Üzeyir Hacıbəyovun
jurnalist fəaliyyəti
"Təəccüblü
burasıdır ki, müsəlman gərək hamıdan təmiz
olsun, amma hamıdan natəmizdir. Adamı yandıran
burasıdır”
Üzeyir
bəy məqalələrində jurnalistikaya ilk dəfə
"Həyat" qəzetində başladığını
söyləyir. Lakin XX əsrin əvvəllərində
Tiflisdə senzor işləyən M.Ş.Mirzəyev öz
xatirələrində Üzeyir bəyin bir müddət
"Şərqi-Rus" qəzetində
çalışdığını yazır.
Üzeyirşünas Qulam Məmmədli onun 1970-ci ildə
yazdığı məqaləsində Hadrutda müəllim
işləyərkən "Kaspi" qəzeti ilə əməkdaşlıq
etdiyini bildirir. Üzeyir Hacıbəyli 1905-ci ildə
Bakıya gəldiyində əvvəlcə "Həyat"
qəzetində tərcüməçi kimi
çalışır, həmin ilin 10 sentyabrında qəzetin
59-cu sayında "Bir xanım əfəndinin bizlərə
hüsni-təvəccöhü" adlı ilk yazısı dərc
olunur. "Həyat" qəzeti 1905-06-cı illərdə
Tağıyevin vəsaiti ilə "Kaspi" mətbəəsində
nəşr olunurdu, redaktorları Əhməd bəy
Ağaoğlu ilə Əli bəy Hüseynzadə idi. Qəzetin
ilk nömrəsi 1905-ci il 7 iyunda, sonuncu nömrəsi
1906-cı il 3 sentyabrda (cəmi 325 sayı) dərc olunur.
Əhməd
bəy Ağaoğlu 1905-ci ildə çar Rusiyasında
xalqların hüquqları ilə bağlı elan olunan 17
oktyabr manifestindən sonra yeni qəzet açmağı qərarlaşdırır,
bu ideya dekabr ayının 17-də Bakıda çap olunan
"İrşad"la həyata keçirilir.
"İrşad"ın hərfi anlamı "yol göstərən"
deməkdir. 1908-ci il iyunun 25-dək fəaliyyət göstərən
qəzetin 1905-06-cı illərdəki 116 sayına Əhməd
bəy redaktorluq edir. Ümumilikdə, 4 il ərzində
İrşadın 536 sayı çap olunur. 1906-ci il fevral
nömrələri Üzeyir bəyin müdirliyi, mart nömrələrinin
bəzilərinin isə redaktorluğu ilə nəşr
olunur. 1907-ci ilin 1-15-ci saylarına Haşım bəy Vəzirov
redaktorluq edir. Qəzetin 46-57-ci nömrələri isə Məhəmməd
Əmin Rəsulzadənin redaktəsi ilə
çıxır. Hər həftə fars dilində
çıxan əlavəsinə isə Əbdül-Məmalik
Fərahi redaktorluq edir. Qəzetin naşiri isə İsa bəy
Aşurbəyov idi. Əli bəy Hüseynzadə
"İrşad"ı "Həyat" qəzeti ilə
birgə "Əkinçi"dən sonra xalqın
"ikinci gözü" hesab edirdi.
Həmin
dönəmdə "İrşad"ın felyetonçusu
adı ilə tanınan Üzeyir bəyin yazıları qəzetin
iki dəfə bağlanmasına səbəb olur. Birinci dəfə
Hacıbəylinin yazdığı "Stolipinin xəyalı",
ikinci dəfə birdəfəlik bağlanmasına səbəb
isə "Nağıl" felyetonu olur.
"Nağıl" felyetonunda çar Rusiyası
"İvan" obrazında kəskin tənqid olunur,
Rusiyanın Yaponiyaya yenilməsi gücsüzlük kimi
göstərilir, Rusiya xalqlara verilən konstitusiya
haqlarının boğulmasına xidmət edən formada
göstərilir. Məhz bu felyeton səbəbindən
"İrşad" qəzeti birdəfəlik
bağlanır.
Üzeyir
bəyin maraqlı yönlərindən biri də müxtəlif
imzalardan və başlıqlardan istifadə etməsidir. O,
"Filankəs", "Bir kəs", "U",
"Ü", "Üzeyir", "Bisavad",
"Avara", "Çi" və s. (cəmi 64) gizli
imzalarla "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən"
və s. başlıqlar altında xeyli məqalə, felyeton,
satirik miniatürlər yazır.
Qeyd edək
ki, bütün yaradıcılığı boyu Üzeyir bəy
fanat və cahil müsəlmanların tənqidçisidir.
1906-cı ilin 24 martında "İrşad"ın
76-cı sayında "Filankəs" təxəllüsü
ilə çap olunan "Ordan-burdan"da Üzeyir bəy
müsəlmanların qəzet anlayışına diqqəti
çəkir: "Qəzetəni oxuyan müsəlman qəzetdən
məlumat qazanır, biliyi artır. Ona görə: "Qəzetə
oxumaq müsəlmana haramdır".
