Faşizm üzərində qələbənin 69-cu ili

 

Azərbaycan müharibədə 400 min nəfərdən çox itki verib

 

Qarabağın işğalı bu gün də dünyada faşizmin yeni biçimdə yaşadığını göstərir

 

II Cahan savaşı "insanlığın inkişaf etdiyi" XX yüzildə baş verdi. Bununla da əslində insanlığın hələ ömürlərə hakim kəsilmədiyi bir daha aydın oldu. Bu, bəşər tarixinin acı-ağrılı, qanlı-qadalı günlərinin yeni mərhələsi idi. Ancaq bəşərin fəlakətləri bundan sonra da azalmadı, əksinə, daha da artdı. Azərbaycan SSRİ-nin tərkibində Almaniyaya qarşı döyüşürdü. Almaniya bu savaşda məğlub oldu: bu gün tarixçilər deyirlər ki, Hitler Moskvanı "ildırım sürətli müharibə planı" ilə tutsaydı belə, SSRİ-ni çökdürə bilməyəcəkdi. Çünki SSRİ-nin ərazisi olduqca böyük, insan potensialı Almaniyanın əsarətinə düşən ölkələrin əhalisindən də çox idi. Əgər ölkənin ərazisi, üstəgəl də əhalisi çoxdursa, deməli, bu, güclü ordu, iqtisadi imkan, son nəticədə isə qələbə deməkdir. Bütün hallarda bu, tarixdir.

Alman faşizmi üzərində qələbənin qazanılmasında Azərbaycanın müstəsna rolu olub. Müharibələr bəşərin insansızlığından yaranır. İnsanın daxilindəki ağalıq duyğusu onu daim başqası üzərində hökmranlığa sürükləyir. Xalqların, dövlətlərin timsalında müharibələrin yaratdığı acı fəsadlar isə daha faciəvi gerçəkliklərdir. İkinci Cahan savaşında o dövrün iki azman imperiyaçı dövləti - Almaniya və SSRİ biri-birilə vuruşurdular, parçalanmış, paralanmış Azərbaycan da bunların arasında qalmışdı: Azərbaycan SSRİ-nin tərkibində Almaniyaya qarşı vuruşurdu.

Tarixçi-alim Əzizağa Ələkbərov Azərbaycanın SSRİ imperiyasının tərkibində alman faşizminə qarşı mübarizədə fəal iştirakını, ümumən bu dövrü araşdırıb. O, bildirir ki, müharibə Azərbaycandan kənarda getsə də, bizim üçün də acı-ağrılı oldu. 700 mindən çox azərbaycanlı müharibəyə səfərbər olunmuşdu. Bundan 400 mindən çoxu müharibədən qayıtmamışdı. O zaman xaricə müharicət edənlərin əsas qənaəti bu idi ki, faşizm bu müharibədə qalib gələrsə, Azərbaycan təzədən müstəqilliyini qazana bilər.

Ancaq Hitlerin qəsbkarlıq planında Azərbaycan, xüsusən də Bakı nefti xüsusi yer tuturdu. Ümumən ötən yüzilin əvvəllərindən Bakı neftinə dünyanın iri dövlətləri böyük maraqla yanaşmışdılar. SSRİ-nin neft sənayesi naziri Baybakov demişdi ki, faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdi.

Heft başlıca amil idi, bu səbəbdən Hitler Bakıya can atırdı. Almaniya Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi.

