Azad mətbuatın inkişafına
dövlət dəstəyi davamlıdır
İnformasiya cəmiyyətinə
keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin
informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə
ehtiyac yaradır
Azərbaycanda müstəqil mətbuatın
inkişafına əlverişli şəraitin
yaradılması, jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində bir-birinin ardınca
mühüm əhəmiyyətli tədbirlərin həyata
keçirilməsi, insan hüquq və azadlıqlarının
qorunması dövlətin daim diqqət mərkəzində
saxladığı prioritet sahələrdəndir. Bu sahələrə
xüsusi diqqət yetirilməsi dünyanın nüfuzlu təşkilatları,
ekspert və analitiklər tərəfindən də yüksək
qiymətləndirilir. Ölkəmizdə
azad sözün, fikir plüralizminin təmin olunması Azərbaycanın
demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin
mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən
ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla
münasibətlərinin intensivləşdirilməsindən xəbər
verir. Bu istiqamətdə atılan
addımlar Azərbaycanın demokratik və hüquqi dövlət
quruculuğu sahəsində uğurlarını şərtləndirən
mühüm amillərdəndir.
Məlum
olduğu kimi, 1993-cü ildən etibarən hər il mayın 3-də Ümumdünya Mətbuat
Azadlığı Günü qeyd olunur. Bu
gün bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə
olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz
qalan jurnalistlərə qarşı bu cür hərkətlər
edənlərin cəzalandırılması ilə
bağlı müzakirələr aparılır. Bu reallıq önə çəkilir ki, mətbuat
hər bir dövr üçün cəmiyyətin
güzgüsü olaraq baş verən hadisələri
heç bir təhrifə, inkara, qərəzə yol vermədən
ictimaiyyətə çatdırmaq missiyasını yerinə
yetirməlidir.
Bu baxımdan Ümumdünya Mətbuat
Azadlığı Günü qeyd olunmaqla hər bir ölkənin
siyasətində bu sahənin inkişafına göstərilən
diqqətə, yaradılan şəraitə bir daha nəzər
salınır, müqayisəli təhlillər aparılır. Bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın
demokratiya təcrübəsi digər ölkələrə
nümunədir, azad mətbuatın inkişafına dövlət
dəstəyi davamlıdır.
1998-ci ildə senzuranın ləğv edilməsi bu sahədə
dönüş yaratdı. Senzuranın ləğvi
təsadüfi deyildi və bir çox ölkələr
üçün nümunə idi. Bu
günə qədər Azərbaycanda azad medianın
inkişafı ilə bağlı çox önəmli qərarlar
qəbul edilib. İldən-ilə bu sahəyə
ayrılan dövlət diqqəti, dəstəyi artıb.
Son illər ərzində, Azərbaycan bu sahədə müxtəlif
parametrlər üzrə çox böyük irəliləyişə
nail ola bilib. 1993-cü ildən
sonrakı dövr də Azərbaycan mətbuatının
inkişafında yeni mərhələnin
başlanğıcı oldu. Ölkədə
ictimai-siyasi sabitliyin yaradılması, insan
hüquqlarının qorunmasının dövlətin siyasətinin
prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin
edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi
inkişafı, ictimai həyatın bütün sahələrinin
yeniləşməsi fikir, söz və məlumat
azadlığının, plüralizmin daha geniş təmin
olunması üçün əlavə tədbirlər
görülməsini zəruri etdi.
Bu gün müstəqil Azərbaycan söz, fikir və mətbuat
azadlığının inkişafı sahəsində beynəlxalq
təşkilatlarla, o cümlədən Avropa Şurası və
ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun dərinləşməsi, Azərbaycanın
dünya informasiya məkanına daxil olması və informasiya
cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin
və dövlətin informasiyaya olan tələbatının
daha dolğun ödənilməsinə, kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə
və müasir dövrün tələblərinə
uyğunlaşmasına ehtiyac yaradır.
Bu gün Azərbaycan demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolunda inamla irəliləyir. Konstitusiyamızda
demokratiyanın əsas prinsiplərindən olan söz və
fikir azadlığı təsbit olunub. Müstəqil
Azərbaycanda bəşəri dəyərlərə söykənən
vətəndaş cəmiyyəti quruculuğu başlıca vəzifədir.
Son 10 ilin reallıqları bunun konkret əməli
işdə öz təsdiqini tapdığını göstərir.
Milli mətbuatımızın ənənələrini
yarandığı gündən yazıları ilə bəyan
edən "Əkinçi" qəzetinin 135 illik yubileyinin
respublikanın bütün bölgələrində yüksək
səviyyədə qeyd olunması, jurnalistlərin fəxri
adlarla mükafatlandırılması, onların mənzil
şəraitinin yaxşılaşdırılması
haqqında sərəncamın imzalanması dövlətin mətbuata
qayğısının bariz təcəssümü kimi
xatırlanır. Ötən il milli mətbuatımızın
138 illik yubileyində jurnalistlər üçün tikilən
binanın istifadəyə verilməsi dünyanın ən
nüfuzlu mətbu orqanlarında da geniş
işıqlandırıldı və Azərbaycan dövlətinin
azad mətbuatın inkişafına xidmət edən
addımlarından biri kimi dəyərləndirildi. Dünyada analoqu olmayan bu mühüm hadisə media
ictimaiyyətinin rəğbətinə səbəb oldu.
Həmin tarixdə "Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə
dair əlavə tədbirlər haqqında" növbəti
Prezident sərəncamı imzalandı. Sərəncamda
da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi,
demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi,
cəmiyyət həyatının bütün sahələrinin
yeniləşdiyi müasir dövrdə kütləvi
informasiya vasitələrinin səmərəli fəaliyyətinə
daha etibarlı şərait yaradılması dövlətin
diqqət mərkəzində duran əsas məsələlərdən
biridir.
