Türk dünyasının ilk xanım vəkili
Azərbaycanlı
Sürəyya Ağaoğlu Türkiyənin hüquq aləmində
məşhur idi
"Azərbaycan dilində
bir söz, söhbət, musiqi eşidəndə
uşaqlıq xatirələrim məni öz qoynuna alır”
Türkiyənin ilk vəkil qadını
şuşalı Sürəyya xanım olub. O Sürəyya
xanım ki, Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi
fikir tarixində böyük rol oynamış
yazıçı, publisist, şərqşünas alim,
dövlət xadimi Əhməd bəy Ağayevin yeddi
övladından biridir. Taleyin yazısı
Əhməd bəy Ağayevi Türkiyədə mühacirət
həyatına vadar edəndə Sürəyyanın cəmi 7
yaşı var imiş. Türk birliyi
ideyasını ortaya atan, onun müdafiəsi naminə fəaliyyət
göstərən Əhməd bəyi sevməyənləri, əleyhidarları
həzm edə bilmirdi. Bu səbəbdən
də Əhməd Ağaoğluya qarşı müəyyən
müqavimətlər göstərilir, hətta böhtan
kampaniyaları da təşkil edilirdi. Çar
Rusiyası şəraitində məruz qaldığı
siyasi və mənəvi təqiblərdən xilas olmaq
üçün onun Türkiyəyə pənah gətirməsi
dövrün davasından doğurdu. O, vətəni tərk
edəndən geri dönmək ümidi ilə yaşasa da
Əhməd Ağaoğlu bir daha doğma Qarabağa dönə
bilmədi. Ayrılığın havası
çox ağır oldu. Ədəbiyyatşünas alim
Vilayət Quliyev bu unudulmaz insanı belə səciyyələndirir:
"Əhməd Ağaoğlu XIX əsrin sonu XX yüzilliyin əvvəllərində
təkcə övladı olduğu Azərbaycan xalqının
deyil, bütün türk islam dünyasının ictimai-siyasi
fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən
biridir".
Türk araşdırmaçıları da Şuşada
doğulmuş bu hürriyyət və demokratiya aşiqini fəzilətlər
və hürr dünyasının çox nadir şəxsiyyəti
kimi dəyərləndirirdilər. Tanınmış türk nasiri
Şükufə Nihal yazırdı: "Əhməd
Ağaoğlu insanlığın az rastlaşdığı
zənginlərdən idi. Alimdi,
çalışqandı, mübarizdi, zəki idi, faydalı
idi. Lakin mən bunların heç birinin
üzərində durmuram. Ağaoğlunun
əsl qiymət verdiyim tərəfi xarakterinin möhtəşəmliyi
idi. O, insan idi, bütöv insan idi".
Əhməd bəy əvvəlcə
uşaqlarını elmli, bilikli görmək üçün
onlara fransız dilini öyrətmək arzusuna
düşdü. Elə bu məqsədlə də
İstanbulda adla deyilən madam Kolbenin fransız məktəbi
Əhməd bəyin diqqətini çəkdi. Vaxtilə
özü də Parisdə fransız dilində ali
təhsil almış bu azərbaycanlı ziyalı az-çox
övladlarına da öyrətmişdi. Odur ki,
Sürəyya Ağaoğlu bu dili çox sürətlə mənimsədi.
Az sonra isə İstanbulda
"İttihad" və "Bəzmi-aləm" qız
liseyində təhsilini davam etdirdi. Sürəyya
Ağaoğlunun inkişafında təkcə məktəb həyatı
yox, eyni zamanda öz ailəsindəki mühit, atasının
dostları, eləcə də Türkiyənin o dövrdəki
görkəmli yazıçıları, tarixi simaları da əhəmiyyətli
rol oynamışdı. Əli bəy
Hüseynzadə, Ziya Göyalp, Fuad Köprülü, Abdulla
Cövdət kimi şəxsiyyətlər tez-tez onların ailələrində
qonaq olardılar. O vaxt Türkiyədə yaşayan azərbaycanlı
mühacirlər müntəzəm olaraq Əhməd bəygilə
yığışardılar. Onların söhbətləri,
Azərbaycanla bağlı dərin həsrətləri Sürəyya
xanımın dünyagörüşünü
formalışdırmışdı.
1921-ci ildə lisey təhsilini bitirdikdən sonra Sürəyya
xanım İstanbul Universitetinin hüquq fakültəsinə
daxil olmuşdur. Sürəyya Ağaoğlu ilk türk
qadını idi ki, kişilərlə bir yerdə təhsil
alırdı. Bu, o vaxt Türkiyədə
bir canlanmaya, eləcə də təəccübə, heyrətə
səbəb olmuşdu. Universitet illəri
Sürəyya xanımın biliyini daha da zənginləşdirdi.