Müharibə vaxtı Azərbaycan əsgərləri 402-ci, 223-cü, 416-cı, 271-ci və 77-ci diviziyalarla sözün həqiqi mənasında böyük hünər, rəşadət göstərmişdi. Bunlar milli diviziyalar kimi müharibənin sonuna kimi xalqımızın döyüşkənliyinin ifadəsinə çevrildi: "Bakıda 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradılmışdı. Bu diviziyalarda 21259 nəfər döyüşçü vardı. Bunlar tam hazır vəziyyətdə idilər, Hitlerin Qafqaza, Bakıya hücum planı gerçəkləşərsə, tamamilə səfərbər vəziyyətdə idilər. O zaman Bakının 18 rayonunda 61780 nəfəri birləşdirən 20 rota təşkil olunmuşdu. Bunlar Qafqaz cəbhəsindəki təhlükə ilə birbaşa bağlı idi. 1941-45-ci illərdə Azərbaycanda ümumi icbari hərbi təlim xətti ilə 51254 döyüşçü hazırlanmışdı. 291421 çağırışçı 9 növ hərbi peşəyə (avtomatçı, pulemyotçu, minomyotçu, snayper, tank əlyehinə döyüşçü) yiyələnmişdi. Bakı möhkəmləndirilmiş şəhərə çevrilmişdi. Şəhərə tanklarını girə bilməməsi üçün 16841 maneə yaradılmışdı. 97 kilometr uzunluğunda dərin xəndəklər qazılmışdı. Bu və başqa çətin işləri birbaşa əhali özü görürdü. On minlərlə kişi və qadın bu kimi işlərdə iştirak etmişdi.

Bakı həm də xəstəxana rolunu oynayırdı. Bu gün xeyli köhnə binanın qarşısına vurulmuş "Burada təxliyyə qospitalı yerləşdirilib" sözlərinə rast gəlmək olar. 76 qospitalda 470 mindən çox əsgər və zabit müalicə olunmuş, 80 faizi sağalaraq birbaşa cəbhəyə getmişdi. 1941-1943-cü illərdə 10 min donor 28 min litrdən çox qan vermişdi. Habelə şəhərdə bu dövrdə 130 növ müxtəlif silah, hərbi sursat ("Katyuşa" raketi, pulemyot, qırıcı təyyarə hissələrinin yığılması və s.) istehsal olunurdu: "Əgər müharibə dövründə SSRİ üzrə 110 milyon ton neft istehsal olunmuşdusa, bunun 75 milyon tonu (75 faiz) Azərbaycanın payına düşürdü. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə 100 növ neft-kimya məhsulları, o cümlədən, 38 növ sürtkü yağı, 9 növ aviasiya benzini, 8 növ dizel yanacağı və s.-in istehsalı təşkil edilmişdi. Təkcə 1941-ci ildə Azərbaycan neftçiləri 23,5 milyon ton neft hasil etmişdilər. Azərbaycanda o vaxta kimi belə bir göstərici olmamışdı. Müharibə dövründə Azərbaycanda 22 mln. ton benzin (85 faiz) və neft məhsulları istehsal olunmuşdu. Müharibədə Azərbaycandan 11 mindən çox qadın (şəfqət bacısı, döyüşçü və b.) iştirak etmişdi. Müharibənin ilk 2 ilində azərbaycanlılar müdafiə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Tank və təyyarə dəstələri yaradılması fonduna isə Azərbaycandan 230 milyon manatlıq pul köçürülmüşdü. Cəbhəyə 1,6 milyon hədiyyə bağlaması, 125 vaqon isti paltar göndərilmişdi. Azərbaycanın kənd təsərrüfatı cəbhəyə əlindən gələn köməyi etmişdi. "Cəbhəyə və ölkəyə daha çox çörək, ət və sənaye üçün xammal verək!" şüarı o zaman məşhur idi.

