Azərbaycan teatrının 141 yaşı tarixin güzgüsündə

 

M.F.Axundzadənin "Lənkəran xanının vəziri” komediyası 10 mart 1873-cü ildə oynanılıb

 

Martın 10-da Azərbaycan milli teatrının yaranmasından 141 il ötür. Bu dövrdə milli teatrımız xeyli inkişaf edib. Hər bir xalq ilk növbədə özünün mədəniyyəti, incəsənəti ilə tanınır. İncəsənət xalqın dünyaya, həyata, özünə ciddi baxışının nəticəsi kimi meydana çıxır. Tanınmış teatrşünas, professor İlham Rəhimlinin fikrincə, Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi. "Sayaçı", "Yuğlama", "Yel baba", "Cütçü şumu", "Kəvsəc", "Kosa-kosa", "Qaravəlli" və bu kimi xalq mərasim və oyunları milli xalq teatrımızın inkişaf mərhələlərini təminatlandırıb. Haqqında söhbət gedən oyunların zəminində xalq dramları yaranıb. Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyrin şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib. Orta əsrlərdə Azərbaycanda "Şəbih" tamaşaları geniş intişar tapıb. Araşdırmaçı daha sonra hesab edir ki, Azərbaycan milli xalq teatrında müxtəlif maskalardan istifadə edilib. Bunların da arasında ən məşhurları "keçəl", "kosa" və "keçi"dir: "Xalq oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına, başqa sözlə rejissoruna, şəbihgərdan deyilib. Daha çox komediya, məsxərə, məzhəkə, satira əsasında hazırlanan xalq tamaşaları və faciə janrlı şəbih tamaşaları bütövlükdə meydan teatrı adlanır. Meydan teatrının öz estetikası, öz ifadə vasitələri, öz forma orijinallığı, bütövlükdə bənzərsiz poetika özəllikləri var. Elə poetika göstəriciləri ki, həmin sənət amilləri çağdaş Azərbaycan peşəkar milli teatrının təşəkkülündə, inkişafında və formalaşmasında əsaslı rol oynayıb".

Araşdırmaçı bildirir ki, XIX yüzilin 40-50-ci illərində Azərbaycanın Şuşa və Şamaxı şəhərlərində teatr binaları tikilib. Həmin binalarda müxtəlif müsamirələr

keçirilib. Ancaq təəssüflər olsun ki, bu teatr binalarında göstərilən tamaşalar barədə əldə heç bir tarixi sənəd (məsələn, afişa, elan, tamaşa proqramı və sairə)

yoxdur: "Məhz buna görə də tarixi fakt-sənədə əsaslanaraq milli peşəkar (professional) teatrımızın təşəkkül tarixini 10 mart 1873-cü ildən götürürük. Qafqazın XIX yüzildə siyasi və mədəniyyət mərkəzlərindən sayılan Tiflisdə

yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi. Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850-1852-ci illərdə "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Müsyö

Jordan və dərviş Məstəli şah", "Hacı Qara", "Xırs Quldurbasan", 1855-ci ildə "Mürafiə vəkilləri" komediyalarını yazıb oxuculara təqdim etmişdi. "Təmsilat"

adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü... dillərinə tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Bakı Realnı məktəbin müəllimi, görkəmli maarifpərvər, Azərbaycanda ilk

mətbu orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsən bəy Zərdabi öz şagirdləri Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlov Goraninin rəhbərliyi ilə tamaşa hazırladılar və Novruz bayramında "Nəciblər" klubunda göstərdilər. Tamaşa Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası idi və 10 mart 1873-cü ildə oynanıldı. Ona görə də milli peşəkar teatrımızın tarixi həmin gündən hesablanır. Bir müddət sonra aprelin 17-də həmin dəstə dramaturqun "Hacı Qara" komediyasını da oynadı. Bunun ardınca Tiflisdə (1873), Qubada (1875), Şəkidə (1879), Şuşada (1883), Naxçıvanda (1883), İrəvanda (1882) teatr həvəskarları, yəni yerli ziyalılar və məktəb şagirdləri tamaşalar hazırlayıb göstərirdilər".

XX yüzilin lap əvvəllərində Əbdürrəhim bəy Haqverdiyev Bakıya gəlir, bütün teatr həvəskarlarını bir dəstədə birləşdirir və ilk milli baş rejissor funksiyasını üzərinə götürərək Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun və özünün pyeslərini tamaşaya hazırlayır, 4 ildən çox teatr prosesinə rəhbərlik edir: "Artıq bu illərdə dünya dramaturgiyası nümunələri də tərcümə edilib milli səhnəmizdə oynanılırdı. 1901-1919-cu illərdə Bakıda "Müsəlman (Azərbaycan - İ.R.) dram artistləri", "Nicat" və "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələri, "Həmiyyət" truppası, müəyyən fasilələrlə "Nəşri-maarif", "İttihad" cəmiyyətinin teatr həvəskarları, "Müsəlman artistləri ittifaqı", "Zülfüqar bəy və Üzeyir bəy

Hacıbəyov qardaşlarının müdiriyyəti" truppaları fəaliyyət göstəriblər. Həmin truppalara baş rejissorluğu əsasən Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Cahangir

Zeynalov, Üzeyir Hacıbəyov, Abbasmirzə Şərifzadə ediblər.

