“Xaricdən gələn rejissor bizə inkişaf öyrədə bilməz”

 

Xalq artisti Azərpaşa Nemət: "Milli Dram Teatrının mənə az ehtiyacı var, çünki onların ehtiyacları başqa şeylərə daha çoxdur”

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətin APA-ya müsahibəsi

- Azərpaşa müəllim, Azərbaycan teatrını keçiddən intibaha aparan yol hələ çox uzanacaq?

- Bizim teatrın çox böyük ənənəsi var. Onun zirvədə yaşadığı vaxtlar da olub, böhran keçirdiyi dövrlər də. Bu gün Azərbaycan teatrında nəsil dəyişməsi prosesi çox güclü gedir. Əlbəttə, hələlik keçid dövrüdür. İntibah mərhələsi bu qədər qısa vaxtda ola bilməz. Teatr haqqında qanun teatrın inkişafını sürətləndirir, gənclərə diqqət daha da artıb, yeni studiyalar yaradılıb, gənc dramaturqlar, rejissorlar beynəlxalq forumlarda çıxış edirlər. Açığını desəm, cavan vaxtı teatrlarda bizə belə şərait yaradılmırdı. Hətta yadıma gəlir, bizim görkəmli teatrşünasımız Cəfər Cəfərov Rusiyada nəşr olunan "Teatr" jurnalına yazdığı məqalədə mənim diplom işim haqqında yazmışdı, adımı çəkmişdi. Amma ad çəkməklə iş aşırmaq olmurdu, bu, teatrların üzümüzə qapı açmağı demək deyildi. Bu gün isə tamam başqa mənzərə var, hamı tamaşa hazırlayır, cavanlar uğurlarını, qüsurlarını görürlər. Biz onlara meydan veririk, öz potensiallarını reallaşdırırlar.

- Yəni demək istəyirsiniz, bu gün Azərpaşa Nemət müəllimi Mehdi Məmmədovla müqayisədə gənclərə daha çox meydan verir?

- Yox, özümü Mehdi Məmmədovla müqayisə etmək istəməzdim. O, mənim müəllimim olub, özümü Mehdi müəllimin yetişdirməsi sayıram. O vaxt biz Akademik Milli Dram Teatrının qarşısından keçməyə qorxurduq. Bu gün isə mənzərə fərqlidir: gənclər Milli Teatr da daxil olmaqla bütün teatrlarda tamaşa hazırlayırlar.

- Nəzərdə tutduğunuz gənc rejissorlardan üç nəfərinin uğurlu tamaşasının adını çəkə bilərsiniz?

- Çəkə bilmərəm, istəmirəm bu, mənim dilimdən çıxsın. Daha doğrusu, bilə-bilə çəkmirəm. Həmin adamların hamısı iddialı gənclərdir, düşünürlər ki, onlardan istedadlısı yoxdur. Gənclər haqqında nə düşünürəmsə, üzlərinə deyirəm. Ola bilsin, məni buna görə sevməsinlər. Məsələn, etiraf edim ki, indiyədək mən bu cür düşünməmişəm. Görünür, bu, gənclikdən irəli gələn iddiadır. Amma mən Əlidən, Vəlidən yaxşı rejissor olduğumu düşünmürəm, əksinə, tamaşalarımı Avropa teatrları ilə müqayisə etmək istəyirəm, miqyası ona yaxınlaşdırmaqda iddialıyam. Tutalım, Gürcüstan teatrı mənə nümunə ola bilməz. Azərbaycan rejissorları xaricdən gəlib tamaşa hazırlayan rejissorlardan zəif deyillər. Əslində xaricdən gələn rejissor bizə inkişaf öyrədə bilməz, nə etsək, özümüz edəcəyik. Keçən əsrin əvvəli deyil ki, gəlib bizə nəyi isə başa salsınlar. Bizim teatr məktəbimiz var, onun üzərində inkişaf etməliyik.

- Siz də dramaturq çatışmazlığı hiss edirsiniz?

- Biz Teatr Xadimləri İttifaqında M.F.Axundovun adını daşıyan dram dərsləri keçirik. Əlbəttə, Azərbaycan teatrında dramaturq problemi, çatışmazlığı olmasaydı, bizim o dərsləri təşkil etməyimizə ehtiyac olmazdı. Biz bu problemin aradan qalxmasına kömək etmək istəyirik və hesab edirik ki, bu, bizim ittifaqın borcudur. Onlar rejissorlarla, dramaturqlarla görüşürlər, məsləhət alırlar. Məsələn, belə də olur: müəllifi çağırırıq, amma sonra uşaqlar narazılıq edirlər ki, biz bu adamdan nə öyrənək, iki sual verən kimi özünü itirir, bilmir nə danışsın.

