Azərbaycan fəlsəfi
fikrinin intibahı
Təbiətşünaslıq
elmlərinin, təhsil, ədəbiyyat, memarlıq, musiqi,
musiqi nəzəriyyəsinin yüksəlişi ölkənin
fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi
idi
Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrlər
özünəməxsus mərhələ olub. Bu dövrdə
artıq fəlsəfi fikrin təməl cərəyanları
formalaşıb, ölkədə fəlsəfənin
sonrakı inkişafı xristian və İslam mədəniyyətləri
məcrasında davam edib. Eramızın I əsrindən
Şimali Azərbaycanda (Albaniyada) mövcud olan
xristianlığın artıq IV əsrdə dövlət
dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı
və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi
arealı və bilavasitə Qüdslə bağlanır.
Alban fəlsəfəsi haqqında müəyyən
məlumatı Musa Kalankatuklunun "Albanların tarixi" əsəri
verir. Burada həm də Albaniyada qnostisizm fəlsəfəsi
və dualizm təmayüllü çoxsaylı bidətçi
ideoloji cərəyanlar və onların nümayəndələrinin
olması, onların Aluenin baş kilsəsi tərəfindən
lənətləndirilməsi, Nerses Bakurun və
"filosofların şöhrəti" kimi tanınan yepiskop
Karin Teodorosun erməni katolikosu Eliya tərəfindən təqibi,
Nerses Bakurun zəngin kitabxanasının çayda
batırılması və onun xəlifə Əbdülməlikin
əmri ilə edama məhkum edilməsi haqqında məlumat
verilir. Həmin mənbədə alban şairi Dəvdəkin
Cavanşirin ölümünə yazdığı ortodoksal
xristianlıqdan fərqli, hikməti tərənnüm edən
və yunan mifologiyası ilə bağlı elegiyası
haqqında məlumat verilir. Bu dövrlərdə
həmçinin alban ilahiyyatçı-filosofları
Sünikli Petros (VI əsr) və Sünikli Petros (VIII əsr) yaşayıb
yaratmışlar. Sünikli Stepanos Davidin
"Fəlsəfənin tərifi" və Porfirinin
"Giriş" əsərlərinə yazdığı
şərhlərlə tanınır.
Alban mədəni abidələrinin, əlyazmaları
kitabxanalarının dəfələrlə erməni
katolikosatının təşəbbüsü ilə siyasi
maraqlar naminə qəsdən məhv edilməsi (suda
batırılması, yandırılması) faktı
hazırda alban fəlsəfi əsərlərinin Ermənistan,
Gürcüstan və Qüdsün monastır
kitabxanalarında axtarılmasına əsas verir.
Folklor və Orta əsr yazılı abidələri həmin
dövrdə Azərbaycanda türkdilli etnosun bütpərəstliklə
yanaşı, şamanlığa və vahid Göy Tanrıya
inamı haqqında məlumatlar verir. Qədim və erkən orta əsr Azərbaycan
türklərinin sosial-mədəni həyatı və
xüsusən dili, dini, əxlaqi norma və
dəyərləri haqqında nisbətən geniş, obyektiv
təsəvvür yaradan abidə və əsasən Azərbaycan
reallığını əks edən türk
xalqlarının müştərək eposu "Kitabi-Dədə
Qorqud"dur.
VII-X əsrlərdə
Azərbaycana İslam dininin gəlməsi və möhkəmlənməsi,
və ölkənin İslam mədəni bölgəsinə
fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu
dövrdə inkişafının islam dini
ilə çoxçalarlı əlaqələrinə imkan
yaratdı. Zaman keçdikcə ölkəyə
Quranın zahiri və batini şərhinə əsaslanan
İslam mədəni bölgəsinin çoxsaylı ideoloji
cərəyanları da daxil olur və burada Azərbaycan
mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini
tapırlar. Müxtəlif cərəyanların
nümayəndələri nəzəri-fəlsəfi
mövqelərini Quran ayələri ilə əsaslandırmağa
cəhd göstərirdilər. Bu meyil regionda
yayılmış mötəzililik, ismaililik, sufilik və s. cərəyanlar
üçün səciyyəvi olmuşdu. Quranda
və çoxsaylı İslam ideoloji cərəyanlarında əsas
problem Xaliq (Allah) və məxluq münasibətidir. Bu münasibətin şərhindən asılı
olaraq müxtəlif təlimlərin fəlsəfi baxımdan
idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü
müəyyən edilirdi. Qeyri-ortodoksal cərəyanlar
Allahın Quranda həqiqət kimi təqdimini, onun canlı
olması, vəchi haqqında, insanın Allaha qayıtması
və Onunla görüşməsi, astral hadisələrə,
idraka münasibət, İlahi nur, təqdir, cəza, Allah
qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri
ehtiva edən surələrin ezoterik şərhini verir, bir
sıra hallarda məntiq və dövrün elmi və fəlsəfi
fikrinə müvafiq, ortodoksal yönümdən fərqli,
panteistik vəhdət əl-vücud fəlsəfəsini
yayır və nəticədə Azərbaycanda İslam
bölgəsi mənəvi-mədəni məkanının
ziddiyyətlərlə dolu ideologiyasını inkişaf
etdirirdilər.
