Qədim türklərdə bayram anlayışı
Hər bir xalqın həyatında əlamətdar günlərin qeyd olunması ənənəsi var. Türk xalqlarının da əlamətdar günlərini bildirən anlayışların geniş əhatəli olması belə bir zəngin ənənənin mövcudluğunu göstərməkdədir. Bunların içində "toy", "tuy", "tuyun", "düyün", "şölən", "yəğma" və s. anlayışlarla yanaşı "bayram", "bəyrəm" sözü də işlənməkdədir. Xalqın həyatındakı ən əlamətdar günlərdən biri də bayramlardır. Hər xalqın özünə görə bayram adət və ənənələri olduğu kimi bayram anlayışının da öz dilində mənası var. XI əsrdə Kaşqarlı Mahmud bu sözü "bedhrem" kimi "Divan"ında izah edib və oğuzların onu "bayram" şəklində işlətdiklərini qeyd edib. Kaşqarlının verdiyi izaha görə "bayram əylənmə, gülmə halıdır".
Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi türklərə də dərin təsir edib, həyəcanlandırıb və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olub. Türk sözü olan bayram M.Kaşqarlının "Divan"ında "Bedhrem" (bayram) - "Bir yerin işıqlarla və çiçəklərlə bəzənməsi, orada sevinc içində əylənilməsidir" şəklində izah edilib. Bayram sözünün əski türkcədəki forması olan "bedrem"/"bezrem" heç şübhəsiz ki, "bezemek" felindən olmalıdır. Əskidən də keçirilən bir sıra törənlərdə dekorasiyadan istifadə olunması məlumdur. Törən keçirilən yer bəzədilir və təntənəli vəziyyətə gətirilir. Əskidən də mövcud olan "bəzrəm"lər türk xalqlarının dillərində indi də az dəyişikliklə işlənməkdədir. Məsələn, tatar türklərinin dilində indi də bu söz "bəyrəm" şəklindədir.
Bayram adında zənginləşmək anlamı da var. Bayram yeri çiçəklərlə bəzədilir, çıraq və məşəllərlə işıqlandırılırdı ki, bura ürəyaçan bir yer olsun. Buradakı işıqlandırma qeydinə görə bayramın axşam vaxtı da davam etməsini, çiçəklərlə bəzədilməsi qeydi isə bayramın baharda keçirilməsi ehtimalını irəli sürməyə imkan verir.
Tarixi qeydlərə görə türklərin hunların zamanından bayram və şənlik keçirdikləri məlumdur. Ayrıca olaraq hunlar beşinci ayda, yəni yazda "Lunq-cinğ" adlanan yerdə böyük bir bayram keçirərmişlər. Bu bayramlarda xalq inancları ilə bağlı adətlər yerinə yetirilir, müxtəlif yarışlar təşkil edilir, dini adət olaraq dünyanı yaradan "Gök Tanrı" və müqəddəs sayılan "yer" üçün at qurban edilərdi.
Qurban mərasiminin ardınca cıdır yarışları başlanırmış. Belə yarışlar payız mövsümündə də təkrarlanırmış. Hunlaraın keçirdiyi mərasimlərə bənzər bayram və şənliklərin keçirilməsi Göytürklər dönəmində də rast gəlinir. Belə ki, o dönəmdə türklərin hər il müəyyən zamanda "əcdad mağarasında "atalarına qurban kəsirdilər. Bayram mərasimləri isə beşinci ayın ikinci yarısında "Gök Tenqri" və "ıduk yer, suv" üçün qurban kəsməklə başlanırmış. Qurbandan sonra da kollektiv şəkildə şənlik olurdu. Bu zaman oyun oynar, kımız içər, nəğmələr söyləyərlərmiş.
Araşdırmalarda 450-ci ildə uyğur türklərinin Çinin şimalında böyük bir bayram mərasimi keçirmələri haqqında məlumatlara rast gəlinir. Onların bu bayramda "Gök Tenqri"yə qurban kəsmələri, sonra da nəğmə söyləyərək şənlik etmələri qeyd olunur. 840-cı ildən sonra Tarım hövzəsinə gəlib oturaq həyata keçən uyğurlar Buddizmi qəbul etsələr də, əski ənənələrini unutmamışdılar. X əsrin əvvələrində uyğur kağanını ziyarət edən Çin elçisi Vanq-Yen-Tenin məlumatına görə, uyğurlar üçüncü ayın doqquzunda, yəni martın 9-da bir şənlik keçirirlərmiş. Bu şənliyin əsas əyləncəsinin bir-birilərinin üzərinə su atmaq olduğu göstərilir. Heç şübhəsiz ki, əyləncənin əsas komponenti olan su yağış diləyi ilə bağlı arxaik ritualdan qaynaqlanıb.
