İnformasiya müharibəsi və milli təhlükəsizlik
Müasir dünyada
elmi-texniki inkişafa uyğun olaraq, müharibələrin
metod və silahları da dəyişməkdədir
İnformasiya axınının dünyanın hər
yerində sürətləndiyi bir vaxtda hətta
informasiyanı daha çox yaradan ölkələr belə
yaratdıqlarının "əsirinə" çevrilirlər. Bu, artıq
dünyanı saran ciddi bir təhlükədir.
İnsanlar hər an informasiyaların
təsirində, hətta təhdidindədirlər. İnformasiya
insanların əhvalına sürətlə təsir edir,
onları yönləndirir...
İnformasiya
texnologiyaları üzrə mütəxəssis İradə
Ələkbərova problemin aktuallığına diqqət
çəkir: "İnformasiya texnologiyasının
inkişafı ilə əlaqədar daha asan və tez əldə
edilən informasiya dövlətin və cəmiyyətin
özünü ifadə etmək baxımından ideal vasitə
hesab edilir. Bu səbəbdən son zamanlar
iqtisadiyyatda, siyasətdə və hərbdə "informasiya əməliyyatı"
və "informasiya müharibəsi" terminləri geniş
istifadə edilir. Dünyada informasiya müharibəsi
texnologiyalarının inkişafı və dövlətlər
arasında baş verən hərbi və siyasi
qarşıdurmalar belə söyləməyə əsas verir
ki, yaxın gələcəkdə qarşı tərəf
üzərində üstünlük informasiyanın ələ
keçirilməsi, onlara tez reaksiya verilməsi, real vaxt çərçivəsində
qarşı tərəfin informasiya mənbələrinin məhv
edilməsi ilə əldə olunacaq. Bu gün cəmiyyətdə
milli informasiya resurslarının mühafizəsi məsələsi
çox aktualdır. İnkişaf
etmiş dövlətlər tərəfindən informasiya
silahının tətbiqi və qlobal informasiya infrastrukturunun
yaradılması bu ölkələrin dünyada lider ölkə
olmaq ideyasından irəli gəlir. İnternet
açıq informasiya şəbəkəsinin genişlənməsi,
kompyuter cinayətkarlığının artması, siyasi və
iqtisadi məqsədlərə çatmaq üçün
yüksək səviyyədə informasiya hücümu təhlükələrinin
çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi
kimi məsələlərin aktuallığına səbəb
olub".
İnformasiya müharibəsi və onun tətbiqi
texnologiyalarının kökü qədim dövrlərə
təsadüf edir. Araşdırmaçı bildirir ki,
insanlar yaşadıqca informasiya təcavüzü bu və ya
digər formada hər zaman olub. Belə ki, insanların
informasiyasız yaşamaları mümkün deyil: "Fiziki
müharibə etmədən informasiya müharibəsi aparmaq
olur, ancaq informasiya müharibəsi olmadan fiziki müharibə
aparılmır. Başqa sözlə, fiziki
müharibə aparılarkən, eyni zamanda, onun tərkib hissəsi
kimi informasiya müharibəsinin aparılması zəruridir.
Ən qədim tarixi və dini kitablarda belə
hadisələr insanlar arasında informasiya müharibəsi
üzərində qurulub. Məsələn,
Çingiz xanın yürüşləri zamanı ordunun
önündə xüsusi informasiya hazırlığı
görmüş müəyyən qrup atlılar
çapırdılar. Onlar Çingiz xanın
ordusunun hədsiz dərəcədə güclü və
amansız əsgərlərdən təşkil olunduğu
haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh
düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından digər
məşhur sərkərdələr (Makedoniyalı İsgəndər,
Əmir Teymur və s.) tərəfindən də istifadə
edilib".
Hətta
II dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də
informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı
anlayır və bu üsuldan məharətlə istifadə
edirdilər: "O zamankı informasiya əməliyyatlarının
indiki əməliyyatlardan yeganə fərqi o idi ki, onlara hərbi
əməliyyatlar kimi baxılmırdı. Çünki
həmin dövrlərdə informasiyanın ötürülməsində
texniki vasitələrdən istifadə edilmirdi".
