Miflə tarix
arasında mübarizə
Mifoloji şüurda
insan dünyanın tərkib hissəsidir
Mifdən tarixə keçiddə mifoloji ideologiya müxtəlif istiqamətlərə parçalanır: ilk formaları həmin ideologiyadan boy atan din bu istiqamətlərdən ən mühümünü təşkil edir. Mifdənsonrakı dövr - tarixi şüur çağı ümumiyyətlə, din epoxasıdır. Mifoloji şüurdan tarixi şüura keçid əslində həm də politeizmdən monoteizmə gedən yoldur. Qədim və orta əsrlər tarixi şüur çağının bütün təzahürləri "dinidir". Tarixi şüur bu dövrdə rasional-elmi kanallarla aldığı hər hansı informasiyanı da əslində dini ehkamlar müstəvisində dəyərləndirərək qəbul edirdi.
Parçalanaraq tarixi şüura transformasiya olunan mifoloji şüur tarixi şüurda arxetiplər şəklində yaşamaqda davam edir. Mifoloji arxetiplər tarixi şüurun ilkin əsası kimi qalıq elementlər şəklində onun strukturunda laylanır. Bu qalıqlar daşlaşaraq genetik süxurlara çevrilir. V.İvanov və V.Toporov mifoloji və tarixi şüur modellərinin bir-birinə belə münasibətini "kreoalizasiya", yəni "modellərin bir-birinə laylanması" adlandırıblar. A.Qureviç orta əsrlər Avropa meterialına əsaslanaraq göstərir ki, orta əsrlərdə (tarixi şüurda-S.R.) insanın təbiətə münasibəti ibtidai cəmiyyətdə (mifoloji şüurda-S.R.) olduğu kimi deyildi. Orta əsrlər adamı artıq özünü (mifoloji şüurda olduğu kimi-S.R.) təbiətlə qovuşdurmur, amma qarşı-qarşıya da qoymurdu. O, özünü qalan dünya ilə daim tutuşdurur və onu öz xüsusi miqyası ilə ölçür: bu ölçünü isə özündə, öz bədənində, öz gerçəkliyində tapır. Başqa sözlə, mifoloji şüurda insan təbiətlə diffuziyada - qovuşmadadır. Əsasında makrokosmik və mikrokosmik eyniyyət prinsipinin durduğu bu qovuşma insanın ilkin qavrama - qruplaşdırıb təsnif etmə üsulunun nəticəsidir.
Mifoloji şüurda insan dünyanın tərkib hissəsi, onun üzvi, qovuşuq elementi, müqəddəs əcdadın törəməsidir. Tarixi şüurda isə insan artıq təbiətdən "qopur", amma tam müstəqilləşərək də onunla qarşıdurma yaratmır. İndi təbiət və insan teoinformativ (dini-ilahi) ardıcıllıq silsiləsi kimi qavranılır. İlahi vəhy dinləri insanı və dünyanı bir-birinin proyektiv törəməsi və qoşası sayır: dünyanın quruluşu insanda təkrarlandığı kimi, insan da dünyanın kiçildilmiş modeli sayılır. Makrokosmun (dünyanın) və mikrokosmun (insanın) eyniləşdirilməsi prinsipi ilə işləyən orta əsrlər şüuru insanı və təbiəti ən xırda detallarına qədər bir-biri ilə bağlayır. A.Qureviç yazır ki, orta əsrlər insanının təbiətə münasibəti subyektin obyektə münasibəti yox, daha çox özünü xarici dünyada tapmaq, kosmosun subyekt olaraq qavrayışıdır. İnsan özünün malik olduğu keyfiyyətləri kainatda da görür. Fərdlə dünyanı ayıran dəqiq sərhədlər yoxdur: dünyada öz davamını görən insan özündə də kainatı aşkarlayır. Onlar elə bil ki, bir-birlərinə qarşılıqlı şəkildə baxırlar.
Orta əsrlər tarixi şüurunda insan və dünya münasibətlərində ən əsas və əvəzsiz element Allahdır. "Orta əsrlər simvolizminin bünövrəsində makro və mikrokosmun analogiyası durur, axı təbiət insanın onda Tanrının obrazını seyr edə biləcəyi güzgü kimi başa düşülürdü". XII əsr filosofları təbiəti öyrənməyi zəruri hesab edirdilər, "ona görə ki, insan təbiəti dərk edərək, özünü onun içində tapır və bunun vasitəsilə İlahi nizamı və Allahın özünü başa düşməyə yaxınlaşır". Yaxud "Allahın surətinə uyğun və onun kimi yaradılmış insan yaradılışın tacı hesab olunurdu: bütün qalan nə vardısa, onun üçün yaradılmışdı" (A.Qureviç).
"Orta əsrlər təfəkkürü öz mahiyyətinə görə teosentrikdir: bütün mövcudluğu müəyyən edən gerçəklik onun üçün təbiət yox, Allahdır" ("Fəlsəfəyə giriş", Moskva, 1989).
