Novruzun strukturu
Onun tərkibi
quruluşca mürəkkəb, məzmunca dərin və
geniş əhatəlidir
III yazı
"Novruz" Azərbaycan xalqının zəngin maddi
və mənəvi dəyərlərinin mühüm bir hissəsini
özündə ehtiva edən mədəniyyət hadisəsidir. "Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca
dərin və geniş əhatəlidir. Müasir
dövrümüz üçün bu bir milli bayramdır.
Bu bayrama tarixi inkişaf boyunca
baxdığımız zaman onun qədim mədəni köklərə
və mənəvi qaynaqlara bağlı olduğunu
görürük. Keçmişdə
olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə
və Orta Asiya türk dövlətlərində
"Novruz" mart ayında bahar bayramı kimi qeyd
olunmaqdadır.
"Novruz"un əsasında əski xalq mərasimləri
dayanır. Dünya xalqlarının bir çox
mərasimləri də belədir. Onlardan bəzilərinə
zamanla dini mahiyyət qazandırılır və beləliklə
də əski mərasim mədəniyyəti ilə dini adətlər
birləşmiş olur. Məsələn,
qurban bayramında olduğu kimi. Bunun
başlanğıcdan arxaik bir ritual olduğu və sonradan dini
əfsanələrlə dini bir mahiyyət qazandığı
məlumdur.
Xristianlar
və musəvilər xristian din adamlarının yüz illərlə
bir müşrik bayram sayarak mücadilə etdikləri, günəşin
dönüşü olan 20-25 dekabr tarixli romalıların əski
"Saturnalia" bayramı, milad təqviminin
dördüncü əsrində "Mövludi-İsa"
bayramı kimi xristianlar tərəfindən qeyd olunmağa
başlayıb. Yəhudilərin "Pesah"
dedikləri, xristianların "Paska" bayramı da mənşəyi
baxımından insanların təbiətə
inandıqları dövrün dünyəvi yaz
bayramının davamından ibarətdir. "Novruz",
"Yeni il" və "Mehirqan" bayramları
üçün də eyni metod keçərlidir. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri
ibtidai dönəmin ənənələrini bir növ
uyduraraq dini bayramlar olaraq qəbul ediblər.
"Novruz"un da rəsmi bayram kimi keçirildiyi qədim və
orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilib
və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilib:
"Novruz" Həzrət Əlinin doğulduğu
gündür; Həzrət Əlinin taxta
çıxdığı gündür; Həzrət
Əlinin Fatimeyi Zəhra ilə evləndiyi gündür; Nuhun
yerə ayaq basdığı gündür; Yunus peyqəmbərin
balığın qarnından çıxdığı
gündür və s.
Novruz yazılı qaynaqlarda. "Novruz" haqqında məlumatlara
Biruni Əbu Reyhanın "Asarul Baqiye" (Pamyatniki
minuvşix pokoleniy) , Kaşğarlı Mahmudun "Divanü
luğat-it türk", Balasaqunlu Yusif Has Hacibin "Kutadqu
biliq", Ömər Xəyyamın "Novruznamə",
Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin
"İsgəndərnamə" və b. əsərlərdə
rast gəlirik. Biruninin müasiri olan mütəfəkkirlər
Mahmud Kaşqarlı və Ömər Xəyyam "Novruz"
haqqında müəyyən məlumatlar verib. Onların əsərlərində təkcə bu bayramın
təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən
deyil, həm də onunla bağlı mərasimlər,
sınamalar və rituallar haqqında bəhs edilir. Məsələn,
Biruni belə bir sınama haqqında məlumat verir:
"Əgər "Novruz"un ilk günü gün
doğan vaxt hələ heç bir söz demədən
üç qaşıq bal yesən və üç
parça mum yandırsan bütün xəstəliklərdən
xilas olarsan. Digər bir sınama isə belədir: "Hər
kim səhər ibadətdən öncə
bir az şəkər yesə və özünü zeytun
yağı ilə yağlasa bütün il ərzində ona
heç bir xəstəlik dəyməz".
Bu bayramdan
bəhs edərək Biruni yazır: "İranlılarda belə
bir adət var idi ki, "Novruz" günü bir-birinə
şəkər verirdilər. Ona görə də
Bağdad sakinin dediyinə görə Cəmşidin vətəni
Azarbadda "Novruz" günlərində şəkər
qamışı çıxır".
