Novruz bayramı
qaynaqlarda
Bu sözün mənası
yeni gündür
I yazı
"Novruz" - hərfi mənada yeni gün deməkdir. Ancaq ifadə
etdiyi mərasim semantikasına görə keçidin bitdiyi və
yeni nizamın başlandığı kosmosdur.
"Novruz"a Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan
Nevruz, Mart doqquzu, Novruz və s. də deyilib. Türkiyədə
"Novruz"a xalq içində
"Gündönümü" və ya
"Yılbaşı" deyilib.
"Novruz"
anlayışı bəzi deyiliş fərqlərilə bir
çox türk xalqlarının dillərində işlənməkdədir:
Azərbaycan türkcəsində Novruz/Noruz, qırğız
türkcəsində Nooruz, Özbəkistan türkcəsində
Növroz, başqırd türkcəsində Nevruz, tatar
türkcəsində Navruz, uyğur türkcəsində Noruz,
çuvaş türkcəsində Naurus, Krım türkcəsində
Nevrez, Qərbi Trakiya türkcəsində Mevris, qaqauz türkcəsində
Babu Mata-Kürklü Marta və s. Burada "Novruz"
anlayışının etimoloji mənası "yeni
il-ilbaşı" deyil, "yeni gün" olduğu müəyyənləşdirilib.
"Yeni
gün, Yengi kün, Yeni yıl, Yılbaşı, Yazbaş,
Çağan Navrız, Ergenekon kimi 25-ə yaxın ad
altında Şərqi Türküstandan Anadoluya, oradan
Balkanlara qədər uzanan geniş bir coğrafiyada, təbiətin
canlanması ilə birlikdə yenidən dirilmənin, birlik və
bərabərliyin simvolu olaraq qeyd olunan "Novruz" Orta Asiya
türk cümhuriyyətlərində XX əsrin əvvələrindən
başlayarq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə
görə qadağan edilib, unutdurulmağa
çalışılıb, hətta yox sayılıb". Müstəqilliyin bərpa edən türk
cümhuriyyətləri milli-mənəvi dəyərlərinə
diqqəti artırıb və Novruz bayramını da yüksək
rəsmi səviyyədə bayram etməyə başlayıb.
Qədim və orta əsrlərə aid bir çox
yazılı qaynaqlarda "Novruz"la bağlı məlumatlara
rast gəlirik.
Amma "Novruz"un
araşdırılması XIX əsrdən başlanır. Bu
araşdırmalarda "Novruz"un genezisi
və tipologiyası ilə bağlı mülahizələr
geniş yer tutur. XIX əsrdə Novruz
haqqında məlumata müxtəlif qaynaqlarda rast gəlinir.
"Koroğlu" dastanını ilk dəfə
kitabça halında Londonda ingilis dilində 1842-ci ildə
çap etdirən dünya şöhrətli şərqşünas
Aleksandr Xodzko da kitabın səhifələrindən birində
"Novruz"un Zərdüşt tərəfindən icad
edildiyini yazıb".
Qərb
şərqşünası A.Mets özünün "Müsəlman
intibahı" kitabında bu məsələ barədə
yazıb: "Xalqın həyatında islamın təsirinin
güclü olmadığını bayramlar sübut edir. Doğrudan da müsəlman ruhaniləri nə qədər
çalışdılarsa, Novruz bayramını nə
qadağan etməyə, nə də ona dini don geydirməyə
müvəffəq oldular. Xalq kütlələri
bahar bayramı olan "Novruz"un qeyri-dini, azad xarakterini
qoruyub saxladılar".
"Novruz"la bağlı
araşdırdığımız qaynaqlarda Azərbaycanda
"Qodu-qodu" mərasiminin keçirilməsi haqqında məlumatlara
da rast gəlirik. "SMOMK" məcmuəsinin XIX əsrə
aid olan buraxılışlarında "Qodu" (Dodu) mərasiminin
keçirilməsi haqqında məlumatlar verilib. Burada
verilən nəğmə nümunəsi belədir:
Dodu, dodunu gördünüzmü?
Doduya salam verdinizmi?
Dodu gedəndən
bəri
Heç gün üzü gördünüzmü?
"Qodu"
ilə bağlı mərasimdə söylənən
yayğın mətn belədir:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan
keçəndə
Qırmızı gün gördünmü?
XIX əsrdə
Şəkidə toplanmış "Qodu" mərasiminə
aid nümunə belədir:
Qodu, qodu
dursana!
Çömçəni
doldursana!
Qodunu yola
salsana,
Allah!Allah!
