Tikdim ki, izim qala...
Xudu Məmmədovun Vətən
sevgisi
Xudu Məmmədov 1927-ci ildə Ağdam rayonunun Mərzili
kəndində anadan olub. Ağdamda orta məktəbi bitirib, Azərbaycan
Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin
geologiya şöbəsinə daxil olub, Azərbaycan Elmlər
Akademiyasının Kimya İnstitutuna təyinat alıb. SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun
aspiranturasında təhsil alıb. Namizədlik
dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit
mineralının quruluşunun təyini" olub. Amma
quruluşu açmaq üçün eksperimental materiallar
alınması ərəfəsində (1952-ci il)
yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin
ediblər. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın
Kristalloqrafiya İnstitutunun elmi şurasında
"Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə
"Ksonolit və vollastonit minerallarının kristal
quruluşu" mövzusunda müvəffəqiyyətlə
namizədlik dissertasiyası müdafiə edib. O, bir neçə
dəfə Con Bernalın qonağı olub, 1 il
(1966) onun laboratoriyasında çalışıb. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə
geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor
elmi adlarına layiq görülür.
O, 1957-ci
ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi
və Fiziki Kimya İnstitutunun struktur kimya
laboratoriyasının müdiri vəzifəsində
çalışıb. Əsas elmi işləri
kristallokimya sahəsindədir.
Xudu Məmmədov bir neçə illik tədqiqatların
yekunu olaraq 1960-cı ildə "Kalsium-silikatları və
hidrosilikatları və hidrosilikatların
kristallokimyası" monoqrafiyasını yazır. Silikat birləşmələrindən
bir çoxunun quruluşunu müəyyənləşdirir, həmin
birləşmələr sinfi ilə boratlar, karbonatlar,
yarımkeçiricilər və s. arasında kristallokimyəvi
qohumluq olmasını aşkara çıxarır, 50-dən
çox üzvi liqandlı kompleks birləşmənin molekul
və kristall quruluşunu öyrənir, tədqiqatlarında
elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez
üsullarından geniş istifadə edir. Onun
yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında
müstəsna xidmətləri var. Alim 1988-ci ildə Bakıda
vəfat edib. Xudu Məmmədov elmi fəaliyyəti
ilə yanaşı bayatıları ilə də
tanınır.
Çiy
yumurta soyulmaz,
Göydə
ulduz sayılmaz,
Bütün
xalqlar oyandı,
Mənim xalqım ayılmaz.
Elm
köməyim olsun,
Əlim
köməyim olsun,
Kimsəyə
yük olarsam,
Ölüm köməyim olsun.
Bu qala,
bizim qala,
Həmişə bizim qala.
Tikmədim
özüm qalam,
Tikdim ki, izim qala.
Şair Qəşəm
İlqar Xudu Məmmədov haqqında xatirələrində
yazır: "Xudu müəllimlə şəxsi
tanışlığımın dəqiq tarixi (günü,
ayı, ili) yadımda deyil. Ağdama
qısamüddətli ezamiyyəyə getmişdim. O
vaxtlar Ağdam rayon mədəniyyət şöbəsinin
müdiri işləyən Çimnaz Əliyeva məni
mehribanlıqla qarşılayıb, sanki müjdə
verirmiş kimi dedi: - Sabah Xındırıstan mədəniyyət
evində gənc istedadlara baxış - müsabiqə
keçiriləcək. Baxış - müsabiqə
barədə "Mədəni-maarif" jurnalında da
yazı versəniz yaxşı olardı. Xudu
müəllimi də dəvət etmişik.
Məmnuniyyətlə razılığımı
bildirdim. Və deyilən vaxtda şöbədə oldum.
Elə burada Xudu müəllimlə və onun
yaxın dostu, füzulişünas Zeynal Məmmədovla da
görüşdüm. Birlikdə
Xındırıstana yollandıq. Həmin
gün demək olar ki, münsiflər heyətinin mülahizələrinə
Xudu Məmmədovun dolğun fikirləri aydınlıq gətirirdi.
Tədbir səhər saat 11-dən axşamacan
çəkdi. Həmin vaxt futbol üzrə
dünya çempionatı keçirilirdi. Münsiflər
heyətinin üzvlərindən bir çoxu yarışlara
baxmaq üçün çox tələsirdi. O cümlədən
mən də. Amma Zeynal müəllim təkidlə dedi ki, bugünkü
görüşü "Ozan"da davam etdirməliyik. Xudu müəllimlə bir süfrə arxasında
oturmaq yeniyetmə bir gənc üçün həm də
böyük bir şərəf idi. Odur ki,
təklifdən imtina edə bilmədim. Xudu
müəllim, Zeynal müəllim, Respublika Həmkarlar
İttifaqından olan bir yoldaş və mən dəstədən
ayrılıb "Ozan" restoranına yollandıq. O
vaxta qədər Xudu müəllim barədə çox
eşitmiş, "Qoşa qanad" kitabını, "London
dumanlı görünür" və digər
yazılarını böyük könül xoşluğu ilə
oxumuşdum. Masa arxasında oturan insan sanki
dünya şöhrətli alim deyildi. Sadədən-sadə,
olduqca təvazökar və mülayim, son dərəcə səmimi
bir insan tikə kəsirdi bizimlə birgə. Zeynal müəllimlə mən əvvəllər də
görüşmüş, Ağdamda redaksiya yerləşən
bağda çay içmişdik. Çox
yaxından olmasa da, aramızda tanışlıq vardı.
