Şuşanın işğalından 22 il ötür
Qədim Azərbaycan-türk şəhərinin yaranış,
inkişaf və süqut tarixindən
Mayın
8-də Azərbaycanın tarixi
şəhəri Şuşanın
işğalından 22 il ötür. Şuşalı çağlardan ömrü boyu, nəsillikcə o yerlərdə
yaşayan soydaşlarımızın
böyük bir nisgillə danışması
istər-istəməz ürək
parçalayır. Şuşanın, Qarabağın azadlığının
ip ucu isə
görünmür ki,
görünmür. Problem
beynəlxalqlaşıb, çıxılmaz
dalana dirənib.
22 il qabaq
- 1992-ci ildə Şuşaya
3 istiqamətdə hücum
oldu. 155 nəfər
həlak oldu, 167 nəfər isə yaralandı. Bununla da Şuşa
şəhəri və
onun 30 ətraf kəndlərində yaşayan
24165 nəfər Azərbaycan
türkü erməni-daşnak
faşistlərinin etnik
təmizləmə siyasətinin
qurbanlarına çevrildilər.
Şuşa bölgəsi
bu savaşda 193 nəfər şəhid verdi. 17 mayda isə ermənilər iki istiqamətdə Laçın
rayonuna hücum etdilər. Laçın şəhəri və onun 125 kəndi işğala məruz qaldı. Rayonun 71 min əhalisi didərgin düşdü. 328 nəfər şəhid,
36 nəfər girov oldu, 100 nəfər isə itkin düşdü.
Şuşa şəhərinin əsası
1750-ci ildə Qarabağın
ilk xanı Pənah xan tərəfindən qoyulub. Pənah xanın qala
üçün seçdiyi
yer əvvəllər
tamamilə meşə
ilə örtülü
bir sahə olub, üç tərəfdən sıldırım
qayaların əhatəsində
idi. Pənah xan tərəfindən salınan şəhər
əvvəllər "Pənahabad",
sonralar şəhərin
yaxınlığında yerləşən
Şuşakəndin adıyla
Şuşa qalası adlanıb.
Asif Atanın Şuşanın
Qarabağın tarixi taleyində əvəzsizliyi
barədə 1988-ci ildə
yazdığı fikri
maraqlıdır: "Qarabağın
əsl, təbii, tarixi başşəhəri
Şuşadır. Stepanakert - süni,
qondarma, yalançı,
başşəhəridir. Dağlıq
Qarabağ muxtariyyatı
- qondarma, süni, zorakı bir düzəltmədir. Xəlqi birliyi
pozmaq, yağılıq
közünü alışdırmaq,
"Oğru yadına
daş salmaq" niyyətinə xidmət eləyir. Qarabağlılar
Stepanakerti Qarabağın
başşəhəri saymamalıdırlar!
Dağlıq Qarabağ
muxtariyyatını rədd
etməlidirlər! Ya Azərbaycanın
Dağlıq Qarabağ
üzərində səlahiyyəti
formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı formallaşmalıdır. Üçüncü yol yoxdur. Qarabağda erməni muxtariyyatını
formallaşdırmaq gərək,
son nəticədə yox
etmək!"
Mərhum publisist Telman Mehdixanlı yazılarında
təəssüflə bildirirdi
ki, sovet dövründə Şuşamızda
on küçə var
idisə, onun 5-nə erməni adı verilmişdi. Şuşa rayon partiya komitəsinin
ikinci katibi mütləq erməni olmalıydı. Ata-baba yurd yerimizin
adı dəyişdirilmişdi
- Xankəndi yox, Stepanakert kimi tanınmışdı. Respublikamızın
ərazisində cəllad,
türkçülüyün düşməni, minlərlə
soydaşlarımızı qətlə yetirən Şaumyanın adını
daşıyan küçələr,
müəssisələr, hətta
rayonlar mövcud idi... Bütün bunlar bəs
necə rəsmiləşirdi?