VII-VIII əsrlərdə ilahiyyat fəlsəfəsi
inkişaf etməyə başlayır. İslamın
fəlsəfi şərhi ilahiyyatçıların
birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq həmin vəzifənin icrası
prosesində fikir ayrılıqları da olurdu. O dövrdə
Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn
Harun Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn
İmran Səlmasi və başqaları məşhur idilər.
Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən
mötəzili cərəyanının Azərbaycanda görkəmli
nümayəndələri isə IX əsrdə
yaşamış məşhur alim və ilahiyyatçılar
Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd
ibn Ömər ibn Abdulla Bərdəi, Əbusəid Əhməd
Bərdəi və başqaları idi. Bu
dövrdə İslam mədəni bölgəsində Şərq
və qədim yunan fəlsəfəsinə, xüsusən
neoplatonizmə əsaslanaraq idealizmlə panteizmi özündə
birləşdirən özünəməxsus batinilik fəlsəfəsi
mövcud idi. Bu fəlsəfi təlimi Azərbaycan
filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim
Əli ibn Cəfər və başqaları yayırdılar.
VIII-X əsrlərdə İslam bölgəsində, o cümlədən
Azərbaycanda daxilən ziddiyyətli, lakin əksər hallarda
fəlsəfi dünyagörüşündə panteizm, sosial
baxışlarında demokratizm, etik görüşlərində
humanizm və varlığa dialektik yanaşma ilə fərqlənən
mistik ismaililik və sufilik sosiomədəni cərəyanları
ilk inkişaf dövrlərini keçirirdilər. Sufiliyin fəlsəfi
dünyagörüşünün əsasında fəlsəfi
kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və
irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini
bu dövrdə Əbü-l Fərəc Əbü-l Vahid
Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn
Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil
edirdi. Orta əsr mənbələrində ideya
kökləri qədim Şərq və yunan fəlsəfəsinə
aparan ismaililiyin İslamı inkar edərək zərdüştiliyin
bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda yayılması
haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və
başqaları məlumat verirlər. Mənbələrə
görə ismaililik fəlsəfəsi təbiət elmlərinin
nailiyyətləri və "İxvan əs-Səfa"
ensiklopediyasının yaranması ilə bağlıdır.
Bu ensiklopediyanın ideoloqu azərbaycanlı alim
və filosof Əbü-l-Həsən Əli Harun oğlu Zəncani
idi.
VIII-X əsrlərdə ölkənin sosial və mədəni
həyatında xristianlığa qarşı yönəlmiş
Pavlikianlıq bidəti və İslamı tamamilə inkar edən
Xürrəmi-Babəki ideologiyaları mövcud idi. İki dünya dininə və
eyni zamanda sosial zülmə qarşı yönəlmiş
Pavlikianlıq və Xürrəmi-Babəki
ideologiyalarının fəlsəfi və sosial
görüşlərinin təməl prinsipləri Azərbaycanın
Qədim dövr ideoloji cərəyanları zərvanilik, zərdüştilik,
manilik və məzdəkiliyin fəlsəfi və sosial
ideyalarından qaynaqlanırdı. Xeyir-Şər,
işıq-zülmət başlanğıclarının vəhdət
və mübarizəsi, insanın mistik kamilləşməsi
yolu və Allahın insanda təcəssümü haqqında
ideyalar həmin cərəyanların dualizm səciyyəli
dünyagörüşünün əsas prinsiplərini təşkil
edirdi. Sonradan Pavlikian və Xürrəmi-Babəki
ideologiyalarının özləri də xristian və
İslam mənəvi-mədəni ideologiyaları
üçün qaynağa çevrildilər.
