“Babək özünü müstəqil
bir dövlətin hökmdarı hesab edirdi”
Elçin
Bayramlı: "Mənbələrdə hürrəmilər
"ibahiyyə sufiləri” kimi qeyd olunur”
"Oğuz”
Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi,
tədqiqatçı-yazar, Azərbaycan Universitetinin vətən
tarixi bölümü üzrə doktorantı Ceyhun
Bayramlının BayMedia-ya müsahibəsi
- Ceyhun bəy,
bu günlərdə müəllifi olduğunuz "Təhrif
edilmiş tarix: Babək və Hürrəmilər olduğu
kimi" kitabının təqdimat mərasimi keçiridi. Bu sizin Babəklə bağlı sayca ikinci
kitabınızdır. Kitabla bağlı
oxuculara vermənizi istərdik.
- Bu
kitabda əsasən 2011-ci ildə işıq üzü
görmüş "Babək və hürrəmilik: yalanlar və
gerçəklər" kitabında araşdırılmayan məsələlərə
toxunulub. Tarix elmində ilk dəfə olaraq Babək təkcə
bir üsyançı kimi deyil, eyni zamanda, 22 il
ərzində konkret ərazilər üzərində
hökmranlıq etmiş bir dövlət
başçısı - hökmdar statusunda təqdim olunur,
Hürrəmilər dövləti adlı bir dövlətin
mövcudluğu faktından danışılır və bunu
söyləməyə əsas verən mənbə məlumatları
diqqətə çatdırılır. Bu əsərdə
Babək və hürrəmilər hərəkatı dönəmində
erməni-hayların tutduqları mövqe, atdıqları
addımlar və Babəkin bir hökmdar qismində onlara
qarşı qətiyyətli addımları təhlil süzgəcindən
keçirilir. Xatırlamaq olar ki, sovet dövründə
"xalqlar dostluğu" tezisindən irəli gələrək
hürrəmilərin erməni-haylarla savaşları barədə
ümumiyyətlə danışmağa izn verilməyib, əksinə,
ictimaiyyətə belə təqdim olunurdu ki, guya erməni-haylar
əvvəlindən bu hərəkata dəstək verib,
xürrəmilərin sırasında yer alıblar. Bu düşüncənin əksini söyləməyə
imkan verən məlumatlar bu əsərdə əks olunub, həmin
məlumatların bir çoxu elə erməni mənbələrinə
məxsusdur. Bundan başqa, yeni işıq üzü
görən bu kitabda Babəkin etnik-milli mənşəyi barəsində
manipulyativ fikirlər irəli sürənlərin iddiaları
təkzib olunur və bununla əlaqədar yeni faktlar diqqətə çatdırılır, Babəkin
şəxsiyyətini səciyyələndirən xarakterik cəhətlər
ayrıca fəsildə qeyd olunur, ən mühümü isə,
Hürrəmilərin dini-məzhəbi
dünyagörüşləri İslami baxış
bucağında və şəriət və fiqhlə məhdudlaşdırılmadan,
geniş spektrdə təhlil olunur.
- Siz Babəkin müsəlman olduğunu qeyd edirsiniz. Amma, bəzi
araşdırmaçılar bunun yanlış olduğunu
bildirirlər. Hansı mənbələr təsdiqləyir
ki, Babək müsəlman olub?
- Bu haqda
mənbələrdə çoxlu sayda maraqlı məqamlar
vardır. Bu məqamları həm 2011-ci ildə işıq
üzü görən və hazırda təkrar nəşrə
hazırlanan "Babək və hürrəmilik: yalanlar və
gerçəklər", həm də bu günlərdə
ictimaiyyətə təqdim etdiyim "Təhrif edilmiş
tarix: Babək və hürrəmilər olduğu kimi" əsərlərində
ətraflı qeyd etmişəm və bir müsahibə
daxilində həmin məqamları sadalamaq
mümkünsüzdür. Məsələ
bundan ibarətdir ki, xilafət sarayının diktəsi ilə
tarix yazılan yazarların əsərlərində Hürrəmilərin
müsəlman olduqları barədə birmənalı fikirlərə
rast gəlinməməsinin səbəbi
öz-özlüyündə aydındır. Onlar qarşı tərəf idi və düşmən
bildikləri tərəf barədə obyektiv informasiyanı
öz əsərlərində qeyd edə bilməzdilər.