Qədim dövrlərdə Orta Asiya və İranda
"Novruz" təkcə xalq bayramı kimi deyil, eyni zamanda
dövlət bayramı kimi qeyd olunub. Tarixi məlumatlara
görə insanları sosial qruplara görə
bölürdülər. "Novruz" bayramı bir ay
davam edirdi və hər qrupa beş gün
ayrılırdı. Yəni hər bir sosial qrup bayramı onun
üçün ayrılmış beş
gündə qeyd edirdi. Məsələn, qədim İranda ilk
beş gün padşaha, ikinci beş
gün saray əyanlarına, üçüncü beş
gün saray xidmətçilərinə və ali ruhanilərə
aid olurdu. Padşah bayramın ilk beş
gününü başlar, təəbələrini bir-birinə
hörmət etməyə və xeyirxah olmağa
çağırardı. İkinci gün
padşah kəndlilərin və kübarların nümayəndələrini
qəbul edərdi. Üçüncü
gün süvariləri və möbidləri,
dördüncü gün öz övladlarını, varislərini,
beşinci gün isə sıravi təəbələrini qəbul
edərdi. Altınıcı gün əsas
bayram sayılırdı və ona "Böyük Novruz"
deyilirdi. Xarəzmlilər və
soğdlarda Sasanilərin hakimiyyəti dövründə rəsmi
Novruz bayramı ilə yanaşı digər bayramların
keçirilməsi də elan edilərdi. Biruninin əsərindən,
Ömər Xəyyamın "Novruznamə"sindən və
digər qaynaqlardan aldığımız məlumatlara görə,
"Novruz"da yerə su səpərlərmiş,
yaxınlara hədiyyə verərmişlər, yelləncəkdə
yellənərmişlər, şirniyyat paylayarmışlar,
yeddi illik məhsulu müəyyənləşdirərmişlər,
ritual yuyunması, çimməsi və digər mərasimlər
icra edilərmiş. Novruz günündə
padşahın süfrəsində (dəstərxan) buğda,
arpa, darı, qarğıdalı, noxud, mərcimək,
düyü, küncüt və ya lobya unundan
hazırlanmış çeşidli çörəklər
düzərmişlər. Süfrənin ortasına yeddi
cür ağacın (söyüd, zeytun, heyva, nar və s.)
zoğunu, yeddi ağ piyalə, ağ dirhəm
və ya yeni dinar qoyarmışlar. Padşah üçün ağ şəkərdən və təzə
süd və xurma əlavə edilmiş kakos qozundan xüsusi
yemək hazırlayarmışlar. Müasir
dövrdə də İranda Novruz bayramı süfrəsinə
ərəb hərfi "sin"lə (s hərfi) başlayan
yeddi cür yemək qoyulur. Süfrədə turş və
təzə süd, süzmə, boyanmış yumurta, müxtəlif
meyvələr, qoz, fındıq və s. mütləq
olmalıdır. Bu günə qədər gəlib
çatmış əsas bayram yeməyi ritual
"sumalak"ıdır. Qeydə edək
ki, qədim dövrdə "Novruz"dan bir gün əvvəl
bölgədə hava soyuyurdu ki, bu da qocalıb əldən
düşmüş qarının son günləri kimi
xatırlanır. Orta Asiyada yeni il
ritualının sumalakdan başqa yeməyi
"quja"dır.
"Sumalak"ın mövcud çörəyin
(rizqi-ruz) və rifahın simvolu kimi hazırlanması
böyük məharət tələb edirdi. O təxminən bütün
bir sutka boyunca nəğmələrlə, rəqslərlə,
əyləncə və oyunlarla müşayiət edilərək
hazırlanırdı. Adətən sumalakın
hazırlanması üçün işlədilən
xammalı hamı hazırlayırdı. Ümumi
şəkildə hazırlanan yemək bütün icma
üzvlərinə paylanırdı.
"Novruz" bayramı şənliklərində
kütləvi gəzintilər, xalq oyunları, yarışlar,
rəqs və nəğmələr oxunması, təlxəklərin
və kəndirbazların çıxışları olurdu. Ömər Xəyyamın məlumatına
görə, qeyd etmək lazımdır ki, "Novruz"un 2600 ildən artıq yaşı vardır. Yenə də həmin müəllifin məlumatına
görə, Novruz bayramında müharibələr və
qarşılıqlı çəkişmələr
dayandırılır, sülh müqavilələri
bağlanır, hətta dəfn belə növbəti günlərə
təxirə salınırdı. Bu bayram o qədər
şad və şən bir bayram olub ki, o günlərdə təkcə
təmtəraqlı təntənələr deyil, eyni zamnda xəstələrə
müstəsna diqqət və qayğı göstərilib,
qohum və dostlara baş çəkilib, qohum və
yaxınların məzarları ziyarət edilib, bir-birinə
qarşılıqlı inam və simpatiya ifadə edilərək
bəşəri dəyərlər üstün tutulub.