Demə, Xudu müəllim də mətbuatda gedən
yazılarımdan və şeirlərimdən məni qiyabi
tanıyırmış. Odur ki, Zeynal
müəllimin təklifinə Xudu müəllim də tərəfdar
çıxıb, şeir oxumağımı təkid etdi.
Düzü, onların hər ikisinin yanında
şeir oxumaq mənim üçün çətin idi.
Amma sözlərindən çıxa bilmədim.
Çəkinə-çəkinə bir-iki
şeir oxudum. Məclisimiz xeyli çəkdi.
Oradan Zeynal müəllim bizi öz evinə gətirib
təzədən çay dəstgahına, sonra isə kofeyə
qonaq etdi. Axşam qaranlığı
çökəndə Novruzluya getdik. Zeynal müəllim
dedi ki, dostun Cahangirə ata-baba ocağımızda ev tikdirmişəm. Gedək onu
gör, sonra səni Pirzatlıya, Xudu müəllimi isə Mərziliyə
apararıq. Dediyi kimi də oldu. Amma
Novruzlu - Mərzili daş yolunda nə illah elədimsə, Xudu
müəllimlə Zeynal müəllim razı olmadılar. Mən istəyirdim ki, əvvəlcə Xudu müəllimi
aparaq Mərziliyə, qayıdanbaş mən düşərəm.
Dedilər: - Olmaz!
Heyiflər ki, həmin axşam bizimkilərdən
heç kəs evdə olmadı. Bu, ürəyimdə bir nisgil olaraq
həmişəlik qaldı: Xudu müəllimi mənim ata
ocağımda bir stəkan çaya qonaq edə bilmədim. Nə
bilim, bəlkə də qismətdən deyilmiş...
Xudu
müəllim ürəyimdən keçənləri
oxuyurmuş kimi: "Eybi yox, gələn dəfəyə
qalsın"-dedi. Ara yolla Mərziliyə
yön aldılar. Maşın Tutduxlu bağı
keçənədək arxalarınca təəssüflə
baxdım: Elə bu vaxt açıq darvazamızdan
qardaşımgil deyə-gülə həyətə girdilər.
Uşaqlar maşından tökülüb
üstümə cumdular. Qardaşım
bikef, fikirli olduğumun səbəbini soruşdu. Xuduyla
Zeynalın beş dəqiqə əvvəl
burda olduqlarını bildirdim. Dedi ki, otur maşına bu dəqiqə
gedib yoldan qaytaraq. Dedim, artıq gecdir, qayıtmazlar...
Bir xatirə
də deyim: "İşıq" nəşriyyatından
sifariş almışdım. 25 nəfərdən
ibarət siyahıda Azərbaycanın tanınmış elm, ədəbiyyat
və incəsənət xadimlərinin, qabaqcıl əmək
adamlarından bir neçəsinin uşaqlıq xatirələrini
hazırlamalıydım. Xudu müəllimin
də adı ön sıralarda idi.
Nədənsə, elə ilk olaraq Xudu müəllimin
çalışdığı laboratoriyaya getdim. Bilmirəm o
baxış-müsabiqədən sonra yadında
qalmışdım, ya yox. Axı aradan
çox illər ötmüşdü. Amma
yenə məni çox mülayimliklə, səmimiyyətlə
qarşıladı. İşimlə-gücümlə,
ailə vəziyyətimlə maraqlandı. Söhbət
zamanı yeri gəldikcə dəyərli məsləhətlər
verdi. Kirayədə
yaşadığımı biləndə halı dəyişdi,
dözümlü, əzmkar olmağı tövsiyə etdi.
Nəşriyyatın rəsmi məktubunu nəzərdən
keçirib, "çox maraqlıdır", dedi. Suallara mütləq cavab hazırlayacağını
yəqin ki, maraqlı bir şey alınacağını
bildirdi. Vədələşib,
ayrıldıq. Arada-bir zəng edib,
yazının hazır olub-olmadığı ilə
maraqlanırdım. Çox zaman yerində
olmurdu. Mən də digər müəlliflərlə məşğul
olduğumdan iş yerinə baş çəkməyə
macal tapmırdım. Məndə çox
böyük inam vardı ki, suallar ətrafında nə isə
yaxşı bir material hazırlayır. Heyflər
ki, qəfil ölüm xəbəri bütün istəklərimi
alt-üst etdi. İş yerində də,
evində də nə verdiyim məktub tapıldı, nə də
suallara münasibətini bildirən cavabı. Naəlac qalıb yarımçıq qalmış
"Baharın ardınca" kitabından bir hissəni
"Biz də uşaq olmuşuq" kitabına daxil etdik.