Bu gün
informasiya müharibəsi problemlərinin informasiya-kommunikasiya
texnologiyalarının (İKT) inkişaf etdiyi bir çox
ölkələrdə (ABŞ, Rusiya, İngiltərə,
Fransa, İsveçrə, Yaponiya və s.)
araşdırıldığını bildirən İ.Ələkbərovanın
fikrincə, bu ölkələrdə dövlətin informasiya
infrastrukturunun kompleks müdafiəsi
konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir:
"Müasir informasiya müharibəsi texnologiyalarının
yaranmasının, inkişafı və geniş tətbiqinin
müxtəlif izahları var: hesablama texnikası və
kommunikasiya vasitələrinın sürətli
inkişafı, şəbəkə texnologiyasının təkmilləşdirilməsi
cəmiyyətdə əsas resurs kimi informasiyanın rolunun
artmasına səbəb oldu, effektivliyinə görə
informasiya maddi resurslardan daha yuxarıda dayandı. Elmi-texniki
naliyyətlər hərbi sahədə istifadə edilən ənənəvi
silahlarla yanaşı bir sıra informasiya-kommunakasiya
texnologiyaları vasitələrinin kütləvi istehsalına
şərait yaratdı; insanların beyinlərinin və
davranışlarının öyrənilməsində əldə
edilən naliyyətlər insanlara müxtəlif istiqamətlərdə
psixofizioloji təsirlərin yollarını və vasitələrini
daha yaxşı başa düşməyə imkan verdi".
Mütəxəssisin
fikrincə, informasiya müharibəsi probleminin obyektiv və
tam təhlilini aparmaq üçün qabaqcıl ölkələrin
təcrübəsi, xarici mütəxəssislərin, alimlərin,
praktiklərin fikirlərinin öyrənilməsi və
müqayisəsi tələb olunur: "ABŞ-da informasiya
müharibəsi problemi digər ölkələrlə
müqayisədə daha geniş araşdırılıb və
öyrənilib. Bunu ABŞ administrasiyasının,
ABŞ-ın Müdafiə Nazirliyinin, Konqresin rəsmi sənədlərində,
rəsmi şəxslərin açıq bəyanatlarında,
irformasiya müharibəsi problemləri ilə məşğul
olan təşkilatların hesabatlarında görmək
mümkündür.
Maraqlıdır, "İnformasiya müharibəsi"
termininin mənşəyi haradan qaynaqlanır? İlk dəfə
"İnformasiya müharibəsi" terminini 1976-cı ildə
amerikalı mütəxəssis Tomas Rona (Thomas Rona)
"Boeing" kompaniyası üçün hazırladığı
"Silah sistemləri və informasiya müharibəsi"
adlandırdığı hesabatında istifadə edib. Rona hesabatında sübut etmişdi ki, son illərdə
informasiya infrastrukturu ABŞ iqtisadiyyatının əsas
komponentinə çevrilib. "İnformasiya
müharibəsi" termini rəsmi olaraq ilk dəfə
ABŞ Müdafiə Nazirliyi tərəfindən 1992-ci ildə
istifadə edilib. ABŞ-ın Müdafiə Nazirliyinin
informasiya müharibəsi haqqında sənədlərində
bildirilir ki, informasiya həm silah, həm də məqsəddir:
"İnformasiya hücumu isə icazə olmadan istənilən
formada informasiyanın köçürülməsi, dəyişdirilməsi
və məhvinə, habelə proqram təminatlarına, məxfi
informasiyanın saxlandığı texniki qurğulara və
insan psixologiyasına yönəlmiş əməliyyatdır.
ABŞ-da informasiya müharibəsini təsvir
etmək üçün çox zaman onu informasiya əməliyyatı
ilə müqayisə edirlər. İnformasiya
əməliyyatı - məqsədə çatmaq
üçün qarşı tərəfin informasiya fəzasına
təsir etmək və bu zaman öz informasiya
resurslarını qorumaq məqsədi ilə xüsusi
metodlardan və vasitələrdən (siyasi, iqtisadi, texniki, hərbi
və s.) istifadə etməklə həyata keçirilən
mübarizə formasıdır. Rusiyanın
mütəxəssisləri bu mübarizə formasını
informasiya qarşıdurması kimi təsvir edirlər.