Türklərin erkən xalq təqvimləri ili (yılı)
ikiyə bölürdü: yaz və kış. Nisbətən sonrakı
dövrlərin xalq təqvimlərində
isə bu dördə qədər
genişlənir: yaz, yay,
küz, kış. Göründüyü
kimi, yaz yayla, kış isə küzlə şəkillənib.
Təbii ki, bu, ilk növbədə iqlim
şərtləri ilə əlaqəli olub.
Bundan asılı olaraq
mövsüm ikiyə və ya dördə bölünüb.
Bu bölünmənin əlamətləri
özünü "bahar"ın şəkillənməsində,
"ilkbahar" və "sonbahar" anlayışlarının
yaranmasında da göstərir. Azərbaycan
dilində "yaz" və
"payız" sözləri də bir-birilə əlaqəlidir.
Yaza bahar da deyilir. Bu mənada yaz ilk bahar olur. Payız isə sonbahara uyğun gəlir. S.Vurğunun məşhur "Ceyran"
şeirində "Elə
ki, sonbahar ilk büsat qurur" misrasında da işlənib. Payızın hərfi mənası
"pa-e-yaz" birləşməsindən
ibarət olub, "yazın ayağı" deməkdir. Çünki buradakı "pa" farsca ayaq deməkdir.
"Yazın ayağı" yazın
(dördlük modeldə
yayın) sonu və ya sonbahardır.
Təqvim anlayışlarındakı
türk və fars sözlərinin
birgə işlənərək
yeni anlayış yaratması eyni zamanda bu xalqların
çox qədim zamanlardan birgə yaşadıqlarını göstərməkdədir.
Türklər üçün yaz çox önəmli olub və ciddi
həyati əhəmiyyət
daşıyıb. İstər ovçuluq,
istər maldarlıq, istərsə də əkinçiliklə məşğul
olan türklər olsun, o, hər zaman yazı arzulayıb, təbiəti
diri görmək, günəş, istilik, yağış və yaşıllıq istəyib.
Ona görə də türklər ən əski çağlardan yazın gəlişini fövqəladə hadisə
sayıb, təbiətin
bu möcüzəsini
bayramla, şənliklə
və müxtəlif mərasimlərlə qarşılayıb.
Türklər yaza çətin
və uzun qışdan, soyuqdan və məhrumiyyətdən
qurtulub, xilas, rifah və azadlıq
kimi baxırdı.
Yaz bayramına
"Yılbaşı" deyilib. "Yılbaşı"nda
Günəşi çıxartmaq,
yağış yağdırmaq,
qışı yola salmaq, yazı qarşılamaqla bağlı
olan bir sıra rituallar keçirilib. Bunların
içərisində "Çilə",
"Xıdır", "Qodu", "İlaxır
çərşənbə", "Novruz" var. "Novruz"
"Yılbaşı"nın yerinə keçdiyinə
görə xalq inancları ilə bağlı rituallar da onun mərasim
hissəsində cəmlənib,
şənlik hissəsi
isə xalq oyun və tamaşaları
ilə bəzədilib.
İslam dövründə bayram yeni anlayışlarla zənginləşib. Bunların içində bayram
mənalı ərəb
sözü olan "eyd" geniş şəkildə işlənməyə
başlayıb. "Eyd" əvvəlcə dini bayramlara ("Ramazan", "Qurban")
aid edilib, sonra isə ümumiyyətlə,
bayram anlayışını
ifadə edib. Farslar bayrama öz sözləri ilə "cəşn" deyirlər.
Amma onlar da dini
bayramları "çəşn"
yox, "eyd" kimi səciyyələndirirlər.
Burada
"cəşn"in daha
çox şənlik,
əyləncə məzmunu
daşıması və
sakrallıqdan uzaqlaşması
meyli müşahidə
olunur. "Eyd" isə əksinə, özündə
mərasim mühafizəkarlığını
daha çox ehtiva etməsi ilə xarakterizə olunur.
Ağaverdi Xəlil,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.- 14 mart.- S.14.