XX əsrin
əvvəllərində nəşr olunan "Füyuzat"
jurnalının (1906-1907) 1907-ci il 15 mart
sayında Əli bəy Hüseynzadənin
"Novruzi-inqilab" adlı geniş həcmli məqaləsi
nəşr olunub. Məqalədə Novruz
bayramı o dövrün dünyada gedən aktual hadisələri
kontekstində təhlil olunub. Bu məqalədə
açıq şəkildə Novruzun İran mənşəli
bir bayram olmadığı əsaslandırılıb. Məqalədə eyni zamanda Novruzun atəşpərəstliklə
əlaqələndirilməsinin yanlış olduğu
aydınlaşdırılıb. Əli bəydən
gələn bu konseptual yanaşma sonrakı dövrün tədqiqatçıları
tərəfindən davam etdirilib.
XX əsrin əvvəllərində çıxan bir sıra jurnallarda mərasim folkloruna aid nümunələr nəşr olunub. Bunların bəziləri M.H.Təhmasib tərəfindən yenidən nəşr edilib. Bunlardan "Məktəb" jurnalında nəşr olunmuş nümunələr diqqəti çəkir. "Jurnalın 8 və 9-cu nömrələrində "Əkinçi" imzası ilə bir hekayə verilib. Bu hekayənin içərisində "Qələndər, ay qələndər" oyunu yerləşdirilib".
Jurnalın 1914-cü il, 11-ci nömrəsində Məmmədağa Axundzadə "El sözləri" bağlığı altında məşhur "Kosa-kosa" mərasim nəğməsini çap etdirib ki, məlum vaxtlarla müqayisə əhəmiyyətini nəzərə alaraq eyni ilə buraya köçürürük:
Ay kosa-kosa gəlmisən
Gəlmisən meydanə sən.
Almayınca payını
Çəkilmə bir yanə sən.
Beş
yumurta payındı,
Olmaya allanasan.
Mənim
kosam oynayır,
Gör
necə dingildəyir,
Qulaq
asanların da
Qulağı cingildəyir.
Mənim
kosam canlıdı,
Qolları
mərcanlıdı,
Kosama əl
vurmayın,
Kosam yazıq canlıdı.
Əmiri
bərk başında,
Qələm
oynar qaşında,
Yüz əlli
beş yaşında
Lap cavan öldü kosa.
Jurnalda Ağa bəy İsrafilbəyovun hekayəsində
bayramla əlaqədar olan "Gün çıx,
çıx, çıx!" və "Mən anamın
ilkiyəm" nəğmələri də verilib. T.Bayraməlibəyov-
"heç bir din, sülalələrin dəyişməsi
"Novruz"u sıradan çıxarmaq iqtidarına malik
olmadı" - deyə yazıb.
Y.V.Çəmənzəminli "Novruz"u atəşpərəstliklə
əlaqələndirib. O yazır ki, "xalqımız arasında
"Novruz" bayramına bir ay qalmışdan başlayaraq
çərşənbə axşamı vəsfi-hal kimi bir adət
vardı. Qadın və qızlar toplaşaraq bir badya su qoyar və
hərədən bir nişan alıb suya
salardılar. Badya başında oturan qadın təsadüfən
əlinə keçən nişanı sudan
çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda
ilə fala baxardılar. Deməli, nişan
verənin ürəyində bir niyyət olar və niyyətinin
baş verəcəyini və ya verməyəcəyini söylənən
vəsfi-haldan duyardı". Müəllif sonra vəsf-hallara
aşağıdakı nümunələri göstərir:
Ağlama,
naçar ağlama,
Əlində
haçar ağlama,
Qapını
bağlayan Allah
Bir gün açar ağlama.
Oturmuşdum
səkidə
Ürəyim səksəkədə.
Üç
qızıl alma gəldi
Bir qızıl nəlbəkidə.
"Novruz"u bir tərəfdən dini bayram kimi dinlə
bağlamağa, digər tərəfdən də onu
padşahların, hətta əfsanəvi hökmdarların
adı ilə əlaqələndirməyə cəhd göstərilib. Təbii ki, bunların
heç biri "Novruz"un
yaradıcısı deyil. "Novruz"un əsasları
ibtidai mədəniyyət dövründə formalaşıb.
Tədqiqatlarda göstərilir ki, "Bakı və
onun qəzalarında yaşayan əhali qış fəslinin
üçüncü ayı daxil olduqda ayın birinci çərşənbə
gecəsini böyük bir bayram kimi qarşılayırlar.
Bir ilin müddətinə üzərlərinə
gələn bəlanı və gələcək bədbəxtlikləri
rəf etmək üçün böyük tonqal qalayıb
üzərindən yeddi dəfə atıldıqdan sonra
xonçaların dövrəsində oturaraq
aşağıda göstərilən nəğmələri
oxuyurdular. Bununla özlərini bir ilin
müddətində hər bəd bəladan uzaq olacaqlarına
inanardılar.
Bir sıra tədqiqatlarda "Novruz"la Zərdüştlüyün
oxşar və fərqli cəhətləri müqayisə
edilib. Belə bir qənaət ifadə olunur ki,
"Novruz" Zərdüştlükdən də çox qədimdir.
