Elektron media
Dövlət elektron
informasiya vasitələrinə, onların inkişafına
xüsusi diqqət yetirir
1919-cu il noyabrında Ə.M.Topçubaşov Fransadan
- Eyfel qülləsindəki radiostansiyadan birbaşa Gəncə
radiostansiyasına teleqram göndərmişdi
Müəyyən inkişaf yolu keçmiş elektron
media bizim günlərdə cəmiyyətin sıravi vətəndaşından
tutmuş, yüksək mədəni təbəqəyə qədər
hər kəsin tribunasıdır. Hazırda postsovet məkanında
ənənəvi jurnalistika yeniləşərək ictimai
yayım texnologiyası və özəl media paralel olaraq fəaliyyət
göstərir.
Sağlam rəqabət, reklam bazarını
formalaşdırmaq və bazarı qazanmaq cəhdləri
elektron KİV-ə yeni keyfiyyət və forma gətirməkdədir. Vicdanlı, qərəzsiz,
operativ, tərəfsiz fəaliyyət göstərməyi əsas
məqsəd hesab edən elektron media indi daha böyük
funksiya daşımaqdadır. Jurnalistlər
xarici xəbərləri ölkə dinləyicisinə, daxili
həqiqətləri isə dünya ictimaiyyətinə
çatdırmaq missiyasını bacarıqla yerinə yetirirlər.
Əsas məqsədlərdən biri elitar cəmiyyət
formalaşdırmaq cəhdləridir.
Onu da qeyd
edək ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda
elektron informasiya vasitələrinin fəaliyyəti istiqamətində
müvafiq addımların atıldığını, bu sahədə
əldə edilmiş uğurlarla yanaşı,
çatışmazlıqların da olduğunu qeyd edib. Ə.Həsənov bildirib ki, müstəqil dövlətimiz
bu sahənin inkişafını daim diqqət mərkəzində
saxlayır. Şöbə müdiri qeyd
edib ki, televiziya və radio elə bir informasiya, ideologiya və
milli-mənəvi dəyər
daşıyıcısıdır ki, hər bir təbəqənin
evinə, mənzilinə qapını döymədən daxil
olur. Bunu nəzərə alaraq Azərbaycan
dövləti elektron informasiya vasitələrinə,
onların inkişafına xüsusi diqqət yetirir.
Prezident Administrasiyasının şöbə müdiri
vurğulayıb ki, əgər Azərbaycan cəmiyyətini
dünyanın aparıcı cəmiyyətlərindən birinə
çevirmək istəyiriksə, televiziyaların efirinə
ölkəmizin aparıcı şəxsiyyətlərini -
elm, mədəniyyət, incəsənət və digər sahələrin
tanınmış və əksəriyyət tərəfindən
qəbul olunan simalarını çıxarmalıyıq. Bu, onların
yaxşı xüsusiyyətlərini cəmiyyətə
aşılamağa imkan verər.
Yazıçı-jurnalist Hətavan Dəmirçioğlunun
sözlərinə görə, əvvəlki dövrlə
müqayisə yayım mediası hazırda cəmiyyətdə
mühüm rol oynayır və cəmiyyətə etdiyi təsir
vasitəsilə demokratik proseslərdə vacib yer tutur. Mediaya aid Avropa
Şurasının bəyannamə və tövsiyələrində
göstərilən bu müddəalar artıq dünyada
özünü təsdiqləməkdədir: "Yayım
mediası reallıqları əks etdirir. Keçmiş
Sovet İttifaqının bir çox respublikaları
hazırda müstəqil dövlət olaraq elektron medianın
sərt tələbləri ilə üz-üzə
qalmışdır. "Jurnalistlərin xəbər
kimi təqdim etdikləri informasiya dürüst, rəy kimi təqdim
etdikləri informasiya isə vicdanlı olmalıdır"
beynəlxalq formulası elektron medianın demokratikləşmə
prosesində inkişaf yolunu təyin edir. Yola
saldığımız XX əsrin son onilliyi onun tarixdə
informasiyalı cəmiyyət əsri kimi qalmasına səbəb
oldu. "İnformasiyalı cəmiyyət
- yüksək keyfiyyətli informasiyanın bol olduğu cəmiyyətdir".
