Şıxəli
Qurbanovun pasport aldığı Novruz...
Moskvaya donos yazaraq
Şıxəli Qurbanovu millətçilikdə, dini bayrama
milli don geydirməkdə günahlandırmışdılar
Novruzun
üç min il yaşı var.
Üç min illik bir bayramın Azərbaycanda 22 illik keşməkeşli
tarixi var, müəmmalı. 11-ci ordunun
süngüləri üstündə Azərbaycana sovet hakimiyyəti
gətiriləndən sonra bir çox bayramlar kimi Novruz da
represiyaya məruz qaldı. Rəsmi bayram
olmasa da, bəzən qadağan edilsə də, bəzi hallarda
qorxulu olsa da, xalq Novruzu qeyd edirdi. 1960-cı illərdə
Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin
katibi Şıxəli Qurbanov Novruz bayramına "bəraət"
verilməsi, Novruzun rəsmi bayram kimi qeyd edilməsi
üçün mübarizəyə başladı. Təhlükəli təşəbbüs idi. Mərkəzi
Komitənin 1-ci katibi Vəli Axundov da Şıxəli Qurbanovu
təhlükəli iş gördüyü barədə xəbərdarlıq
etdi, amma o, geri çəkilmədi.
1967-ci ildə
Novruz ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində
qeyd edildi: "1967-ci ilin Novruz tonqalları yalnız
küçələri, meydanları yox, həm də ən
başlıcası illərin dözülməz
ağırlığı altında sıxılan, boğulan,
mühitin qaranlıqlarına bürünən ürəkləri,
beyinləri işığa qərq etdi...
"Şıxəli Novruz bayramı ilə bağlı
hazırlıq işləri görəndə heç ailəsinin
də bundan xəbəri yox idi. Bilirdi ki, mənim xəbərim
olsa, həyəcanlanacağam, narahat olacağam. Axı o dövrdə belə bir addım atmaq
çox təhlükəli idi"- həyat yoldaşı Xavər
Qurbanova belə deyir. Təhlükəli
olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən
sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində
Novruz bayramının keçirilməsinə müvəffəq
oldu.
"Məqsədi Azərbaycan xalqının milli
şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin
gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını
dayanmırdı, hamının üzündə ürkək
sevinc hissləri var idi. Şıxəli istəyinə
nail olmuşdu, amma həyatı bahasına...
Düşünülmüş şəkildə tərtib
olunmuş Novruz bayramı şənlikləri Azərbaycanın
bütün bölgələrində, xüsusən Bakı
şəhərində ümumxalq şənliyi səviyyəsinə
qaldırıldı. Möhtəşəm Qız
qalasının ətrafı Novruz bayramının qeydolunma mərkəzinə
çevrildi. Axın-axın insanların
toplaşdığı Qız qalası qarşısında
xalq oyun-tamaşaları böyük rəğbət hissi ilə
qarşılandı. Həmin ilin Novruz
bayramına Azərbaycan mətbuatı da xüsusi səhifələr
ayırdı. O vaxt yeganə olan Azərbaycan Dövlət
televiziyası və radiosu verlişlərini bilavasitə Novruz
bayramına həsr etdi. Vertolyotlardan "Yaz -
Novruz bayramınız mübarək!" yazılmış vərəqələr
Bakının küçə-meydanlarına səpələndi.
Ağpaltarlı Bahar qızı keçdiyi yerlərdə
hamı tərəfindən gül-çiçəklə
qarşılandı. Dənizkənarı
bulvarda, şəhər meydanlarında bayram yarmarkaları təşkil
olundu. Bakı əhalisi Şıx
çimərliyində Novruz bayramı - ağacəkmə
bayramı iməciliyi keçirdi.
Azərbaycana
Şıxəli Qurbanovun adına Novruz
bayramının belə təntənəli keçirilməsi
münasibətilə Özbəkistandan,
Qırğızıstandan, hətta İraqdan təbrik
teleqramları gəlmişdi... Təbii olaraq
sonrakı illərdə sovet rejimi Novruz bayramının, eləcə
də digər xalq ayin-mərasimlərinin qarşısına
öz keçilməz sipərini çəkdi. Bununla
belə, Şıxəli Qurbanovun təşəbbüsü,
cəsarəti ilə 1967-ci ildə böyük təntənə
ilə qeyd olunmuş Novruz bayramı ürəklərdə
kövrək iz qoydu....
