Ailədaxili münaqişələr
Psixoloq Elnur Rüstəmov:
"Gənclərin evlənmədən əvvəl gözləntiləri
olur, amma ailə qurduqdan sonra vəziyyət
tamamilə dəyişir”
Ramil Nəcəfli: "Münaqişələrin
yaranmasında kişilərin işsizliyi,
qadının cəmiyyətdəki rolunun
artması böyük rol
oynayır”
İndiyə qədər ailələrdə, o cümlədən azərbaycanlı ailələrində əməyin ənənəvi bölgüsü aparılıb. Ər pul qazanır - arvad təsərrüfatla məşğul olur, ya da kişiyə kişi işi, qadına qadın işi tapılır. Kişilər bir çox hallarda etiraf edirlər ki, ev işləri və uşaqların tərbiyəsi ilə qadınlara nisbətən əhəmiyyətli dərəcədə az məşğul olurlar. Bu da öz növbəsində, ailədə gərginlik, münaqişələr yaradır. Ailə münaqişələri ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80-85 faizində münaqişələr, qalan 15-20 faizində isə müxtəlif səbəblərdən hərc-mərclik baş verir. Ailə münaqişələri - bir-birinə qarşı qoyulmuş meyllər və görüşlərin toqquşması əsasında ailə üzvləri arasında olan münaqişələr deməkdir. Onların belə münaqişələrin qarşısının alınması və həll edilməsi zamanı nəzərə alınması vacibdir. Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onlardan əhəmiyyətlisi:
- ailə üzvlərinin fəallığının, özünüifadə etməsi azadlığının məhdudlaşdırılması;
- ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması (alkoqolizm, narkomaniya və b.);
- əks maraqların, meyllərin mövcudluğu, ailə üzvlərindən birinin tələbatlarının ödənilməsi imkanlarının məhdudluğu (onun özünün nöqteyi-nəzərindən);
- bütünlükdə ailədə qarşılıqlı münasibətlərin avtoritar, sərt tipi.
- çətin həll edilən maddi problemlərin mövcudluğu;
- ər-arvad münasibətlərinə
qohumların avtoritar qarışması;
- nigahda partnyorların
seksual disharmoniyası
və s.
Kişi qadını cilovlamağı
özünə vəzifə
bildiyi ailədə mütləq sıxıntıda
olacaq. Keçmişdə bu sayaq ailə rabitələrinin
nümunəsi çox
olub. Həmin ailələrdə kişi ailənin himayəçisi kimi yox, zalım hakim kimi tanınıb. Belə bir kişi üçün
arvad-uşaq bir qul kimi idi.
İndi də bəzi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə ailələrdə
yalnız qeyd-şərtsiz
itaət əsas dəyər sayılır.
Ailədə kişiyə bu
sayaq hərtərəfli,
korkoranə və qulsayağı itaət mövcud olduqda onu, adətən, patriarxal adlandırırlar.
Qadınla bu sayaq rəftar ilk növbədə
ona sitəmkar baxışdan formalaşır.
Keçmişdə bu münasibət
o qədər sərt
olub ki, hətta qadın özü də özünü dəyərsiz
sayaraq, ər qarşısında hüquqlarını
dərk etməyib.
Qadına ifrat sərt
münasibət "feminizm"
adlı əks cərəyanın yaranmasına
səbəb olub.
Bu isə qadının
kişi ilə tam bərabər olduğunu iddia edən ifrat bir cərəyandır. Qadına münasibətdə təhqiramiz
təsəvvürə malik
olmaq kişinin özünü üstün
sayması ilə nəticələnir və
bu ailə rabitələrinə çox
mənfi təsir göstərir. Mütəxəssislər
bildirir ki, nə qədər ki, bu sayaq
düşüncə tərzi
formalaşmayıb və
kişi qadını özü ilə bərabər mövcud saymır, ailə münasibətləri
tənzimlənməyəcək. Bu sayaq düşüncə
tərzi ailə rabitələrinin sağlamlaşdırılması
yolunda kişilərin
atacağı ən zəruri addımdır.
Yalnız bu yolla mərhəmət və sevgiyə nail olmaq mümkündür. Əgər qadınla kişi arasındakı
rabitələr ədalət
və bərabərliyə
əsaslansa, tərəflərdən
biri o birinə həqarətlə baxmasa,
onlar aram bir həyat sürəcək. Bu o demək
deyil ki, ailədə iş bölgüsü olmasın
və hər kəs öz fitri və təbii
xüsusiyyətlərinə uyğun məsuliyyət daşımasın. Uyğun düşüncə
tərzi kişinin ailədə müdiriyyət
məsuliyyətini azaltmır.