Nəzəriyyəçilər məhz belə
qeyd edir. Azərbaycan milli jurnalistikasının 138 ildən
artıq yaşı var. 1875-ci ildə "Əkinçi"
qəzetinin nəşri ilə fəaliyyətə başlayan
Azərbaycan yazılı mətbuatı ötən il 138 illiyini qeyd etdi. Elektron
jurnalistikanın tarixi isə bir qədər sonraya - 1918-ci ilə
təsadüf edir. Doğrudur, Azərbaycanda elektron
KİV-in ilk nümunəsi sayılan radionun yaranması
1926-cı il 26 noyabrdan hesablanır. Amma
tarixi faktlar göstərir ki, 1918-ci ildə Azərbaycanda
Şərqin ilk demokratik və dünyəvi dövləti
olan Azərbaycan Xalq Demokratik Respublikası qurulduqdan az sonra ölkəmizdə radio mövcud
olmuşdur. Uzun illər SSRİ tərkibində
yaşayan respublikalar bütün naliyyətləri bir qayda
olaraq Sovet İttifaqı qurulduqdan sonrakı tarixə yazmaq məcburiyyətində
idilər. Yeni və xeyirli nə vardısa hamısı
sosialazmin şanlı qələbəsindən sonrakı"
tarixin adına yazılırdı. Birinci, bu səbəbdən Azərbaycan radiosunun
tarixi ötən əsrin 26-cı ilindən
götürülür. İkinci, keçmiş SSRİ
ərazisində radio 1924-cü ildən fəaliyyətə
başlamışdır. Kütləvi
radiolaşdırma isə 1926-cı ildən başlanır.
Bu iki səbəbdən Azərbaycanda radionun fəaliyyəti
kütləvi radiolaşdırma işinin tarixi ilə
hesablanıb".
O da
bildirilib ki, Azərbaycan 1918-ci ili milli
radionun yaranma tarixi hesab edə bilər. Çünki 1991-ci
ildə yaradılan Azərbaycan Respublikası özünü
rəsmən Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin varisi hesab edir: "Bu baxımdan milli
radionun tarixini 1918-ci ildən hesablamaq ədalətli olardı.
Bu tarix hətta Qafqazda, Yaxın və Orta Şərqdə
bir çox birinciliklərin sahibi olan Azərbaycanın
növbəti öncüllüyünün etirafı olar.
Bu
tarixdir: 1919-cu il noyabr ayında
Ə.M.Topçubaşov Fransadan - Eyfel qülləsindəki
radiostansiyadan birbaşa Gəncə radiostansiyasına teleqram
göndərmişdi. Bu, Azərbaycanda
radiostansiyanın fəaliyyətə başlaması
münasibətilə göndərilən təbrik
teleqramı idi. Teleqramda deyilirdi: "Əziz həmvətənlərimizin
iqtisadi və mədəni tərəqqisində böyük
rol oynayacaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə
başlaması münasibətilə sizi təbrik edirəm".
O vaxtdan ölkənin iqtisadi və mədəni tərəqqisində
böyük rol oynayan radio işini davam etdirir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin dediyi kimi:
"Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin
qorunmasında, azərbaycançılıq ideyasının təbliğ
edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin,
ölkəmizlə bağlı tarixi həqiqətlərin
yayılmasında mühüm rol oynamalıdır".
H.Dəmirçioğlu onu da bildirib ki, milli elektron media
öz işlərini bu ümummilli tələblərə
uyğun qurmağa çalışır.
Bu gün orta sitatistik tamaşaçı və dinləyici
üçün qapalı olan yüksək mədəni
mühit elektron media vasitəsilə göz önündə sərgilənir. İki onillik bundan əvvəl
media haqqında deyilirdi: "Məhz bu qüvvənin
müdaxiləsi ilə II Dünya müharibəsindən sonra
siyasət bağlı qapılar arxasından çıxmaq
zorunda qaldı, bir sıra pərdəarxası məqamlar
ictimiyyətin malına çevrildi". Bu
gün isə elektron media vasitəsilə yuxarı təbəqənin
həyat tərzi, fəaliyyəti, zövqü, geyimi, hətta
mətbəxi sadə tamaşaçı üçün
müşahidə ediləcək səviyyəyə gətirilib.