1907-ci il
martın 1-də "İrşad"da Üzeyir bəyin
"Hürriyyəti-mətbuat" adlı yazısı
çap olunur. Məqalədə o, azad sözün və mətbuatın
xalqın problemlərini araşdırıb onlara şərh
verməklə xalqa yardım edə biləcəyini, senzuraya
qarşı olduğunu bildirir. Jurnalist yazır: "Məlumdur
ki, Rusiyada sair tayfaların mətbuatına bir hökumət
senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların
mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur
ki, onlardan biri hökumət və digəri camaat senzurudur və
sairələri yalnız bir hökumətin yaxasından tutub,
hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək
bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə
də camaatın yaxasından yapışıb azadi-kəlam
istəyək".
1908-ci
ilin 3 iyulundan Üzeyir bəy "Tərəqqi" qəzeti
ilə əməkdaşlığa başlayır, 1909-cu il
iyunun 28-də Əhməd bəy Ağaoğlu ölkəni tərk
etdiyi üçün həmin ilin oktyabrınadək - yəni
qəzet bağlananadək redaktorluq edir. 1909-cu ilin 25 dekabrında
"Həqiqət" qəzetinin naşiri və baş
redaktoru olur, 1910-cu ilin 30 mayında isə vəzifəsindən
imtina edir.
Burada
xüsusi qeyd etmək lazımdır ki, 1908-ci ildən etibarən
Üzeyir bəyin jurnalist fəaliyyəti arxa plana keçir,
belə ki, artıq "Leyli və Məcnun"un uğurundan
sonra "Şeyx Sənan", "Ər və arvad",
"Rüstəm və Söhrab", "O olmasın, bu
olsun", "Şah Abbas və Xurşidbanu", "Əsli
və Kərəm" əsərləri tamaşaya qoyulur, təhsil
üçün Moskvaya gedir, 1914-cü ildə Peterburq
konservatoriyasına qəbul olunur, lakin I dünya savaşı
başladığı üçün təhsilini
yarımçıq qoyub Bakıya qayıdır. 1915-ci ilin
sentyabrın 18-dən Üzeyir bəy "Yeni İqbal" qəzetinin
redaktoru, oktyabrın 11-dən 1916-cı ilin fevralın 19-dək
onun sahibi və baş redaktoru olur.
"Azərbaycan"
qəzeti Üzeyir Hacıbəylinin jurnalistika
yaradıcılığının pik nöqtəsi
sayılır. Cumhuriyyət qurulduqdan sonra AXC-nin 3 sentyabr
tarixli qərarına əsasən sentyabrın 14-də Gəncədə
"Azərbaycan" adlı qəzet çap olunur,
oktyabrın 3-dən Bakıda fəaliyyətini davam etdirir.
Oktyabrın 8-dən, 1919-cu ilin yanvarın 16-na kimi qəzet
Ceyhun Hacıbəylinin redaktorluğu ilə çap olunur.
Ceyhun Hacıbəyli Paris Sülh Konfransına gedən heyətdə
təmsil olunduğuna görə Azərbaycan işğal
olunana qədər qəzet Üzeyir bəyin rəhbərliyi
ilə çap edilir.
Ümumiyyətlə,
Üzeyir bəyin yüz il bundan əvvəl
yazdığı məqalələri oxuduqca bu
günümüz göz önünə gəlir. Üzeyir bəy
Hacıbəylinin "Nə istəyirlər" məqaləsində
yazırdı: "Mart hadisatında (1918-ci ilin mart
soyqırımı nəzərdə tutulur - S.Q.) bizi, yəni
müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri,
kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını
erməni-daşnak soldatlarının süngü, güllə
və xəncərlərlə arvad və uşağına
kimi qırdıran bolşeviklərə biz nə tövr
etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman
qırğını salanların hansı "gözəl"
sözünə və "insaniyyəti-pərvəranə"
sözlərinə inana bilərik? Bolşevikləri dursun,
menşeviklərinə nasıl bel bağlaya bilərik?
İstiqlalımızı qəbul etmədiklərinə
görəmi? Və bu gün hər bir vəsilə ilə
olur-olsun" istiqlalımızı əlimizdən almaq yolunda
çalışdıqlarına görəmi?" ("Azərbaycan"
qəzeti, 7 may 1919-cu il).
"Qara
təhlükə" məqaləsində isə jurnalist
yazırdı: "İstiqlalımızın bir ilinin
bayramını yenicə keçirmişdik ki,
üfüqümüzdən qəflətən nümayan olan
bir qara əl haman istiqlalımızı qırmaq və bizi
murdar pəncəsi altında əzmək xəyalilə
şimalımızdan uzanmağa başladı...
Azərbaycan
türk və islamları rus qırmızı
sollarının ayaqları altında inləyən vətəni
ondan ötrü xilas etmədilər ki, sonra onu rusun qara
sağlarının əli altında əsir versinlər!.. Biz
bu qədər tökülən qanlar, qurban edilən canlar,
viran olunan xanimanlar bahasilə istirdad edilmiş olan
hüququmuzu əlimizdən istəyənlər, o əl sahiblərinin
türklük və islamlığa məxsus və qeyrət və
namuslarından, əzm və səbatlarından bixəbər
olmalıdırlar ki, bu cürə xam xəyallara
düşürlər" ("Azərbaycan" qəzeti, 18
iyun 1919-cu il).
