8 Mart xanım
jurnalistlərin gözü
ilə
Ülviyyə Sabirqızı: "Elə bir hədiyyə
gözləyirəm ki,
məni təəccübləndirsin”
Səidə İbrahimli: "Hər
bir xanım bu gündə diqqət, qayğı, sevgi gözləyir”
Gülnaz
Qənbərli: "Qadın
üçün bu bayramda sevildiyini bilmək daha önəmlidir”
Kişilər nə qədər Martın 8-nə etiraz etsələr də bu qadınların əziz günü olaraq qalır. Doğulandan ölənə
kimi zəhmətdən
bir addım kənara çəkilməyən
Azərbaycan qadınının
günüdür bu gün. Klara Setkin azərbaycanlı
olmasa da fikirləri, ideyaları, haqq uğrunda mübarizə əzmkarlığı
ilə Azərbaycan qadınına yad deyil. Bu gün
müharibə zamanı
qətlə yetirilən,
eləcə də günahkar kürsünün
daimi sakini olan onlarla Azərbaycan
qadınını müdafiə
edəcək yerli Klara Setkinə ehtiyac var.
8 Mart Azərbaycan xanımının
şüuraltı olsa
da doğmalarından,
ətrafındakı insanlardan
bir diqqət gözlədiyi gündür. Bəs daim iş başında
olan Azərbaycanın
xanım jurnalistlərinin
bu günə olan gözləntiləri nədir? Ümumiyyətlə, 8 Martla bağlı
hər hansı xatirələri varmı?
Gün.az saytının əməkdaşı
Ülviyyə Sabirqızı
bu gün heyrətlənmək arzusundadır:
"Doğmalarımdan elə
bir hədiyyə gözləyirəm ki, məni təəccübləndirsin.
Yaxşı menada heyrətlənə
bilim. Mütləq
o hədiyyənin yanında
ağ liliya
çiçəyi də
olmalıdır. Mənim
üçün ən
maraqlı xatirə hər il
8 martda çalışdığım
media orqanında biz xanım
jurnalistlərin əks
cinsin nümayəndələrinin
diqqətindən kənarda
qalmamağımızdır. İstər əvəllər işlədiyim
radio, qəzet, saytlarda,
istərsə də, indi çalışdığım
Gün.az informasiya saytında
redaksiyamızın kişiləri
tərəfindən sürprizlə
qarşılaşmışıq. Bu xatirələr mənim üçün çox əziz və silinməzdir".
Müstəqil jurnalist Fərəh
Sabirqızı 8 Martı
çox gözəl bir xatirə ilə yadda saxlayır: "Hər dəfə 8 mart gələndə,
bir hadisəni xatırlayıram. Nişanlı vaxtı 8 Mart günü görüşə çıxmışdıq.
Nişanlım xeyli gecikirdi,
artıq əsəbiləşirdim,
yanımda da tanımadığım bir
yaşlı qadın məni müşahidə
edirdi. Xeyli sonra nişanlım əlində çox böyük dəstə güllə gəldi, dedi ki, gül
mağazasında növbə
olduğundan gecikib. Bu
vaxt qadın özünü saxlaya bilmədi: "Yaxşıdır
qızım, gözləməyinə
dəyərdi". İndi isə
bu bayrama o qədər də ciddi önəm vermirəm, xüsusi gözləntilərim də
yoxdur. Özüm isə yaxınlarıma
simvolik hədiyyələr
alıram. Axı
hədiyyə qəbul
etmək hər kəsin xoşuna gəlir..."
Kanal M5 İnternet Televizyasının
əməkdaşı Səidə
İbrahimli 8 martda uşaq vaxtı ona hədiyyə edilən gəlinciyi xatırlayır: "8 Mart qadınların
səbrsizliklə gözlədikləri
bayramlardan biridir. Hər bir xanım bu gündə diqqət, qayğı, sevgi gözləyir. Axı həmin gün məhz onların günüdür. Mən də
həmin gün çalışıram ki,
ən yaxınımdakı
qadınları təbrik
edim. Gözlədiyim hədiyyə isə
çoxdur. Məsələn, ən sevdiyim ətir, maraqlı bir kitab, çiçək
və sairə. 8 martla bağlı
maraqlı xatirəm isə uşaq ikən qardaşımın
aldığı gəlincik
olub. Çünki ilk 8 mart hədiyyəm idi. Azərbaycan qadınları hər
bir şeyin ən gözəlinə layiqdirlər. Sizin vasitənizlə
bütün Azərbaycan
xanımlarını təbrik
edir və qadın səadəti, xoşbəxtliyi arzulayıram".
Eyni televizayanın digər xanım əməkdaşı
Günel Mehdi həmişə 8 martda çoxlu hədiyyə aldığını deyir:
"Bu gün beynəlxalq
qadınlar günüdür.
8 Mart əslində fəhlə
qadınların daha yaxşı iş şəraiti tələbi
ilə başladığı
hüquqi mübarizə
olsa da, bu gün bütün
dünya qadınları
bunu bayram kimi qeyd edir.
