Mətbuat azadlığı şəraitində
şər və böhtan problemi
Elçin Bayramlı:
"Media ictimai rəyi formalaşdıran, cəmiyyəti
informasiya ilə təmin edən bir institutdur”
Müasir dövrdə mətbuat və söz
azadlığı cəmiyyətin və dövlətin
demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi
informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar,
informasiya agentlikləri və informasiyanın müntəzəm
formada yayıldığı digər vasitələr cəmiyyətin
inkişafına ciddi təsir göstərən, onun vəziyyətini
və mahiyyətini müəyyənləşdirən siyasi
sistemin tərkib hissəsidir. Kütləvi
informasiya vasitələri cəmiyyətdə ictimai fikri,
dövlətə inamı və sosial fəallığı
formalaşdırmaqla yanaşı, həm də onları
istiqamətləndirir. Bu mənada
dördüncü hakimiyyət hesab olunan kütləvi
informasiya vasitələri dünyada demokratiya və informasiya
azadlığının mühüm vasitəsi hesab edilir.
Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin
azad fəaliyyəti və inkişafı üçün zəruri
tədbirlər görülür. Ümumbəşəri
dəyərləri, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunu özünün inkişaf modeli
kimi qəbul edən Azərbaycan Respublikası insan
hüquqları, söz və mətbuat
azadlığının təmin edilməsi ilə
bağlı mövcud olan əksər beynəlxalq konvensiya və
sazişlərə qoşulub. Azərbaycan
Respublikasının Konstitusiyasında informasiya
azadlığı və onun təmin olunması dövlətimizin
ali məqsədlərindən biri kimi təsbit
edilib.
Bu gün Azərbaycan dünyada demokratik və müstəqil
mətbuata sahib ölkə kimi tanınır. Mətbuatın
bütövlükdə dövlət qayğısı ilə
əhatələnməsi sahəsində ortaya qoyduğu
nümunə isə bütün dünya ölkələri
üçün müsbət təcrübə
sayılır. Media orqanlarına mütəmadi
maddi yardımların edilməsi, jurnalistlərin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün müəyyən
addımların atılması, hətta, qələm sahiblərinə
dövlət tərəfindən mənzillərin verilməsi
bir daha Azərbaycanın söz və mətbuat
azadlığının qorunması sferasındakı dövlət
iradəsini nümayiş etdirir.
Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanda
bəzi mətbuat orqanları tərəfindən
formalaşmış söz azadlığı və demokratik
mühitdən sui-istifadə hallarına rast gəlinir. Onlar,
xüsusilə də radikal müxalifətin nəzarətində
olan qəzetlər və elektron resurslar Konstitusiya səviyyəsində
müəyyənləşdirilmiş azadlıqları istismar
edərək, insanları təhqir edir, şərəf və
ləyaqətini alçaldır, eyni zamanda, şantaj edir.
Əslində, demokratiya, mətbuat
azadlığı təhqir və ya şantaj demək deyil.
Söz azadlığı vətəndaş cəmiyyətinin
inkişaf etdirilməsi və milli problemlərin aradan
qaldırılmasına köməklik etməkdir.
Ekspert Elçin Bayramlının fikrincə, media ictimai
rəyə ciddi təsir edən, dövlət siyasətini
ictimai müzakirəyə çıxaran, cəmiyyəti
informasiya ilə təmin edən, maariflənməyə xidmət
edən, insanların mədəni istirahətini təmin edən
bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi
üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir.
Lakin bu azadlığın hansısa çərçivələr
daxilində olub-olmaması daim müzakirə obyektidir:
"Qeyd etmək lazımdır ki, söz və mətbaut
azadlığının qırmızı cizgisini, təhqirlə
tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək
mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra
ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin
yer alması problemi qəlizləşdirir. Bu durumda "media azadlığı necə tənzimlənməlidir",
ya da "söz azadlığına hansısa çərçivələr
qoyulmalıdırmı?" sualları ortaya
çıxır.