O, yenə də bir çox xarici dilləri öyrənməklə
yanaşı, yaxşı hüquqşünas olmaq
üçün tez-tez məhkəmələrə gedir,
müəyyən prosesləri izləyir, təcrübə
toplayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər
naziri olmuş Behbud bəy Cavanşir Avropaya gedərkən
yolüstü İstanbulda Əhməd bəy Ağaoğlunun
qonağı olur. Sonra onu erməni terrorçusu Misak
Torlakyan öldürür. Həmin qətlin
məhkəmə prosesinə Sürəyya da dəvət
olunur. Ona məsuliyyətli bir iş - ingilis dilindən tərcümələrə
nəzarət etmək tapşırılır. 1921-ci il iyulun 18-də erməni qatil Torlakyan
İstanbulun "Pere-Palas" hotelinin önündə Azərbaycan
Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan
Cavanşiri üç güllə ilə qətlə yetirir
və həbs olunur. Həmin günlərdə
"Pere Palas" otelində qalan tanınmış Amerika
yazıçısı Con Dos-Passos "Şərq
ekspressi" kitabında ("Konstantinopol. İyun,
1921. Qətl fəsli) bu səs-küylü
qətl hadisəsindən bəhs edir. "Cinayət
üstündə yaxalanan terrorçunun etirafı: Behbud
xanın boyu çox uca idi. Ona görə də
açdığım atəş başına yox,
böyrünə dəydi. İlk güllə
onu yerə yıxmadı. Əksinə, mənim
əllərimdən bərk-bərk yapışdı. Üzünü mənə tərəf çevirməklə
işimi daha da asanlaşdırdı. İki
dəfə sinəsinə atəş açdım. O,
yıxıldı. Qaçıb gizlənmək
istəyirdim. Elə bu zaman kimsə məni
tutdu. Behbud xanın qardaşı idi.
Onun da üzünə atəş
açdım. Ancaq məni buraxmadı.Təslim
olmağı qərara aldım. Çünki
polislər bizə yaxınlaşırd ılar".
Həmin vaxt İstanbul ingilis işğalı altında
olduğundan cani cinayət hadisəsindən 20 gün sonra
ingilis hərbi tribunalında mühakimə edilir. Sürəyya xanım bu
tarixi məhkəmənin yekunu barədə "Bir
ömür də belə keçdi" adlı memuarında
yazır: "Nəhayət, məhkəmə bitdi.
Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi.
Prokuror qatil üçün ölüm cəzası
istədi. Bu tələb hətta bizi
çaşdırdı. Lakin prokuror 24 saat
içərisində Türkiyədən
uzaqlaşdırıldı. Yerinə gələn
prokuror isə müttəhimə bəraət istədi və
qatil Torlokyan gecə ikən qaçırıldı".
Məhkəmədən illər sonra Sürəyya
Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə
görüşür. Görüş
zamanı həmin prokuror məlum məhkəmənin sədri
ilə Çində görüşdüyünü və sədrin
ona türklərin bu davada haqlı olduğunu söyləyir.
Universiteti bitirdikdən sonra Sürəyya xanım
Türkiyə tarixinə düşmüş ilk vəkil
qadın oldu.
Atasının məsləhəti ilə Ankarada
çalışır. Həmin vaxt SSRİ-nin
Türkiyədə səfiri olan M.Suriç onu Rusiya ilə
Türkiyə arasında ticarət işləri ilə məşğul
olan "Neftsindikat" şirkətində vəkil işinə
dəvət edir. O, əvvəlki işi qalmaq şərtilə orada
işləməyə razılıq verir. Səriştəli
və savadlı bir vəkil kimi daim Türkiyənin hüquq-məhkəmə
həyatında çətin və ağır məhkəmə
proseslərinə dəvət edilir. 1930-cu
ildə Dövlət Şurasında işə qəbul olunur.
Sürəyya xanım Türkiyənin ilk vəkil
qadınlarından biri kimi hüquq aləmində məşhurlaşır. Təcrübəli
bir hüquqşünas kimi beynəlxalq tədbirlərə dəvət
olunur. Sürəyya Ağayeva həm də
dövrü mətbuatda publisist kimi çıxış edir.
O, ingilis dilində çap olunan "Londrada (London - red.) gördüklərim", "Bir ömür də
belə keçdi" adlı kitabların müəllifidir. Sonuncu kitabda Sürəyya xanım öz ailələrinin
timsalında Azərbaycandan uzaq düşmüş
mühacirlərin həyatından, ictimai-siyasi fəaliyyətindən
bəhs edir. Sürəyya xanım öz xatirələr
kitabında yazırdı: "Atamın düşüncəsinə
hakim olan fransız fikri həyatının təsiri altında
çox açıq və aydın düşüncəli
yetişirdik. Atamın hürr demokratik fikirləri
bizim gənc beyinlərimizə o qədər dərin işləmişdi
ki, Səlcuq Xatın Liseyinin yeddinci sinfində
arkadaşlarımla ağlımın hökmü ilə
respublika rejimi barəsində mübahisələr edirdim.
