XIII-XVI əsrlərdə Azərbaycan fəlsəfi
fikri
Azərbaycan peripatetizminin görkəmli
nümayəndələrindən biri Nəsirəddin Tusinin (1201-74) fəlsəfi
görüşləri əsasən
İbn Sinanın
"İşarələr və qeydlər" kitabının şərhi,
sosial etik görüşləri "Əxlaqi
Nasiri", həmçinin
"Kəlamın təcridi",
"Qanunnamə", "Xilafətnamə",
"Nəsihətnamə" və s. əsərlərində
öz əksini tapıb. Nəsirəddin Tusinin ontoloji
görüşlərindəki idealizm qeyri-ardıcıllığı
ilə səciyyələnir.
Dünyanın yaranması, onun
əbədiliyi, substansiya
və aksidensiya, materiya və forma, hərəkət və sükunət, əql və hiss arasındakı
münasibətlərin şərhində
bir çox hallarda onun görüşləri
orijinallığı və
materializmə meyilliliyi
ilə fərqlənirdi.
Mütəfəkkirin fəlsəfi təliminə
dialektik yanaşma, maddi dünyanın dərki haqqında təsəvvürlərinə isə
rasionalizm xasdır.
Onun ictimai-siyasi və etik görüşləri
hakimiyyətə və
hakim ideoloji mövqeyə
uyğunluğu ilə
seçilir. O, cəmiyyətin
mövcudluğu üçün
sosial bərabərliyin
əngəl olmasını
göstərir.
Mövcud sosial münasibətlərin
əbədiliyindən çıxış
edən Tusi onlara tabe olmağı
düzgün hesab etməklə yanaşı,
xalqın maraqlarına
zidd olan, onu qul halına
salan siyasəti naqis sayırdı. XIII-XIV əsrlərdə Azərbaycanda
Mahmud Şəbüstəri Təbrizi "Sirlər bağçası" fəlsəfi
poeması ilə şöhrət qazanmışdı.
O, "Həqiqət axtaranların
aynası", "Səadətnamə",
"Şahidnamə" və
s. əsərlərində sufi panteizmi ilə peripatetizmin fəlsəfi mövqelərini,
xüsusən sonuncunun
rasionalizmə münasibətini
birləşdirmiş, mühüm
və mümkün varlıq, idrak və mərifət, nəfs, ruh, ümumi və xüsusi, bütöv və hissə anlayışlarının mahiyyəti
və qarşılıqlı
əlaqəsini panteizm
baxımından izah etmişdi. İslamın təfsirini sufilik
mövqeyindən verən
Məhəmməd Təbrizinin
kosmoqonik, ontoloji, qnoseoloji, etik görüşləri dialektik
bünövrəyə söykənirdi.
Bu dövrdə yaşamış Zülfüqar
Şirvani, Şəms
Təbrizi və b. dünyagörüşü bidət
yönümlü mistik
panteizmi və sosial bərabərliyə
istiqamətli demokratik
ictimai-siyasi ideyaları
ilə səciyyələnirdi.
XIV əsrdə Azərbaycanda
və İslam Şərqində hürufilik
fəlsəfəsinin banisi
Fəzlullah Nəimi Təbrizi Astrabadi əl-Hürufi (1339/40-1393/94) olub. O, "Cavidani-Kəbir",
"Məhəbbətnamə", "Ərşnamə" və
s. əsərlərində hürufilik fəlsəfəsini
şərh etmişdi.
Sufi və ismaili
fəlsəfəsindən bəhrələnən
hürufilik fəlsəfəsi
nisbətən ardıcıl
materialist yönümlü panteizmi və mistik pərdə altında məhəbbətlə
əqli birləşdirərək
varlığın dərkini
təbliğ edən ideya cərəyanı idi. Bu təlim ərəb və fars əlifbası
hərflərini və
bu hərflərin saylarını (28 və
32) ilahiləşdirir, onları
hər şeyin əsasını təşkil
edən dörd maddi ünsür, insan və Allahla
tam eyniləşdirirdi. Hürufilər hər cür zülmə, o cümlədən
Teymurilər zülmünə
qarşı çıxaraq
üsyanlar yolu ilə mübarizə edirdilər. Bu əqidəyə görə,
Nəimi Əmir Teymurun oğlu Miranşahın əmri ilə qətlə yetirilmişdi. Lakin hərəkat davam edir və onun
fəlsəfi təlimi
Orta və Yaxın Şərq ölkələrində və
hürufiliyin vətəni
Azərbaycanda (hürufi
cəmiyyəti məxfi
təşkilat kimi Bakıda yaranır və Azərbaycan hürufi mənbələrində
"oyanışın vətəni"
adlanır) geniş yayılırdı. Şair və
mütəfəkkir İmadəddin
Nəsimi (1369/1370- 1417) hürufilik
fəlsəfəsinin təbliğatçısı
olub. Şairin Azərbaycan, ərəb və farsdilli divanları Şərq aləminə yayılaraq sufi və
hürufi fəlsəfəsini
poeziya dili ilə geniş təbliğ edirdi.
