Baxıb Türkün bayrağına ...

 

Əhməd Cavadın anadan olmasından 122 il ötür

Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi”

Şair-tərcüməçi, Azərbaycan dövlət himninin banisi Əhməd Cavadın anadan olmasından 122 il ötür. O, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında, Azərbaycan Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Şeirləri 1913-cü ildən çap olunub. 1916-cı ildə "Qoşma" adlı ilk kitabı, 1919-cu ildə isə "Dalğa" adlı kitabı, "İstiqlal uğrunda" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb. 1914-cü ildə I Dünya müharibəsinə gedən Əhməd Cavad Qara dənizi görərək Türkiyənin ikinci himni, hərbi marşına çevrilən "Çırpınırdı Qara dəniz" şerini yazır.

O, Şekspirin "Otello", "Romeo və Culyetta", Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərlərini dilimizə tərcümə edib. 1937-ci ildə şair həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, güllələnib.

Həbsdən sonra şair haqqında çoxlu "ifşaedici" yazılar yazılıb:

 

Armağanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim gördüm dost elində

Nə bir səs var, nə bir layla...

 

1914-cü ildə Əhməd Cavad "Çırpınırdı Qara dəniz" şeirini yazır. Məşhur şerin son bəndi belə bitir:

 

Dost elindən əsən yellər

Mənə şeir, salam söylər.

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına.

 

1918-ci ildə şair türk ordusu ilə Bakıya qədər gəlir, Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur.

 

Atıldı dağlardan zəfər topları,

Ey hərbin taleyi bizə yol ver, yol.

Sən ey coşan dəniz gəl Türkə ram ol...

 

Onun "Qalx" adlı şerində ulusal ruha böyük inam ifadə olunur:

 

Qalx, qalx sarmaşıqlı məzar altından

Gəlmiş ziyarətə qızlar, gəlinlər.

Ey karvan keçidi, yollar üstündə

Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar

Qurtardı ölkəmi tökdüyün qanlar.

Bax, nasıl öpməkdə tozlar, dumanlar

Qərib məzarını, mənlə bərabər.

 

Araşdırmaçı Qərənfil Dünyaminqızının fikrincə, ədəbiyyatımızda elə yaradıcı şəxsiyyətlər, ictimai-siyasi xadimlər olub ki, onların keçdiyi ömür yolu, həyat tərzi, yaradıcılığı haqqında dəfələrlə yazılsa belə azdır. Çünki onlar bütün varlığı ilə Vətəninə, millətinə, onun azadlığına bağlı idilər. Belə söz sahiblərindən biri də vətənpərvər, millətsevər, azadlıq şairi olan Əhməd Cavaddır: "Dəhşətli 37-nin qurbanı olmuş, uzun illər yaradıcılığına qadağalar qoyulmuş Əhməd Cavadın yalnız Azərbaycanın deyil, böyük türk dünyasının, Turan elinin şairi olduğunu zaman təsdiq etdi. Qaranlıqlar işıqlandı, sular duruldu, zaman axarına düşdü. Əhməd Cavad poeziyası, lirikası yenidən ədəbiyyatımızda bərq vurdu. Əsərlər yazıldı, kitablar çap olundu. Belə kitabların biri də "Əhməd Cavadın yaradıcılıq yolu" adlanır. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "istiqlal şairi" adı qazanmış Əhməd Cavad yaradıcılığına, poeziyasına həsr olunan bu sanballı əsər ilk sözündən son sözünə kimi şairin söz-sənət dünyasından oxucunu hali edir. Nadir istedada, fitri zəkaya malik olan Ə.Cavad poeziyasının sənətkarlıq xüsusiyyətləri, rəngarəngliyi müəllif tərəfindən ustalıqla açılır, təhlil edilir. Hər sözündə, kəlamında böyük Turan ellərinə sonsuz sevgisi, sayğısı olan Əhməd Cavadın uşaqlıq illərindən ömrünün son günlərinə kimi keçdiyi həyat və yaradıcılıq yolu geniş şəkildə əks etdirilib. Müəllif Əhməd Cavad yaradıcılığına yüksək qiymət verən M.Ə.Rəsulzadə, H.Baykara, Ə.Səfəroğlu, M.B.Məhəmmədzadə kimi tədqiqatçıların əsərlərinə, fikirlərinə istinad edib. Azərbaycan ədəbiyyatının, poeziyasının say-seçmə söz, sənət sahiblərindən olan Əhməd Cavad yaradıcılığa tarixin həm ziddiyyətli, həm də mürəkkəb dövründə gəlib. Lakin yaradıcılığının ən məhsuldar, çiçəkləndiyi dövr Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Bu illərdə şair bütün varlığı ilə yazıb-yaradıb, cümhuriyyətin ideyalarını tərənnüm edib. Ona görə də bu illər onun yaradıcılığında çox böyük və müstəsna əhəmiyyətə malikdir. Heç də təsadüfi deyil ki, cavadşünaslar bu illəri "Əhməd Cavad yaradıcılığının zirvəsi, kulminasiya nöqtəsi" adlandırırlar. Bütün varlığı ilə azadlığa can atan, türk dünyasının təəssübkeşi olan şair istiqlal mübarizəsini son ana kimi davam etdirib, bu yolda olmazın əzablara, əziyyətlərə, məşəqqətlərə məruz qalsa da, amalından dönməyib. Əsərdə Əhməd Cavadın yaradıcılıq uğurları ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra millətçi, pantürkist, müsavatçı damğası ilə zindanlarda, həbslərdə çəkdiyi dəhşətli işgəncələr də oxucuya geniş şəkildə çatdırılır".