"Novruz" təqvim mərasimi kimi. "Novruz"un həm də təqvim bayramı, ilin
başlanğıcı olması onun möhtəşəmliyini
və təntənəsini artırır. "Novruz"
mövcud olduğu tarixi boyu bir neçə təqvim mərasimindən
keçib. Bunların içərisində
əski türk təqvimi, Zərdüştliklə
bağlı təqvim, Səlcuqlu Məlik şahın Cəlali
təqvimi, Elxanilərin Elxani təqvimi və s.
Bizim türk təqvimi kimi bildiyimiz təqvim
M.Kaşqarlının "Divan"ında əfsanəsi ilə
birlikdə təsvir olunub. Kaşqarlının məlumatına
görə, "türklər on iki çeşid heyvanın
adını götürüb on iki ilə vermişlər.
Uşaqların yaşlarını, savaş
tarixlərini və başqa şeyləri bu illərin
keçməsi ilə hesablayırlar. Bu on
iki heyvandan birincisinin adı siçandır. İlin başına da bu adla "siçan ili"
deyilib. Digər heyvanların sırası belədir:
öküz (ud), bars, dovşan (tavışqan), timsah (nək),
ilan (yılan), at (yund), qoyun (koy), meymun (biçin), toyuq
(takaqu), it (ıt), donuz (tonquz). Türklər bu
illərin hər birində bir qismət olduğunu sanaraq fal
açarlar, uğur sınayarlar. Məsələn,
öküz ili girəndə savaş
çoxalar, çünki öküzlər bir-biri ilə vuruşarlar,
toz qaldırarlar. Toyuq ilində ərzaq bol olur,
amma insanlar arasında qarışıqlıq
çıxarmış, çünki toyuğun yemi dəndir.
Dəni tapmaq üçün isə
çöpləri, qırıntıları bir-birinə
qarışdırır. Timsah ili girəndə
yağış çox yağar, bolluq olurmuş,
çünki timsah suda yaşayır. Donuz ili
girəndə qar və soyuq çox olar, qarğaşalıq
çıxarmış. Beləcə, türklər hər il bir şey olacağına inanırlar...
Türklər ili dörd fəsilə
bölərək ad verirlər. Hər
üç ayın bir adı var. İlin ötməsi bununla
bilinir. Yengigündən ("Novruz"dan)
sonra yaza "Oğlaq ay", sonra "Uluğ oğlaq ay"
deyirlər, çünki bu ikinci fəsildə oğlaq
böyüyür. Bundan sonra "Uluğ
ay" gəlir, çünki bu fəsil yayın
ortasıdır. Yer üzündə nemət
bollaşır, heyvanlar böyüyür, süd
çoxalır. Başqası da belədir.
Az işləndiyi üçün söyləmirəm".
Əski türk xalq təqvimindəki
"oğlaq", başqa deyilişlə "çəpiş"
keçi balasıdır. Xalq təqviminin
dominant elementi olan keçinin (oğlağın) əski
türklərin həyatında çox önəmli bir yer
tutması onun (yəni keçinin) arxaik ritualın, o cümlədən,
mövsüm mərasimlərinin əsas personajlarından birinə
çevrilməsini şərtləndirib. Digər tərəfdən
isə universali xarakterli arxaik ritual personajı kimi əski
türk "oğlağı", onunla eyni kateqorial
anlayışı bölüşən
"eçkü"nü və bizim mərasim folkorunda,
müxtəlif oyunlarda mediativ rolu ilə seçilən
"keçi"ni tipoloji hadisəyə çevirir. Dünya xalqlarının əksəriyyətinin mərasim
folklorunda keçi personajı var və o, ritual-mifoloji
mövqeyi və funksional semantikası baxımından bizim mərasim
folklorundakı analoqu ilə bənzərlik təşkil etməkdədir.
Arxetipdə identikləşən keçilərin
zaman keçdikcə hər bir milli mərasim variantında fərqli
xüsusiyyətləri də formalaşıb.
Əski türk xalq təqvimi bəzi türk xalqlarında müasir dövrə qədər gəlib çıxıb. Məsələn, başqırdlarda bəzi ayların adı qalıb: kekkuk ayı (mesyats kukuşki), kantar ayı, karasa ayı (ptitsa), hıyır ayı (surok) və s. İl adlarından isə at ili (qod konya), ilan ili (qod zmei), siçan ili (qod mışi), balıq ili (qod rıbı), bars ili, dovşan ili (qod zaytsa), ayı ili (qod medvedya), toyuq ili (qod kuritsı), şir ili (qod lıva), inək ili (qod korovı), qoyun ili (qod barana), meymun ili (qod obezyanı). Bu da təxminən əski türk təqviminin davamı sayıla bilər.
Ağaverdi Xəlil,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2014.- 19 mart.- S.14.