İtkin düşmüş uşaqlar...

 

Nabil Seyidov: "Uşaqlar insan alveri qurbanına çevrilməsi baxımından çox böyük risk altındadılar”

Anar Zeynalov: "18 yaşından aşağı qızı qaçırmaq insan oğurluğudur”

Yaxın və əziz insanı itirməkdən dəhşətli heç nə ola bilməz. Adi itən əşyanı daim axtaran insanın psixoloji vəziyyəti xüsusilə ağırlaşır. Xüsusilə itən uşaqdırsa... Azərbaycanda itən, evdən çıxıb geri qayıtmayan insanları bir qayda olaraq yalnız polis axtarır. Avropa ölkələrində isə həm də sıravi könüllü insanlar, eləcə də məhz bu yöndə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları məşğul olur. Sonuncular həm də ailəyə psixoloji yardım edir, əzizləri itimiş insanları problemləri ilə tək qoymurlar. Bir çox hallarda bu axtarış illərlə davam edir.

Azərbaycanda il ərzində nə qədər insan itir? Onların neçəsi tapılır? İtən və tapılmayan uşaqların aqibəti necə olur? Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyir ki, bu tip məlumatların ictimaiyyətə açıqlanması qanunla qadağandır: "Bu məsələlərlə bağlı məlumatlar gizli hesab olunur. Belə məlumatlar yalnız daxili istifadə üçün nəzərdə tutulduğundan açıqlanmır".

Azərbaycanda uşaq və qadın hüquqlarının qorunmasını həyata keçirən dövlət qurumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitənin sektor müdiri Lətafət Tağızadə deyir ki, onlara ümumiyyətlə itkin düşən uşaqlarla bağlı müraciət daxil olmayıb. Bu sahənin araşdırılması isə onların profilinə aid deyil: "Bizim təşkilat uşaqların hüquqlarını müdafiə edir. Qismən küçə uşaqları ilə işləyirik. Amma bu da bizim sahə deyil. Yalnız uşaqların istirahətinin təşkili, müəyyən məsələlər var ki, bizim komitə ona qarışa bilir. Amma uşaqların və qadınların itməsi kriminaldır, bu sahənin bizim komitəyə aidiyyəti yoxdur".

İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanova da mətbuata açıqlamasında Azərbaycanda itən uşaqlarla bağlı onlarda hər hansı məlumatın olmadığını deyir.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov isə uşaqların itməsinə dair məlumatların ictimaiyyətə açıqlanması və ictimai təşkilatlarla əməkdaşlıq edilməsini zəruri sayır: "Statistika ilə bağlı məlumata təəssüf ki, bizim də çıxışımız azdır. Amma 2010-cu ilin yanvar ayında DİN tərəfindən qeyd olunmuşdur ki, təkcə Bakı şəhərində 47 uşaq itib, onlardan 41 tapılıb, 6-sının isə həmin dövrdə taleyi məlum deyil. Bundan başqa bizim təşkilat son 6-7 ay ərzində parklarda, zirzəmilərdə, vağzallarda küçə uşaqları ilə bağlı reydlər keçirir. Lakin bir müddət sonra o uşaqların bəziləri sanki yoxa çıxır, onlar barədə məlumatlar əldə edə bilmirik. Xüsusilə də bu uşaqlar heç bir yerdə qeydiyyata alınmırlar. Həmin uşaqlar insan alveri qurbanına çevrilməsi, orqanların transplantasiyası, cinayətlərə cəlb olunma baxımından çox böyük risk altındadırlar".

Nabil Seyidov dövlət uşaq müdafiə sistemini təkmilləşdirməyə, uşaq hüquqları və onların müdafiəsini həyata keçirən dövlət qurumlarını nəticəni yox, səbəbi aradan qaldırmağa çağırır. O, təklif edir ki, bütün - quru, hava, su sərhəd-keçid məntəqələrində uşaqların şəkilləri çəkilsin, çıxan uşaqların qayıdıb-qayıtmaması haqda məlumatlar toplansın, uşaqlar sərhədi hər iki valideynin notariusla təsdiqlənən icazəsi ilə keçsinlər. Nabil Seyidov deyir ki, azyaşlılarla işləyən komissiyaların, polis-uşaq inspektorlarının fəaliyyətini gücləndirməsinə ehtiyac var.

