Hüquqi dövlətdə seçmək
və seçilmək azadlığı
Seçmək və seçilmək
hüququ əsas,
fundamental vətəndaş hüquqlarından biridir
Müstəqillik əldə edildikdən
sonra demokratik institutların inkişafı
ölkə vətəndaşlarının
ictimai-siyasi fəaliyyətə
qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu
özünü siyasi
partiyaların yaradılmasında,
qeyri-hökumət təşkilatlarının
təsis edilməsində,
başqaları ilə
birləşməkdə, kütləvi
toplantıların keçirilməsində,
hüquq və azadlıqların məhkəmə
təminatında və
digər hüquqların
əldə olunmasında
büruzə verib.
Bu kimi məsələlərdə
də fikir azadlığı, insanların
seçim imkanları
əsas şərtlərdən
biridir ki, bu da ölkə
qanunvericiliyində təsbit
olunub. Bu seçim hər bir vətəndaşın
hüququdur. Lakin vətəndaş aktivliyinin
ən miqyaslı təzahürü onların
seçki prosesində
iştirakıdır. Çünki
seçki prosesi dövlətin idarə edilməsində, cəmiyyətin
maraqlarına toxunan məsələlərin həllində
iştirakın ən əlçatan, ən sadə və ən
effektiv vasitəsidir.
Yaşadığımız
dövrdə seçmək və seçilmək hüququ əsas,
fundamental vətəndaş hüquqlarından biridir. Məlum
olduğu kimi, bu hüququn və ümumiyyətlə
seçkilərin tarixi ən qədim zamanlardan
başlayır. Müasir seçkilərin mənbəyini
axtarsaq gedib qədim yunan və roma dövlətlərində
keçirilən seçkilərə çıxmalı
olarıq. Müasir seçki hüququ dövlət hakimiyyətinin
və yerli özünüidarənin təşkilinin
hüquqi tənzimlənməsinin ayrılmaz hissəsidir.
Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri,
kommunikativ texnologiyaların inkişafı nəticəsində
seçki mexanizmlərinin də universallaşması baş
verir və seçkilərin beynəlxalq standartları
yaranır.
Son
onilliklərdə beynəlxalq seçki standartlarını
müəyyən edən bir sıra mühüm beynəlxalq
sənədlər qəbul olunub. Və hazırda demokratik
hüquqi cəmiyyətlərdə seçki qanunvericilikləri
bu sənədlərlə müəyyən edilmiş təməl
norma və prinsiplərə əsaslanır. Bu gün beynəlxalq
seçki norma və standartları İnsan hüquqları
haqqında Ümumi Bəyannamə, İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında Avropa
Konvensiyası və onun 1 nömrəli Protokolu, Mülki və
siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi sənədlərdə
müəyyən olunub.
İnsan
hüquqları haqqında Ümumi Bəyannaməyə əsasən
(21-ci maddə) hər bir şəxs dövlətin idarə
olunmasında bilavasitə və ya azad şəkildə
seçilmiş nümayəndələr vasitəsilə
iştirak etmək hüququna malikdir. Xalqın iradəsi
iqtidar hakimiyyətinin əsası olmalıdır: bu iradə
öz ifadəsini gizli səsvermə yolu ilə, ümumi və
bərabər seçki hüququ və ya səsvermənin
azadlığını təmin edən digər eynimənalı
formalar əsasında keçirilən mütəmadi və
saxtalaşdırılmamış seçkilərdə
tapmalıdır.
İnsan
hüquq və əsas azadlıqlarının müdafiəsi
haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokoluna əsasən
(3-cü maddə) iştirakçı dövlət qanunverici
hakimiyyət orqanını seçərkən xalqın
öz iradəsini sərbəst ifadə edə biləcək
şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə
yolu ilə azad seçkilər keçirməyi öhdələrinə
götürürlər.
Mülki
və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən
(25-ci maddə) hər bir insan heç bir ayrı-seçkilik
və əsassız məhdudiyyət qoyulmadan
aşağıdakı hüquq və imkanlara malik
olmalıdır:
a)
dövlət işlərinin aparılmasında istər
bilavasitə, istərsə də azad şəraitdə
seçilmiş nümayəndələri vasitəsilə
iştirak etmək;
b) səs
vermək və ümumi və bərabər seçki
hüququ əsasında gizli səsvermə yolu ilə
keçirilən və seçicilərin sərbəst iradəsini
təmin edən həqiqi vaxtaşırı seçkilərdə
seçilmək.
Sadalanan və
digər beynəlxalq sənədləri nəzərdən
keçirərkən aydın olur ki, müasir seçki
standartları ümumi, bərabər, azad, gizli və
birbaşa seçki hüququna və seçkilərin mütəmadiliyi
prinsipinə əsaslanır.
