, zeytun periodik bir bitkidir, yəni məhsulu bir ildən bir verir. Xalq arasında bu "var ili, yox ili" adlanır. Ağac yaşlandıqca məhsuldarlığı da azalır. Ümumiyyətlə, zeytun ağacı 3-5 yüz il yaşaya bilən uzun ömürlü ağacdır. Hətta bununla bağlı atalar sözüvar; "əncir babadan, zeytun atadan".

Yeri gəlmişkən, mütəxəssislərin bildirdiyinə görə, zeytun ağacının uzun ömürlü olması onun yarpağındakı oleuropein maddəsi ilə əlaqədardır. Belə ki, bu maddə zeytun ağaclarını xəstəlik və ziyanvericilərdən qoruyur. Yarpaqlarındakı kalsium elenolaten maddəsi isə zərərli virus və göbələkləri yox edir.

Məlumat üçün deyik ki, İspaniyada bir ağacdan orta hesabla ildə 90 kq, İtaliyada 70 kq, Yunanıstanda isə 50 kq məhsul yığılır. Türkiyədə bu rəqəm 10 kq-dır. 100 kq zeytundan 33 litr yağ əldə edilir. Bu isə bir ağaca orta hesabla 500 litr yağ deməkdir. Odur ki, Zeynal dayı hazırkı yüzilin ən strateji bitkisindən becərməklə bazara dünya standartlarına uyğun məhsul təqdim edəcəyinə çox inanır. Dediyinə görə, Bakı zeytunu dadına və keyfiyyətinə görə İspaniyaİtaliya zeytunundan qəti geridə qalmır.

Adam qaçırma və qətldə ittiham edilən ABŞ sakini 28 yaşlı Viktor Feguer "bu, son yeməyiniz olacaq, nə istəyirsiniz?" sualına belə cavab verib: "Bir zeytun udmaq istəyirəm". "Niyə?" sualını belə cavablandırıb: "Mən öləcəm, amma o udduğum zeytun bir ağaca dönüb, sülh simvolu kimi mən basdırıldığım torpaqdan çıxacaq. Mən buna inanıram".

Elə biz də...

 

Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 6 mart.- S.10.