Azərbaycanda müharibə dövründə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4043 nəfərdir. Onlardan 47 nəfəri (17-si azyaşlı qız) itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu məlumatı 2011-ci il iyunun 21-də yayıb. Komissiya onu da bildirir ki, əsir və girovluqdan 1400 nəfər azad edilib ki, onlardan 175 nəfəri uşaq (65 nəfər azyaşlı qız) olub.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarından aydın olur ki, son illər ölkə ərazisində xəbərsiz itkin düşmüş şəxslərin sayı artıb. DİN ölkə ərazisində xəbərsiz itkin düşmüş şəxslərin bir qisminin cinayətin qurbanı olması ehtimalını istisna etmir. Bu səbəbdən bütün ərazi polis orqanlarına itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işləri diqqətlə öyrənmək, onların qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimalını dərindən araşdırmaq, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanı qarşısında vəsatət qaldırmaq tapşırığı verilib.

DİN-in məlumatına görə, 2009-cu il ərzində Azərbaycan ərazisində itkin düşmələri ilə əlaqədar axtarış elan olunmuş 639 şəxs qeydə alınıb. Onlardan 344-nün (54,7 faiz) yeri müəyyən edilib. DİH-in məlumatlarından məlum olur ki, itkin düşənlər və ya oğurlanması ehtimal edilən şəxslər arasında bütün yaş qrupundan olanlar var: qocalar, orta yaş kişi və qadınlar, cavan oğlan və qızlar, uşaqlar.

Bəzi itkinlərin axtarışı illərlə nəticəsiz qalır. Adi şəraitdə gözlənilmədən yoxa çıxan şəxslərdən bəzilərinin insan alverinin qurbanına çevrilməsi də mümkün ehtimallar sırasındadır. İtkin hesab olunanlar arasında ailəsindən imtina edib gedənlərin olduğu barədə də versiyalar səsləndirilir. Belələri yaşadıqları yer haqqında uzun müddət məlumat vermək istəmir. Bəzən xəbərsiz-ətərsiz ölkədən çıxıb gedənlər də var ki, yaxınları onları itkin düşmüş sayırlar.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirir ki, oğurlanan yeniyetmə qızların insan alverinin qurbanına çevrilmə ehtimalı çoxdur: "Ehtimal var ki, Azərbaycandan qızlar xaricə çıxarılanda onlara saxta sənədlər düzəldilir. İndi qızlar oğurlanması və zorlanması ilə yanışı həm də öldürülür. Əgər qızlar sonradan evə qayıtmırsa, deməli, öldürülüb. Bu işlərlə məşğul olanların cəzasız qalması problemi günbəgün artırır. Ümumiyyətlə, bu problem, yəni 12-16 yaşlı qızların itkin düşməsi yeniyetmələrin arasında həm fahişəliyin çoxalmasına, həm də parnoqrafik filmlərdə çəkilməsinə şərait yaradır".

İnsanı qaçırmaq, oğurlamaq cinayətdir, amma bəzi rayonlarda qədim adət sayılır. Yəni oğlan bir neçə il əvvələ qədər onunla izdivaca razılıq verməyən qızı zorla qaçırsa və oğurlayarsa, məcburi evlilik baş tuturdu. Bir çox faciələr baş versə belə, zərərçəkmiş ictimai qınaq səbəbindən geriyə qayıda və hüququnu müdafiə edə bilməzdi. Hazırda Azərbaycan Cinayət Məcəlləsinə əsasən qız qaçırmaq insan oğurluğu, cinayət hadisəsi sayılır və bu işi həyata keçirənləri həbs gözləyir. Hüquqşünas Anar Zeynalovun sözlərinə görə, Azərbaycanda qız qaçırma halları kifayət qədərdir və buna hüquqi tədbir görülməsinə valideynlər imkan vermir: "Təkcə 2012-ci ildə 17 yaşına çatmayan qızların zorla qaçırılması faktı 6 dəfə, 18 yaşından yuxarı qaçırılan qızlar isə 10 dəfə olub. Bu rəqəmlər, sadəcə, üzdə olanlardır. Amma ictimaiyyətin bilmədiyi, gizli qalan qız qaçırma halları yoxdurmu? Əlbəttə, kifayət qədərdir. Səs çıxmasın, ailənin adı hallanmasın deyə buna göz yummaq və qızlarını dırnaqarası ər evində saxlamaq cinayətdir. 18 yaşından aşağı qızı qaçırmaq insan oğurluğudur".