Hürufiliyin görkəmli nümayəndələrindən
biri Azərbaycan filosofu Əli-ül-Əla
idi. O, Nəiminin qətlindən
sonra hürufiliyi Türkiyədə təbliğ
etmişdi. Hər iki mütəfəkkir hürufiliyin panteist ideyalarının təbliğinə
görə edam olunublar. Bu təlimin
ideya və rəmzləri İslam ölkələrinin mənəvi
mədəniyyətində XVIII əsrə qədər əhəmiyyətli yer tutub. XIII-XIV əsrlərdə Azərbaycanda
panteist fəlsəfəni təbliğ edən və dinə
müxalif olan müxtəlif təriqətlər arasında
"Həllaciyyə" (Mənsur Həllacın
görüşlərini təbliğ edən),
"Əli-Allahi", "Sührəvərdiyyə"
(Şihabəddin Əbuhəfs Sührəvərdinin
görüşlərini təbliğ edən) və s. təriqətlər
mövcud idi.
Həmin təriqətlərin içində banisi Səfiəddin
İshaq Ərdəbili olan qızılbaş təriqəti və
onun ideologiyası xüsusi yer tuturdu. Bu ideologiya XIII-XIV əsrlərdə
təşəkkül və təkamül dövrünü
keçərək sonradan Səfəvi imperiyasının
şiə təmayüllü hakim ideologiyasına
çevrildi. Qızılbaş sufi
ideologiyası tarixən dəyişərək XIII-XV əsrlərdə
təbliğ etdiyi sufi fəlsəfəsinin ardıcıl
panteizmindən, sosial zülmə son qoyan insan surətində
Mehdinin zühuru ideyalarından tam imtina etdi. XVI əsrdə hakim
Qızılbaş ideologiyasında sufiliyin ancaq insanı təkmilləşdirən
mistik əxlaq normaları, sufi və
hürufi fəlsəfəsinin rəmzlərindən formal
istifadə və mürşidə tabeçilik tələbi
geniş təbliğ olunurdu.
XV və sonrakı əsrlərdə hürufilik zəminində
təşəkkül tapmış materialist və rasionalist
yönümlü ardıcıl panteizmi və ifrat bidətçiliyi
ilə fərqlənən, mövcudatın əsasında
nöqtəni görən mistik nöqtəvilik fəlsəfi
dünyagörüşü yarandı. Nöqtəvilik
hərəkatı və fəlsəfəsinin banisi F.Nəiminin
şagirdi Mahmud Pəsixani idi. Təlimin
dinə qarşı kəskin müxalifliyi səbəbindən
Nəimi Pəsixanini hürufi təriqətindən kənarlaşdırmışdı.
Azərbaycanda və İslam ölkələrində
yayılmış nöqtəvilik fəlsəfəsinin
nümayəndələri amansız təqiblərə məruz
qalmışlar. Qədim materialistlərin,
peripatetik və qeyri-ortodoksal cərəyanların fəlsəfi
baxışlarından bəhrələnən nöqtəvilik
fəlsəfəsi Orta əsrlərdə dünya fəlsəfəsinin
fenomenlərindən biri idi.
Hürufilik,
nöqtəvilik və s. bidətçi cərəyanların
panteistik təlimləri ilə eyni vaxtda Azərbaycanda mötədil
sufi baxışlarını təmsil edən
xəlvətiyyə cərəyanı geniş yayılır.
Bu cərəyanın fəlsəfi təlimi Seyid Yəhya
Bakuvi, Yusuf Miskuri və b. sufi mütəfəkkirlərin
irsində əksini tapmışdı. XIII-XV əsrlərdə
ölkədə ortodoksal dini fəlsəfəni təmsil edən
və ardıcıl idealizm mövqeyində duran mütəfəkkirlərlə
qeyri-ortodoksal cərəyanların panteizmə əsaslanan və
Şərq peripatetizminin təmsilçiləri olan mütəfəkkirlər
arasında kəskin ideoloji mübarizə gedirdi. Belə ki, alim, məntiqçi və filosof Nəcməddin
Naxçıvani (XIII əsr) İbn Sinanın "Kitab
ül-işarət və-t-tənbihat" ("Göstərişlər
və qeydlər kitabı"), "Şifa" və
"Nicat" əsərlərini kəskin tənqid etmiş
və bu tənqid bölgə mədəniyyətində
geniş əks-səda doğurmuşdu. Bir
çox Azərbaycan mütəfəkkirləri İbn Ərəbinin
ölkədə panteist ideyalarını yaymasını kəskin
tənqid edirdilər. XVI əsrdən
başlayaraq Azərbaycan fəlsəfəsində bu ideya
mübarizəsi və qeyri-ortodoksal fəlsəfi fikir
daşıyıcılarının tənqid və təqibi
getdikcə güclənirdi.
XVI əsrdə Səfəvilər dövlətində
şiəliyin hakim dövlət ideologiyasına çevrilməsilə
Azərbaycan fəlsəfi fikrində sərt dönüş
yarandı. Belə ki, demokratizmi ilə fərqlənən
panteizm yönümlü cərəyan nümayəndələrinin
bir qismi hakim ideologiyaya tabe olur, digəri isə təqib və
qətllərdən xilas olmaq üçün başqa ölkələrə
mühacirət edirdilər. XVI əsrdə
Azərbaycan fəlsəfi fikrində mühüm yer tutan
görkəmli şəxsiyyətlər
sufi-qızılbaş cərəyanının ideoloqu,
poeziyada sufiliyin əsas müddəalarını ortodoksal
İslam fəlsəfəsi ilə uzlaşdıran Şah
İsmayıl Xətai və filosof-şair Məhəmməd
Füzuli idi.
Zümrüd Quluzadə,
fəlsəfə
üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2014.- 1 may.- S.14.