107 yaşlı Almas İldırım

 

Almas İldırım Göy gölə oxşayan gölün sahilində oturar, əsir düşmüş yurdunu xatırlayarmış

 

Bu ay tanınmış şair Almas İldırımın anadan olmasından 107 il ötür. O, gəncliyində repressiyalara, təqiblərə tuş gəlmişdi. Ədəbiyyat İncəsənət Arxivinin direktoru, Almas İldırımın həyat yaradıcılığının tanınmış araşdırıcısı Maarif Teymur bildirir ki, Almas İldırımın şəxsiyyəti, dəyişməzliyi onun yaradıcılığı ilə həmahənglik təşkil edir.

Şair 1907-ci ildə anadan olub. Çox gənc yaşlarından ədəbiyyata meylli idi. Azərbaycanda milli dövlətin qurulması, ədəbiyyatın, incəsənətin sırf milli yöndə inkişafı onun yeniyetmə duyğularına son dərəcə ciddi təsir edib. Azərbaycan bolşeviklər tərəfindən istila olunanda artıq onun həyata, dünyaya, yurda ciddi münasibəti formalaşmağa başlamışdı. 20-30-cu illərdə bolşevizm ideologiyasının Azərbaycanda hər cür zorakı üsullarla bərqərar olması onun gənc ömründə izsiz ötüşmədi. Almas İldırımı daim Vətəninin düşdüyü vəziyyət düşündürürdü.

Şair 1932-ci ildə ailə qurur. Həyat yoldaşı Zivər xanımın atası əslən Şamaxından idi. Almas İladırım gənc yaşlarında bütün Orta Asiyanı gəzir. Bu dövr onun dünyagörüşü artıq formalaşmışdı. 30-cu illərdə imzası Aşqabadda da tanınır. Aşıqlar onun şeirlərini toy şənliklərində oxuyurdular. Artıq Almas İldırım görür ki, izlənmələrdən qurtulmaq mümkün deyil, İrana mühacirət etməyə qərar verir. Ailəsi ilə bir yerdə gizli şəkildə ticarət karvanına qoşulub İrana yol alan Almas İldırım 3 aylıq cocuğunu da özü ilə aparır. İrana keçərkən həbs edilir. A.İldırımın xəfiyyə olduğunu zənn edirlər. 25 gün həbsdə qalır. Uzun müddət suda qalmaq onun sonradan böyrək xəstəliyi tapmasına səbəb olur. Bir müddətdən sonra onun xəfiyyə olmadığı məlum olur, həbsdən buraxılır. Bir az Məşhəddə yaşayandan sonra A.İldırım Türkiyəyə gedir, Elazığ şəhərində yaşamağa başlayır. Uzun müddət davam edən can ağrıları onun gənc ömrünə ciddi şəkildə təsir edir. Böyrək xəstəliyindən əzab çəkən A.İldırım 1952-ci ildə 45 yaşında Malatyada vəfat edir.

