Molla nəsrəddinçilərin tənqidi
yazıları
Mirzə Cəlil: "Millətin cəhalət
girdabından çıxması üçün bütün
ölkədə maarif işi yüksək səviyyədə
inkişaf etdirilməlidir”
Məmməd Əmin Rəsulzadə "Molla Nəsrəddin" jurnalı haqqında dövri mətbuatda yazırdı: "Hürriyyətin, hürrəndişligin məbədi, şübhəsiz ki, xürəfatın, əbatiligin bütxanəsi yerində tikilməli idi. Buna görə birincisinin tikilməsi ikincinin yıxılmasına bağlı idi. Bu vəzifəyi kim görəcəkdi? "Təlxək" Molla Nəsrəddin? Təxrib vəzifəsini "Molla Nəsrəddin" kamali-müvəffəqiyyətlə görüyordu. O yakıcı, yıkıcı istehzasını köhnəligi təmsil edən nərsə və kimsələrdən əsirgəmiyordu. Ən qüvvətli hücumunu gözübağlı təəssübə, fikir və təsəvvürdəki əsarət və təhəmmülsüzligə tövciyə ediyordu. Ölü fikirlər, ölgün məişətlər onun diri xəndələrinə məruz qalaraq intibah qəhqəhələri doğuruyordu. O ağlanacaq hallara gülüyordu. Güldürərək ağladıyordu. O, hətta ağlamağa da gülüyordu. Çünki ağlaya-ağlaya yaman günlərə qaldığımızı yaxşıca dərk etmişdi. İran təsiri ilə Azərbaycan türklərinin həyati-mənəviyyəsi haman il boyu ağlamaqdan ibarət olub qalmışdır. "Çox gülən çox ağlayar" - deyərlər. Fəqət, "çox ağlayan çox gülər" deyilsə də, doğru çıxar".
Mirzə Cəlil jurnal haqqında təvazökarcasına belə deyirdi: "Molla Nəsrəddin" mənin əziz yoldaşlarımın əsərlərinin məcmuəsidir ki, mən də onların ağsaqqalıyam". 1921-ci il "Molla Nəsrəddin" jurnalında dərc olunan "Millət" adlı məqaləsində Mirzə Cəlil belə vətənpərvərlərin fikrini ümumiləşdirərək ürək ağrısı ilə xalqının yatmış siyasi şüuruna təbil çalır, dünya xalqlarının istiqlal mübarizəsində dərs alaraq millətini özünə bir gün ağlamağa çağırırdı: "O yerdə ki, lüğət kitabında gərək yazılarda "millət", orada "millət" əvəzinə yazılıb "şəxsi", o yerdə ki, söz düşüncə gərək millət sözü danışıla orada "əsxaz" ləfzi istemal olunur... Firəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadxahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi: onların sayəsində biz də yüngülvari hərəkətə gəldik". Göründüyü kimi, qeyrət yanğısından süzülüb, ağıl süzgəcindən keçən dərdlərin, problemlərin yolu böyük ideoloq tərəfindən ustalıqla göstərilirdi. "Hər şeydən əvvəl millətin cəhalət girdabından çıxması üçün bütün ölkədə maarif işi yüksək səviyyədə inkişaf etdirilməlidir. "Maarif" cəhalət və avamlığın üzərinə öz ziyasını bərqərar edərsə, qısa bir zamanda bütün millət bunun xeyrini görər..." Millətin sivil inkişafı onun təhsil və maarif işini düzgün və yüksək səviyyədə qurmasından aslıdır.