1920-ci il 28 aprel işğalından sonra Rusiya Azərbaycanda illərlə kütləvi həbslər apardı, dəhşətli qətllər, qarətlər törətdi. Bu, Stalinin amansız repressiya maşınının bütün gücü ilə işə düşdüyü zamanlarda daha da tüğyan etdi. 1937-ci ildə zərbə daha çox xalqın ədəbiyyat adamlarına dəydi. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu tamamilə sarsıtsın. 30-cu illərdən başlayaraq rəsmi Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. Ancaq heç bir zaman əsl ədəbiyyat zamana tabe olmayıb. Di gəl ki, 1917-ci ildən sonra Rusiya imperiyasının varisi olan SSRİ sosializm adı altında yeni imperiyaçılıq siyasəti yürütməklə əslində yazıçıların "saqqızını oğurlaya bildi". Hətta zaman səviyyəsini aşmağa qüdrəti çatacaq nəhəng simalar belə sovet ideyalarının "vurğunu" oldular. Hər halda bu paradoksallıq araşdırılmalı, təkcə ədəbi fakt kimi yox, əslində dərin köklü ictimai faktor olaraq təhlil edilməli, bəşərin sabahı üçün dərs səviyyəsində bir qənaətə gəlinməlidir. Azərbaycanda sovet hakimiyyəti qələbə çaldıqdan sonra yazıçıları kütləvi şəkildə sovet ideologiyası mövzusunda yazmağa məcbur etdilər. Hər halda 37-ci il yaradıcı adamların ürəyində və ağlında elə dəhşətli xof yaratdı ki, bu gün də həmin xof ürəklərdən çıxmayıb. Hə qədər acı səslənsə də, bu, gerçəklikdir. 37-ci il repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər selində insanların halsızlığı, imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi. Mikayıl Müşviqlərin Məmməd Rahimlər tərəfindən basqılara məruz qalması, müxtəlif adlarla çağırılması, bunun ictimaiyyətə hay-küylə təqdim edilməsi, onların həbsi üçün imkan yaratmış oldu. Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabrında başlanan kütləvi həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi oldu. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış yaradıcı adamları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi. Vətən tariximiz keşməkeşlərlə doludur. Azərbaycanın işğalından sonra müxtəlif ölkələrdə ağır mühacirət həyatı yaşamağa məcbur olan Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azərbaycanda "proletar mədəniyyəti"ni bərqərar etmək istəyirdilər. Qısaca "proletkul" adlandırılan bu formulun mənası "formaca milli, məzmunca kommunist" olan bir ədəbiyyatdır. Ancaq bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki bu iş üçün hazırlanmış kadrlar yox idi. Məktəb kimi ədəbiyyat da uzun müddət kommunizmə yabançı olan ideoloqların təsiri altında qaldı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət "inqilabdan" əvvəlki qələm sahiblərinin əlində idi. Bu iddianı təsdiq edən dəlil və hadisələr "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzusunda oxuduğumuz məruzədə danışıldığından burada təfsilata varmayaraq yalnız sovet ədəbiyyatından mövzuya aid olan bir neçə sətri nümunə gətirəcəyik..." M.Ə.Rəsulzadə daha sonra yazır ki, 1929-cu ilin 5 oktyabr tarixli Bakıda çıxan "Kommunist" qəzetində o zamankı maarif nazirinin yazıçıların qurultayındakı çıxışında belə məqama rast gəlinir: "Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin "Müsavat" dövründə xəbəri yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə tutulur - M.Ə.Rəsulzadə) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Həticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və "Bağımsız Azərbaycan" şüarını idealizə etməyə başlayırlar. Almas (Almas İldırım - M.Ə.Rəsulzadə), Əbdül, Müşviq (Mikayıl Müşviq), Hüseynzadə. Bunlar bir-bir millətçi olaraq proletar Yazıçılar İttifaqından və Kommunist Partiyasından çıxırlar. İndi isə Cavadla birlikdə üçrəngli Azərbaycan bayrağını tərənnüm edirlər".

Mərhum araşdırmaçı, şair Rəhman Babaxanlı Azərbaycan ədəbiyyatının repressiya dövründə göstərdiyi hünərlərə görə onun rəşadətindən daim bəhs edilməli olduğunu bildirirdi: "İstəyirəm ki, Azərbaycan ədəbiyyatına münasibət bildirən hər bir ziyalı repressiya dövrünə qiymət verəndə M.Ə.Rəsulzadənin fikrini xatırlasın. Gənc nəsil o insanların gözlərində, ürəklərində qalan arzularını böyütməlidirlər. Belə obrazlar bizə lazımdır. Bu tarixi xüsusən gənclərimiz yaxşı bilməlidirlər. Hər halda bu tarixə hələ də laqeydlik var".

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 6 may.- S.14.