Şamanizm,
zərdüştilik, qədim yunan, xristian və İslam mədəni
bölgələrinin fəlsəfi ənənələrini
özündə sintezləşdirərək inkişaf etdirən
VII-X əsrlər Azərbaycan fəlsəfəsi XI-XIII əsrlərdə
həm Azərbaycan mədəniyyətinin İntibahına, həm
də bütövlükdə İslam bölgəsi mənəvi
mədəniyyətinin, o cümlədən fəlsəfəsinin
İntibahına zəmin yaradan qaynaqlardan olub və sonrakı
dövrlərdə bu mədəniyyətlərin fəal
üzvi hissəsi kimi tanınmaqda davam edib. Digər tərəfdən
XI-XII əsrlərdə ölkənin iqtisadi (feodal münasibətlərin
inkişafı, pul rentasının yayılması, iqtisadi cəhətdən
yüksək inkişaf etmiş iri şəhərlərin
mövcudluğu), siyasi (müstəqil Şirvanşahlar,
Şəddadilər, Rəvvadilər dövlətlərinin
yaranması, Ön Asiya və Şərqin digər bölgələri
ilə müxtəlif növ əlaqələr), sosial (daxili və
xarici sosial zülmə qarşı arasıkəsilməz
mübarizə, Beyləqanda 1110-cu ildə xalq hakimiyyətinin
yaranması) və mənəvi-mədəni (ərəb və
fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi
dil kimi qəbulu) sahələrində vəziyyət və
onun unikal mənəvi-mədəni irsi, başqa sözlə,
ölkədaxili potensial imkanlar Azərbaycanda İntibahın
baş verməsinə şərait yaradırdı. Azərbaycan və bütövlükdə İslam
Şərqi fəlsəfəsində İntibah yerli fəlsəfi
irsin qədim yunan fəlsəfi irsi ilə sintezi əsasında
inkişaf edərək, sonradan Qərb və Şərq fəlsəfəsinin
inkişafı üçün zəmin oldu.
Azərbaycan
fəlsəfi fikrinin İntibahı təbiətşünaslıq
elmlərinin, təhsilin, ədəbiyyat, memarlıq, musiqi,
musiqi nəzəriyyəsi və s. mənəvi mədəniyyət
sahələrinin yüksəlişi və ölkənin
dünya fəlsəfi təlimlərini bəhrələndirən
fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi
idi.
XI-XII əsrlərdə
Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin
ənənələrini yunan-Roma fəlsəfi fikri ilə
sintezləşdirən və fəlsəfi fikir istiqaməti
kimi orijinallığı ilə fərqlənən Şərq
peripatetizmi, işraqilik , sufilik və s. cərəyanların
fəlsəfi ideyalarını əks etdirən xüsusi risalələrdə,
təfsir, teoloji və teosofiya məzmunlu əsərlərdə
və fəlsəfi poeziyada əksini tapmışdı. Sonralar Şərqin klassik irsinə daxil olan bu əsərlərin
meydana gəlməsi fəlsəfi fikrin müxtəlif sahələrini
təmsil edən mütəfəkkir və alimlərin tədqiqat
obyektlərinin geniş diapazonu və dövrün ensiklopedik
biliklərinə yiyələnməsi sayəsində
mümkün olmuşdu. Bu mütəfəkkirlərdən
biri Şərq peripatetizminin görkəmli nümayəndələrindən
olan Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban
Azərbaycani idi. O, müxtəlif elm sahələri, mədəniyyət
və fəlsəfə problemlərini ehtiva edən
"Mövcudatın mərtəbələri",
"Metafizika elminə dair" traktatın, "Təhsil",
"Məntiqə dair zinət", "Nəfslərin fərqi",
"Musiqi haqqında kitab", "Gözəllik və səadət"
və s. əsərlərin müəllifidir. Bəhmənyar
Azərbaycani əsərlərində dialektik yanaşma
metoduna və dünya nizamının qanunauyğunluğuna
istinad edərək varlıq, onun mühüm və
mümkün mövcudluq formaları, substansiya, aksidensiya,
substansiyanın aksidensiyaya görə ilkinliyi, ilk
başlanğıc, daimi ilk materiya, forma, ilk səbəb,
imkan, həqiqət, emosiya və nəfsin növləri və
substansionallığı, hərəkətin əbədiliyi,
hiss, əql, Xeyir, Şər, mənəviyyat və s.
dünyagörüşü problemlərindən bəhs edir.
Xeyir və Şərin kamillik və dünyanın nizamı
ilə bağlılığı və s. məsələlərin
şərhində onun mövqeyi orijinal səciyyə
daşıyırdı. Bəhmənyar
özünün rasionalizmi ilə fərqlənən fəlsəfəsində
idrak prosesində xarici və daxili hisslərin rolu və
insanın əqli imkanlarının sonsuzluğu
ideyalarını təhlil edir.
Zümrüd
Quluzadə,
fəlsəfə
elmləri doktoru
Xalq Cəbhəsi.-
2014.- 13 mart.- S.14.