1919-cu ildə Azərbaycan Demokratik Respublikası (Cümhuriyyəti) bütün truppaları birləşdirərək "Hökumət Teatrosu" yaratdı. Bəzi afişalarda adı "Dövlət

Teatrosu" kimi də yazılan kollektiv ilk tamaşasını 24 oktyabr 1919-cu ilə göstərdi. Bu tamaşa Müsavat Partiyasının liderlərindən sayılan İsa bəy Aşurbəylinin

"Azərbay - Can" dramı idi. Həmin kollektiv dram, opera və operetta tamaşaları göstərirdi. 1920-ci ilin mayında kollektiv Müstəqil Azərbaycan Hökumətinin Teatr Truppası adlandı. 1922-ci ildə Bakıdakı bütün teatrlar (rus, gürcü,

yəhudi...) birləşdirildi və ona Birləşmiş Dövlət Teatrı adı verildi. 1924-cü ildən 1933-cü ilə qədər teatr "Dövlət Türk Akademik Dram Teatrosu", "Türk Bədaye Teatrosu", 1959-cu ildən kollektiv Azərbaycan Dövlət Akademik Dram Teatrı adlandı. 1991-ci ildən isə sənət ocağı Akademik Milli Dram Teatrı kimi fəaliyyətdədir".

Teatrla bağlı düşüncələr adamı yaradıcılıq tələbinə ciddi baxmağa vadar edir. Yəni əsəri yazan da, səhnələşdirən də, aktyor da insanilik tələbinə uyğun yaşamalıdır ki, tamaşaçı sözün əsl mənasında tərbiyələnsin. Çağdaş teatrlarımızda düşündürücülük amili qoy bir an da olsun, azalmasın.

Özümüzə, halımıza ciddi münasibət üstə köklənmədən gecə-gündüz beynimizi, ürəyimizi, ruhumuzu oyan suallara köklü cavab tapa bilməyəcəyik. Əsrlərdir ki, bəşəriyyət insanlıq qaydalarından, əxlaqdan, mənəviyyatdan gecə-gündüz danışır. Bu mövzuda saysız-hesabsız dram əsərləri yazılıb, səhnələşdirilib. Bu əsərlərdə insanın haqq, həqiqət, ədalət, insanlıq uğrunda döyüşü təbii hesab edilir. Ancaq kimsə real olaraq bu insani tələblər uğrunda mübarizə aparırsa, ona hamı dəli kimi baxır, hərəkətlərini istehza ilə qarşılayır. Əgər bəşəriyyət minillər ərzində mübarizə apardığı antiinsani cəhətləri insanlararası münasibətlərdən silmək istəmirsə, o zaman bugünkü gərgin vəziyyət sabah dəfələrlə çox olacaq, artacaq. Sözün əsil mənasında insanlara nəyə gülmək, necə gülmək dərsi öyrədilməlidir.

Teatr yenə də missiyasını davam etdirməlidir. Ötən yüzildə Azərbaycan dramaturgiyasının Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi nümayəndələri yetişdi. Mirzə Cəlil dramaturji yöndə yaradıcılığında da özünəməxsus idi. Hər bir dram əsərində cildlərlə kitabın deyə bilmədiyini deyə bilirdi. Bu, Mirzə Cəlilin böyüklüyü, az sözlə çox fikir ifadə edə bilməsi demək idi. Ümumiyyətlə, zamanımız elədir ki, hazırda özünəməxsus söz demək çətinləşib. Hər halda insanın yaradıcı imkanları genişdir. Baxır kim o imkanları necə aşkara çıxarır. Mizə Cəlil sözün böyük mənasında xalqdan gəlirdi, həyatdakı eybəcərliklərlə barışa bilmirdi. Onun yazdıqları uzun müddət millətimiz üçün aktuallığını saxlayacaq. Təəssüf ki, biz həmişə daha çox dərdi təsvir etməyə meylli olmuşuq, bu səbəbdən də dərdimiz ölməyib, ancaq dərdlilərimiz ölüb gediblər.

Bu gün də dünyada Şekspirin əsərləri teatrların repertuarından düşmür. Səbəbi onun əsərlərində insanın daxilini əsir edən naqisliklərə - ağalığa, hakimiyyətçiliyə, xəbisliyə, qısqanclığa, lovğalığa, xudbinliyə, şöhrətpərəstliyə qarşı döyüşün özünəməxsus, bənzərsiz şəkildə ifadə olunmasıdır. İnsan müəyyən bir ağıl səviyyəsində özünün kim olduğunu çox gözəl bilir. Lakin həmişə insanın öz nöqsanlarını etiraf etməsi problem olub. Tarixin çox dönəmlərində ağlı və iradəsilə dünyanı dəhşətə gətirən fatehlər, bənzərsiz təb sahibləri bəzən adi nöqsanın, hətta səhvin güdazına gediblər. Düşünəndə ki, bəşərin faciələrinin kökündə əslində insanın öz daxili dünyası ilə bacarmaması, onu xeyrin tələbinə uyğun səviyyədə qurmaması durur; o zaman Şekspirlə həmfikir, həmdərd olmaya bilmirsən. İnsan dünyaya insaniliyini təsdiq etmək üçün gəlib. Bəzən onun ömrü boyu özünü ifadə etmək istəyi sanki "Sizif əməyi" demək olur. Bir də görürsən, insan məhv olur, özündən heç bir nişanə qoya bilmir. Şekspirin əsərlərində insan faciələrinin əlvan çeşidləri sıralanır, insana heç vaxt yaddan çıxmayacaq ibrət dərsi verir. İnsan anlayır ki, əgər dünyada sözün əsl mənasında ədalətin, həqiqətin bərqərar olmasını istəyirsə, ilk növbədə özü ilə bacarmalı, yəni insaniliyin tələbinə uyğun yaşamalıdır. Azərbaycan teatrı yeni, tükənməz imkanlarını ardıcıl olaraq aşkarlamalıdır. Bu, həmişəlik varolma demək olar.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 8 mart.- S.14.