Tarix elminin bu günədək hürrəmilər
hərəkatına olan baxışları əsasən səthi
olub, yalnız həmin qərəzli və çox zaman da
bir-birini təkzib edən mənbə məlumatlarına əsaslanır.
Belə yerdə isə tarixçi-alimlər və
tədqiqatçılar yalnız intuisiya və məntiqin
gücü ilə hansı informasiyanın doğru,
hansının yalan olduhunu aşkarlamağa çalışmalıdırlar.
Həm Bağdadi, həm İstəxri, həm Şəhristani,
həm Məqdisi, həm Yaqut əl-Həməvinin, həm də
digərlərinin əsərlərində Babək və
hürrəmilərin müsəlman olduqlarını isbatlaya
bilən çoxlu sayda maraqlı məqamlar vardır. Problem əslində cəmiyyətin və tarixçilərin
"müsəlman" olmağın parametrlərinə olan
yanlış baxışlarındadır. Məsələn,
bir insan Allahı, peyğəmbərləri və Hz.Muhəmmədi,
onun əhli-beytini, endirilən kitabları və konkret Qurani-Kərimin
ehkamlarını, sünnənin peyğəmbər
zamanında formalaşmış olan şəklini qəbul edə
bilər, lakin ənənəvi şəriət məzhəblərinin
hər hansı ehkamını qəbul etməyib təfərrüatda
fərqli baxış sərgiləyərsə, din xadimləri
və onların təsir dairəsində olanlar artıq onun
adını "İslamdan çıxan" kimi qeyd etməyə
meyllidir. Bu, hələ bu gün - XXI əsrin əvvəlində
belədirsə, təsəvvür etmək çətin deyil
ki, IX əsrin əvvəllərində necə olub.
Gözümüzün önündə bu gün Anadolu ələviləri
İslamın təməl prinsiplərini qəbul etdikləri
halda, Haqq-Muhəmməd-Əli dedikləri halda, onları
"dindən çıxan" kimi təqdim edən
çoxlu sayda şəriət üləması, din xadimi və
onların təsirində olan insan vardır. Adlarını
qeyd etdiyim qədim dövrün mənbə yazarlarının
"müsəlmanlıq" barədə öz fikirlərinə
inansaq, o zaman "müsəlman" dedikdə yalnız hakim
mötəzilə məzhəbinin mənsublarını nəzərdə
tutmalıyıq və yerdə qalan bütün cərəyan
və təriqətləri, başda bu günkü 5 ənənəvi
məzhəb də daxil olmaqla İslamdan çıxdaş
etməliyik. Xatırlamaq yerinə düşər ki, Abbasilərin
mənsub olduğu mötəziliyyə cərəyanı digər
təriqət və məzhəblərin görkəmli şəxsiyyətlərini,
başda peyğəmbər əhli-beytinə mənsub olan
imamlar və onların ailə üzvləri olmaqla, əhli-sünnənin
bu gün imam olaraq ehtiram göstərdiyi Əbu Hənifə,
imam Şafei, Əhməd ibn Hənbəl olmaqla, təqiblərə,
sürgünlərə, işgəncə və məhrumiyyətlərə,
hətta terrora belə məruz qoyublar. Bu gün
də yanlış düşüncə bundan ibarətdir ki,
İslam yalnız şəriət müstəvisindən ibarətdir.
Halbuki əsrlər boyu şəriət
İslamı ilə parallel olaraq xalq İslamı da mövcud
olub, hətta bir çox məsələlərdə şəriət
İslamından daha sabit, daha dayanıqlı və
İslamın ana qaynağı Qurani-Kərimə daha uyğun
baxışlara malik olub. Hürrəmilər
də xalq İslamına mənsub olub, İslamın batini hikmətlərini
özündə ehtiva edən firqələrdən biri idi,
bunu çoxsaylı mənbə məlumatları da təsdiqləyir.
- Sizcə,
Babək dövlət xadimi olub? Əgər,dövlət
xadimi olubsa, bu dövlətin adı nə olub? Hansı
faktorlar Hürrəmiləri dövlət olaraq təsdiqləyir?