- İsrafil İsrafilov APA-ya müsahibəsində Hidayətin, Elçin Hüseynbəylinin, Xeyrəddin Qocanın adını çəkib demişdi ki, teatra rəhbər gələndən sonra onların əsərlərini repertuardan çıxardım. Necə hesab edirsiniz, bu müəlliflərin əsərləri repertuarda olmalıdır?

- Vallah, bu məsələləri teatr özü tənzimləyir. Mənim qarışmağa haqqım yoxdur. Milli Dram Teatrı teatr sənətinin aynasıdır. Orda gənclərə şərait yaradılır, tamaşa hazırlayırlar. Düzdür, həmin tamaşalardan həmişə razı qalmıram, amma bir tərəfdən də düşünürəm ki, bu proses olmalıdır. O ki qaldı adını çəkdiyiniz dramaturqlara, məsələn, Elçin Hüseynbəyli məndən də gileylidir ki, əsərlərimi oxumursunuz. Dedim niyə, oxumuşam, amma çox çətinliklə bitirdim.

- Milli Teatrda narazı qaldığınız məsələlər hansıdır?

- Zövq, səhnə tərtibatı köhnədir, müasirlik yoxdur. Bizim teatr rəssamlarımızla bağlı problemlər var. Onların içində bircə xalq rəssamı Nazim Bəykişiyevdir, o da özünü yüz yerə bölə bilməz. Tamaşanın üslubu, obrazı, rəssam işi olmalıdır. Bunlar vaxtilə olub, bu gün belə rəssam işlərini görə bilmirik. Bütün bu məsələlər Milli Teatrın son tamaşalarına da aiddir. Amma bir məsələni də deməliyəm: rejissorların, məsələn, birinci tamaşası ilə üçüncü tamaşası arasında yaxşılığa doğru fərq görürəm. Bu proses Gənc Tamaşaçılar Teatrında da gedir. O teatra yeni baş rejissor təyin olunub və yeni səhnələrin, studiyaların yaradılması istiqamətində iş aparılır. Hər halda, Azərbaycan teatrı iflic və ölmüş vəziyyətində deyil.

- İslahat təzə başlayanda Bəhram Osmanovla aranızda fikir ayrılığı, konflikt yaranmışdı. İndi münasibətləriniz necədir?

- Mübahisəyə mən başlamamışam. Sadəcə, o, yazısında mənim fikirlərimə şərh vermişdi. Bəli, mən bu gün də o fikirdəyəm ki, rejissor bir teatra bağlanıb qala bilməz, rejissor azad olmalıdır, vacib deyil bir ştatda otursun. Milli Dram Teatrından ərizə yazıb çıxan birinci rejissor mən olmuşam. Ehtiyac olar, çağırarlar, olmaz da ki... Görürəm, Milli Dram Teatrının mənə az ehtiyacı var. Çünki onların ehtiyacları başqa şeylərə daha çoxdur. Xaricdən rejissor dəvət edirlər və s.

- Teatrın sizə ehtiyacı olmasaydı, uğur qazanan "Şah Qacar" tamaşasının rejissorluğunu sizə həvalə edərdilər?

- Diktofonu söndürsəniz, deyə bilərəm ki, onların mənə ehtiyacı var, ya yox. Sadəcə, sizin ürəyinizi qırmamaq, maraq xətrinə deyərəm.

- Açıq danışmaq istəmirsiniz...

- Elə şeylər var ki, mətbuata çıxmasa, yaxşıdır. Xaricdə yaşayan yaxşı rejissorlar işlərini iki-üç ilə planlaşdırırlar. Yəni onlar hansısa ölkəyə gedib 20 min manata tamaşa hazırlamazlar. Deməli, bizə gələn rejissorlar düşündüyümüz zirvələri fəth edən rejissorlar deyillər. Mən 20 il əvvəl Amerikada olanda bir tamaşada oldum, bizim rejissorlar daha maraqlı, səviyyəli işlər ortalığa qoya bilərlər, amma həmin rejissor o vaxt üçün 300 min dollar qonorar almışdı. İndi yəqin ki, həmin məbləğ bir milyon dollardır. Bu gün xaricdən gələn rejissorlara bizdən beş-on dəfə çox qonorar verilir. Məsələn, bizimkilər min, iki min, beş min manat qonorar alanda, onlar dəfələrlə çox qazanırlar. Teatrın qonorar məsələsinə baxılmalıdır. Məsələn, bəstəkara bir tamaşa üçün iki min manat vermək ayıbdır.

- Deməli, rejissora beş min manat vermək ondan ikiqat ayıbdır...

- (Gülür) Ayıbdır! Hərdən bir az çox da verirlər.

- Qonorar məsələsində rəhbərlik etdiyiniz ittifaq nə edə bilər?

