“Mətbu
sistemi geniş olan millətin fikri də işıqlı olur”
M.Ə.Rəsulzadə mətbuatı millətin
çırağı hesab edirdi
Mətbuat tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin özəl yeri var. Bütün yaradıcılıq boyu müxtəlif mətbu orqanlarda, sosial və siyasi mövzularda yazılar yazmış görkəmli jurnalist daim elm, maarif və insan özgürlüyünü müdafiə etmişdi. Mətbuatda azad sözü və azad mətbuatı demokratiyanın qarantı kimi görən Məmməd Əmin bəy yaşadığı bütün ölkələrdə də məhz bu məsələni qabartmışdı. Ümumiyyətlə, Rəsulzadə mətbuatı millətin çırağı hesab edirdi. "Mətbuat azadlığı" məqaləsində yazırdı: "Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək. Nə qədər ki, həyat şəraiti, yaşayış tərzi sadə, qeyri-müstəqim idi, yazı da xüsusi və şəxsi səciyyə daşıyırdı. Amma yavaş-yavaş ictimai məsələlər genişləndikcə xəbərlər və yazılar xüsusilikdən çıxdı, ümumi məlumata və ümumi mənafeyə xidmət etdi.
Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci - yazmaq, ikinci - ümumi mənafe, üçüncü - yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır. Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar ki, mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o, mətbuat hesab oluna bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həmin xüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri, mətbuat azadlığı nədir və ona nə lazımdır?"
Məmməd Əmin məqalədə mətbuatın
vəzifələrindən yazır və yerli mətbuatı
Avropa mətbuatı ilə müqayisə edərək problemləri
göstərir: "Təzə informasiya vermək,
tərbiyə etmək, maarifləndirmək yeni mətbuatın
vəzifələrindəndir, o, bu vəzifəni tədriclə,
təbii surətdə yerinə yetirir, qalın qaranlıq pərdələri
qaldırıb onlarm arxasındakı zülm, sitəm və təzyiqlərin
kökünü kəsməyə
çalışır. Mətbuat elmi, siyasi və bəşəri
informasiyanı çoxaldır, bu isə insanların zehninin
işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan
millətin zehni, fikri də işıqlı olur. İnkişaf
etmiş millət o millətdir ki, onun mətbuatı
azaddır, ciddidir, başqalarına nisbətən çoxuna
müyəssər olandır. Bilik və
informasiyanın əsas qaynağı həyatdır. Bilik və məlumatsız həyat, əsl həyat
deyil, cansızdır, ölüdür.
Mətbuat bir müəllim vəzifəsini yerinə
yetirir. O,
xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan
kənara çıxmamalıdır, kənara çıxsa,
öz mənafe və məqsədinə xidmət edə bilməz.
Aşağı səviyyəli yazı,
söyüş, abırı aparan yazı, fitnə-fəsad
törədən yazılar - bax bu üç əxlaqdan kənar
çıxışlar mətbuatı hörmətdən
salar, əxlaqdan məhrum edər.
Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar
- aşağı səviyyəlilər sırasına daxildir. Bu qəbildən
olan mətbuata əxlaqca geri qalmış, tərbiyə
görməmiş cəmiyyət üzvləri arasında, mədəni
münasibətin nə olduğunu anlamayan yenicə
ayılmış millət və yenicə ayaq tutmuş
ölkələrdə təsadüf edilir. Ümumi tərəqqi genişləndikcə bu
cür ədəbsiz yazılar da mətbuat səhifələrində
azalır. İnkişaf və tərəqqinin
məntiqi də bunu tələb edir. Digər
tərəfdən mədəniyyət yüksəldikcə, əxlaq
normaları da bərqərar olur, xalq aşağı səviyyəli
yazılara dözmür. İrandakı vəziyyət
bu baxımdan ən yaxşı nümunədir. Bu
günkü mətbuatla nöçə il
əvvəlki İran mətbuatı arasında nə qədər
böyük fərq olduğu göz
qarşısındadır. Bu fərqi görmək
üçün indi bizim təzə mətbuatın qələm
mübahisələri ilə başqa mədəni ölkələrin
mətbuatını müqayisə edin. Əlbəttə,
bir afrikalı bizim qəzetləri oxusa ləzzət alacaq, amma
onu bir fransız nəzərdən keçirsə heyrətə
düşəcək. Əgər
aşağı səviyyəli yazılar, ümumiyyətlə,
geridə qalmış ölkələrin mətbuatı
payına düşürsə, abır-həyadan kənar və
şəhvətpərəst yazılar da mədəni ölkələrdəki
mətbuata məxsusdur. Bizim məqsədimiz
o yazıları tənqid etməkdir ki, insanlarda şəhvətpərəstlik
oyatmaq, ya pis məqsədlər üçün nəşr
olunur. Rusiyada onlar "qara ədəbiyyat"
adlanır, yəni onların alıcıları cahil, pis, əxlaqsız
adamlar hesab edilirlər. Belə yazılara
bəzən hekayələr, romanlar və bu səpgidən
olan digər kitablar da daxildir. Bunların məzmunu
şəhvətpərəstlik və
eşqbazlığın təsvirindən ibarətdir. Onları yazmaqdan məqsəd müxtəlif macəraları
oxucunun yadına salıb onda şəhvətpərəstlik
hissləri oyatmaqdır. Bu cür kitablar
asan və sadə dildə yazılır, ucuz olur, mədəni
hesab olunan ölkələrin əksərində, xüsusilə
Fransada çox yayılmışdır. Bizim
ədəbiyyat içində Şeyx Sədinin qəzəlləri
böyük ədibin əxlaqının nə səviyyədə
olduğunu göstərir, Übeyd Zakaninin divanı da bu qəbildəndir.
Übeyd Zakani keçmişdə İstanbulda
çap olunmuşdu, amma burda hökumətin qorxusundan
yayıla bilmədi. Həmin kitab vaxtilə
Tehranda İstanbul nəşri adı ilə buraxıldı,
bir çox nüsxəsi yuxarıda göstərilən
aşağı təbəqə arasında yayıldı.
Bu növ ədəbiyyatdan ibarət olan bir
sıra kiçik kitabçalar dəxi milli mətbuat və ədəbiyyatımızı
ləkələyir.
Bu cür yazılar aşağı səviyyəli
adamların, varlı və yuxarı təbəqənin əxlaqsız
məişətindən doğur. Eyni zamanda yoxsulluqdan, dəhşətli
ehtiyacdan və daha yaxşı yaşamaq arzusundan irəli gəlir.
Bu bir ədəbiyyatdır ki, həm yüksək
səviyyəli varlılar, həm də aşağı səviyyəli
cahillər arasında yayılır. Belə
əsərlər əxlaqsız varlı ailələrində
uşaqlara zövq verən, mövhumi inam və məmnunluq yaradan
halva kimi görünür. İnkişaf etmiş ölkələrdə
meydana gələn varlılar yoxsulların iş və əməyi
hesabına harınlaşmışlar. Yoxsullar
isə təhsildən kənarda qalır, öz zəkalarının
qüdrətindən istifadə edib, elm yolu ilə öz məişətlərini
təmin edə bilərdirlər. Diqqət
edilərsə, onların əxlaqının aşağı
səviyyədə olmasının da buradan doğduğu
aydınlaşar.
Nəhayət, bu cür nəşrlərin zərərli
və təhlükəli əxlaqi təsirinin də çox
olduğunu söyləyə bilərik.
Pozğun qələmə alınan yazı, əsərlər
həm əxlaqa, həm də tərbiyəyə böyük
zərər yetirir. Öz xeyirləri üçün
cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq
və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır,
nəşrdir. Bu cür ədəbiyyat
ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur,
onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün
çıxır, sakit olub susması da puldan
asılıdır. Onu Avropada "zəkai
söyüş" adlandırırlar. Həqiqətən
də belədir. Əxlaqsız qadınla
belə mətbuatın nə fərqi var? Hər
ikisi bir cərgədəndir. Onlar həya
və abırlarını yelə verirlər,
vücudlarını nəcis qiymətinə satırlar.