M.Teymur şairin irsini araşdırmasının tarixindən danışır: "Ötən yüzilin 80-ci illərinin sonunda mərhum profesor Abbas Zamanov məsləhət gördü ki, Almas İldırımın həyat yaradıclığını araşdırım. O zaman Almas İldırımla bağlı əlimizdə çox az soraqlar var idi. Bu sənədlərdən biri 1925-ci ildə A.İldırımın Bakı darülfunununda təhsil alması ilə bağlı idi. Azərbaycan bolşeviklər tərəfindən işğal edilənə qədər Almas İldırımın ailəsi imkanlı olması ilə tanınırdı. Vaxtilə Bakının Qala kəndində yaşayan ailəsi sonradan Çəmbərəkəndə köçübmüş. Hətta babasının atasının 300 başa qədər iri buynuzlu mal-qarası var imiş. Həm ticarətlə məşğul olan atası babası bolşeviklərin gəlişindən sonra əllərində olan bütün mal-mülkü dövlətə təhvil verirlər ki, onları sürgün etməsinlər. A.İldırımın ailənin böyük oğlu olub. 1925-ci ilə aid Almas İldırımın avtoqrafı olan bir sənəd əldə etdim. 1989-90-cı illərdə uzun axtarışlardan sonra Almas İldırımın xeyli həcmdə şeirlərini toplamağa müvəffəq oldum. Azərbaycan müstəqillik qazanan ərəfədə ondan sonrakı mərhələdə Almas İldırım barəsində mətbuatda, radio-televiziyada bilgilər verilməyə başlandı. Bu, soydaşlarımızın onun haqqında təəssüratının formalaşmasına səbəb oldu. 1994-cü ildə onun şeirlərindən ibarət "Qara dastan" adlı kitabı işıq üzü gördü. Həmçinin Almas İldırımın gəzdiyi, yaşadığı yerlərdə axtarışlar apardım, yeni şeirlərini tapmağa müvəffəq oldum. Almas İldırımın jurnalistlik fəaliyyəti geniş şəkildə araşdırılmalıdır. Təəssüf ki, Milli Kitabxanada ötən yüzilin 20-ci illərinə aid mətbuat nümunələrinin hamısı saxlanılmır. qədər çətin olsa da, o dövrdə Almas İldırımın mətbuatda çap olunan əsərlərini toplamağa müvəffəq oldum. Onun folklor toplayıcılığı da diqqətə layiqdir. Türkiyədə yaşadığı dövrdə Azərbaycan bayatılarını böyük bir sayğı ilə, həvəslə toplaması dediklərimizə sübutdur. Topladığı bayatıların sayı 100-dən çoxdur. Bu bayatılar 1943 1947-ci illərdə İstanbulda "Azərbaycan nəğmələri" adı altında nəşr olunub. Hazırda arxivimizdə Almas İldırımın adına fəaliyyət göstərən 666 saylı fond şairin adıyla bağlı sənədlərlə zəngindir. Türkiyədə A.İldırımın yaradıcılığını tədqiq edən Ənvər Xoca adlı bir araşdırmaçı ilə görüşdüm. O, şairin elmi tərcümeyi-halını bizim araşdırmalarımız əsasında hazırlayıb. Türkiyədə olarkən şairin 7 yeni şeirini tapdıq. Elazığ şəhərində Almas İldırımın imzasını gözəl tanıyırlar. Mənə şairin vaxtilə yaşadığı evi də göstərdilər. Orada bizim Göy gölə oxşayan, ancaq balaca bir göl var. Danışırlar ki, Almas İldırım bu gölün sahilində tez-tez oturar, əsir düşmüş yurdunu xatırlayarmış. Hazırda Türkiyənin həmin bölgəsində hər il Almas İldırımın xatirəsinə həsr olunmuş "Xəzər axşamları" uluslararası şeir yarışmaları təşkil olunur. Azərbaycandan da ora iştirakçılar dəvət olunur, bu yarışmada iştirak edirlər. Almas İldırım 18 ilə yaxın bu şəhərdə yaşayıb. Sonradan Malatyaya gedib, bir neçə ay yaşadıqdan sonra orada vəfat edib. Almas İldırım Türkiyədə hüquq kontorunda çalışır, həm də müəllimlik edirmiş. Bütün çətinliklərə baxmayaraq şairlik aqibətindən əl çəkməyib. Bu müddətdə Azərbaycanı bir an da olsun unutmayıb, yurdumuzun vəziyyəti ilə daim maraqlanıb. Şair 40-cı illərə qədər Azərbaycanda yaşayan bacısı Sona xanımla ardıcıl olaraq məktublaşıb. İkinci Cahan Savaşından SSRİ-nin qalib çıxması imperiyanın yenidən "dəmir pərdə"ni gücləndirməsi ilə nəticələnir. Bununla da Almas İldırımın daim həsrətini çəkdiyi Azərbaycanla əlaqələri qapanır. 80-ci illərin ortalarında professor Abbas Zamanov Yavuz Akpınara məktub yazır, ondan Almas İldırım haqqında məlumat verməsini xahiş edir. Hazırda A.Zamanovun məktubları onun öz adına olan fondda saxlanılır. Almas İldırımla bağlı araşdırmalar 1989-cu ildən başlayaraq intensivləşib. Onun yaradıcılığında qəriblik, qürbət mövzusu xüsusi yer tutur. Onun xəmiri vətənə sevgi ilə yoğrulmuşdu". Almas İldırım tərəddüd etmədən aqibətinin dalınca getdi, heç zaman sovet ideologiyasına yarınmadı, sovet quruluşuna bir şeir belə həsr etmədi. 1936-cı ildə o, məşhur "Əsir Azərbaycanım" şeirini yazdı. 50 misralıq "Qara dastan" özündə böyük bir tarixi yaşadır: "Qəriblikdə yaşaması Almas İldırımın bədbinliyini yaratmadı, əksinə, nikbinliyini daha da artırdı. Bu gün Almas İldırımın yaradıcılığından soraqlar orta məktəblərin "Ədəbiyyat" dərsliklərinə daxil edilib. Tanınmış bəstəkar Eldar Mansurov Almas İldırımın bəzi şeirlərinə mahnı bəstələyib".