Qadınla kişi
arasında rabitənin
əsasını anlaşma,
qarşılıqlı ehtiram,
bir sözlə, yoldaşlıq təşkil
edir. Aydın məsələdir ki, yoldaşlıq və dostluq münasibətlərində bir
tərəfin özünü
üstün, qarşı
tərəfi əskik
sayması mümkün
deyil. Dostluq varsa, tərəflər arasında qarşılıqlı
ehtiram da var. Bir çox qərb psixoloqları qadınla kişi
arasındakı fərqlərin
siyahısını hazırlayıblar.
Tanınmış Amerika
psixoloqlarından olan
professor Riq qısa bir cümlə ilə uyğun mövzunu belə xülasələşdirir: "Qadın dünyası kişi dünyasından tamamilə fərqlidir".
Yəni bu iki cins
bəzi məqamlarda fərqli düşünürsə,
bunun səbəbi onların fərqli dünyalara malik olmasıdır. Uyğun fərqlər
ikinci dərəcəli
xüsusiyyətlərlə bağlı olduğundan, cinslərin birini o birindən üstün etmir. Allah bu
cinslərdən birinin
o birini tamamlaması üçün onları
incə bir şəkildə fərqli
yaradıb. Bu fərqlər yaranışın
əsrarəngiz sirlərindəndir
və varlıq aləminin idarəsində
hikmət dolu bir iradədən danışır. Hər halda
qadında onu kişidən üstün
edəcək xüsusiyyətlər
var. Kişidə də
ona imtiyaz verən xüsusiyyət
var. Hər bir tərəfin qarşı
tərəfin xüsusiyyətləri
ilə tanışlığı
sağlam rabitələrin
qurulması üçün
zəruridir. Ailə
rabitələrindəki bəzi
ixtilafların səbəbi
budur ki, kişi həyat
yoldaşının onun
kimi düşünməsini
və ona məxsus maraqlara malik olmasını istəyir. Başqa sözlə, kişi
umur ki, həyat yoldaşı qarşıya çıxan
problemlərə onun gözü ilə baxsın. Belə bir istək
isə təbii ki, təmin olunmur. Kişi yaddan çıxarır
ki, qadın xilqət baxımından onunla bərabər olsa da, fərqli
xüsusiyyətlərə malikdir. Qadının
öz baxışı,
meyilləri, həssaslıqları
var. Qadının məsələlərə
münasibəti kişidən
fərqli də ola bilər.
Əgər qarşılıqlı
anlaşma məsələsinə
qadın da kişi kimi
baxarsa, xüsusi ilə ailə həyatının ilk illərində
problemlər qaçılmazdır.
Çünki həmin dövrdə
tərəflərdən heç
biri yetərli təcrübəyə malik
olmur. Əslində onların məsələlərə
fərqli münasibəti
eyni bir giləmeyvəni müxtəlif
millətlərin fərqli
şəkildə adlandırmasıdır.
Yəni problemin əsas səbəbi tərəflərin
bir-birinin dünyasına
yol tapmaması, ayrı-ayrı dildə danışmasıdır. Qadınla kişi
arasındakı fitri və təbii fərqləri nəzərə
almadıqda insanda mənfi təsəvvürlər
yaranır, ərlə
arvad problemlərlə
üzləşir. İnsani münasibətlərdə
fərdlərin bir-birini
tanıması, qarşı
tərəfin baxışlarından
və meyillərindən
xəbərdarlıq mühüm
məsələdir. Bu
məsələdən xəbərdarlıq
mövcud rabitələri
xeyli möhkəmləndirir.
Ailə münasibətlərində də
eyni qayda müşahidə olunur.
Tərəflər təkcə
bir-birlərinin əxlaq,
düşüncə və
şəxsiyyətlə bağlı
xüsusiyyətləri ilə
tanış olmamalı, həm də belə bir həqiqəti qəbul etməlidirlər
ki, qadın və kişi psixoloji baxımdan fərqli varlıqlardır.
Tərəflərin baxışlarındakı uyğunsuzluqlar ailə rabitələrinə əhəmiyyətli
təsir göstərir.
Uyğunusuzluqları nəzərə almaq, mövcud fərdləri tanımaq üçün yetərli
səylər insanın
qarşı tərəfdən
anlaşılmasına səbəb
olur və bir çox problemlər öz həllini tapır. Psixoloq Dəyanət Rzayev ailə daxil münaqişələrin
artmasını buna qarşı tələb olunan həddə profilaktik tədbirinin həyata keçirilməməsi
ilə bağlı olduğunu bidirdi: "Bu haqda maarifləndirmə işi kifayət qədər deyil. Yalnız kütləvi informasiya vasitələri bu
işlə məşğul olur".
