Göyçə soraqlı aşıq

 

Qədim Oğuz yurdu olan Göyçə mahalında onlarla aşıq yetişib. Onlardan biri Aşıq Musadır. Öz sazı sözü ilə məclisləri zinətləndirən bu el sənətkarının həyat yaradıcılığı layiqincə tədqiq edilməyib. 1970-ci ilə qədərki şeir kitablarında digər yazılarda aşığın 1795-1840-cı illərdə yaşadığı Göyçənin Qaraqoyunlu kəndindən olduğu göstərilib. Araşdırmalar nəticəsində aydın oldu ki, bu, yanlışdır. Yaşlı adamların, o cümlədən Musa ilə qohumluqları olan, Göyçənin Zod kənd sakinləri Cəfərov Müseyib Cəfərov Qurbanın söyləmələrinə görə, Musanın atası Səfər əmisi Cəfər gənc yaşlarında bir çoxları kimi Qazax mahalının Tatlı kəndindən köçərək Zod kəndinə gəliblər. Bir müddət burada yaşadıqdan sonra Səfər Zod kəndinin ağaları ilə yola getməyib köçüb qonşu Ağkilsə kəndində məskunlaşıb. Haqqında söhbət açdığımız Aşıq Musa Ağkilsə kəndində doğulub. Aşığın neçənci ildə doğulduğu dəqiq deyil. 1912-ci ildə vəfat edən sənətkarın dəfn mərasimində onun 80 ilə qədər yaşadığı haqda camaat arasında söhbət gedirmiş. Deməli, o, təxminən 1830-cu ildə anadan olub. Axtarışlar nəticəsində Ağkilsə kəndinin cənubi-şərqindəki qəbiristanlıqda Aşıq Musanın qəbir daşı tapılıb. Daşda onun vəfat etdiyi hicri ilə 1331-ci il yazılıb ki, bu da miladi tarixlə 1912-ci ilə düşür. Qəbir daşında olan bu yazı təkzibedilməz həqiqəti təsdiq edir.

Saz sənətinə yiyələnən, onu bütün incəliklərinə qədər mənimsəyən Aşıq Musanın ustadının kim olması məlum deyil. Ustad olan bu el sənətkarının bir neçə şəyirdi onun yanında püxtələşib ki, bunlardan biri Göyçənin Zərzibil kəndindən olan Aşıq Mehralı idi: Aşıq Musa aşıqlığı ilə yanaşı, həm yaxşı təsərrüfatçı olub. Onun bir dəyirmanı da varmış. Qəbir daşının arxa tərəfində həkk edilmiş cüt (xış) şəkli onun bacarıqlı bir rəncbər olmasına işarədir. Aşıq Musa yaz yay aylarında əkinçiliklə məşğul olar, payız qışda sazını götürüb, el-el, oba-oba gəzər, şənlik məclisləri keçirərmiş.

Aşığı görmüş qocaların, eləcə Aşıq Talıbın Aşıq Ağayanın (Aşıq Ələsgərin şəyirdi) demələrinə görə, Aşıq Musa alçaq boylu, dolu bədənli, enlikürək, "polad kimi sağlam" bir adam imiş. İri bığlar sifətinə yaraşıq verirmiş. Başqa aşıqlardan fərqli olaraq, o, belinə qılınc bağlarmış. Koroğlu havalarını heç kəs onun kimi oxuya bilmirmiş.

Aşıq Ələsgərdən təxminən 10 yaş kiçik olan Aşıq Musa ona həmişə ehtiram göstərib, birevli kimi yaxın olub. Əlimizdə olan "Ay üzə-üzə", "De bir üz-üz", "Birisin", "Yüküm", "Mərd" rədifli şeirləri Ələsgərin eyni rədifli şeirlərinə nəzirədir. Aşıq Musa davranışı ilə xalq arasında hörmət qazanıb. Heç kəsdən qorxub-çəkinməyən aşıq qonum-qonşu ilə çox mülayim rəftar edib. Aşıq Musanın iki oğlu olub. Böyük oğlu Əli gənc yaşlarında, o biri oğlu İmamqulu Böyük Vətən müharibəsindən 2-3 il sonra ölüb. Onların da şeir qoşmaq qabiliyyəti olub. Yazı-pozu bilməyən Aşıq Musanın yaradıcılığı zəngin olub. Təəssüf ki, vaxtında yazıya alınmadığına görə, çoxu itib-batıb.

1960-cı ildə axtarışlar zamanı aşığın nəvəsi, Göyçənin Sarıyaqub kəndində yaşayan Musa Süleymanovdan vərəqlərinin bir hissəsi cırılmış dəftər əldə edilib. Dəftərdəki şeirlərin hamısı Aşıq Musanındır. Lakin onun kim tərəfindən qələmə alındığı məlum deyil. Yazının latın qrafikası ilə olması göstərir ki, o, 1939-cu ildən əvvəllərdə yazılıb.

İndi əlimizdə aşığın 50-dən artıq şeiri var. Bunların çoxu qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis 4-ü müxəmməsdir. Son vaxtlar "Aşıq Musa Mələknisə xanım" adlı bir dastan da meydana çıxıb. Bu dastan "Göyçə dastanları aşıq rəvayətləri" kitabında oxuculara təqdim edilib.