İnformasiya qarşıdurması - tərəflərin elə
mübarizə formasıdır ki,
bu
mübarizədə tərəflər xüsusi metodlardan,
informasiya resurslarına təsir üsullarından və vasitələrindən
istifadə etməklə qarşı tərəfin informasiya
resurslarına birbaşa təsir göstərə bilsin. Amerika tədqiqatçılarının fikrinə
görə, informasiya əməliyyatı vasitələrilə
realizə olunan informasiya qarşıdurması hərbi
qüvvələrin, elmi mərkəzlərin, müxtəlif
siyasi təşkilatların hazırlığında və fəaliyyətində
informasiya müharibəsi texnologiyalarından geniş istifadəni
nəzərdə tutur. İnformasiya
qarşıdurmasında əsas məqsəd qarşı tərəfin
informasiya da daxil olmaqla, bütün növ resurslarına təsir
göstərməkdir. İnformasiya
qarşıdurmasının effektivliyinin əsas meyarı kimi
qarşı tərəfə məxsus şəbəkə və
kommunikasiya texnologiyalarına, nəhayət, kompüterlərə
icazəsiz müdaxilələr nəzədə tutulur.
Digər tərəfdən, informasiya qarşıdurmasında
demoqrafiya, təbliğat, "beyinlərin yuyulması",
ictimai rəyin və şüurun manipulyasiyası və s.
üsullardan geniş istifadə edilir. Qeyd etmək
lazımdır ki, irformasiya müharibəsi prosesində
kompüter şəbəkəsinə daxil olmaqla, həmçinin
internet vasitəsi ilə qarşı tərəfin həyati əhəmiyyət
kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı
və nəqliyyat vasitələrini iflic etmək
mümkündür. Bu məqsədlə
internetdə veb-briqadalar və hakerlər fasiləsiz işləyirlər.
Onlar xüsusi təşkil edilmiş, fəaliyyətləri
müəyyən hədəflərə yönəldilmiş
peşəkarlardır. İnformasiya
müharibəsi - təsiredici tərəfin öz məqsədinə
çatmaq üçün informasiya təsirinin müxtəlif
üsul və vasitələrindən istifadə etməklə
insanların psixologiyasına, ilk növbədə onların fərdi
və ictimai şüuruna, həmçinin fəaliyyət
göstərən texniki vasitələrə qarşı həyata
keçirdiyi geniş miqyaslı informasiya əməliyyatıdır.
İnformasiya hücumları dedikdə informasiya
massivlərinin məhvi, təhrif edilməsi və ya
oğurlanması; mühafizə sisteminin dəf edilməsi;
hüquqi istifadəçilərin müraciətlərinə
məhdudiyyətlərin qoyulması; kompyüter sistemlərinin,
texniki vasitələrin işlərinin pozulması ilə nəticələnən
əməliyyatlar nəzərdə tutulur".
Mütəxəssislər bildirirlər ki, elmi-texniki
inkişafa uyğun olaraq, müharibələrin metod və
silahları da dəyişməkdədir. Gələcəkdə
dövlətə əsas təhlükə müxtəlif
ölkələrin nizami ordusu tərəfindən deyil,
müasir İKT vasitələri ilə silahlanmış,
yüksək hazırlıq görmüş, əsəs məqsədi
qarşı tərəfin informasiya resurslarını ələ
keçirmək və ya nəzarətdə saxlamaq olan
xüsusi qruplar tərəfindən gözlənilir.
Araşdırmaçı
daha sonra bildirir ki, son dövrdə müxtəlif cinayətkar
qruplar informasiya hücumunda elm və texnikanın ən yeni
nailiyyətlərindən fəal istifadə etməkdədirlər:
"İnformasiya müharibəsində həmçinin
informasiya-kommunikasiya sistemlərinin normal iş fəaliyyətinin
pozulması, psixoloji-ideoloji informasiyanın yayılması,
informasiya blokadası, şayiələrin
yayılması və s. informasiya əməliyyatlarından
geniş istifadə edilir. Son illərin lokal
müharibələri və silahlı münaqişələri
hərbi mütəxəssisləri informasiya vasitələrinin
hərbi sistem və komplekslərə effektiv təsrlərinin
qlobal analizini aparmağa məcbur edib. İnformasiya
müharibəsinə qarşı tərəfin dövlət
və hərbi potensialından istifadə etməklə öz
potensialını qorumaq və inkişaf etdirmək məqsədi
ilə informasiya potensialı sahəsində münaqişə
aparan tərəflərin rəqabəti və təşkil
olunmuş fəaliyyətidir. İnformasiya
müharibəsi bilik uğrunda müharibədir - "nə,
nə zaman, harada, nə üçün və nə dərəcədə"
suallarına cavab tapmaq uğrunda müharibədir".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 29 mart.- S.9.