Azərbaycanın ilk gözəl Karmeni
Fatma Muxtarova dünya
opera sənətinin ulduzlarından bir idi...
Azərbaycanın ilk gözəl Karmeni və cəsarətli
Dalilası "Muxtarova hər şeydən əvvəl alovlu,
vulkanik temperament deməkdir. Mən bütün həyatım
boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm. Bu, çox illər əvvəl Moskvaya gəlmiş
italyan tragiki De Qrasso idi. Muxtarova kimi o da sadə bir adam, yüksək mədəniyyət sahibi idi.
Onun yaradıcılığı Muxtarovanın
surətləri kimi çılğın idi. Onların
hər ikisinə də təbiət xüsusi bir vergi
bağışlayıb: qarşısıalınmaz intuisiya, ən
yüksək həqiqətləri kəşf etmək
vergisi". Bu sözləri 80 ildən artıq ömür
yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr
etmiş, dünyanın nəhəng opera ustalarını
görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera
sənətinin ulduzlarından olan azərbaycanlı Fatma
Muxtarova haqqında deyib.
Milli səhnəmizdə vokal
ifaçılığın, klassik dünya operalarında
lirik-qəhrəman partiyalarını oxuyan ilk səhnə
qaranquşlarından biri də Fatma Muxtarovadır. Onun
messo-soprano səsi olub və bu səs sinədən gəlib,
bulaq kimi qaynayıb, bütün not düzümündə sərbəst
gəzişə bilib. Fatma Səttar
qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın
Urmiya şəhərində doğulub. Uşaq
yaşlarında ailəsi Rusiyaya köçüb. Əvvəlcə Rostovda yaşayıblar və bir
neçə ildən sonra Peterburqda məskunlaşıblar.
Burada tale ailəyə qəfil zərbə vurur, Səttar kişi gözlənilmədən vəfat edir.
Atasının ölümündən sonra, onun
atalığı çalıb oynayaraq qəpik-quruş
qazanan qızı qazanc dalınca demək olar ki, küçələrə
qovurdu. Zaman keçir və Fatma
böyüyürdü. Artıq o, (qatarda
gizlənərək) Volqa boyunun Həştərxandan
tutmuş Yaroslavla qədər bütün şəhərlərini
müstəqil olaraq gəzə bilirdi. Bir
qədər pul toplayaraq o, özünə xalq arasında nəvazişli
"katerinka" adlandırılan şarmanka alır. Elə məhz buna görə də
şarmançı Fatma Muxtarovanı Katya Muxtarova
çağırmağa başladılar. 1912-ci
ildə Saratovda musiqi məktəbinin bazasında Konservotoriya
yaradılmışdı. Musiqi təhsili
almaq üçün Katya Muxtarova Konservatoriyaya müraciət
etməyi qərara alır. "Saratov
konservatoriyasının bütün professorları, mənim
yeddi notdan ibarət şaxta və istidə oxumaqdan
xırıldayan səsimdən bir şey
çıxmayacağını deyərək, məni öyrətməkdən
imtina etdilər". Yalnız professor
M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni
bir aydan sonra aydınlaşdırmağı qərara alır.
Möcüzə elə göz qabağında
baş verirdi, təbiətən istedadlı olan qız heyrətləndirici
müvəffəqiyyətlər əldə edir, hər iki
gündən bir diapazonda növbəti not meydana gəlirdi.
"Artıq iki həftədən sonra Mixail
Yefimoviç məni öyrətməyi öhdəsinə
götürdü və mən hələlik xəzinə
hesabına oxumağa qəbul edildim". Dərs
ilinin sonunda o, Rubinşteynin "Çöllər
qızı" operasından ariyanı oxuyurdu. Konservotoriyanın tələbəsi olduğu
müddətdə Fatma hələ öz ailəsi ilə
yaşayırdı. Yay tətillərində
Fatma Muxtarova konservatoriyadan qovulmaq təhlükəsi
altında qazanc dalınca müxtəlif antreprenyorlarla
"Qaraçı romansları və rus mahnıları ilə"
qastrollara getməyə məcbur idi. Bakı
ona müstəsna müvəffəqiyyət gətirir və
burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən
biri haqqında 21 iyun 1913 il tarixli "Kaspi" qəzeti xəbər
verir: "Dünən Həştərxandan Bakıya
yolüstü Zakaspiysk və Türküstan diyarında,
Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova,
xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil
Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər
yalnız cəmi bir konsert verməyi təxmin edirlər.
Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər
yerdə çox böyük müvəffəqiyyətə
nail olurdular. Konsert rus və tatar dillərində
veriləcək".
Bir neçə gündən sonra "Kaspi" qəzetində
yenə bir elan verilmişdi. "Məşhur
müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert
verəcək (kontralto). Konsertlə
bağlı şəhərdə vurulan afişalarda
şarmankanın sədaları altında süzən qəşəng
qız təsvir edilmişdi. Bakıda verilən
konsertlərlə yanaşı, povoljye artistlərinin vokal
çıxışları xüsusi yer tuturdu, onlar müsəlmanların
vokal sənətinə cəlb edilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edirdilər. Ancaq, Katya Muxtarovanın çıxışına,
müğənninin vokal qabiliyyətləri və səhnə
ustalığı kifayət qədər təfsilatla təhlil
edilən musiqi tənqidçisinin rəyi həsr
edilmişdi. Fatma Muxtarovanın konsertinə
Azəbaycan incəsənətinin qabaqcıl xadimləri
(M.Maqomayev və H.Sarabski) diqqət yetirirlər və gənc
müğənninin ağır vəziyyəti barədə xəbər
tutaraq ona kömək etməyi qərara alırlar. "Hələ onda müğənninin
yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə
çox enerji və işgüzarlıq göstərir. Fatma Muxtarovanı H.Z.Tağıyevin bağına gətirirlər,
o bağın təmtərağına heyran qalır və
H.Z.Tağıyev üçün akkompanement altında bir
neçə mahnı oxuyur. Ancaq
Şövkət Məmmədovanın İtaliyada təhsil
alması üçün əvvəlcə təqaüd
ayırmış, sonralar isə kəskin tənqidlərə
görə yardımını kəsməyə məcbur
olmuş Tağıyev acı təcrübədən sonra gənc
müğənniyə Saratov konservotoriyasında təhsil
haqqını ödəməkdə yardım göstərməkdən
imtina edir".
Onda H.Sarabski digər Bakı mesenatına Fatmanın eyni
soyadlısı Murtuza Muxtarova müraciət etməyi qərara
alır. Hacı Zeynalabdin Tağıyevdən fərqli olaraq
Murtuza Muxtarov bu məsələdə daha cəsarətli olur
və müntəzəm olaraq Saratova təqaüd göndərir.
Fatma Muxtarova Saratov konservotoriyasını müvəffəqiyyətlə
bitirərək Moskvaya köçür və orada ərinin
qohumlarının köməyi və məsləhəti ilə
məşhur rus müğənnisi Şalyapinlə
görüşmək imkanı əldə edir. Gənc
müğənnini dinləyən F.İ.Şalyapin onun vokal
imkanları barədə çox yüksək fikir söyləyir
və onu Moskva opera teatrlarından birinin sahibkarı S.Ziminlə
tanış edir. Fatma xanımın
yaradıcılıq fəaliyyətində dönüş
nöqtəsi, baş rolda Şalyapinin çıxış
edəcəyi, V.Serovun "Yudif" operasında ona Oloferni
partiyasını ifa etməyi tapşıranda baş verdi. Bu, Fatmanın peşəkar
müğənni kimi opera səhnəsində ilk
çıxışı idi və onun taleyi bu kiçik
roldan asılı idi. Səhnəyə
çıxandan sonra o, özünü yüngül və sərbəst
hiss edir tamaşanın bütün
iştirakçılarının diqqətini cəlb edən
metso-soprano səsini bütün gözəlliyi ilə
nümayiş etdirməyi bacarır. Fasilədə
onu alqışlayanlar arasında Şalyapin də var idi.
Bu tamaşadan sonra o, Rusiya və Qərbi Avropa operalarında
müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər
teatrda işləyir. Əgər dünya
vokal üslubu haqqında məsələyə tarixi
nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki,
Yaxın və Uzaq Şərq ölkələri arasında
vokal üslubunu mənimsəyənlər sırasında məhz
Azərbaycan müğənniləri birincidirlər. Bu məsələdə nadir ifa edilən
partiyaların seçilməsində Azərbaycan müğənnisi
Muxtarovanın nümayiş etdirdiyi cəsarət qiymətsizdir.
Tembrinə görə çox xoşagələn,
eyni zamanda qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu
cür səs üçün yazılan çətin
partiyaların öhdəsindən çox gözəl gəlirdi.
Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın
partiyası, "Mazepa" operasından Lyubovun partiyası,
"Çereviçki" operasından Saloxanın
partiyası, "Qar qızı" operasından Baharın
partiyası, "Çar gəlini" operasından
Lyubaşanın partiyası, "Xovanşina"
operasından Marfanın partiyası, "Faust"
operasından Zibelin partiyası və bir çox baş
qaları qeyd oluna bilər. Ancaq müğənninin
yaradıcılığında Azərbaycan səhnə sənəti
tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer tutur.
Bir dəfə 1923-cü ildə Bakıya gələn
gözəl rus rəssamı İ.Brodski opera teatrında
J.Bizenin "Karmen" tamaşasında iştirak etmişdir.
Karmen rolunu Muxtarovanın ifasında dinləyərək
o, F.Muxtarovanı dünyanın ən gözəl Karmeni
adlandırmışdı.
Azərbaycan
teatr səhnəsində 15 il ərzində
Fatma Muxtarova ilə çıxış edən artist
Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı)
öz xatirələrində yazırdı: "Fatma xanım
Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu
ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə
əbədi iz qoyub getmişdir. Bütün
varlığı ilə səhnədə oynayan F.Muxtarova qəhrəmanın
daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi
sözlərlə uyğun gəlirdi. Onun
iri qara gözlərində məhəbbət və nifrət
eyni dərəcədə güclü idi". "Karmen" operası ilk dəfə Azərbaycan
dilinə gözəl Azərbaycan şairəsi - Nigar Rəfibəyli
tərəfindən tərcümə edilmişdir və Fatma
Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan
dilində oxuyan yeganə şəxs idi. Bu
tamaşada olan məşhur Azərbaycan bəstəkarı
Q.Qarayev "Karmenin" Azərbaycan dilinə tərcüməsinə
yüksək qiymət vermiş, eyni zamanda F.Muxtarovanın
vokal və səhnə ustalığını yüksək
qiymətləndirmişdi. F.Muxtarovanın
nadir ifa edilən partiyaların seçimində cəsarəti
barədə danışanda Sen-Sansın "Samson və
Dalila" operasından Dalilanın partiyası nəzərdə
tutulur. Gürcü rejissoru
İ.Kvaliaşvili öz xatirələrində yazırdı
ki, "Sen-Sansın "Samson və Dalila" operası bizim
opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin ki, buna səbəb Dalila rolunun ləyaqətli
ifaçısının olmaması idi. F.Muxtarova
sanki bu rol üçün yaranmışdır. Onun insanı heyran edən ahəngdar səsi, gözəl
xarici görkəmi sanki ona təbiət tərəfindən
bu rolu ifa etmək üçün bəxş
edilmişdir". Aktrisanın böyük xidməti
ondadır ki, nə ona qədər, nə də ondan sonra
mistik və dini mövhumatı kənara qoyaraq Dalilanın əsl,
canlı obrazını yaratmağa kimsə nail ola
bilməmişdi. Hətta Dalilanın səhnədə
yarımçılpaq vəziyyətdə
göründüyü məqamları da aktrisa yüksək
estetik və bədii taktla oynayırdı. Yalnız 1928-ci ildə F.Muxtarova daimi yaşamaq
üçün Bakıya köçür və Azərbaycan
opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən
biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq,
1953-cü ilə qədər dövlət opera teatrında
işləyir. Sonralar Muxtarova bir çox mükafatlara, o
cümlədən Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür. Fatma
Muxtarova 1953-cü ildə son qastrol səfərinə
çıxır. Əslində bu, qastrol
səfəri deyildi. Nə qədər
üzüntülü olsa da o, səhnəylə vidalaşmaq
istəyirdi. Ancaq Bakı operasında bu
mümkün deyildi. O, təqaüdə göndərilmişdi.
Buna görə də Tiflisə gedir. Bu şəhərdə onu çox sevirdilər.
Gürcüstan radiosu həmin vida
axşamını lentə almışdı. Fatma
xanım deyirdi: "Əziz Tiflisim səhnəylə
vidalaşdığım gündə də mənə
böyük sevinc bağışladı. Mənim
heç yerdə bu qədər dostum olmayıb. Gürcüstan mənim ikinci vətənimdir".
O,
özünü əsl Amneris, Karmen və s. kimi hiss edə
bilməsəydi, yəqin ki, heç nə alınmazdı və
heç kəs də onun oyununun səmimiyyətinə
inanmazdı. Fatma xanım Muxtarova 19 oktyabr 1972-ci
ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn
olunub.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 15 mart.- S.13.