- İlk öncə onu deyim ki, Azərbaycan tarixi dövlətçilik
institutları sırasında Hürrəmilər dövlətinin
adının keçməməsi rus-sovet
tarixşünaslığının Babəklə
bağlı xüsusi konsepsiyasının olması ilə əlaqədar
idi. Onun sinfi mübarizəyə atılan bir üsyan
başçısı və utopik sosializm carçısı
kimi təqdim edilməsi Babəkin bir müstəqil dövlətin
hökmdarı olması versiyasını irəliyə
çıxmağa qoymayıb. Əslində isə hər
kəsə aydındır ki, bəşər tarixində 22 il 5 aydan çox davam edən bir üsyan yaxud
qiyam görülməyib. Adətən qısa
müddət davam edən üsyanlar zamanı ya hakim qüvvə
həmin üsyanı qan gölündə boğmuş, ya da əksinə,
üsyançıların qüvvələri qarşı tərəfi
məğlub edərək öz şərt və tələblərini
həyata keçiriblər. Babəkin hürrəmilər
hərəkatının öndəri seçilməsindən
başlayaraq Abbasilər xilafətinin 7 ordusu darmadağın
edilibsə, bu artıq o deməkdir ki, xalq-azadlıq hərəkatı
qələbə ilə sonuclanıb və Azərbaycan ərazilərində
xilafətdən asılı olmayan müstəqil bir dövlət
qurumu yaranıb. Xilafət tarixçiləri
bunu inkar etsələr də, öz yazdıqları özlərini
təkzib edir. Digər tərəfdən, bu günədək
Babəkin kim olması barədə tarix elmi yalnız
düşmən tərəfin fikirlərinə istinad edib,
onların baxışlarına əsasən bu tarixi şəxsiyyətimizin
statusunu müəyyən etməyə
çalışıb, amma Babəkin özünün
özünü hansı ampulada, hansı statusda görməsinə
diqqət yetirilməyib. Babək Hürrəmi
özünü müstəqil bir dövlətin
hökmdarı hesab edirdi və mənbələrdə bu
haqda, onun dilindən fikirlər əks olunub. Erkən orta əsr feodal tipli dövlət
qurumlarına xas olan demək olar ki bütün atributlar Babəkin
rəhbərlik etdiyi dövlət qurumunda olmuşdur.
İstər bayraq, ordu, paytaxt, hökmdar sarayları, hərəmxana,
taxt, xəzinə, möhür, sülalə varisliyi, idarəetmə
orqanları və məhkəmə-cəza mexanizmi, istərsə
də yerlərdə valilərin təyin olunması, digər
dövlətlərlə rəsmi yazışmalar, yerlərdə
mövcud dövlət qurumuna qarşı üsyan və
qiyamların yatırılması və sair amillərə Babək
dövrünün Azərbaycanında rast gəlinir. Bu baxımdan Azərbaycan tarix elmində çəkinmədən
Hürrəmilər dövlətinin mövcudluğu barədə
danışmaq və Babəki məhz hökmdar statusunda qəbul
etmək olar.
-
Maraqlıdır qərb tarixçiləri Babək haqqında
hansı fikri yürüdürlər?
-
Bilirsiniz, dünya tarix elmində bir mənfi tendensiya var,
hansısa ərazilərdə müəyyən dövrdə
baş verənlərə dair həmin ərazilərdə
yaşayan yazarların mənbə məlumatlarından daha
çox qərb tarixçilərinin bu haqda fikirlərinə
önəm verilməsidir. Cəmiyyətdə qərb
tarixçilərinin bütləşdirilməsi meyli də
var. Tarixi məxəzlərin məlumatlarının
böyük bir qismi hər halda ortadadır və belə
olduğu halda, baş verən hadisələri həmin mənbələrin
orijinalından tədqiq etmək daha faydalı olar yoxsa bu haqda
qərb tədqiqatçılarının fikirlərindən?
