Damcılı öz
halına ağlayır...
Dahi şairimiz Səməd Vurğunun dünyanın səkkizinci, Azərbaycanın
birinci möcüzəsi
adlandırdığı, Qazax
rayonu Daşsalahlı
kəndində yerləşən
Damcılı bulağı
sözün həqiqi
mənasında ilin bütün fəsillərində
gözoxşayan əsrarəngizliyi
ilə Azərbaycanın
hər bir nöqtəsindən, hətta
ölkəmizin hüdudlarının
kənarından bulaq başında kef etməyə,
bu fərqliliyi gözləri ilə görməyə gələnlərin
zövqünü oxşayır.
Kiçik Qafqaz Sıra
Dağlarının bir
qolu olan, Avey dağının ətəyində yerləşən
Damcılı bulağında
mənbəyi bəlli
olmayan suyun qayaların arasından süzülərək axması
həm bura təşrif buyuran turistlərin, həm də ümumən bütün görənlərin
maraq və təəccübünə səbəb
olur. Damcılının qayaların arasından
çıxaraq damcı-damcı
axan sularına baxanda bu möhtəşəmliyin
yalnız və yalnız ilahi tərəfindən yaradılan
gözəlliklərin harmoniyası
olduğu fikri beyinlərə hakim kəsilir.
Amma təəssüf
hissi ilə qeyd etməliyəm ki, dahilərin, yazarların, şairlərin,
bir sözlə, saz-söz adamlarının
ilham mənbəyi olan bu möcüzəvi
bulaq baxımsızlıq
ucbatından çox vaxt söz-söhbətə
səbəb olur. Son illər
Daşsalahlı kəndinin
imkanlı şəxslərinin
öz şəxsi hesablarına inşa etdirdikləri "domiklər"
yağışlı havada
burada dincələnlərin
köməyinə yetsə
də, qoruq ərazisi hesab olunduğundan təbiiliyin
itirilməməsi səbəbilə
bu cür dəyişikliklərin edilməsinə
bir növ qadağa qoyulduğu fikirləri səsləndi.
Səslənən bu cür fikirlərin nə dərəcədə doğru
olduğunu dəqiqləşdirməmiş
qarşılaşdığım mənzərə və qoruqçu ilə söhbətim deyilənlərin
həqiqəti əks
etdirdiyini sərgiləmiş
oldu. Bu günlərdə
Ziya Bünyadovun Azərbaycan tarixi kitabının əvvəlki
səhifələrində ilk insan yaşayış məskənlərindən biri
kimi qeyd olunan Daşsalahlı mağarasına, eyni zamanda haqqında danışdığımız Damcılı bulağına
səfərim oldu.
Hər dəfə olduğu kimi budəfəki səfərimdə
də "köhnə
hamam, köhnə tas" el məsəli
özünü göstərirdi.
Damcılı qoruğunun qapısından
içəri daxil olan kimi kələ-kötür
yol əyləşdiyimiz
avtomobili dalğalı
dənizdə üzən
gəmi kimi ləngər vurdururdu.
Bir az
irəlilədikdən sonra
SSRİ dövründə salınan
asfalt yola çatsaq da, köhnəliyi hər halından bəlli olan yolun nahamarlığı
"təbii ahəngdarlığ"ı
qoruyub saxlayırdı.
Nəhayət gözlərindən dumduru gilə-gilə yaş süzülən Damcılı bulağına
çatırıq. Min
illərdir başından
qonaq qara əskik olmayan, ora hər qədəm
qoyana möcüzəvi
suyundan daddıran Damcılı indi öz halına ağlayırdı. Bəli, indi
qayaların arasından
süzülən damcılar
Damcılının öz
halına ürək yandırdığı zaman
yaranan göz yaşları idi. Ərazinin görünüşü yerli
insanların ürək
ağrısı ilə
qarşıladıqları hala çevrilib. Qoruqçudan bulaq ətrafı
ərazinin səhmana salınmamasının səbəbini
soruşanda sanki yanıb köz olmuş ocağı qorlandırdım.
Damcılı bulağının qoruq kimi Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğunu bildirən qoruqçu dəfələrlə
müraciət edilməsinə
baxmayaraq, təbiiliyin
itirilməməsi səbəbini
əsas gətirdiklərindən
və heç bir təmir işlərinin aparılmamasından
gileyləndi. Gileylənməkdə haqlı idi
də. Çünki onsuz da ərazi əvvəlcədən
asfalt örtüklə
hamarlaşdırılıb, amma illər keçdikcə müəyyən
çökmə və
qabarmaların olması
göz oxşayan gözəllikləri bir xətlə silir. İndi ora yeni asfalt
örtüyün salınması
hansı təbiiliyi itirəcək anlamaq olmur. Yəqin düşünülüb ki, köhnə asfalt örtüyün bəzi yerlərində yaranan çökmə və qabarmalar "müasir təbiilik" nümunəsidir. Qoruqda yeni
tikililərin inşasına
qoyulan qadağanı başa düşsəm də, bəzi çatışmazlıqların aradan qaldırılmasına
biganəliyi heç cür anlaya bilmədim. Qoruqçu
bir məqamı da qeyd etdi
ki, nə aidiyyatı qurumun özü bir iş görür, nə də kəndin imkanlı şəxslərinə imkan
verir.
P.S. İmkanlı şəxslərin
Damcılıda düzəlişlərinə
imkan verilib-verilməməsinə
bir söz deyə bilmərəm, amma turizmin inkişafından
danışırıqsa, aidiyyatı
qurumlar iş görməkdən çəkinməməlidirlər.
P.P.S. Dövlətimizin yürütdüyü siyasəti
yaxından dəstəkləyən
Qazaxın, xüsusən
də Daş salahlı kəndinin hər bir sakini
tezliklə bu problemin aradan qalxacağına inanır.
Nicat
Xalq Cəbhəsi.-
2014.- 28 mart.- S.15.