Qeyd olunduğu kimi, demokratik cəmiyyətin vacib amillərindən
olan azad mətbuata davamlı olaraq diqqət və qayğı
göstərilir. Prezident İlham Əliyevin 2008-ci il
31 iyul tarixli sərəncamı ilə Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyasının təsdiq edilməsi də deyilənlərin
bariz nümunələrindəndir. Dövlət
başçısının 3 aprel 2009-cu il tarixli sərəncamı
ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması da kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyasında əksini tapmış məsələlərin
gerçəkləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan KİV-lərin sayına görə
MDB və Şərqi Avropa ölkələri arasında lider
mövqedə dayınır. Ölkədə minlərlə
kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına
alınıb, xeyli sayda jurnalist təşkilatları və
ictimai birilkləri mövcuddur. Bütün
bunlar mətbuatın inkişafına göstərilən diqqət
və qayğının nəticəsidir.
Göründüyü kimi, şərəfli inkişaf
yol keçmiş milli mətbuatımız həmişə
xalqımızın şanlı tarixinin güzgüsü
olub. Ölkəmizin sürətlə inkişaf etdiyi,
demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət
həyatının bütün sahələrinin yeniləşdiyi
müasir dövrdə kütləvi informasiya vasitələrinin,
o cümlədən milli mətbuatımızın
qarşısında yeni vəzifələr durur. Azərbaycan jurnalistikası peşəkarlıq,
obyektivlik, qərəzsizlik, yüksək milli şüur və
vətənpərvərlik prinsiplərinə dönmədən
əməl etməli, söz və məlumat
azadlığından sui-istifadənin qarşısı qətiyyətlə
alınmalıdır. Ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun daha da artması peşəkar
jurnalistlərimiz üçün, sözün əsl mənasında,
geniş yaradıcılıq imkanları açır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan
dövləti mətbu nəşrlərin sərbəst fəaliyyətinə,
jurnalistlərin öz iradələrini azad şəkildə
ifadə etməsinə, insan hüquqlarının
qorunmasına bütün imkanların yaradılmasının
tərəfdarıdır.
Məhz bu qayğının nəticəsidir ki, dövlət
başçısı İlham Əliyev iki dəfə
"Jurnalistlərin dostu" mükafatına layiq
görülüb. Ölkə Prezidenti bildirir: "Mən bundan sonra da
çalışacağam ki, Prezident kimi Azərbaycanda azad
medianın inkişafı üçün dəstəyimi
verim və beləliklə, ölkəmizin sürətli və
uğurlu inkişafını təmin edim. Çünki
müasir dünyada inkişaf etmiş ölkələrdə
azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini
göstərir".
Mətbuat
Şurasının sədr müavini Müşfiq Ələsgərli
deyib ki, başqa ölkələrlə Azərbaycanı
müqayisə etsək, son illər media sahəsində bəlkə
də 100 ildə həyata keçirilməyən işlərin
görüldüyünün şahidi olarıq: "Son bir
neçə il ərzində Azərbaycan mediası
üçün lazım olan bütün addımlar
atılır və ölkə mediası kifayət qədər
inkişaf dövrünü yaşayır". O bildirib ki, həm
peşəkarlığın artırılması, həm
sosial-iqtisadi problemlərin aradan qaldırılması, həm
də qanunvericiliyin təkmilləşdirilməsi
baxımından Azərbaycan mediası özünün ən
yüksək dövrünü yaşayır: "Bunu ölkədə
aparılan islahatlardan və həyata keçirilən tədbirlərdə
müşahidə etmək olar. İnkişafın
beynəlxalq səviyyədə görünməməsinin isə
iki mühüm səbəbini qeyd etmək lazımdır.
Birincisi ondan ibarətdir ki, bir sıra beynəlxalq
təşkilatlar var ki, onlar elan olunmuş missiyalardan yox,
maraqlarını güddükləri siyasi qrupların mənafeyindən
çıxış edirlər. İkincisi
isə Azərbaycanın özündə həmin beynəlxalq
təşkilatlarla işləyən yerli qurumların
özündə müəyyən problemlər var".
O, həmçinin
əlavə edib ki, o təşkilatlarda ki, Azərbaycan üzrə
yerli təmsilçilər peşəkar jurnalistlərdən,
eyni zamanda milli vətənpərvər şəxslərdən
formalaşıb, o zaman təşkilatların hesabatında Azərbaycandakı
mövcud media durumu real şəkildə əks olunur:
"Söhbət tək media durumunun təriflənməsindən
getmir. Həmin hesabatlarda inkişafla
yanaşı problemlər də göstərilir. Qeyri-peşəkar yerli təşkilatların
nümayəndələrinin isə Azərbaycanla bağlı
mövqeyində bir sıra problemlər özünü
büruzə verir. Hesab edirəm ki, Azərbaycana
qarşı qərəzli münasibət göstərən təşkilatların
fəaliyyətindəki neqativ halları tənqid etmək və
onları doğru yola çəkməklə yanaşı,
onlarla əməkdaşlıq edən yerli təşkilatlarda
da keyfiyyət dəyişikliklərinin əmələ gəlməsi
istiqamətində ciddi işlər görülməlidir.
Çalışmalıyıq ki, Azərbaycanın
özündə beynəlxalq təşkilatlarla işləyən
yerli qurumlar formalaşsın ki, onlar peşə fəaliyyəti
ilə yanaşı Azərbaycan dövlətçiliyinə
bağlı şəxslər olsun. Bununla
da onlar qərəzli və yalançı informasiyalar yox,
obyektiv reallığa uyğun informasiyalar versinlər".
Əli
Xalq Cəbhəsi.-
2014.- 7 may.- S.11.