Çünki "günəşin müqəddəs
sayılması təbii odun müqəddəs
sayılmasından əvvəldir".
Bəzi araşdırmalarda da türklərdə odun təmizləyici
funksiyasının Atəşpərəstlikdəki müqəddəslikdən
fərqli olduğu fikri irəli sürülür. Məsələn, azərbaycanlıların
"Ağırlığım, uğurluğum,
azarım-bezarım odlara" və s. buna bənzər deyimlərdə
ifadə etdikləri fikirlər odun müqəddəs
sayılması düşüncəsi ilə uyğun gəlmir.
Bu da araşdırmaçılara imkan verir ki,
türklərdə odun müqəddəs deyil, adi, təmizləyici,
arındırıcı bir vəzifəni yerinə yetirməsi
qənaətinə gəlsinlər. O da istisna
olunmamalıdır ki, odla bağlı mərasim deyimləri mərasimin
sakral məzmununun zəifləməsi ilə müqəddəslikdən
uzaqlaşmağa, profanlaşmağa başlayıb. Bu da təbii ki, müasir düşüncənin
praqmatik xarakteri ilə əlaqəli olub, ibtidai dövrün
arxaik ritualından oyuna çevrilərək mövsüm mərasimində
icra edilmiş və dövrün reallıqlarına
uyğunlaşıb. Yəni müqəddəslik
məzmunu ifadə edən mərasim deyimlərinin bir
çoxu mərasimdən ayrılmış və ümumi
nitqin alqış, öygü və tərif kimi nümunələrinə
çevrilib.
Dövrümüzə qədər gəlib çatan
nümunələrdə ritual rudimentlərini və mifin
transformasiya olunmuş elementlərini müşahidə edə
bilirik. Məsələn, qarı ilə qışın
deyişməsi ibtidai düşüncəni əks etdirir.
Çünki qarı qışı canlı bilir, onu
canlı obrazında görür:
Qış
gözünə barmağım,
Yaza çıxdı oğlağım.
Digər nümunələrdə isə qışın
özü qarı obrazında təsəvvür olunur (məsələn,
"Çilə" mərasimindəki cır-cındır
geymiş "qarı" kimi). Qışın
qarı obrazında təsəvvür olunması burada xalq
psixologiyasının iştirakını göstərir.
Çünki qarı "ömrünü
sürüb, gününü keçirmiş" bir
adamdır və "o dünyaya" daha rahat, psixoloji komfortu
zədələmədən yola salınmaq üçün
hazırdır. Xalq düşüncəsi
qışın ölümünü və "ölü
dünyası"na yola
salınmasını bu şəkildə simvolizə edə
bilib. "Qarının quyruğu",
"qarının süpürgəsi" ifadələri də
arxaik ritualın rudimentləri olmalıdır. Ritualın arxaikləşməsi ilə onun bir
sıra elementləri qeyri-ritual sferasına səpələnmiş
və xalq deyimlərində izlərini saxlayıb.
Yeni təqvim anlayışlarının işləndiyi
dövrdə "qış" mart ilə əvəzlənib. Qışın
sonuncu ayının milad təqvimi ilə mart olaraq bilindiyi
dövrlərdə əski deyimlər qəlibinə mart da
daxil edilib. Məsələn, "Mart
çıxdı, dərt çıxdı".
Azərbaycan mövsüm mərasimləri içərisində
"Xıdır", "Xıdır Nəbi" və ya
Xıdır İlyas" mərasimlərinin də
özünəməxsus yeri var. Bu mərasimin nəğmələri
onun yazı qarşılamaqla, yağış,
yaşıllıq arzusu ilə bağlı olduğunu göstərir. Bunun Azərbaycanda
"Xıdır Nəbi", Türkiyədə isə
"Hıdırellez" variantları qalıb. Azərbaycanda "Xıdır Nəbi" mərasimi
böyük çilə bitdikdən sonra, yəni fevralın əvvəllərində
keçirilir. "Xıdır Nəbi" mərasimində
oxunan mətnlərə aşağıdakı misal ola bilər:
Xıdır
İlyas, Xıdır İlyas,
Bitdi çiçək, gəldi yaz.
Xanım,
ayağa dursana,
Yük dibinə
varsana,
Boşqabı
doldursana,
Xıdırı yola salsana.
Azərbaycan
mərasim folklorunun öyrənilməsində xüsusi xidmətləri
olan folklorşünas alimlərdən biri olan M.Təhmasibin
folklorçu fəaliyyətində mərasim folklorunun
ayrıca yeri var. Mərasim folklorunun öyrənilməsində
alimin fəaliyyəti özünü üç əsas
istiqamətdə göstərir: mərasim folklorunun
toplanması; mərasim folklorunun nəşri; mərasim
folklorunun tədqiqi.
Ağaverdi Xəlil,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2014.- 15 mart.- S.14.