Novruz - türk xalqlarının birlik
bayramı
Türk
dünyasında Bahar bayramı necə qeyd olunur?
Hazırda xalqımızın qeyd etdiyi bayramlardan
heç birini ənənələrinə görə Novruzla
müqayisə etmək mümkün deyildir. Minilliklər
içərisindən keçib gələn bu qədim el
bayramı tarix boyu çoxlu qadağalara və təqiblərə
məruz qalsa da, öz təravətini, gözəlliyini indi də
saxlayır. Novruz türk xalqlarının
zəngin maddi və mənəvi dəyərlərinin mühüm
hissəsini özündə ehtiva edən unikal mədəniyyət
hadisəsidir.
"Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca
dərin və geniş əhatəlidir. Bu
bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim
mədəni köklərə və mənəvi qaynaqlara
bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda,
Türkiyədə, və Orta Asiya türk dövlətlərində
Novruz mart ayında bahar bayramı kimi qeyd olunur.
Novruz Türk xalqlarının inancına görə,
insanın yaradılış bayramıdır. Onun
epoxaları, xalqları, dinləri, qitələri əhatə
edən kulturoloji-fəlsəfi əzəmətinin, milli
böyüklüyünün əsasında varlıq aləminin
yaradılışı haqqında ilkin mifoloji-kosmoqonik
konsepsiya durur. Novruz özünün qlobal
məkan və zaman coğrafiyasında heç vaxt ilkin
yaradılış fəlsəfəsindən məhrum olmamış,
dünyanın harasında, tarixin hansı dönəmində
olursa-olsun, təbiətin, insanın varlığını təzələmiş,
onları yox olmaqdan qoruyub. Bu cəhətdən
Novruz bayramı milli fəlsəfəsinə, kosmik mahiyyətinə
görə insan və onun dünyasının
yaradılış mexanizmidir. Cəmiyyətin
dialektik hadisə kimi mövcudluğunun, inkişaf və təkamülünün
üsuludur.
Novruz mərasim sistemi və ilkin semantikası etibarilə
baharın gəlişi ilə harmoniyada gerçəkləşən
insanın yaradılışı mifi ilə
bağlıdır. Bu bayram Şərq xalqları tərəfindən
rəsmi bayram kimi qəbul edilməsi tarixinə qədər
müxtəlif mərhələlərdən keçə-keçə
uzun bir yol qət edib.
Hovruz bayramı türkdilli və digər xalqlar tərəfindən
necə qeyd edilir və hansı adət-ənənələr
yaşadılır?
Azərbaycanda adətə görə, Novruz Bayramında
göyərdilən səməni yazın gəlməsinin, təbiətin
canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi
səməni göyərtməklə növbəti təssərrüfat
ilinə bərəkət, bolluq arzulamış, bayrama
dörd həftə qalmış, hər çərşənbə
axşamı və bayram günü tonqal qalamaqla, mahnı
qoşmaqla oda, atəşə, günəşə olan etiqad
və inamını ifadə edib.
Bütün bu mərasimlər İslamdan
çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır. Novruz Bayramı
qabağı adətən evdə həyətdə
abadlıq, təmizlik işləri aparılır, ağac əkilir
və s. Novruz Bayramında şirniyyat növləri (qoğal,
külçə, fəsəli, paxlava, şəkərbura,
şəkərçörəyi və s.) və plov
bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi
və sinilərdə xonça bəzənir, şam
yandırılır, tonqal qalanır, səməni qoyulur,
ölənlərin xatirəsi yad edilir, küsülülər
barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay
göndərirlər. Aşıqlar baharı mədh
edir. Oğlan və qızlar təzə
paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir,
küştü tuturlar. Novruz Bayramında
"haxışta", "bənövşə",
"kos-kosa" oynayırlar. Bayramın əsas
simvolları isə Bahar qızı, Kosa və Keçəldir.