Bu məsələnin həll olunması
üçün ideal olmasa da, sınaqdan
çıxmış praktikalar yox deyil. Lakin nümunə
göstərilən ölkələrin hamısında media
qanunvericiliyi, jurnalistika ənənələri, ictimai
münasibətlər sistemi eyni deyil. Eyni
olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi
status daşımır. Bundan başqa, hər
cəmiyyətin öz realıqları, mənəvi-psixoloji
mühiti, ictimai qınağın səviyyəsi burada əsas
yer tutur. Azərbaycan kimi ölkədə
medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri
var. Milli mediamız fərqli ictimai-siyasi formasiyalarda inkişaf
edib".
E.Bayramlı onu da qeyd edib ki, bu gün örnək
göstərilən ölkələrdə də media tam azad
deyil. Qərb
mediası bütün dünyaya obyektivlik dərsi keçsə
də, özləri öz dövlətlərinin və nəhəng
transmilli şirkətlərinin maraqları naminə çox
hallarda qeyri-obyektiv olmağı da bacarırlar: "Bu gün
mediamızın inkişafına bəzi faktorlar maneə
törədir. Burada jurnalistikanın maddi təminat
və ictimai karyera baxımından perspektivli olmaması,
peşəkar jurnalist çatışmazlığı,
maliyyə müstəqilliyinin olmaması, reklam
bazarının zəifliyi, ictimai qınaq təcrübəsinin,
obyektiv reytinq mərkəzlərinin yoxluğu kimi faktorlar
önəmli rolu oynayır. Azərbaycanda
mətbu orqan təsis etməkdə məhdudiyyətlərin
götürülməsi, internet medianın sürətli
inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də
qeyd etmək lazımdır. Azərbaycanda
mətbuat azadlığından sui-istifadə halları son
vaxtlar getdikcə artır. Faktiki olaraq, elektron və print
mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi
prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur.
Əvəzində sifarişli, qərəzli, cəmiyyətin
tələbatını ödəməyən materiallar
çoxluq təşkil edir.
Bu faktlar
media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən
keçirildikdə belə bir sual çıxır: ifrat mətbuat
azadlığı anarxiyaya və
özbaşınalığa, insan hüquqlarının və
qanunların pozulmasına, milli və dövlət
maraqlarının zərbə altına qoyulmasına gətirib
çıxara bilərmi? Bu suala cavab vermək
üçün durumu nəzərdən keçirməyə
ehtiyac var.
Mətbuatın
tam nəzarətsiz, cəzasızlıq şəraitində fəaliyyət
göstərməsi kimi ultra-azadlıq mühitində hər
hansı bir cəmiyyətdə və ölkədə
aşağıdakılar baş verir:
1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə
artır, oxucu auditoriyasının parçalanması nəticəsində
tirajlar aşağı düşür, gəlirlər
azalır, peşəkar jurnalistlər bu sahədən
uzaqlaşmağa və onların yerini diletantlar tutmağa
başlayır.
2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj
kimi halların çoxalmasına gətirib
çıxarır ki, bu da cəmiyyətdə
narazılıq yaradır, insan hüquqlarının
pozulmasına səbəb olur.
3. Hətta
təhlükəli siyasi, dini və digər təşkilatlar
belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə
zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət
təbliğatı aparırlar.
Media azadlığının tam boğulması
zamanı isə fərqli problemlər meydana
çıxır. Vətəndaşlar dövlətin
işlərindən və ölkədə baş verənlərdən
xəbər tuta bilmir. Bu zaman informasiyalar
"simsiz teleqrafla" xalq arasında dolaşır, şayiələr
baş alıb gedir, dövlətə inam azalır.
Beləliklə, ultra azadlığın və
senzuranın olması şəraitində problemlərin
yarandığı aydın olur. Lakin hər məsələdə
"qızıl orta" deyilən bir praktika da var ki, əksər
hallarda o, öz müsbət təsirini göstərir".