Həyat yoldaşı Xavər xanım danışır
ki, bayramın axşamı Mərkəzi Komitənin birinci
katibi Vəli Axundov onu təhlükəli işlər
gördüyü barədə xəbərdarlıq
etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə
görə özü cavab verəcəyini demişdi.
"O zaman vəzifə başına keçmək istəyənlər
Moskvaya donos yazaraq, Şıxəli Qurbanovu millətçilikdə,
sovet rejiminə qarşı çıxmaqda, sosializmə zidd
olan adət-ənənələri yenidən dirçəltməkdə,
dini bayrama milli don geydirməkdə
günahlandırmışdılar.
Təbii ki, Azərbaycanda Novruzun yüksək səviyyədə
qeyd olunması Moskvada da böyük həyəcanla
qarşılanmışdı. Ona görə də dərhal
Şıxəli Qurbanov Moskvaya çağırılaraq,
ondan Novruzla bağlı izahat tələb olunmuşdu. O,
Moskvaya gedəndə həbsə alınacağı və ya ən
azından işdən azad ediləcəyi gözlərilirdi. Şıxəli Qurbanov Sov. İKP MK-nin din
şöbəsində 22 vərəqdən ibarət izahat
yazır və özü alim olduğu üçün Novruz
bayramının dini bayram olmadığını sübut və
dəlillərlə şərh edir. İzahat qəbul
olunmuş və hər şey öz yerini tutmuşdu. Şıxəli Qurbanov həm də yaxın dostu
olan tanınmış şərqşünas İosif
Samuiloviç Braginskiyə müraciət edir ki, Novruz
bayramının dinlə əlaqəsi
olmadığını geniş və əsaslı surətdə
öz məqaləsində əks etdirsin. Həqiqətən
də belə bir məqalə "Pravda" qəzetində
çap olunur. Bir qədər sonra həmin yazı Azərbaycan
dilində 20 may 1967-ci il tarixli "Ədəbiyyat
və incəsənət" qəzetində dərc edilir. Məqalə
dərc edildikdən sonra Şıxəli Qurbanov deyir:
"Novruz pasport aldı".
Şıxəli
Qurbanova qədər Azərbaycanın ali
dairələrində belə bir fədakarlıq göstərən,
milli təəssübkeşlik nümayiş etdirən, milli
varlığı bütün ittifaq səviyyəsində
müdafiə edən, "Biz min illər tarixi olan və bəşər
sivilizasiyanın inkişafına öz töhfəsini verən
Novruz kimi ən qədim bir bayramın sahibi olan millətik",
-deyə var gücü ilə nəinki Moskvaya, həm də
bütün dünyaya hayqıra bilən bir rəhbər
olmamışdı. Şıxəli Qurbanov bu
addımları ilə SSRİ subyektlərini təşkil edən
bütün respublikalarda şok effekti əmələ gətirmişdi.
Qurbanovlar ailəsi hər an səksəkədə idi,
bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ
çox ağrıyacaq. "Üç dəfə həyatına
qəsd olundu. Bayramdan sonra maşında
gedərkən güllə atmışdılar ona, əlinə
dəyib sıyırmışdı. Daha
sonra üstünə maşın sürmüşdülər,
özünü güclə ağacın dibinə atıb
canını qurtara bilmişdi. Bir dəfə
də zəhərləmək istəyiblər
alınmayıb".
1967-cü
il, mayın 24-də səhər tezdən
Şıxəli Qurbanovun dişi ağrıyırdı. Ona
görə də adəti üzrə ailə üzvləri ilə
sağollaşaraq çoxdan dostluq etdiyi diş həkiminin
yanına getməyi qərara aldı. Amma o, evdən
çıxanda bilmirdi ki, bu onun son gedişidir və bir daha
geri qayıda bilməyəcək, qatili də dostluq etdiyi həkim
Əliağa Əhmədov olacaq. Məhz
onun tərəfindən vurulan iynə Şıxəli
Qurbanovun həyatına son qoydu. Şıxəli
Qurbanovun ölümünə səbəb ona sianid
turşusunun vurulması ehtimal edilir. Sonradan
məlum olmuşdu ki, Şıxəli Qurbanovun
öldüyünü görən həkim pəncərədən
düşərək birbaşa Vəli Axundovun evinə
qaçıb.