İllər öncə Bakıda olarkən Almas İldırımın böyük oğlu Azər Almasın atası haqqında dedikləri yadımdadır: "Ömrümün ilk 18 ilini atamın üzünə baxmaqla üzüldüm. Bu gün onun xatirəsinin böyük bir sevgi ilə yad olunmasından qürur duyuram. Şairlik bir qismətdir ki, atam onu ləyaqətlə yaşadı. Türk həmişə müstəqilliyini hər şeydən uca tutub. Atam bütün ömrü boyu müstəqilliyimiz uğrunda vuruşdu. Mən üç aylıq qundaqda olarkən atam ailəsi ilə birgə Azərbaycandan didərgin düşüb. Bu hadisə 1933-cü ildə baş verib. İranda sərhəddə atamın başına böyük müsibətlər gətiriblər. Sonradan atam Türkiyəyə keçib. Uşaqlığım 5-6 yaşımdan üzü bəri yadıma gəlir. Elazığda böyüdüm. Bu, mənim Almas İldırımlı günlərim idi. Ağlım kəsəndən, gözümü dünyana gen açandan ailəmizdə yalnız "Azərbaycan" kəlməsini eşitdim. Atam mənə Türkiyənin xəritəsindən əvvəl Azərbaycanın xəritəsini göstərdi və öyrətdi. Atamın bütün dərdi-səri Azərbaycanla bağlı idi. O, vətənini, millətini sevən kişilərdən idi. Atamı ailə qayğıları bütün çətinliklərə rəğmən o qədər də düşündürməzdi, nəinki gecə-gündüz Azərbaycanın taleyini düşünürdü. Atam dövlət törəni ilə torpağa gömüldü. İllər uzunu böyrəklərinin bərk soyuqlaması nəticəsində yaranan fəsadlardan əzab çəkirdi. İran sərhəddində atam 20 gün boğaza kimi soyuq suyun içərisində saxlanılmışdı. O vaxtdan Almas İldırımın can sağlığında ciddi problemlər yaranmışdı. Mən 8 yaşında ikən öz otağında Azərbaycan köşəsi yaratmışdı. Yadımdadır, bütün məktəbyaşlı şagirdləri gətirər, Azərbaycanın xəritəsini onlara göstərər, "Azərbaycan buradır" deyə onlara başa salardı. Əlləri ilə bezin üstündə xəritə cızmışdı. Anam onun cızqılarını tikmişdi. Bakıya son gəlişimdə həmin xəritəni Əlyazmalar İnstitutuna təqdim etdim. Atam həmin xəritəni "Əsir Azərbaycanım" adlandırırdı. Xəritənin üzərində Azərbaycanın şəhərlərinin adları yazılmışdı. Həmin xəritəni bütünlüklə əzbərləmişdim".

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 12 mart.- S.14.