Mifoloji düşüncə
çağından tarixi
düşüncə çağına keçiddə məkan-zaman
haqqında təsəvvürlər ciddi dəyişikliklərə
məruz qalır. Məkanın əxlaqi dəyərləndirilmə
ölçüləri genişlənir və müstəsna dini xarakter kəsb edir. Məsələn, orta
əsrlər düşüncəsində 7-lik elementi məkan-zamanın əxlaqi mənimsənilməsinin
mühüm universumu kimi çıxış edir.
Bu universumun ali ölçü statusu dini ehkamlarla
qanuniləşdirilir. Mərkəz arxetipinin
mifdəki maddi obrazı özünü
orta əsrlər şüurunda
da davam etdirir. Məsələn, "yerin
göbəyi" orta əsrlər dünya modelinin aktual anlayışlarından biridir.
Mərkəz obrazı mifdəki xassələrini inkişaf etdirərək ümumbəşəri
dini universum səviyyəsinə
qalxır: Yerusəlim və Məkkə (qiblə) bu universumu təcəssüm
etdirir. Mifdə maddi
şəkildə obrazlaşan sakral-profan (müqəddəs-adi)
qarşıdurma qoşası orta əsrlər
şüurunda varlıq-heçlik
qoşasına transformasiya olunur.
Orta əsrlər şüurunda
zaman Allah tərəfindən
yaradılmış kateqoriya kimi zaman-əbədiyyət antitezinin
profan (adi) tərəfidir.
Zamanın mifdəki qapalılığı (silsiləviliyi) arxa plana keçir
və önə düzxətli zaman
çıxır. Lakin orta
əsrlər şüurundakı bu
düzxətli zaman
başlanğıcı və sonu məlum
olan ilahi limit daxilindədir. Zaman məkan
kimi heçlik kateqoriyasına
aiddir. Dünyanın və zamanın esxatoloji sonu var - qiyamət günü.
Zamanın mifik
antropomorflaşdırılmasının izləri özünü orta əsrlər
Şərq-məsəlman şüurunda Mehdi sahib əz-zaman
obrazında qoruyur. Bu xəttə
aid olan Dəccal obrazı da miflə bağlı transformasiyadır. Mifdə ciddi qəhrəmanın
qeyri-ciddi qarşılığı
olduğu kimi, Dəccal da orta əsrlər düşüncəsində həmin
qeyri-ciddi xətti davam etdirən trikster obrazıdır.
Mifoloji şüurdan
tarixi şüura keçid prosesində baş verən bütün dəyişikliklər
dildə öz ifadəsini tapır. A.Qureviç orta əsrlər dilinin "müstəsna çoxmənalılığını" vurğulayır. Bu dövrdəki
insanın mədəniyyətinin
bütün ən əhəmiyyətli terminləri
çoxmənalıdır: "Eyni mətnə "çoxmənalı şərh"
verə bilmək bacarığı orta əsrlər aqilinin ayrılmaz keyfiyyəti sayılır".
N.Mehdiyev
göstərir ki, əsatirlərin (miflərin-S.R.)
canlı olduğu dövrdə danışıq
dili gerçəklikdən
xüsusi semiotik məsafə ilə ayrılmamışdı, sözlə
onun bildirdiyi obyekt arasındakı köklü fərq duyulmurdu: "Sonrakı inkişafda sözlə əşyanın metaforik eyniyyəti parçalanır,
"işarə ilə
obyekt bir-birindən kəskin şəkildə
aralanır və işarə ilə cisim arasında böyük boşluq yaranır". Beləliklə, orta əsrlər
mədəniyyətində "sözlə cism arasında olan böyük məsafənin
sayəsində yüksək
mücərrədləşdirmələr
düzəldilir".
Qeyd edək
ki, sözün əşya ilə eyniyyəti mifoloji metaforanın mühüm xassəsi olub, onu obrazlı müqayisəyə əsaslanan
orta əsrlər bədii metaforasından fərqləndirən ən
prinsipial cəhətdir.
Əgər "Kitabi-Dədə Qorqud"dakı
"ol zəmanda bəglərin alqışı
alqış, qarğışı
qarğış idi. Duaları
müstəcab olurdı"
düsturunda əski oğuzların sözlə
əşya-hadisə arasında
duyduqları mifoloji-metaforik
eyniyyət ifadə olunurdusa, "ver sözə ehya ki:" deyən Füzulinin çağırışında
sözün orta əsrlərdəki (tarixi
şüurdakı) çoxmənalı
ruhu ifadə olunurdu.
Mifoloji dünya modeli sakral (müqəddəs) olan dəyərlər əsasında qurulur: o, həmişə ilk olanı,
yəni ilk insanı -
əcdadı, ilk zamanı,
ilk məkanı və
s. nəzərdə tutur.
Bu, ideal, toxunulmaz, müqəddəs keçmiş,
dəyişməz etalondur.
Miflə tarix (mifik şüurla
tarixi şüur) arasında gedən bu mübarizə prosesi bu gün
də davam edir. Keçmiş və bu gün, keçmiş və gələcək bir-birini tarixi-diaxron müstəvidə şərtləndirdikləri,
törətdikləri kimi,
həm də qarşı durur.
Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2014.- 20 mart.- S.14.