Anar Zeynalova görə, qız qaçırmağın cəzası, demək olar ki, insan öldürməklə eyni səviyyədədir. Çox vaxt bu cəzadan qorxan oğlanın valideynləri şirin dillə zərərçəkən ailəni yola gətirir və məsələ bağlanır: "Cinayət Məcəlləsində evlənmək məqsədi ilə qız qaçırmağa görə 5 ildən 12 ilə qədər cəza müəyyənləşdirilib. Hadisə tamah məqsədi ilə həyata keçirilibsə, 8 ildən 12 ilə qədər cəza verilməsi nəzərdə tutulub. Məqsədindən asılı olmayaraq qız qaçırılması sonda zərərçəkənin ölümü ilə nəticələnərsə, onda cəza daha da ağırlaşır və 10 ildən 15 ilə qədər yüksəlir. Cəzalar əslində bu əməli törədən üçün kifayət qədər yaxşıdır, amma valideynlər nədənsə qızlarına qarşı edilən bu cinayətin üstünün örtülməsində maraqlıdır. Heç kim o valideynləri qınamır. Amma bu məsələlər gündəmə çıxmadıqca, cəzalar tətbiq olunmadıqca qız qaçırmaq niyyətində olan oğlanların cəsarəti daha da artacaq".

Oğurlananlardan fərqli olaraq bəzilərinin çox müəmmalı şəkildə yoxa çıxması ilə bağlı minlərlə məlumat mövcuddur. Belə müəmmalı hadisələr, demək olar ki, dünyanın əksər ölkələrində baş verir. Keçmiş SSRİ-də təkcə ötən əsrin 70-80-ci illərində 85 min nəfər müəmmalı şəkildə yoxa çıxmışdı. Araşdırmalar zamanı insanların yoxa çıxmalarına sirri açılmaz görünən qəribə hadisələrin səbəb olduğu aşkar edilir. Amma o vaxt SSRİ-də bunlarla bağlı susmağa üstünlük verilirdi. Məsələn, 1973-cü ildə leninqradlı (indiki Sankt-Peterburq) üç tələbə Krımda istirahət edərkən müəmmalı şəkildə yoxa çıxdı. Tələbələr kirayədə qaldıqları evdən çıxaraq yaxındakı dayanacaqda onları gözləyən qızlarla görüşməli idilər. Amma qızlar nə qədər gözləsələr də, tələbələr gəlib çıxmır. Tələbələri küçədə dayanacağa gedərkən görənlər də tapılır. Amma onların necə yoxa çıxdıqları bu günə kimi sirr olaraq qalır. Digər oxşar hadisə 1965-ci ildə amerikalı texnik Karl Robert Dişlə əlaqədar baş vermişdi. Antarktidadakı elmi tədqiqat stansiyalarından birində işləyən 26 yaşlı Diş mayın 7-də barakdan çıxaraq yaxınlıqdakı digər baraka getmək istəyir. Barakdan çıxmazdan əvvəl, o bu barədə radio ilə dostlarına məlumat verir. Amma Diş bir neçə dəqiqəlik məsafədə olan qonşu baraka gedib çıxa bilmir. Dərhal ABŞ hərbi hava qüvvələri axtarışa cəlb edilir. Lakin bir neçə həftə davam edən axtarış heç bir nəticə vermir. Yeri gəlmişkən, deyək ki, insanların müəmmalı şəkildə yoxa çıxdıqları bir neçə təhlükəli ərazilər var. Onlardan biri ABŞ-ın Kaliforniya ştatındakı meşə massivi hesab edilir. 280 min hektar ərazisi olan bu massivdə dəfələrlə insanlar yoxa çıxıblar. Şahidlərin söylədiklərinə görə, hər 4-5 ildən bir massivdə istirahət edənlərdən kimsə göz qabağındaca yoxa çıxır. Hələlik, alimlər belə hesab edirlər ki, müəmmalı şəkildə yoxa çıxanlar bizə məlum olmayan və ya bizə paralel olan digər zonalara düşürlər. Belə ehtimal edilir ki, hansısa məqamda paralel şəkildə fəaliyyət göstərən zonaya tunel açılır və insanlar bu tunel tərəfindən cəzb edilirlər.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 6 may.- S.13.