Əlbəttə ki, birincidən. Bu o demək deyil ki, Avropa tarixçilərinin
hürrəmilər hərəkatı barədə fikirləri
bir kənara qoyulmalıdır, sadəcə mən onlara ikinci
dərəcəli əhəmiyyət verilməsinin, məhz
mövcud faktoloji materiallar mənbələr əsasında tədqiq
edildikdən sonra onların fikirlərinin
araşdırılmasının tərəfdarıyam, nə
qədər tanınmış olmalarından asılı
olmayaraq. Məsələn, tanınmış fransız
şərqşünası Klement Huart "İslam
Ensiklopediyası"nda (Encyclopedie de L`Islam) İbn-ən-Nədimin
"Kitab əl-Fehrist" əsərinə istinadən
"Babəkin Əl-Bəzzdə taxta çıxması mərasimini"
xatırladır. Bunu Klement Huartın dilindən
bilmək əvəzinə daha yaxşı olar ki, birbaşa mənbənin
özündən oxuyub tədqiq edək. Digər yandan,
hələ hadisələrə tarixi baxımdan daha yaxın
dövrlərdə yaşayan, adına "müsəlman"
dediyimiz mənbə yazarlarının çoxu Hürrəmiyyənin
dini-məzhəbi dünyagörüşlərini tədqiq
etməkdə çətinlik çəkibsə,
yanlış nəticələr hasil edibsə, öz dini
baxışlarından çıxış edərək təhrifə
yol veribsə, XIX-XX əsrin qərb tədqiqatçılarının
bu haqda obyektiv fikir bildirmə ehtimalı daha azdır. Lakin istənilən halda, daha dəqiq fikir
yürütməyə kömək məqsədilə istər
Brokelmanın, istər Velhauzenin, istərsə də digər
qərb tarixçilərinin həmin dövr hadisələrinə
olan mövqeləri də araşdırılmalıdır.
Mən onun tərəfdarıyam ki, öz tarixi
şəxsiyyətlərimizi nəhayət ki, öz
baxışlarımızla, öz gözümüzlə
görüb öyrənək, tədqiq edib araşdıraq.
- Kitabda
diqqət çəkən məqamlardan biri də, Hürrəmilərin
zamanında erməni hayları indiki Ermənistan ərazisində
cəm olmağa başlanması ilə bağlı səslənən
fikirlərdir. Əslində, bu bölgəyə
haylar hansı yerlərdən gəliblər?
- Öncədən
bildirim ki, bölgədə sonradan məskunlaşan bədnam
qonşularımızı Qarabağın isəvi alpan
soylularından fərqləndirmək üçün əsərdə
həmin etnosu erməni-haylar kimi qeyd etdim. Və
ərmənlərlə bağlı Firudin
Ağasıoğlunun elmi yanaşmasını həqiqətəuyğun
hesab edirəm. Haylar tarixən daim Qafqaz bölgəsinə
can atıblar, istər miladdan öncə, istərsə də
erkən orta əsrlərdə. VIII əsrdə
hayların Qafqazlarda söz sahibi olma cəhdlərinin
arxasında onların öncə Əməvi, sonra isə
Abbasi hökmdarları ilə pərdəarxası əlaqələri
dayanırdı. Bu münasibətlərin
kökü hələ xəlifə Osman dövründə
Şam valisi olan gələcək Əməvilər sülaləsinin
banisi Müaviyəyə gedib çıxır. O
dövrdə haylar əsasən Van gölünün qərb tərəfində
və qismən də Kilikiya ərazilərində idilər.
Müaviyənin hay feodalı Teodor Rştunini Qafqaza məlik təyin
etməsi ilə erməni-haylar bu bölgədə özlərinə
torpaqlar əldə etmək arzusunu gerçəkləşdirməyə
başlayıblar.
Bu məqsədlə Qriqorian kilsəsinin mərkəzi
kimi indiki Ermənistan ərazisindəki Dvin seçilmişdi,
bu yerin erkən orta əsrlərdəki adı Dəbil idi. Hürrəmilər hərəkatının
başladığı dönəmdə bölgədəki
xaosdan və Mehranilərin sonuncu rəsmi nümayəndəsi
sayılan II Varaz Trdatın 822-ci ildə öldürülməsindən
sonra yaranan müvəqqəti qarışıqlıqdan
istifadə edən erməni-hay feodalları bölgədə
özlərinə yer eləmək üçün bir yandan
çoxsaylı silahlı dəstələrlə qərbi Azərbaycan
ərazilərində möhkəmlənməyə
çalışıblar, digər yandan isə qeyri-ənənəvi
təriqət və cərəyanlar daxilində güc mərkəzi
formalaşdıraraq Alpan elinin müxtəlif yerlərində
qarışıqlıqlar yaratmağa səy göstəriblər.