Mədəni təbəqənin təqdimi, təbliği cəmiyyətdə
elitar sistemin formalaşmasına yardımçı ola bilir. Siyasi sabitliklə, iqtisadi uğurlarla,
maddi inkişafla münbit böyümə şəraiti tapan
elitar sistem nümunəvi media məhsulundan səmərə
götürə bilər: "Azərbaycan hökuməti
demokratikləşmənin əsas göstəricilərindən
olan azad, demokratik, sivil seçki prosesində KİV-in dəstəyindən
geniş istifadə edir. Seçki kampaniyası
dövründə KİV-lərin həlledici mahiyyət
daşıması bir həqiqətdir. KİV-lərin
seçkilərdə iştirakı fövqəladə rol
oynayır. Demokratik dövlətlərin
seçki prosesində televiziya və radionun rolu haqqında
yazan mütəxəsislər bu fikirdədir. Kütləvi informasiya vasitələrinin problemləri
ilə məşğul olan tədqiqatçılar sübut
ediblər ki, seçkilər zamanı KİV-lərin əhəmiyyəti
yüksəlir".
Azərbaycanda
2013-cü il seçki ili idi. Prezident seçkiləri ilə eyni ilə təsadüf
edən mətbuatın 138 illiyi ölkədə bayram kimi qeyd
edildi. Bunu medianın mühüm faktor olaraq qəbul
edilməsinin göstəricisi kimi də dəyərləndirmək
olar: Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra çox qısa bir müddət ərzində
media sahəsində böyük irəliləyiş
müşahidə olundu. Senzuranın ləğvi,
doğrudan da, böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə
ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz.
Ancaq o vaxt MDB məkanında Azərbaycan
senzuranın ləğvini irəli sürən birinci ölkə
idi.
Söz azadlığının inkişafı istiqamətində
ardıcıl şəkildə çox ciddi addımlar
atılıb.
Söz azadlığı, demokratiyanın
inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda
çox vacib məsələlərdir. Bu
sahədə ölkəmiz çox böyük və
uğurlu yol keçmişdir. Bunu təsdiq
edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət
göstərir. Medianın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi
ücün ardıcıl tədbirlər görülür.
Maddi-texniki bazası gücləndirilən media Azərbaycan
həqiqətlərini əks etdirir, elitar cəmiyyətin
formalaşmasında fəal iştirak edir. İndi
elektron jurnalistika özündə radio, kino, televiziya, internet
kimi hər biri müstəqil fəaliyyət göstərən
vasitələri birləşdirir. Elektron
media vasitəsinin son nümunəsi olan internet mədəniyyətlərin
qloballaşmasına, milli-mənəvi dəyərlərin
yayılmasına sürətli imkanlar açır. Hazırda Azərbaycan dövləti və cəmiyyəti
keyfiyyətcə yeni inkişaf dövrünü
yaşayır, ictimai həyatın bütün sahələri
yeniləşir, dünya standartlarına cavab verən
informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur,
insanların rifahı yüksəlir.
Cəmiyyətin güzgüsü hesab olunan jurnalistika
bütün reallıqları olduğu kimi əks etdirməklə
öz vəzifəsini yerinə yetirmiş olur. Media sistemində
elektron medianın mövqeyi getdikcə daha da möhkəmlənir.
O cümlədən, 85 illiyini qeyd etdiyimiz Azərbaycan radiosu
müasirləşmə yolu ilə öz mövqeyini
saxlamaqdadır. Keyfiyyətcə yeni inkişaf
dövrünü yaşayan Azərbaycan dövləti və cəmiyyətinin
təqdimatında, yüksək dəyərlərin
formalaşdırılmasında elektron media ən güclü
vasitələrdən biri kimi öz vəzifəsini uğurla
yerinə yetirməkdədir.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 15 mart.- S.11.