Konstitusiyamıza
əsasən (1-ci maddə) Azərbaycan Respublikasında
dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan
xalqıdır. Konstitusiyada ölkə vətəndaşlarının
dövlət orqanlarına seçmək və seçilmək,
habelə referendumda iştirak etmək hüququ təsbit
edilib.
Azərbaycan
xalqının iradəsi ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında gizli və şəxsi
səsvermə yolu ilə azad keçirilən seçkilərdə,
habelə ümumxalq səsverməsində - referendumda öz təzahürünü
tapır. Dövlətimiz Azərbaycan Respublikası vətəndaşlarının
iradəsinin azad ifadə edilməsinə seçki
hüququnun prinsip və normalarının müdafiə edilməsi
yolu ilə təminat verir.
Seçki
Məcəlləsi Milli Məclisin deputatlarının, ölkə
Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin
ümumxalq səsverməsinin - referendumun təşkili və
keçirilməsi qaydalarını müəyyən edir.
Bu Məcəlləyə
əsasən (12-ci maddə) (Konstitusiyanın 56-cı, Məcəllənin
14-cü maddələri) Milli Məclisə seçkilərin,
prezident seçkilərinin, bələdiyyələrə
seçkilərin, referendumun keçirilməsi günü (həmin
gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan
Respublikasının hər bir vətəndaşının
seçmək, referendumda səs vermək, seçkilərin
(referendumun) gedişini müşahidə etmək,
seçkiqabağı (referendumqabağı) təşviqatda
iştirak etmək, qanunla (Seçki Məcəlləsi ilə)
nəzərdə tutulmuş seçki hərəkətlərində
və referendumun hazırlanması ilə bağlı hərəkətlərin
həyata keçirilməsində iştirak etmək
hüququ, başqa sözlə aktiv seçki hüququ
vardır.
Onu da
bildirək ki, hüquqi dövlət insan
hüquqlarının qorunduğu, vətəndaşların
dövlətə hörməti və etibarı, konsensusun,
stabilliyin, tolerantlığın, dialoqun hökm
sürdüyü şəraitdə mövcud ola və
uğurla inkişaf edə bilər. Siyasi hüquq və
azadlıqlar vətəndaşın əsas konstitusiya
hüquq və azadlıqları hesab olunur. Siyasi hüquq və
azadlıqlar konstitusiyanın (49, 50, 52, 54 - 58-ci) maddələri
ilə təsbit olunub. Bu baxımdan, hüquq və
azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir.
Hakimiyyət üzərində nəzarət, demokratik rejimin və
hüquqi dövlətin əsas əlamətidir. Hüquqi
dövlətin əsas əlamətlərindən biri kimi
siyasi hüquq və azadlıqlar: dövlətin və onun
orqanlarının fəaliyyəti və təşkilində
demokratiyanın bilavasitə və müxtəlif nümayəndəli
formalarında iştirak etmək səlahiyyətidir. Buraya
seçki və müraciət etmək hüququ daxildir; Vətəndaş
cəmiyyətinin həyatında (söz və mətbuat
azadlığı, yığıncaq və nümayiş
azadlığı, birləşmək hüququ) fəal
iştirak etmək səlahiyyətidir. Dövlətin idarə
olunmasında iştirak etmək hüququ həm də dövlət
və onun vətəndaşı arasında
qarşılıqlı münasibətlərin əsas prinsiplərdən
biridir. Konstitusiyanın 54-cü maddəsində vətəndaşların
cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz
iştirak etmək hüququ təsbit olunub, onların dövlətə
qarşı qiyama və ya dövlət çevrilişinə
müstəqil müqavimət göstərmək hüququ da
müəyyən edilib. 55-ci maddədə vətəndaşların
dövlətin idarə olunmasında bilavasitə və ya
nümayəndələri vasitəsilə iştirak etmək,
dövlət orqanlarında qulluq etmək hüququ da öz əksini
tapıb. Bunun üçün müvafiq qanunlar da qəbul
edilib. Seçki hüququ xalqın iradəsini azad ifadə edən
demokratik təsisatlardan biridir. Seçki sistemi konstitusiya
hüquqi normaları ilə tənzimlənir. Seçki
hüququ dövlət hakimiyyəti, yerli özününidarəetmə,
bütövlükdə, hüquqi sistemin səmərəliliyini
yüksəldən əsas amildir. Seçki hüququ xalq
suverenliyinin ifadəsi və xalq hakimiyyətini həyata
keçirmək formasıdır. Konstitusiyanın 56-cı maddəsində
vətəndaşların dövlət orqanlarına seçmək
və seçilmək, referendumda iştirak etmək hüququ
təsbit edilib. Demokratik seçki xalqın dövlət idarəçiliyi
prosesində daha məqsədyönlü iştirakına və
bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin,
dövlətin sivil inkişafına geniş imkanlar
açır. Demokratik seçkinin ən əsas şərti
hesabat vermək məsuliyyətindən əlavə həm də
aşkarlıq, şəffaflıq, obyektivlikdir. Demokratik cəmiyyətlərdə
seçicilərin azad seçim hüququna kənar müdaxilələrin
minimuma endirilməsi üçün onların gizli səs
vermək hüquqları təmin olunub. Söz
azadlığı vətəndaş cəmiyyəti və
hüquqi dövlətin əsasını təşkil edir. Bu
azadlıq demokratik, tolerant cəmiyyətin mövcudluğu formasıdır.