Əxlaqsız qadın öz vücudunu hərraca qoyur, kim çox pul versə onunla gedir. Pozğun jurnalist də özünü hərraca
qoyur, qələminin və vicdanının ixtiyarını
"səxavəti" çox olanların ixtiyarına verir.
Ziyanlı
mətbuat və pozğun yazı da cəmiyyətə
çox əziyyət verən zəhərdir, bəladır,
beynəlxalq miqyasda kapitalizm meydana gələndən, zəhmətkeş
fəhlə sinfi öz hüquqları uğrunda mübarizəyə
qalxandan sonra bu cür nəşrlər geniş intişar tapdı. Elmi həqiqətləri
danmaq, tənqidi yazıların qarşısını almaq,
ümumin irəliləməsinə və zəhmətkeşlərin
beynəlxalq əlaqələrinə mane olmaq
üçün yuxarıda söhbət gedən mətbuat
varlıların əlində alət olubdur.
Qanunvericilik məclisinə seçkilər zamanı
pozğun mətbuat siyasətə qoşulur. İqtidarın
cəmaətin, ümumin əlinə keçməsindən
qorxuya düşərək ona maneə olmağa
çalışır. Külli miqdarda pul
xərcləməklə mətbuat vasitəsilə hər
şəkil və formada olursa-olsun xalq arasına
iğtişaş salıb hamını bir-birinə vurmağa
başlayır. Xalqın fikrini döndərmək
istəyir".
Məmməd
Əmin Rəsulzadə hələ XX əsrin əvvəlində
mətbuatın dördüncü yerdə durduğunu qeyd
edirdi: "Mətbuat mühüm milli qüvvələrdən
biridir O, milli iqtidarda dördüncü yerdə durur. Yəni
iqtidarın yç qüvvəsi: birinci- qanunverici, ikinci-
icraedici, üçüncü - hüquq orqanları. Bundan sonra mətbuat gəlir. Millət mətbuat
vasitəsilə məlumatlanır, camaat onun səhifələrində
elmi, ədəbi və siyasi xəbərlərlə tanış olur. Mətbuatı
hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının
məhsulunu öz səhifələrində dərc edir. Mətbuat dövrünün mədəniyyət
carçısıdır, siyasət üzərində nəzarətçi
(olan) kütləvi təbliğat vasitəsidir, ictimai fikri
formalaşdırandır. Bu mövqedə
mətbuat mühüm qüdrət və qüvvət kəsb
edir. Ona dünyadakı dördüncü
hakimiyyət ünvanı nahaq yerə verilməyibdir.
Hökuməti
nalayiq işlərdən çəkindirən, onun fəaliyyətini
bir an belə gözdən qoymayan, ciddi əsasla
tənqidə rəvac verən, nöqsanları açıb
göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin
qarşısına dəmir sədd çəkən də mətbuatdər.
Mətbuat elmi, siyasi və bəşəri
informasiyanı çoxaldır, bu isə insanların zehninin
işıqlanmasına səbəb olur. Mətbu
sistemi geniş olan millətin zehni, fikri də
işıqlı olur".
Mətbuatın ölkə həyatında
oynadığı rolu kimsə Məmməd Əmin Rəsulzadə
qədər geniş izahını verməyib. "Mətbuat
azadlığı"
məqaləsi müasir dövr üçün çox aktualdır,
çünki milli mətbuat yenə də məqalədə
sadalanan problemləri yaşayır.
Ömrü boyu milləti savad almağa, elm öyrənməyə
səsləyən ziyalı mətbuatdakı
çıxışlarının bir çoxunu bu mövzuya
həsr etmişdi. "Himmət və qeyrət vaxtıdır"
adlı məqaləsində də savadsızlıq və
cahillik ilə mübarizənin məhsulu idi: "İlahi,
havaxtacan bizlər gecə-gündüz fikrə qərq olacaq,
millətimizın dərdini və dalda qalmağını
özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə
maneə vardır?
Bəli, vardır! Nə şeydi bizə mane olub? Himmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam - deyib, oturub baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür etməli nəyi vardır? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək? Qardaşlar! gəlin, hamımız birdən himmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqəraya əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun".
Ülviyyə
Tahirqızı
Xalq cəbhəsi.-2014.-
9 may.- S.15.