Ailəsi onun ölümünün dövlət səviyyəsində
hazırlandığını iddia edir. Şıxəli Qurbanovun
qızı Gülnarə Qurbanova: "Aydın məsələdir
ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək
üçün sadəcə səbəb idi. O zaman vəzifəyə
gəlmək istəyənlər dövlət səviyyəsində
bunu təşkil etdilər. Məlum oldu ki, ona
sianid turşusu vurublar".
Gülnarə
Qurbanova: "Atam səhər saat 9.40-da rəhmətə
getmişdi, saat 10-da isə Vəli Axundovun göstərişi
ilə ailəsinə xəbər vermədən
yarmışdılar onu. Moskvadan təyyarə
ilə komissiya Bakıya gəlmişdi, amma ailəsi hələ
də xəbərsiz idi. Gülnarə xanımın
dediyinə görə, atasının cənazəsi bir gecə
evlərində qalıb və həmin gecə
övladlarının başqa yerdə gecələməsi məsləhət
görülüb: "Məni həmin gecə Vəli
Axundovun evinə göndərdilər. O vaxt qızı ilə
bir sinifdə oxuyurdum. Sonradan bildim ki, həmin
gecə qonşu otaqda da atamın dişinə iynə vuran həkim
yatıbmış".
Gülnarə
Qurbanova danışır ki, atası son bir ildə
öldürüləcəyini bilirdi: "Anama demişdi ki,
bilirəm məni öldürəcəklər, amma xalq elə
həmin gün qatili parça-parça edib tikələrini
qapımızın ağzına qoyacaq. Xalq
qoymaz ki, qanım yerdə qalsın".
Şıxəli Qurbanovun ölümündən 40
gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda
olur. Onun təkidindən sonra prokurorun müavini məsələni
aydınlaşdırmaq üçün Bakıya göndərilir.
Amma nəticədə Xavər xanıma onun
fikirləri ilə şərik olduğunu desə də, həqiqət
rəsmi surətdə üzə çıxarılmır.
Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin
birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi
"Şıxəli Qurbanovun "anafilaktik şok"dan
ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin
imzası ilə qəzetdə yazı da dərc
olunmuşdu".
Novruz
bayramı ilə bağlı araşdırmaların müəllifi,
filologiya elmləri doktoru, professor Azad Nəbiyev
Şıxəli Qurbanova qəsd olunduğu və onun Novruz
bayramının təşəbbüskarı olması ilə
bağlı deyilənlərlə razılaşmır. Onun dediyinə görə, 1967-ci ildə bayramın
Azərbaycanda keçirilməsi elə sovet ideoloji sisteminin təşəbbüsü
idi. "Bu təkcə Şıxəli Qurbanovun təşəbbüsü
ola bilməzdi. O zaman ona kim
icazə verərdi ki, belə bir addım atsın? Elə bayramdan öncə - açıqçalar
çap etdirən zaman onu aradan götürərdilər".
Azad Nəbiyev
deyir ki, Şıxəli Qurbanovun həyatına qəsd
olunmasaydı, bu mütləq üzə çıxardı:
"Vəli Axundov dəfələrlə öz
açıqlamalarında deyib ki, Şıxəli Qurbanovu
onlar hakimiyyətə gətirmişdilər, onun xalq
arasında çox böyük hörməti var idi. İnana bilmirəm ki, bu boyda qəsd təşkil
olunsun. Belə olsaydı istintaq mütləq
nəsə üzə çıxarardı".
Mayın 24-ü vəfat edən günü Azərbaycan
Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz"
dramının ictimai baxışı idi. Gülnarə
Qurbanova deyir ki, hələ bir gün öncə - mayın
23-də Şıxəli Qurbanov tamaşanın məşqini
yarımçıq qoyub getməli olmuşdu, xaricdən
qonaqlar gəlmişdi. Qapıdan çıxanda isə
demişdi ki, ""Sənsiz"ə baxarsız mənsiz"...
Elə belə də oldu. Gülnarə
xanım danışır ki, səhəri gün tamaşaya gələnlərin
hamısı xəstəxanada idi: "Tamaşaya gələnlərə
elan etmişdilər ki, müəllif rəhmətə
gedib".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 20 mart.- S.13.