Hüquqi dövlətdə heç bir vətəndaş
söz azadlığına görə təqib oluna bilməz.
Məlumat azadlığı söz azadlığından
ayrılmazdır. Konstitusiyanın 50-ci maddəsində hər
kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə
etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığına, kütləvi informasiyanın
azadlığına təminat verildiyi, KİV-də, mətbuatda
dövlət senzurasının qadağan olunduğu təsbit
olunub. Söz, mətbuat, informasiya azadlığı yalnız
müəyyən qaydalar daxilində məhdudlaşdırıla
bilər. Söz azadlığının məhdudlaşdırılması
iki halda əhəmiyyət kəsb edir. Birincisi, o
qadağanedici normaların (etika, hüquq) xarakterinə əsaslanır.
İkincisi, o, normaların təsir yönümünə (din,
hakimiyyət, şəxsiyyət) aiddir. Çağdaş
konstitusiyalarda vətəndaşların siyasi fəallığının
formalarından biri kimi sərbəst toplaşmaq hüququ təsbit
olunub. Konstitusiyanın 49-cu maddəsində "hər kəsin
başqaları ilə birlikdə sərbəst
yığışmaq, yığıncaqlar, mitinqlər,
nümayişlər, küçə yürüşləri
keçirmək, piketlər düzəltmək hüququna təminat"
verilib. Bu demokratik təsisatlar ictimai və hüquqi dövlət
həyatının problemlərinə dair kütləvi və
fərdi münasibətin açıq formasını ifadə
edir. Sərbəst toplaşmaq hüququ vətəndaş cəmiyyətinin
dövlət hakimiyyət orqanlarının fəaliyyətinə
nəzarət vasitəsi, müasir demokratik dövlət
atributludur. Vətəndaş cəmiyyəti strukturlarında
birləşmək hüququ vətəndaşın siyasi fəallığını
artırır, cəmiyyətin ictimai-siyasi həyatında
iştirakını təmin edir. İctimai birliklərin və
təşkilatların aşağıdakı formaları
mövcuddur:
ictimai hərəkatlar,
ictimai
fondlar,
siyasi
partiyalar,
həmkarlar
ittifaqları,
sahibkarlıq
və xeyriyyə cəmiyyətləri və s.
Konstitusiyanın
58-ci maddəsində hər kəsin birləşmək,
ictimai birlik və təşkilat yaratmaq hüququna təminat
verilib. Bir sözlə, Əsas Qanunda təsbit olunan insan
hüquqları idarəçiliyin əsası və dövlətçiliyin
idealıdır.
Azərbaycan
dövləti də insan ləyaqətini, onların azadlıq
və bərabərliyini, şəxsiyyətin özünəməxsusluğunu,
iradə azadlığını qoruyur. Azərbaycan
Respublikasında insan hüquq və əsas
azadlıqlarının həyata keçirilməsinin təmin
olunması, ölkədə məhkəmə
islahatlarının həyata keçirilməsi, Azərbaycan
Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin
daha da təkmilləşdirilməsi ilə bağlı yeni
müddəaların Azərbaycan Konstitusiyasında təsbit
edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixində
referendum keçirilməsi də dövrün zəruri tələbləri
ilə şərtlənib. Referendumun nəticəsi kimi insan
hüquq və azadlıqlarının daha səmərəli həyata
keçirilməsinə, İnsan Hüquqları üzrə
Müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti
ilə bağlı bir sıra mühüm müddəalar
konstitusiyada əksini tapıb. Həmçinin, ilk dəfə
olaraq, hər kəsin pozulmuş insan hüquq və
azadlıqlarının bərpası məqsədilə
Konstitusiya Məhkəməsinə birbaşa müraciət
hüqüqu tanınıb. Konstitusiyada, ilk dəfə olaraq,
hər kəsin onun hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin
normativ aktlarından, məhkəmə aktlarından qanunla
müəyyən edilmiş qaydada 130-cu maddənin III hissəsinin
1-7-ci bəndlərində göstərilən məsələlərin
Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi
və pozulmuş insan hüquq və azadlıqlarının bərpa
edilməsi məqsədilə şikayət vermək
hüququ təsbit olunub.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 29 mart.- S.11.