"Qarabağ
hadisatı" məqaləsində isə oxuyuruq: "Azərbaycan
hökumətinin səbir kasası doldu. Köçəri
mövsümünün hüluli isə əhalini dəxi
böyük müşkilat qarşısında qoyub orada bir
acıq və əsəbiyyət törətməyinə səbəb
oldu. Ermənilərin inadlığı və hökumətimizin
hövsələsi bu acığı və əsəbiyyəti
getdikcə artırıb Qarabağda bu gün-sabah bir qeyz və
qəzəb partlanğıcı zühur edəcəyini
naçar qoymuşdu" ("Azərbaycan" qəzeti, 24
iyun 1919-cu il). "Azərbaycan" qəzetinin 25 aprel 1920-ci
il tarixli sayında Azərbaycan Demokratik Cümhuriyyətinin
devrilməsinə iki gün qalmış Üzeyir bəyin
sonuncu felyetonu dərc edilmişdi. Üzeyir bəy bu felyetonun
sərlövhəsinə "Zurna", sonuna isə
"Çi" imzası qoymuşdur. Bu yazıda Leninin və
bolşeviklər hökumətinin iç üzü
açılaraq ciddi tənqid edilir. Profesor Şirməmməd
Hüseynovun araşdırmasına görə, Məmməd Əmin
Rəsulzadə hətta Azərbaycan dövlətinin birinci
şəxsi olduğu dönəmdə də ağır vəziyyətdə
yaşadığdan paralel olaraq "Azərbaycan" qəzetində
çalışıb və buna görə məvacib
alıb: "Azərbaycan" qəzetinin redaksiya heyətinin
bunu sübut edən şəkli də var. Orda redaktor stulunda Məhəmməd
Əmin oturub, onun da böyründə Üzeyir bəy əyləşib.
1919-cu ilin yanvarında Üzeyir bəy Hacıbəyli Parisdə
olan qardaşı Ceyhun bəyə yazırdı ki, daha mən
sənin maaşını göndərə bilməyəcəyəm.
Çünki Nəsib bəy Yusifbəyli məni
çağırdı, dedi ki, sən indi Ceyhunun əvəzində
redaktorsan. Onun məvacibini sən alacaqsan. Sənin məvacibini
isə Məhəmməd Əmin Rəsulzadə alacaq".
Üzeyr
Hacıbəylinin "Yazıq mühərrirlər"
felyetonu müasir dövrü tam əks etdirir: "Rusiyada
hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi
getdikcə daralır. Qəzet yazıçıları daha
bilmirlər ki, nə yazsınlar, yəni nə tövr
yazsınlar ki, nə qəzetləri bağlansın, nə
iştraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.
Bu binəvlaar gündüz axşama kimi qələm əllərində,
qabaqlarında bir parça kağız fikirləri əvvəlcə
özləri öz senzorları əlinə verib, bir-bir
keçirirlər və bunların hamısını
xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir a çəkməkdən
başqa heç bir çarə görmürlər! Yazıq
mühərrirlər.
Bu bədbəxt
müsəlman mühərrirləri ki, bir deyil, iki,
üç, dörd, beş senzor qabağında pasovat eləməyə
məcburdular!
Binəva
mühərrir qələmi ələ götürüb deyir:
"Qoy siyasi bir məsələdən yazım". Bir qədər
yazır... sonra yazdığını oxuyub,
öz-özünü məzəmmət eləyir ki, nə
qayırdığındır, rəhmətliyin oğlu,
arvad-uşağından əl çəkməmisən, ha!
Götürüb cırır, deyir, nə eləmək, qoy aləmi-islam
dövlətlərindən yazım.
Yazır,
bir də görür ki, xeyr, sultanı, İran
padşahını, hamısını bir-biri ilə
qatışdırıbdır ki, sən öləsən,
köhnəpərəst müsəlmanlar oxusalar, elə
çığırarlar ki, onun səsini Peterburqda da,
İstambulda da və hələ desən Tehranda da eşidərlər?
Görür
ki, bu məqalə də baş tutmadı, götürür
atır kənara.
Deyir
canım qoy, öz məişətimizdəncə yazım!
Yazır: "İdareyi-ruhaniyyələrimizin
pozğunluğu". Dayanır. Görür ki, mətləbin
dalısı çox xatalıdır. Bir ah çəkib
yazır: "Arvad məsələsi" və haman saat
üstündən bir qələm çəkib yazır:
"Qoçubazlıq".
Və tez
onun da üstündən bir çəikb yazır: "Murdar
hərəkətlərimiz". Və tez onun da üstündən
bir qələm çəkib dayanır və görür ki,
başına özgə fikir girmir. Mühərrir qələmi
yerə qoyur və kağızları da zibil səbətinə
töküb, durur ayağa və bir-iki dəfə ora-bura gəzişib
deyir:
- Bir dəli
şeytan deyir, get, sövdagər ol!
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 3 may.- S.11.