8 Mart qadınlar bayramı mənim üçün həmişə
hədiyyələrlə yadda
qalır. Bu vaxta qədər çox hədiyyələr
almışam. Hədiyyələr içərisində ən
çox sevdiyim isə ətir və güldür. Ən yadda qalanı isə məktəb illərində keçirdiyim
8 mart bayramıdır. Sinifdə qızlar oğlanlardan çox olduğuna görə ancaq bizə tort alırdılar.
Bu ənənə hər
il davam
edirdi. Biz də
zarafatla deyirdik ki, pulunuz çox
çıxmasın deyə
hədiyyə yerinə
tort alırsınız, hələ
üstəlik özünüz
də yeyirsiniz. Əlbəttə ki, bütün
bunlar zarafatla deyilən sözlər idi. Əsas diqqətdir. Mən arzu edərdim ki, qadınlarımız nəinki 8 Mart günü,
həmçinin ilin bütün gününü
diqqət və qayğıdan məhrum olmasınlar. Bütün qadın
jurnalist həmkarlarımın
simasında xanımları
səmimi qəlbdən
təbrik edirəm.
Bayramınız mübarək, əziz
qadınlar!"
"Mövqe" qəzetinin xanım yazarı Zülfiyyə Quliyeva deyir ki, onun
üçün əsas
həmin günü göstərilən diqqətdir:
"8 martda hədiyyəni
hər bir qadın gözləyir. 8 martda həmişə
birinci məni qardaşım təbrik edir, bir dəstə
nərgizgülü ilə.
Yoldaşım isə hədiyyəni
axşama ancaq gətirib çıxarır.
Onun hədiyyələri
hər il
fərqli olur. Ötən il
gül buketi ilə məni təbrik etmişdi. Amma əvvəllər hədiyyələrim
daha bahalı olurdu. Bu il
söz verib ki, bu ənənəni
davam etdirəcək. Sürprizin nə olduğunu oğlum mənə xəbər verib. Eşitdiyimə görə bu
8 martda hədiyyəm
üzərində 8 rəqəmini
əks etdirən klonla sepdi. Oğlum deyir ki, bu
hədiyyəni 3-ü, yəni
oğlanlarımla yoldaşım
birgə alıb.
Ona görə də üçlüyün hədiyyəsi
olaraq mənə verəcəklər. Hər halda
Nihad belə deyir. Ona görə də
sabahı səbirsizliklə
gözləyirəm. Amma 8 martda
həmişə məni
ailəmdən də əvvəl dostlarım, tədbirlərinə qatıldığım
qurumlar təbrik edir. Ona görə də
hədiyyələrimi ayın
7-dən almağa başlayıram.
Hər halda hədiyyənin böyük-kiçik olmasının
fərqi yoxdur. Əsas diqqətdir. Yetər ki o
hədiyyə ürəkdən verilsin. Diqqət
göstərən hər kəsə təşəkkürlər".
"Qafqazinfo"nun
xanım əməkdaşı Günel Əbilova onun
üçün hədiyyənin önəm
daşımadığını bildirir: "Düzü, mənim
üçün bayram anlayışı bir az fərqlidir və
hədiyyə böyük önəm daşımır. Hətta yoldaşıma belə deyirəm ki, 8 Mart
bizim özəl günümüz deyil. Ona
görə də özünü əziyyətə salma.
Bu gün əslində o qadınların bayramıdır ki, il boyu diqqət görmürlər və bu
gün qarşı tərəfdən qayğı, nəvaziş
və sevgi gözləyirlər. Bu məqam da
düzü, məni çox üzür. İlboyu
əziyyət çəkən ana, qadın, həyat
yoldaşı ildə bir dəfə həyatında olan
kişilərdən sadəcə onların gününü
xatırlamasını istəyir. Təəssüf
ki, bəziləri bu gündən də səmərəli
istifadə edə bilmir. Mən isə bu
gün sadəcə anamı sevindirmək istəyirəm".
Ən
sirli, ən maraqlı və ən romantik hədiyyəni isə
müstəqil jurnalist Gülnaz Qənbərli alır: "8
mart Beynəlxalq Qadınlar Gününü bayram olaraq
hansı qadın desə ki, onun üçün əhəmiyyətsizdir,
inanmayın. Qadınlar doğum günündən daha
çox, məhz, bu gün həyatlarındakı kişi tayfasından hədiyyə gözləyirlər.
Atadan, qardaşdan, oğuldan, ərdən və
sevgilisindən. Amma bunların
hamısı bir arada çətin ki, olsun. Hər
qadına elə cəmi bir kişidən hədiyyə gəlsə,
yenə dünyalar onun olacaq... Bu hədiyyə istər
bahalı parfüm, brend saat, qiymətli daş-qaş və ya
çiçək belə ola bilər...
Sevən qadın üçün məhz bu bayramda diqqətdə
olduğu, unudulmadığı, sevildiyini bilmək önəmlidir...