İstəmirdim ki, əqidə dostları Bəxtiyar
Vahabzadədən və Nurəddin Rzayevdən bu kitabda da
ayrı düşsün. "Yarımçıq
kitab"dan götürülən hissələr o qədər
rəvan, səmimi idi ki, digər yazılardan seçilmir,
ümumi ahəngi pozmurdu. Əksinə,
kitabı daha oxunaqlı, daha diqqətçəkən edirdi.
Bir sözlə, Xudu dünyasını tam
dolğunluğu ilə göstərirdi".
Asif Ata
Xudu Məmmədovun ziyalılığını belə dəyərləndirir:
"Xudu Məmmədov fitri yurdçudur, onun
yurdçuluğunda oyun yoxdur, yalan yoxdur. O, fitri
ziyalıdır, onun ziyalılığında oyun yoxdur, yalan
yoxdur. O, fitri insansevərdir, onun insansevərliyində oyun
yoxdur, yalan yoxdur. Mühitdə, şəraitdə,
cəmiyyətdə yurdçuluq oyunu oynanır, yurdçuluq
yalanı söylənir. Mühitdə,
şəraitdə, cəmiyyətdə ziyalılıq oyunu
oynanır, ziyalılıq yalanı söylənir. Mühitdə, şəraitdə, cəmiyyətdə
insansevərlik oyunu oynanır, insansevərlik yalanı söylənir.
Çətin günlərin yurdçusudur Xudu
Məmmədov. Oyunçu, yalançı
yurdçular doğru yurdçulara əyri gözlə
baxırlar.
Oyunçu, yalançı insansevərlər doğru
insansevərlərə əyri gözlə baxırlar. İngilis
Bernal Xudu Məmmədovu vəsf eləmişdi. Xudu Məmmədov Bernalçı olmadı,
yurdçu oldu. Dünya bizə çox
yamanlıq elədi. Amma fitrətimizi yox edə
bilmədi. Xudu Məmmədov
yurdçuluğun, ziyalılığın, insansevərliyin
təsdiqidir".
Professor
İxtiyar Bəxtiyarlının Xudu Məmmədov alimliyi,
şəxsiyyəti haqqında fikirləri maraqlıdır:
"X.Məmmədov kristallokimyəvi məsələlərin
həllində informasiya nəzəriyyəsinin və
Şennon düsturunun tətbiq olunması barədə yeni
ideya irəli sürüb. O, bu ideyanı apardığı tədqiqat
işlərinə tətbiq edərək nəzəri
kristallokimyanın gələcəyi üçün geniş
imkanlar açıb. Eləcə də o, enerji
və quruluş anlayışlarının bir nəzəriyyədə
- kəmiyyət nəzəriyyəsində
uzlaşdığını sübut edib. Bu,
çox çətin məsələdir. Hətta onu atomun nüvə nəzəriyyəsi ilə
müqayisə edənlər də var. X.Məmmədov
kristalların quruluşu ilə onların termokimyəvi xassələri
arasındakı əlaqəni müəyyənləşdirib
kimyəvi birləşmələrin təsviri
üçün yeni parametr "Mürəkkəblik dərəcəsi"
təklif edib. "Mürəkkəblik dərəcəsi"
quruluşla termokimyəvi xassələr və simmetriya ilə
konfuqurasion entrapiya arasındakı əlaqəni əks
etdirir. Bundan başqa o, oxşar
kristalların quruluşunu ortaq motiv axtarışı
baxımından analiz edərək kristallokimya elminə
"quruluş vahidi" anlayışını daxil edib.
Onun əsas mahiyyəti
aydınlaşdırılaraq anlayışa yeni tərif
verilib və qeyri-üzvi maddələrin məqsədli sintezi
məsələsində bu anlayışın aparıcı
ideya olacağı qeyd edilib. Xudu müəllim
görkəmli kristalloqraf olmaqla yanaşı həm də
görkəmli vətəndaş - ziyalı idi. Onun vətəndaşlıq, ziyalılıq
haqqında xüsusi konsepsiyası var. O, tək elmi nəticələrinə
görə xalq məhəbbətini qazanmayıb. Xudu müəllimin iti ağlı və güclü
təfəkkürü vardı. O, elmin çox sahələrində
tədqiqat problemlərinin istiqamətini müəyyən edən
tezislər verib".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 8 may.- S.11.