Hələ o zamanlar vəkil olmağa qərar
vermişdim".
Ömrünün
65 ilini sərbəst vəkilliyə həsr etmiş Sürəyya
xanım 1948-ci ildə Beynəlxalq Qadın Hüquqşünaslar
Cəmiyyətinə üzv seçilir, daha sonra iki il həmin cəmiyyətin prezidenti kimi
çalışır. 1949-cu ildə Beynəlxalq
Vəkillər Komissiyasına seçilən yeganə
qadın hüquqşünas idi. 1950-ci ildə
hüquqşünasların Berlində keçirilən beynəlxalq
qurultayının təsisatçılarından və fəal
təşkilatçılarından olur. Bütün
ömrü boyu ictimai işlərə maraq göstərən,
bu yolda qızğın fəaliyyət sahibi Sürəyya
xanım bir müddət "Fikirləri azad yayma" cəmiyyətinə
rəhbərlik edir, "Uşaqların dostu" cəmiyyətinin
yaradıcısı və sədri olur, eləcə də
Universitet Qadınları Cəmiyyətinin əsasını
qoyur. Öz vəsaiti hesabına uşaq evi
açır.
1950-ci ilin əvvəllərində alman
hüquqşünas Verner Taschenberqer ilə evlənən
Sürəyya xanımın evliliyi 1960-cı ilədək
davam etdir. Amma onun bu evliliyindən övladı olmur.
Ömrü
boyu Vətən həsrəti ilə nəfəs alan, onu görmək üçün dəridən-qabıqdan
çıxan Sürəyya xanım 73 il ayrılıqdan sonra
ilk dəfə Bakıya gəlir. Lakin o zaman
şərait elə idi ki, o, doğma Şuşasına gedə
bilmir. 1989-cu ildə Bakıda atası
Əhməd bəy Ağayevin anadan olmasının 120 illiyi ilə
əlaqədar yubiley sessiyası keçirilməli idi. Sürəyya Ağaoğlu da dəvət
almışdı. Bu dəfə ona söz
vermişdilər ki, arzusu çin olacaq, onu mütləq
Şuşaya aparacaqlar. Nə acılar ki,
amansız ölüm ona Şuşanı görmək
imkanı vermir. Yazıçı-jurnalist Vasif Quliyev
"Ən yaxın dost" kitabında yazır ki,
ölümündən bir il qabaq
İstanbulda yaxın qohumu ilə görüşən Nigar
xanım Axundova Sürəyya xanımdan bu sözləri
eşidir: "Məndən soruşanda ki, Vətənin
haradır? Cavab verirəm: Şuşada doğulmuşam, orada
dil açmış, ilk addım atmış, yeriməyə
başlamışam. Ulduzlu səmanı ilk dəfə
orada seyr etmişəm, güllərinin ətrini ilk dəfə
orada duymuşam. Azərbaycan dilində bir
söz, söhbət, musiqi eşidəndə uşaqlıq
xatirələrim məni öz qoynuna alır".
Sürəyya
Ağaoğlu 80 il vətəndən
uzaqda, Qarabağ, Şuşa həsrəti ilə ömür
sürdü. 1989-cu il dekabrın 29-da
İstanbulda qatıldığı "Qadın
hüquqları və çağdaşlaşma" adlı
iclasdan çıxarkən pilləkənlərdən
yıxılaraq beyninə qan sızması nəticəsində
vəfat edir. Onun ölümü türk
ictimaiyyətini də dərindən kədərləndirir.
1989-cu ildə "Cümhuriyyət" qəzeti Sürəyya
xanımın vəfatı ilə əlaqədar dərc
etdirdiyi nekroloqda yazırdı: "...Türkiyə
Cümhuriyyətinin qurulmasında Atatürk yanında yer alan
professor Əhməd Ağaoğlunun qızı və Menderes
dönəminin Başbakan yardımçısı Səməd
Ağaoğlunun kardeşi olan Sürəyya Ağaoğlunun cənazəsi
bu gün Türkiyə camisində qılınacaq öylə
namazından sonra Ferigöy məzarlığında
torpağa veriləcək".
Ömrünə həyatın ən dəhşətli
ayrılığı - qəriblik düşən Sürəyya
Ağaoğlu bütün ağrıların, çətinliklərin
içindən çox mərdliklə sıyrılaraq
özünün mənliyini təsdiq etdi, Azərbaycan
qadınının ləyaqətini yaşatdı. Onun daxilindəki
güc, aldığı tərbiyə, təhsil, gendən gələn
ağayanalıq, xanımlıq ona yad ellərdə də
öz zəkası və fəaliyyəti ilə seçilməsinə
yardım etdi. Türkiyə tarixinin
yaddaqalan, işıqlı şəxsiyyətlərindən
birinə çevrildi. Qed edək ki,
Türkiyədə Sürəyya Ağaoğlunun adını
daşıyan küçə var.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 7 mart.- S.14.