Həyatımda heç hədiyyə
almadığım günlər də olub, hədiyyə
yağışına tutulduğum da. Amma unudulmaz hədiyyələr də
var onların arasında... Gül-çiçəyə
olan həvəsimi bildiyindən atam mənə dibçək
çiçəkləri hədiyyə edərdi. Dünya mənim olardı, dibçəklərimin
sayı artanda. Əvəzində atam məndən
onun əvəzinə anama bəlağətlə şer
söyləməyimi xahiş edərdi. Oğlum
Mətin ağlı kəsəndən öz əlləriylə
hazırladığı hədiyyələri
bağışlayır. Bu hədiyyələr
əsasən müxtəlif komponentlərdən
hazırlanmış şamdanlar, badələr və ya sadəcə
çiçək rəsmləridir. Deyir
ki, sənə əsil hədiyyəni pul qazananda alacağam.
Bu il isə yenə mənim
üçün molbertdə nəsə çəkir, yəqin
bir dəstə çiçək olacaq. Amma
sevgilisinə hədiyyə almaq üçün həm pulu, həm
də məsləhəti məndən alıb. Həyatımda qeyri-adi formada hədiyyələr
almışam. Amma ən yadda qalan qardaşım kimi
hörmət bəslədiyim, tanınmış vəkil Elmar
Süleymanovun ötən il etdiyi hədiyyə
idi. Ötən bayram çox xəstəydim, bir az da ümidsiz... Baldızım gəldi
ki, qospitallardan birinə müayinəyə gedək. Həkim qohumlarımızdan biri müayinə edəcəkdi.
Heç vaxt unutmaram. Ayna
Sultanovanın heykəlinin yanına çatmışdıq
ki, zəng gəldi. Elmar idi, təbriksiz salamlaşıb
dedi ki, "hardasınız, sizə gəlmişəm, amma
yoxsunuz..." Dedim yoldayıq. Dedi ki hardasınızsa
maşını orada saxlayıb dayananın, məni gözləyin...
Dediyi kimi də etdik. Qospitala
çatmamış maşını əylədik və
gözlədik. Az sonra qarşıdan
Elmarın maşını gəlib çıxdı. Küçədə hər kəs bizə
baxırdı. Maşınlar eyni vaxtda
dayandı. Biz maşından düşdük... Bir dəstə
gül və hədiyyə... Haaaa.... dünya mənim
idi, əhvalım düzəldi. Təbrik
etdi, sonra isə maşınlar işə əks istiqamətlərə
yola düşdü. Baxdıq ki, tıxac
yaranıb. Amma bu küçə
tıxaclıq yer deyildi, axı. Demə,
hamıya maraqlı gəldiyindən atomobilləri saxlayaraq,
dayanıb baxırmışlar. Müayinəyə
getdik, şükür hər şey gözlədiyimizdən
yaxşıydı... Bəlkə də baş
verən qeyri-adi təbrik bu yaxşılığa rəvac
vermişdi, bilmirəm. Amma ailə
dostumuzun bu jestini fasebook səhifəmdə paylaşdım.
Ən qeyri-məchul hədiyyəni isə
artıq 8 ildir ki, tanımadığım birindən
alıram. Nəfis bükülmüş
qutunun içində bir dəstə dağ bənövşəsi.
Hər il xüsusi daşıma şirkətindən
zəng edib harada olduğumu soruşur, sonra isə hədiyyəni
gətirib təqdim edirlər. İndiyədək
də mənim ən sevimli çiçəyimi belə əziz
gündə hədiyyə edənin kimliyini bilmirəm. Mənim üçün bu hədiyyə Mister X-in
alicənablığıdır, vəssalam. Başqa
heç kimdən hədiyyə gözləmirəm... Ən
çox sevdiyim hədiyyə isə səmimi təbrikdir...
Ekspress qəzetinin
yazar xanımı İradə Cəlil deyir ki, onun
üçün bayram günü hədiyyə əvəzinə
ürəkdən gələn səmimi təbrik belə yetərlidir:
"Mən ən çox ətirləri sevirəm. Bir az qəribə xasiyyətim var. Bayramdan öncə
yada salıram ki, baxın mən duxunu sevirəm. Yaxın dostlarım artıq bunu bilir. 8 Martla bağlı xüsusi xatirəm yoxdur.
Amma yadımdadır ki, altı il öncə
8 Mart günü xoşagəlməz hadisə yaşandı. Belə ki, həmin gün mən hədiyyə, təbrik
gözlədiyim halda quru sözlə də olsa yada
salınmadım və həmin gün bərbad bir gün
keçirdim. Amma bu 8 marta sevdiyim
insanların bir kəlmə sözü belə məni
xoşbəxt edə bilər. Hədiyyə
önəmlidir, amma olmasa adi sözə də qane olan insanam.
Mənim üçün mehribanlıq, səmimilik,
qayğı və sevgi dediyim hədiyyələrdən önəmli
və dəyərlidir. Amma bəzən
olur ki, heç quru sözlə də yada
salınmırıq".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 8 mart.- S.13.