Adətə görə, süfrəyə
"s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Türkmənistanda Novruz 1922-ci ildə xalqın qeyd
etdiyi rəsmi bayramları sırasına daxil olub. Bu bayram iki
gün, yəni martın 21-i və 22-sində keçirilir.
Türkmənlər həm də mart
ayını Novruz adlandırırlar. ölkədə
onun gəlişinə bir il qabaq hazırlaşırlar.
İki gün əvvəlsə ev və həyatyanı
sahədə dərindən təmizlik işləri
aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin
gün dopdolu olmalı bu ərəfədə insanlar bir-birinə
qonaq getməlidirlər. Deyilənə
görə, qonağa nə qədər çox
kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə
də bir o qədər bolluq olar. Burada
bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur.
Səmənidən hazırlanan xörəklərin
bayram süfrəsində yer almasına xüsusi olaraq fikir
verilir. Onlar səhərdən ağ
mərmərli Aşqabadı qarışbaqarış gəzərək
şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı
bayramın əsil episentrinə çevrilir. Burada Türkmənistanın
tanınmış estrada ulduz və
qruplarının iştirakıyla konsert proqramı verilir.
Qırğızıstanda da mart ayını Novruz
adlandırırlar. Vaxtilə həmin gün doğulan
oğlanlara adətə görə Novruzbəy, qızları
isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı
əlamət hesab olunardı. Təsadüfi
deyil ki, qırğız əfsanələrində qız
gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər.
Bayramda üzərinə dadlı təamlar
düzülmüş ağappaq dəstərxan-süfrə
salınır. Süfrədə un
qatılmış səməni, yağ və şəkərdən
hazırlanan sumelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə
paltarlar geyinir, küsülülər barışırlar.
Hələ audıraspek adlı oyundan
danışmırıq. Bu zaman oğlanlar
bir-birini atdan salmalıdırlar. Hətta
xanımların iştirak etdiyi idman yarışlarını
demirik. Oğlanları yarışa dəvət
edən qızlar qalib gəldikləri halda onlardan istənilən
arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin
qıza elçi düşə bilirdilər. İndinin özündə Bibkek şəhərinin
mərkəzi meydanı "Alatao" və digər rayon mərkəzlərində
səhnəciklər təşkil olunur. Cıdır
meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi
sayılan plova da qonaq olurlar.
Türkiyədəki türklər belə hesab edirlər
ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və
onun ətrafındakı ərazilərdə martın 22-si
"Novruz sultan" adlandırılır. Diyarbəkirdə insanlar gəzintiyə
çıxırlar. Evə gələn
adamsa müxtəlif növ meyvələrə qonaq edilir.
Tuncəlidə kişilər alınlarına
qara rəng vuraraq su mənbələrinə doğru hərəkət
edir, burada onlar rəngi axıdır və dua edirlər.
Mərkəzi Anadoluda Novruz Bayramı "mart
doqquzu" kimi də tanınır. Anadoluda
keçirilən digər mərasimlərə ağacları
mart günəşinin şüalarından qorumaq
üçün onlara parçaların (mart lenti)
sarınmasını misal çəkə bilərik. Bu xüsusən də Giresun şəhəri
üçün xarakterikdir. Təkirdağda
Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi
hesab olunur və "Novruz şənliyi" adı altında
qeyd olunur. İzmir, Uşaq, Sivas və
Şəbinkarahisarda ənənələr eyni olaraq qalır.
Mart ayı yeni ilin başlanğıcı hesab
olunduğu üçün onun ilk 12 gününə görə
ilin necə keçəcəyi müəyyənləşdirilir.
Novruzda S hərfi ilə başlayan yeddi təam
yemək məsləhət görülür.
Qazaxlar isə Novruzu Nauruz adlandırırlar. Bu söz
yazın doğulması mənasını verir. Lakin
bayramın başqa adları da var. Məsələn, "Ulus
kunı (yeni lin birinci günü)", və
ya "UlıstınUlı Kunı (xalqın böyük
günü)". Novruzun gəlişi münasibətilə
insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər.