Onların bu məkrli niyyətlərini vaxtında anlayan Babək
827-830-cu illər ərzində həm hayların silahlı dəstələrini
Göyçə gölünün cənubunda və
şimalındakı Tavusin adlı yerdə baş verən
döyüşlərdə darmadağın edərək
onları təkrarən Van gölü tərəfə
qovaraq, həm də pavlikianların Beyləqanda və digər
yerlərdə baş qaldıran üsyanlarını
yatırtmaqla erməni-hayların arzularını gözlərində
qoyublar.
- Hürrəmilər
hərəkatını dini-ideoloji nöqteyi-nəzərdən
Sufizmə yaxın hesab etmək olarmı?
- Mənbələrdə
hürrəmilər "ibahiyyə sufiləri" kimi qeyd
olunur. Bizlər bu gün elə zənn edirik ki,
İslam dedikdə yalnız şəriət
ehkamlarının məcmusuna əsaslanan "mədrəsə
İslamı" nəzərdə tutulmalıdır. Yəni cəmiyyətə dörd bir tərəfdən
belə təlqin olunmaqdadır ki, sanki İslam yalnız şəriətdən,
sünni-şiə fərqlərindən, məzhəbi
düşüncədən ibarətdir. Lakin bir toplum
olaraq dönüb keçmişimizə obyektiv baxışla
nəzər salsaq, görəcəyik ki, peyğəmbərdən
sonrakı dövrlərdən bu günümüzə kimi mədrəsə
İslamı ilə paralel bir "xalq İslamı" modeli
də olub. Sufi yönümlü təriqət və
cərəyanlar öz dini-ideoloji görüşlərinə
görə məhz xalq İslamına mənsub olublar. Təbii ki, hürrəmilər də bu sırada
istisna deyildilər. Və "şəriət
İslamına" xidmət edən din xadimləri də istər
əhli-sünnə, istər əhli-şiə olsun, xalq
İslamına mənsub olan təriqət və cərəyanları
daim çıxdaş etməyə, onların İslami
dünyagörüşlərini şəriət müstəvisinin
dar qəlibindən təhlil və inkar etməyə meylli
olub. Yeni çapdan çıxan əsərdə
mən bu fərqləri, yanaşmalardakı müxtəliflikləri
məhz İslami baxış bucağından təhlil etməyə,
hürrəmilər də daxil olmaqla, xalq İslamına mənsub
olan cərəyanların dünyagörüşlərinin
İslami təməllərini araşdırmağa
çalışmışam. Fikrimcə, hürrəmilərin
istər "halal-haram", istər "qadın-kişi
münasibətləri", istər Hülul, istər Təcəlla,
istər Tənasüx məsələlərinə olan
baxışlarının İslami nöqteyi-nəzərdən
ciddi əsasları olub. Lakin nə tarix elmi, nə
ilahiyyat, nə də təriqətşünaslıq sahələrində
bunlar dərindən tədqiq olunmayıb.
-
Qarşıda yeni əsərləriniz gözlənilirmi?
-
Hazırda həm "Xürrəmilər hərəkatının
tarixşünaslığı" adlı elmi işim üzərində
çalışıram, həm də daha iki kitabı işləməkdəyəm.
Bunlardan biri təxminən "Quran ayələrində
Azərbaycan və türklər" mövzusundadır.
Digər işlədiyim əsər isə, mənbə
məlumatları əsasında hazırlamaqda olduğum,
miladdan öncə VI yüzillikdə bu bölgədə
baş verən hadisələr barədə bir tarixi
romandır. Bilirik ki, Azərbaycan ədəbiyyatında
miladdan öncəki dövrlərə aid hadisələri əzatə
edən tarixi roman, demək olar ki, yazılmayıb, bu
sırada yalnız Yusif Vəzir Çəmənzəminlinin
daha çox şəxsi düşüncələri əsasında
yazdığı "Qızlar bulağı" və
yazıçı Əfqanın eramızın ilk əsrlərinə
aid "Bəy İnal" əsərini istisna etmək olar. Güman ki, Allah qismət edərsə, bu ilin
payızına həmin tarixi romanı çap edib oxucuların
ixtiyarına vermək fikrindəyəm. Ümid
edirəm ki, bu əsərlər Azərbaycan oxucuları
üçün böyük maraq doğuracaq.
Elnur Eltürk
Xalq Cəbhəsi.-
2014.- 3 may.- S.11.