- Bu bizim səlahiyyətimizdə deyil. İttifaq bu məsələni dəfələrlə həm şifahi, həm də yazılı şəkildə qaldırıb. Bu məsələni Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabineti qarşısında qaldırmalı, Nazirlər Kabineti də Maliyyə Nazirliyinə müraciət etməlidir və s. Yəni bu, sadə proses deyil. Bildiyim odur ki, nazirlikdə bu işlə məşğuldurlar. İnanıram ki, nə vaxtsa həll olunacaq. Qonorar məsələsinə gənclərin böyük ehtiyacı var. Gənc toyxanada tamaşa hazırlamaq haqqında yox, teatr haqqında düşünməlidir.

- Xalq artistini toyda tamada görmək necə hissdir?

- Toyda tamadalıq etmək xalq artistinin öz vicdanından, qabiliyyətindən asılıdır. Əgər o aktyor özünü tamadalığa layiq və uyğun görürsə, qoy eləsin. Məsələn, mən teatr rəhbəri olanda nizam-intizam çox ciddi idi. Mənim aktyorum toya gedə bilməzdi. Başqa tərəfdən də inanmıram ki, xalq artisti olan aktyor toya tamada getsin.

- Bu günlərdə xalq artisti İlham Əsgərovu toyda tamada gördüm...

- Vallah, mən bilmirəm. Amma yenə təkrar edirəm: bu məsələ xalq artistinin öz vicdanından, qabiliyyətindən asılıdır. Əgər xalq artisti olan aktyor özünü tamadalığa layiq və uyğun görürsə, qoy eləsin. Nə isə...

- Teatr biletlərinin satışı məktəblərdə qadağan olunub. Bunun fəsadlarını görürsünüz?

- Məktəblərdə teatr biletlərinin satışının qadağan olunması primitiv addımdır. Teatr biletləri nəinki məktəblərdə, hər yerdə satılmalıdır. Bu səhv düşüncədir. Amma başqa tərəfdən də gərək məktəblərin özlərində düşüncə inkişaf etsin, onlar özləri teatr tamaşalarına könüllü getməyə cəhd göstərməlidirlər. Vaxtilə Heydər Əliyev Filarmoniyaya gedəndə Moskvadan musiqişünas gətirdirdi, həmin musiqişünas, məsələn, Bethoven haqqında 15 dəqiqə mühazirə oxuyurdu, sonra bəstəkarın simfoniyası ifa olunurdu. O vaxt ölkə rəhbəri tədbirlərdə iştirak etdiyi üçün nazirlərin hamısı orda olurdu. Bizdə belə bir ənənə olub. Biletlərin satışını əvvəlki nazir qadağan etmişdi, indiki təhsil naziri də o ənənəni davam etdirdi.

- Teatr tamaşaları "Mədəniyyət kanalı" istisna olmaqla digər kanallarda göstərilmir. Bunun səbəbi ilə maraqlanmısınız?

- Bu, məhz "Mədəniyyət kanalı"nın işidir və onlar bizim tamaşaları vaxtaşırı göstərirlər. Başqa kanallarda tamaşaların lent yazısı yoxdur. Onlar gərək "Mədəniyyət kanalı"ndan həmin lentləri alsınlar, sonra efirə versinlər. Belə olsa, əlbəttə, lap yaxşı olar.

- Seriallara baxırsınız?

- Yox, baxmıram. Heç birinin bir seriyasına da baxmamışam. Bayağıdırlar, mövzuları məişətdən də aşağı mövzulardır. İnsan taleyi ilə bağlı o qədər gözəl mövzular var ki. Elçinin, Çingiz Abdullayevin əsərlərini götürüb serial çəksinlər də.

- Teatr Xadimləri İttifaqı büdcədən maliyyələşmir. Teatr islahatlarının fonunda sizin təşkilatın "Sultan" restoranından gələn kirayə haqqına gözünü dikməsi qəribə görünmür?

- Yox, niyə qəribə görünsün?! Bu artıq ənənədir və dünyanın hər yerində bu var. Restorandan gələn vəsaitlə biz ittifaqın ehtiyaclarını ödəyirik, təmir işləri aparırıq, teatr studiyası təşkil edirik. Burda qəribəlik axtarmaq lazım deyil. Əlbəttə, biz də istərdik ki, ittifaqımız Yazıçılar Birliyi, Rəssamlar Birliyi, Bəstəkarlar İttifaqı kimi dövlət büdcəsindən maliyyələşsin. Biz də istərdik ki, həmin yaradıcı təşkilatlar kimi, Teatr Xadimləri İttifaqı da yüksək səviyyədə təmir olunsun və s. Biz ittifaqda görülən bütün işləri öz gücümüzə edirik.

- Bu il seçki ilidir və siz 1991-ci ildən ittifaqın sədrisiniz. Namizədliyinizi yenə verəcəksiniz?

- Bizdə namizəd özü-özünü yox, kimsə onun adını təqdim edir. Yəni tam demokratik şəkildə seçki keçirilir. İstəsələr, əlbəttə, namizəd olacağam, istəməsələr yox. Bu qədər sadə!

 

Xalq Cəbhəsi.- 2014.- 15 mart.- S.15.