Psixoloq
bundan başqa milli mentalitetin də ailədaxili zorakılıqda,
cinayətlərdə müəyyən qədər rolunun
olduğunu deyir: "Ola bilər ki, evlənən iki insan
sonradan yola gedə bilməsin. Bir-birini anlaya bilməsin.
Belə olan halda bəzən problemin həlli
üçün boşanma ən yaxşı yoldur. Amma bizim milli mentalitet də buna yaxşı
baxmır. Boşanma qeyri-adi
qarşılanır və buna mənfi yanaşılır.
Bəlkə də o insanlar boşansa, daha
yaxşı olardı. Amma bədbəxt
hadisə baş verəndən sonra təəssüflənirlər
ki, kaş boşanaydılar. Bu məsələnin
həlli üçün profilaktik tədbirlərlə,
maarifləndirmə ilə xüsusi qurumlar məşğul
olmalıdır? Hüquqşünas İradə
Cavadovanın bildirdiyinə görə bir çox qətllər
ailə münaqişəsi ucbatından baş verir:
"...Bir qadın 5 il ərzində hüquq-mühafizə
orqanlarına müracət edərək bildirib ki, əri tərəfindən
təhqir olunur, ləyaqəti alçaldılır, əri
daim sərxoş olur və onu hər gün döyür. Bu qadın əri tərəfindən döyülməsinə
dözsə də, ərinin uşaqlarını döyməsinə
dözməyib və onu qətlə yetirib. Bu hadisə məişət zorakılığı
zəminində baş vermişdi. Lakin
ortada insan faktoru vardı, qadının ləyaqəti
alçaldılmışdı. İndi isə
onun uşaqlarının ləyaqəti
alçaldılırdı". Ailə
münaqişələri, xüsusilə ər-arvad
münaqişəsi təhlil edilərkən, ailənin
inkişafında böhranlı dövrlərin nəzərə
alınması vacibdir; ilk dövr ailə həyatının
birinci ilində müşahidə edilir (nigahların ümumi
sayının 30%-ini boşanma ehtimalı daşıyır),
ikinci dövr uşaqların anadan olması ilə
bağlıdır, uşağın anadan olması bir
çox ailələr üçün ciddi sınaqdır.
Ər-arvadın onların valideynlərinin görüşlərinin
müxtəlif məsələlərdə
qarşıdurması mümkündür, o cümlədən
uşağın tərbiyəsində, üçüncü
dövr ərarvadın orta yaş dövrünə təsadüf
edir (birgə həyatda 10-15 il olması) bu
dövr hisslərin məhdudluğu ilə xarakterizə edilir;
dördüncü dövr ər-arvadın birgə
yaşayışının 18-24-ci illərindən sonra
yaranır.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə
ailədaxili konfliktlərin baş verməsinin əsas səbəbi
tərəflərin nikaha girməmişdən əvvəl
psixoloji testlərdən keçməməsidir. Bunun nəticəsidir ki, bu
gün ailə münaqişəsi zəmnində baş verən
xoşagəlməz hadisələrin də sayı
artmaqdadır: "Gənclərin evlənmədən əvvəl
gözləntiləri olur. Amma ailə qurduqdan
sonra vəziyyət tamamilə dəyişir. Tərəflər testdən keçməlidirlər.
Bunun üçün gənclərin
qohumları da bu işdə maraqlı olmalıdırlar".
Sosioloq Rəşad Əsgərovun sözlərinə
görə, yaşanan xoşagəlməz hadisələrin
çoxu gənc ailələrdə baş verir. Buna səbəb
son vaxtlar ailə-nikah münasibətlərinin düzgün
qurulmaması, sosial problemlərin çoxalmasıdır.
Gənclərin nikaha qədər
hazırlıqlarının zəif olmasi, ailə
institutları haqqında biliklərin olmaması və ailədə
tərəflərin bir-birinə güzəştə getməmələri
sonda ağır nəticələrə gətirib
çıxarır.
"Çıxış Yolu" Psixoloji Yardım Mərkəzinin rəhbəri, psixoloq Ramil Nəcəfli bildirir ki, kişinin maddi və mənəvi funksiyasının yerinə yetirmə imkanının məhdudlaşması ailə münaqişələrinə yol açır: "Ailədaxili münaqişələrin yaranmasında kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması da böyük rol oynayır. Kişi artıq özünün maddi və mənəvi funksiyasının yerinə yetirə bilməyərək sosial statusunu itirir. Qadın məcburiyyət qarşısında işləyir. Cütlüklərin ailə həyatı qurmazdan öncə bir-birini yaxından tanıya bilməməsi də münaqişələrin yaranmasına səbəb olur. Bunun bir səbəbi də milli mentalitetimizdir. ".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 13 mart.- S.13.