Sualın cavabı birmənalıdır: erməni
hiyləsi və bizim unutqanlığımız
sayəsində! 1988-ci il fevralın 22-də
Qarabağ uğrunda
ilk iki şəhid balamız niyə tez-tez xatırlanmır? Axı onlar torpaq, Vətən uğrunda canlarını qurban verənlərdir! Şuşanın sinəsinə dağ
çəkən, şuşalılara
quyu qazdırıb, yüzlərlə şuşalını
diri-diri ora töküb, üstlərini
örtən Mkırtıçyanın
qızı Varsenik Bayrama (ad şərtidir) ərə verilmişdi.
Bayram Şuşanın mərkəzində
böyük bir mağazanın müdiri idi. Varsenik isə çörək
zavodunda işləyirdi.
Şuşamız sonuncu dəfə
işğala məruz
qalan günlərdə
Bayram nə qədər haraylasa da, "arvadı" gizləndiyi zirzəmidən
çıxmayıb. Orada
əyləşib, "ərinin"
illər boyu topladığı var-dövləti,
sərvəti "qoruyub"...
Hə biləydik, hardan duyaydıq ki, başı bəlalar çəkən qədim
Şuşamızın, ermənilərin
törətdiyi neçə-neçə
terrorların şahidi
olmuş şuşalıların
bugünkü övladlarını
nələr gözləyir?
Şuşa sözün həqiqi
mənasında alınmaz
qala idi. Ora yalnız iki səmtdən giriş vardı: Ağa körpüsü və Zarıslı kəndi tərəfdən.
İşğal ərəfəsində oradan ermənilər baş götürüb qaçmışdılar. Qalan üç-beş nəfər
də üzə çıxmır, zirzəmilərdə
gizlənirdilər. Bəs indi
onun içini oyan qüvvələr kimlər, nələr idi? Axı Şuşada barmaqla
sayılası mümkün
olmayan vətənsevər,
igid, ölümündən
qorxmayan oğullar gecə-gündüz oyaq qalırdılar ki, birdən düşmən
qapılarını döyər.
Bəs niyə bu gün göynəyə-göynəyə,
yana-yanan həsrətini
çəkdiyimiz, üzüyün
qaşına bənzətdiyimiz
müqəddəs torpağımız
- qala şəhərimiz
Şuşa düşmən tapdağı
altında zarıyır,
inildəyir, dağılır,
uçulub-sökülür? Sakinləri isə ağızlarının
dadını, süfrələrinin
bərəkətini itiriblər.
Şuşanın yaranışı, inkişafı
üç mərhələdə
baş vermişdi. Birinci, 1753-54-cü illərdə olub. Bu müddətdə əsasən qala divarları və qəsrlər tikilmişdi.
İkinci, İbrahim xanın
hakimiyyəti dövründə
orada yeni məhəllələr salınmaqla
yanaşı, Böyük
Cümə məscidinin
inşası başa çatdırılmışdı. Şəhərin daha sürətlə
və milli arxitekturaya uyğun genişlənməsi 1805-ci ildən
sonraya təsadüf edir. Bu diyar
tarixi abidlərlə zəngin olduğu üçün 1977-ci ildə
qoruq-şəhər statusu
alıb. Şuşa dəniz
səviyyəsindən təxminən
1800 metr hündürlükdə
yerləşir. Orada təkrarsız
coğrafi görünüş
və bənzərsiz
iqlim şəraiti mövcuddur. Havası neçə-neçə
xəstəliyə dərmandır.
Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları xeyli aralıda olsalar da, oradan
aşkar görünür.
Şəhərin ərazisi təxminən
400 hektara yaxındır.
Şəhərdə və kəndlərdə
çeşid-çeşid ipək, pambıq parçalar toxunardı.
Orada çox dəyərli sənətkarlar çalışardı.