Onun fikrincə, Azərbaycanda bu 3-cü yolun
seçildiyi aydın görünür. Dünya təcrübəsi
ilə milli ənənələrin müsbət cəhətləri
sintez edilərək hər 3 tərəfi (cəmiyyət,
dövlət və media) qane edəcək optimal tənzimlənmə
mexanizminin yaradılmasına çalışılır:
"Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda
mətbuat azadlığını bəziləri
özbaşınalıq, şantaj, hədə-qorxu və
böhtan üsullarından istifadə edib rüşvət
almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini
tapdalamaq və ya insanları təhqir etmək
azadlığı kimi qavrayırlar. Bəzən
deyirlər ki, ölkədə mətbuat azadlığı
yoxdur. Necə yəni yoxdur? Kim istəsə icazəsiz qəzet-jurnal, portal
açır, istədiyini orda yazır və sosial şəbəkələr
vasitəsilə böyük oxucu kütləsinə
çatdıra bilir.
Azad söz və mətbuat azadlığı ölkəmizdə
olmasaydı, məsələn, dövlət məmurlarını
tənqid etmək mümkün olmazdı, 5 min KİV, on minlərlə
internet resursu yarana bilməzdi.
Əslində, ictimai fiqurlara və ya yüksək
rütbəli hökumət məmurlarına qarşı tənqidin
hədləri demokratik jurnalistika kriteriyalarına görə o
qədər genişdir ki, bəzi hallarda təhqirlər və
ya özəl yaşama müdaxilə belə əsaslandırıla
bilər. Avropa məhkəməsinin presedentləri bunu
göstərir. Lakin bu demək deyil ki,
media mənsubları bundan sui-istifadə etməlidirlər.
Ən azı peşə etikası və cəmiyyətdə
buna qarşı yarana biləcək mənfi rəy göz
önünə alınmalıdır.
Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi
cibdə daşınır. Bəziləri
hansısa cinayət əməllərinə görə
ifşa edilərək həbs ediləndə bütün
dünyaya həşir çəkirlər ki, "məni
jurnalist olduğuma görə həbs ediblər".
Hətta, iri məbləğdə rüşvət
aldığı yerdə yaxalanan "jurnalist"lərin həmkarları
tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət
üçün çox mənfi bir nümunədir. Əslində,
belə "jurnalist"lərə qarşı mübarizəni
ilk növbədə elə həmkarları - biz
özümüz aparmalıyıq. Bəs
vətəndaş və ya məmur? Onlar
niyə belə quldur "jurnalist"ə rüşvət
verməyə məcbur olmalıdır?
Təbii ki, qərəz, böhtanla yanaşı, bəzi
məmurların cinayət və qanunpozma halları da
olmamış deyil. Belə hallar haqda fakt əldə edən
"jurnalist"lərə (bəzi hallarda qəzetlər)
müəyyən məbləğ müqabilində
susmağı təklif edirlər. Bu
faktların ictimailəşməməsi naminə tərəflər
arasında bazarlıq baş tutur. Vətəndaşlar
isə, bəzən öz problemlərini həll etdirmək
üçün bəzi "jurnalist"lərə
rüşvət verir və problemi ictimailəşdirirlər.
Bu kimi hallar bəzi sahələrdə məmur-vətəndaş
münasibətlərinin arzuolunan səviyyədə
olmaması, dövlətin bəzi icra strukturlarında şəffaflıqla
bağlı şübhələrin varlığı
üzündən yaşanır".
E.Bayramlı onu da qeyd edib ki, ölkədə müxtəlif
sahələrdə böyük inkişaf tendensiyası ilə
yanaşı, problemlərin də varlığı heç
kimə sirr deyil. Bu problemlər ən ali dövlət
kürsülərindən belə etiraf olunur. Lakin
dövlət və iqtidaryönlü qəzetlərə
baxdıqda hansısa problemin, nöqsanın ortaya
qoyulduğunu nadir hallarda görmək olur. İndi minlərlə azad media vasitəsi, nəzarət
olunması mümkün olmayan internet resursları, sosial şəbəkələr
var, insanlar onsuz da baş verənlərdən xəbər
tutur. Dövlət və iqtidaryönlü
mətbuat problemləri göstərməyəndə sadəcə
onlara inam azalır. Ölkədə nöqsanlara və
qanun pozuntularına qarşı güclü mübarizənin
aparılması mətbuatın "4-cü hakimiyyət"
srutusunu təsdiq etmək üçün ideal imkandır,
çünki medianın yardımı olmadan bu proses öz hədəflərinə
çata bilməz.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 7 mart.- S.11.