Aşıq Musanın yaradıcılığı çoxşaxəlidir. Müxtəlif şeir şəkillərinə müraciət edən sənətkar müxtəlif mövzularda xoşagələn bədii sənət nümunələri yaradıb. Aşıq Musa aşıq ədəbiyyatında məşhur " günahı telli sazın" rədifli gəraylısı ilə şöhrət qazanıb. Aşıq sənətindən söhbət açan qələm sahiblərimiz yazılarında aşığın bu gəraylısını xatırlayıb, ayrı-ayrı bəndlərini sitat veriblər. Sazı, ümumiyyətlə, aşıq sənətini avam, fırıldaqçı din xadimlərinin haqsız hücumlarından qoruyan aşıq göstərir ki, sazın, saz çalmağın heç bir günahı yoxdur. Əksinə, saz məclisləri abad edir, qəmli könülləri şadlandırır. Başqa sözlə, saz insana ruhi qida verir. Elə oradaca aşıq, saz çalmağın günah olduğunu iddia edənlərə çox kəskin cavab verir:

 

Yek şəcər, yek dəmir,

Ara vurmur, yalan demir.

Qazı kimi rüşvət yemir,

günahı telli sazın!?

 

Aşıq bir-birinə zidd olan iki cəbhəni - saz sənəti ilə onun haram olduğunu deyənlər cəbhəsini qarşılaşdırır. Hansı cəbhənin əməlləri günah sayılmalıdır? Şənlik məclislərinə yaraşıq verən, insanların könlünü açan, təbiət, insan gözəlliklərini vəsf edən, dinləyiciləri ustadnamələri ilə tərbiyələndirən, onlara mərdlik, qəhrəmanlıq, düzlük, səxavətlik, vətənpərvərlik duyğuları aşılayan saz sənətimi, yoxsa saz sənətini haram buyuranların ara vurmaları, yalan danışmaları, rüşvət yemələri, cadu yazmaları, sələmçiliklə xalqı soymaları kimi çirkin əməllərimi!? Cavab öz-özlüyündə aydındır. Mövhumatın çox güclü olduğu, din xadimlərinin "qılıncının dalı da, qabağı da kəsdiyi" bir zamanda həmin gəraylı sənətsevərlərin dilində əzbər olub, aşıqlarımızın repertuarında özünə möhkəm yer tutub.

Aşıq Musanın yaradıcılığında dövrünün ictimai haqsızlıqlarına qarşı bir etiraz sədası eşidilməkdədir. Yaradıcılığında Vətən məhəbbəti çox güclüdür. Təbiətin gözəlliklərindən doymayan; səfalı yaylaqlarını, buz kimi sərin bulaqlarını, sürülərini, ağır ellərini tərifləyən aşıq qürbət ellərə yönü düşəndə şənlik məclisləri keçirsə , yenə kədərlənir, Vətən həsrəti çəkir. Bu cəhətdən onun "Balabançı", "Dağlar", "Görüşməyə", "Göndərrəm" rədifli qoşmaları daha səciyyəvidir. O, qucağında boy atdığı, havası ilə nəfəs aldığı, doğma yurdu olan Göyçəni yeri gəldikcə tərifləyib, ona xüsusi bir qoşma da həsr edib. Şeirdə Göyçənin təbii gözəlliklərini sadalamaqla yanaşı, həm orada yaşayan insanların məhəbbət əhli olmaları, qonağa göstərdikləri iftixar hissi ilə qeyd olunur:

 

Hər dağdan ucadı Çalmalı dağı,

Car olur köysündən Qumlubulağı.

Əziz saxlayırlar gələn qonağı,

Dad verir dahana balı Göyçənin.

 

Aşıq Musanın yaradıcılığında insan gözəlliklərinin təsviri tərənnümü, məhəbbət motivləri xüsusi yer tutur. O, rast gəldiyi sadə gözəl qız gəlinləri səmimi bir dillə, təmiz məhəbbətlə tərifləyir. Bu təriflərdə zahiri gözəlliklə mənəvi gözəllik vəhdət təşkil edir. O, "günəş camallı", "büllur buxaqlı", "lalə yanaqlı", "kaman qaşlı", "şahmar zülflü", "sərv boylu", gözəl libaslı qız-gəlinləri həm mərifətinə, dərdbilənliyinə, sədaqətinə görə tərifləyir. Bu təriflərdə heç bir açıq-saçıq şit ifadəyə rast gəlmirik. Aşıq ancaq gözəllik aşiqi kimi gözümüz önündə təcəssüm edir. Gözəllərin tərifinə həsr edilən şeirlər içərisində "İndi", "Dilbər", "Sinəsin", "Güllər", "Sənsən", "Gülə-gülə", "Gözlər", "Maral", "Gilas" s. rədifli şeirlər daha çox diqqəti cəlb edir.

Bəzən ayrı-ayrı misralarda tərbiyəvi mahiyyət daşıyan fikirlər ifadə edən el sənətkarı, bəzən üzünü öz könlünə tutaraq ona öyüd-nəsihət verir. Bu cəhətdən onun "Dilim" rədifli qoşması daha səciyyəvidir. O, adamları tamahkar olmamağa, namərdlərə uymamağa, məclislərdə özlərini mərifətli aparmağa, danışanda az danışıb incə mətləblər ifadə etməyə, bivəfalarla yoldaşlıq etməməyə, sirri möhkəm saxlamağa digər gözəl insani keyfiyyətlər sahibi olmağa çağırır.

 

İslam Ələsgərov,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 7 may.- S.14.