"Molla Nəsrəddin" var olduqca elm uğrunda mübarizə apardı. 1930-cu ildə "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlil yazırdı: "Məni bir qisim uşaqların fikri almışdır. O da saqqallı uşaqlardır. Mən saqqalı uşaqlar o şəxslərə deyirəm ki, 30-40 yaşa çatıblar adlarını yazmağa acizdilər. Xülasə, bu bisavad yoldaşlar özlərini gülünc bir halətdə buraxırlar. Mən qoca Molla Nəsrəddin əminin nəsihətini eşitsələr ciddi, bu saat, bu dəqiqə və bu saniyənin içində əllərinə kitab, qələm alıb balaca uşaqlar kimi savad əxz eləməyə başlayarlar... Beləliklə, onlar həm məmləkətə xidmət eləməyə qabil olarlar, həm özlərini gülünc halətdən çıxararlar". "Molla Nəsrəddin"in ziyalı və qeyri-ziyalıya da, kiçik sənət və peşə sahiblərinə də, evdar qadına da arzuladığı birinci nəsihət ilk növbədə ağıl və idrakı qeyrətlə birləşdirmək, biganəlikdən uzaq durmaq tövsiyəsidir. Çox qısa və yığcam fikirləri karikaturalarında "Molla Nəsrəddin" jurnalının müxtəlif ideyalı məsələlərə həyacanlı münasibəti də məhz milli təəssübkeşlik və milli qeyrət hissi aşılayırdı. "Qarabağ və Zəngəzur ağaları", "Səxavətli ağalar" və ya "vurunuz peysərindən, qovunuz bu iti həyətdən, axmaq yalandan deyir acam", "Milləti biçarənin dərdini çəkməkdən əriyib çöpə döndüm ay Allah!" replikalı əsərləri dərin məna və təhlil yükünə malik tarixi əsərlər idi. Mirzə Cəlilin XX əsrin əvvəllərində toxunduğu ümum-milli problemlər Azərbaycan xalqının taleyinə məsul olan rəhbərlərin unutqanlığı səbəbindən sonralar da dəfələrlə təkrar olunmuşdur. "Molla Nəsrədin"də təsvir olunan bir rəsmdə torpağı alınan, evindən, yurdundan didərgin düşmüş cavan qadın iki körpəsi ilə süfrə başında yeyib-içən, başqa millətin qadını ilə əylənən harın kişilərə əl çalıb dilənir. "Kişi" bir əli ilə millətin dilənən didərgininə biədəb işarə göstərir, o biri ilə birgə əyləndikləri qadına yüzlük uzadır". Beləcə, "Molla Nəsrəddin" deyirdi ki, milli dərdlərin üstündə laqeyidlik, biganəlik əyləşəndə faciə baş verir, uduzan isə xalq və Vətən olur. Jurnalın ətrafında bir ziyalı ordusu toplanmışdı. Burada yerli ziyalılarla yanaşı əcnəbi ziyalıların da zəhmətini qeyd etmək lazımdır. Məsələn, Oskar Şmerlinqin və ya İosif Potterin Azərbaycan mətbuatı və maarifinə xidmətlərini heç bir dəyər ölçüsü ilə ölçmək olmaz. Ədəbi əlaqələrin şəxsi dostluq zəminində yüksək şəkildə inkişaf etməsindən idi ki, Oskar çox vaxt "Molla Nəsrəddin" üçün karikaturaları pulsuz və ya nisyə çəkərdi. 1926-ci ildə yazdığı "Xatiratım" adlı memuarında Mirzə Cəlil Şmerlinq haqqında söyləyirdi: "Bizim birinci işimiz və vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti (azərbaycançılıq) idi. Və birinci növbədə əziz və nadir vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxti qara Şərqin yatmış millətinin qəflət yuxusunun öz ustadanə fırçası ilə təsvir etsin və isəvi tarixinin 1906-cı ildə aprel ayının 7-dən səhneyi intişara qoyulan birinci "Mola Nəsrəddin"in baş səhifəsində şirin yuxuda yatan millətlərin təsviri həmin təsvirdir ki, valığı bizim üçün ən qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onun həmin tarixdə yaratdı".
Mirzə Cəlil müxtəlif mədəniyyətlərin
və məfkurəvi cərəyanların qovuşduğu bir
zamanda bütün ziyalı nəslə örnək olaraq
mühafizəkarlıq və novatorluq keyfiyyətlərinin
inkişaf etdirməyin mədəni irsə, ictimai tərəqqiyə
dahiyanə yanaşmağın, Azərbaycan dilinə
böyük sevginin, dilin inkişafına böyük xidmətinin
hamı üçün müqəddəs nümunəsini
müəyyənləşdirmişdir. O, özünün
1908-ci ildə yazdığı "Dil" məqaləsində
qeyd edirdi ki, "Cənab Molla Nəsrəddin" mən bilirəm
ki, şəxs gərək öz dilində danışsın
və öz dilində yazsın. Amma mən müsəlman
hürufatı ilə yazı-pozu eləməyi dəxil bilmərrə
tərgitdim və buna ikifa eləməyib evladıma da nəsihət
edəcəyəm ki, müsəlman dili üçün təzə
bir xurafat icad olunmayınca müsəlmanca bir kəlmə
söz də yazılmasın". Arxiv sənədlərinə
görə müəyyən olunub ki, jurnalın 1907-ci ildə
bağlanmasına səbəb heç də Cəlil Məmmədquluzadənin
Zaqafqaziya şeyxül-islamı Pişnamazzadəyə
qadın azadlığı barədə yazdığı və
ruhaniləri və müsəlman fanatiklərini hiddətləndirmiş
olan iki açıq məktubu deyil, Osmanlı dövlətinin
Tiflisdəki baş konsulu Feyzi bəyin hərəkətləri
olmuşdur. İş burasındadır ki, Feyzi bəy
"Molla Nəsrəddin" jurnalının Sultan hökuməti
barədə karikaturalarının yerləşdirilmiş
olduğu 4 sayını götürüb, 1907-ci ilin
martında şəxsən Qafqaz Sərdarı yanında
Rusiya XİN təmsilçisi olan məmurun qəbuluna gəlmişdir.