Əhalinin suya olan ehtiyacının ödənilməsi
üçün Xan qızı Hatəvan
1873-cü ildə Şuşaya
Sarıbaba dağından
su kəməri çəkdirmişdi. Bütün Zaqafqaziyada
yeraltı kanalizasiya sistemi ilk dəfə Şamaxıdan sonra Şuşada quraşdırılmışdı.
Şəhərdə 17 məhəllə var idi. Əhalisi təxminən 40 min nəfərə
çatırdı. Bu
yurd yerimiz həm də unikal istirahət guşələri ilə tanınmışdı. Turşsuyun, Səkili
bulağının, İsa
bulağının, Fındıqlı
gölünün sorağı
çox yerə yayılmışdı. Şuşa həm
də musiqi konservatoriyası kimi ad açmışdı. Ta qədimdən son vaxtlara qədər burada fəaliyyət göstərən
100 nəfərə qədər
bənzərsiz ifaçılarımızın
adları milli tariximizə yazılıb.
Onlardan Sadıqcanın,
Hacı Hüsünün,
Cabbar Qaryağdıoğlunun,
Seyid Şuşinskinin,
Xan əminin, Bülbülün, Zülfü
Adıgözəlovun adları
daha populyar olub. Sakinlər boş vaxtlarını
"Bazarbaşı" deyilən
yerdə - Mədəniyyət
evi ilə Xan qızı Hatəvanın imarəti arasındakı bulvar kimi tanınan ünvanda keçirərdilər.
Vaxt-bivaxt oradan çal-çağır
səsi kəsilməzdi.
Şuşada bitən
gül, ot,
çiçək, taxıl
və ərzaq məhsulları da başqa ərazimizdə bitən məhsullardan fərqli və dadlı olardı. Buna görə də Şuşa xörəklərinin
özünəməxsus şirin
tamı, xoş ətri vardı. İnsanları həddən artıq
gülərüz, qəlbləri
açıq, qonaqpərvər
idilər. Çox təəssüf
ki, 1988-ci ildən başlayaraq adamlardakı bu müsbət keyfiyyətlər də tədricən ərşə
çəkilirdi. Lev Hikolayeviç
Qumilyov özünün
azərbaycanlı yetirmələrinə
belə bir məsləhət görmüşdü:
"Öz xalqınızı
tərifləməyə çalışmayın,
o, onsuz da böyükdür, bir şey ki, gözəldir,
onun tərifə ehtiyacı yoxdur". Mən də Şuşanı və şuşalıları
tərifləməyə ehtiyac
duymuram. Çünki o diyar və orada
yaşayan azərbaycanlılar
gözəldir və hünərli, qorxubilməz
igidlərdir. Elə olurdu
ki, həmin qoçaqlar günlərlə
isti xörək, doyunca yuxu üzünə
həsrət qalırdılar.
Ancaq sınmırdılar, əyilmirdilər,
fəxr edirdilər ki, alınmaz qalanın keşiyini namusla, vicdanla çəkirlər.
Yerli sakinlərin hünərli,
qorxubilməz ümimiləşmiş
obrazlarının simvolu,
ölümündən sonra
haqlı olaraq Azərbaycanın Milli Qəhrəmanı fəxri
adına layiq görülmüş
Ramiz Qənbərin müqəddəs ruhunu yad etməyi özümə borc bilirəm. Döyüşkənliyi, cəsarəti, düşmənə
nifrəti başına
bəla açdı.
Dedilər, onu da arxadan vurublar. Ramizin timsalında 72 nəfər
şəhid olanları,
25 nəfər itkin düşənləri də
ehtiramla yad edirik. 1992-ci il mayın 8-də Şuşamız son azadlıq
gününü yaşadı.
Görənlər danışırlar ki, elə o vaxtdan da onun
başının üstündən
çiskin, qar, duman əskik olmur. Yalnız bircə təskinliyi var: yaranışı boyu çox amansızlıqlar görsə
də, yenə Azərbaycanın tərkibində
qalıb, Azərbaycan
Türklərinin sevimli
şəhəri, yurd
yeri olub, yenə olacaq".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 8 may.- S.14.