Mərasimin əsas xörəyi tərkibinə
7 inqredient daxil olan naorız-kojedir. O həyatın 7
elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ,
un, taxıl və süd daxildir. İnqredientlərsə
öz növbəsində şadlıq, uğur, müdriklik,
sağlamlıq, firavanlıq, sürət, artım və ilahi
mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına nauruz-koje olan 7
piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və
öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini "koktem tudı"
(yazın doğulması deməkdir) deyərək təbrik
edir. Axşama yaxınsa akınların
(aşıqların) dombra alətinin müşayiətilə
deyişməsi-altıs başlayır. Bu
səhərə kimi davam edir. Xeyri daha
çox tərif edən qalib gəlir. Qazaxıstanda
Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
Özbəkistanda bayram menyusuna xüsusi olaraq fikir
verilir. Süfrədə mütləq şurpa (ət
bulyonunda bişirilən tərəvəzlər), plov və
samsa (göyərtili pirojkilər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik.
Belə ki, bişməsi 24 saat çəkən
bu xörəyin hazırlanmasında yalnız qadınlar
iştirak edir və bu əməlli-başlı mərasimdir
desək yanılmarıq. Belə ki cücərmiş
buğda dənələri iri qazana tökülür və
tünd rəng alınana kimi qarışdırılır.
Yaz haqqında nəğmələr oxunur.
Qazanın dibinə isə daş və ya qoz
yerləşdirilir. Sumalak fincanına
daş və ya qozun düşməsi ilin uğurlu olması
deməkdir. Burada Novruzla əlaqədar
olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar
da keçirilir. Ata minmiş igidlər
bir-birinin əlindən yəhərlərindəki qoyun və
ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq
görülür. Ağsaqqallar bir yerə
toplaşır, oyunun qaydalarını müzakirə edirlər.
Atı seçəndə xüsusi olaraq diqqətli
olmaq tələb olunur. Belə ki onun cəldliyi
və alçaqboylu olması əsas şərtlərdən
biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir.
Paltarın oyunçuların bir-birinə
endirdikləri qamçı zərbələrinə
davamlı olması mütləqdir. Ona
görə də iştirakçılar sırıqlı
pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça,
sırıqlı yorğan və ya xələt hədiyyə
olunur.
İran süfrəsində isə azərbaycandakından fərqli bir səməni görə bilərik. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Buğdadan da cücərdirlər, amma mərci səmənisi cücərtmək daha rahatdır, o daha tez cücərir. İran süfrəsində şəkil də görmək olar - məsələn İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar.
Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar.
Süfrədə mütləq "s" hərfi ilə başlayan 7 nemət olmalıdır. Sonbol, yəni gül, sir, yəni sarımsaq, sib, yəni alma, sikkə. Əfqanıstanda isə bayram süfrəsi adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər.
Əfqan süfrəsində kompota bənzər bir təam görə bilərsiniz. Həmin təamın adı "həft" meyvə, yəni 7 meyvədir. Amma quru meyvələrdən hazırlanır.
Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar. Ancaq Novruzda hazırlayırlar. "Həft" meyvə - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır.
Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir - yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar.
Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda - Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur - xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır, sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi başqa oyunlar da olur.
Əfqan süfrəsinə güldanda narıncı zanbaqlar da qoyulur. Həmin zanbaqlar ancaq Məzari-şərifdə bitir və ancaq Novruz qabağı. Ömürləri də cəmi bir neçə gün olur. Amma əfqanlar Novruzda Məzari-şərifə təkcə şənlənməyə getmirlər. Orada xüsusi bayraq qaldırılır. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əlinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusunu yerinə yetir.
Novruzu İraq və Türkiyədə də
qeyd edir. Parslar
Pakistanda və Hindistanda bu bayramı təntənəylə
keçirir. Albaniyada isə bəktaşilik təriqətinin
davamçıları Sultan Nevruz bayramını qeyd edirlər.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 20 mart.- S.9.