Konsul xahiş edir: Sərdara (namestnik) məruzə edilsin ki,
"Osmanlı və Rusiya arasında dostluq münasibətləri
səbəbincə jurnala bu sayaq karikaturaları dərc etməsini
yasaqlamaq barədə vəsatət qaldırır. Müvafiq
məruzəni alan namestnik Tiflisin müvəqqəti
general-qubernatoruna gərəkən tədbirləri görməyi
tapşırır. O da öz növbəsində Cəlil Məmmədquluzadəni
yanına çağıraraq Sultanın
karikaturalarının dərcini dayandırmağı təklif
edir. Lakin karikaturalar dərc edilməkdə idi, bu səbəbdən
Osmanlı məmurları jurnalı sərhəddən ölkəyə
buraxmırlar. Elə hallar olub ki, İran Məclisinin
(parlament) bütöv bir iclası "Molla Nəsrəddin"
jurnalında dərc edilən materiallara həsr olunmuşdur.
Rusiyanın Tehran səfirinin Peterburqa təliqələrində
bu barədə söz gedir. Mirzə Cəlilin xanımı Həmidə
xanım Cavanşir xatirələrində yazırdı:
"Mirzə Cəlil həmişə deyərdi ki,
uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnib
ölərlər. Amma buna maddi imkan çatmırdı. Ona
görə də, həyəcanlanır, əsəb
keçirirdi. Gedib kömək istəməyə də razı
deyildi. Düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər.
Biz heç odun da ala bilmirdik. Bir dekabr axşamı qar
qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil
oğlanlarının otağına girdi və oradan
çıxarkən: "Çox soyuqdur, bu soyuqda
başlarına bir şey girməz, gərək sobanı
qalayaq" - dedi. Öz otağına gedib şkafı
açdı, əlyazmalarını çıxartdı.
Onları bir-bir gözdən keçirib yerə atırdı.
Mən narahat oldum, soruşdum ki, nə etmək istəyirsən?
Dedi sobanı qalamaq istəyirəm. Xahiş etdim ki, əlyazmalarını
yandırmasın, gərək ola bilərlər. Ondansa taxta
bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə
mümkünsə hamısını
yandırmışıq. Mən ürək ağrısı
ilə onun əli ilə yazdığı səhifələri
qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə
baxırdım. Hiss
edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o,
çox əsəbi idi. Nəhayət, sobanın
ağzını bağladı, yenidən
oğlanlarının otağına getdi və qayıdıb:
"Soba istidir" - dedi. O, məmnun idi və arxayın
yıxılıb yatdı".
Mirzə
Cəlil "Molla Nəsrəddin"i başlayanda nəinki
10-15, hətta 100 il sonranı aydınca görürdü.
Böyük ustadın yazdıqları bəlkə 500 il sonra
da dünyaya gələcək millətimizin övladları
üçün aktual olacaq. Bu həqiqətən də belədir
və vaxtilə "Molla Nəsrəddin"in
vuruşduğu nöqsanların içərisində xalq bu
gün də boğulur. Mirzə Cəlili və "Molla Nəsrəddin"i
bu gün yaşadan nədir? Dediklərinin,
yazdıqlarının bir əsr sonra da aktual olması! Ustad elə
bir köklü məsələdən yapışıb ki,
xalqın nadanlıqdan insanlığa, yalandan həqiqətə,
qorxudan cəsarətə, naqislikdən kamilliyə, ədalətsizlikdən
ədalətə, həqarətdən ləyaqətə,
pislikdən yaxşılığa gedib çatacağı
günə qədər dediklərinin ona gərək
olacağını düşünüb. Bu, xalqın ruhən
içəridən dəyişməsi məsələsidir.
Onun böyüklüyünün də başlıca cəhəti
bundan ibarətdir. Deməli, Mirzə Cəlilin, M.Ə.Sabirin,
ümumiyyətlə, molla nəsrəddinçilərin vaxtilə
yazdıqları ona görə aktualdır ki, millətimizin
içində köklü dəyişmə baş verməyib:
yüz il qabaq necə idisə, indi də elədir. Yüz il
öncə olduğu kimi, indi də ağıllı söz
eşitməyib it boğuşdurmağa, xoruz
döyüşdürməyə, fal açdırmağa, min
cür mənasız və axmaq iş dalınca gedənlərin
sayı aqillərin, millət üçün gərəkli
adamların sayından çoxdur. Bu günü görən
Mirzə Cəlil deyirdi: "Ey mənim yüz il sonra
dünyada yaşayacaq millətim! Əgər bir gün
haradansa "Molla Nəsrəddin"in saralmış və
cırılmış vərəqləri əlinə
keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi
fikirləşmə".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 12 mart.- S.13.