1941-ci il dekabrın 1-dək Azərbaycan kolxozçuları müdafiə fonduna 2850 baş iribuynuzlu və 23 mindən çox xırdabuynuzlu heyvan, 36140 litr süd, 20439 kq yağ, on minlərlə yumurta, tonlarla taxıl, göyərti, kartof, və başqa məhsullar vermişdilər: "Soydaşlarımız son tikələrinə qədər boğazlarından kəsib cəbhəyə göndərirdilər. Azad olunmuş rayonlara tonlarla taxıl, yüzlərlə kotan və s. göndərilmişdi, özləri də quruculuq işlərində iştirak etmişdilər. Ancaq bütün bu fədakarlıqların əvəzi olaraq Moskva tərəfindən xalqımızın buradan Sibirə köçürülməsi qərara alınmışdı. Bununla bağlı rəsmi qərar verilmişdi. 1942-ci ildə belə bir qərar olub. Xalqımızın "etibarsız olması" təssəvvürü vardı. Bakı Moskvaya əsaslandırdı ki, Azərbaycan cəbhə üçün təsəvvürə gəlməz ölçüdə pambıq, neft istehsal edir, bura köçürüləcək adamlar istənilən səviyyədə nefti çıxaracaqmı, pambığı əkə biləcəkmi? Moskva bu haqda düşünməyə məcbur olmuşdu, şübhəsiz, həm də ilk növbədə cəbhədə döyüşən azərbaycanlıların əhvalına köçürmənin mənfi təsir edə bilməsi gerçəkliyi də nəzərə alınmışdı".

Döyüş rəşadətinə görə 121 nəfər Azərbaycandan Sovet İttifaqı Qəhrəmanı kimi fəxri ada layiq görülmüşdü ki, bunların 45 nəfəri Azərbaycan türkü idi. 176 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunmuşdu. Hərbi tarixçilərin və mütəxəsisslərin fikrincə, müharibədə qələbə son nəticə etibarilə təkcə ön cəbhədəki uğurlu döyüş əməliyyatları ilə deyil, onların həyata keçirilməsini şərtləndirən ölkənin iqtisadi resursları, təsərrüfat sahələrinin qarşılıqlı əlaqələrinin təşkili, cəbhənin müxtəlif təyinatlı tələbatlarının vaxtında təmin edilməsi, döyüşkən ruh, sərt nizam-intizam kimi kompleks amillərlə bağlıdır. Müharibə dövrünün qanunu - hər şeyin və bütün imkanların cəbhənin tələblərinə tabe edilərək, düşmən üzərində qələbənin təmin olunmasına yönəldilməsindədir.

Professor Qüdrət Əbdülsəlimzadə bildirir ki, müharibənin ilk günlərindən başlayaraq hərbi dövrün qayda-qanunları əsasında qurulan və böyük bir ölkənin vahid təsərrüfat kompleksinin tərkib hissəsi sayılan Azərbaycan, ön və arxa cəbhənin çox mühüm arsenallarından biri olmuşdu. Ölkənin əsas neft-yanacaq bazası sayılan Bakı o dövrdə çıxarılan neft hasilatının 75-80 faizini, təyyarə benzinin 90 faizini, bəzi yanacaq növləri və xüsusi təyinatlı sürtkü yağlarının isə 100 faizə yaxınını vermişdi. Həmin illərdə Bakı rayonunda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin emal olunmuş, yüz min tonlarla sürtkü yağları istehsal olunub cəbhəyə yola salınıb. O çətin illərdə təsərrüfat həyatı hərbi qaydada qurulmuş Azərbaycan neft, yanacaq, benzin, sürtkü yağları ilə yanaşı, 130 növ silah, döyüş sursatı, hərbi ləvazimat istehsalını qaydaya salmış, 30 adda yüngül sənaye, 50 adda yeyinti sənaye, 200 adda müxtəlif yerli sənaye, habelə sənət kooperasiya məhsulları ilə cəbhənin ehtiyaclarını ödəyib. Eyni zamanda respublikanın kənd əməkçiləri, nəqliyyat-rabitə, digər xidmət dairəsinin işçiləri, respublika ərazisində təşkil olunmuş hərbi xəstəxanaların həkim tibb heyəti, elm, mədəniyyət, incəsənət adamları öz fədakar xidmətləri ilə seçilib, düşmən üzərində tarixi qələbənin qazanılmasına töhvələrini veriblər.

66 illik bir zaman hüdudundan o dövrdə orduya çağırılmış 700 min nəfərə qədər həmyerliyimizin taleyi, döyüş meydanlarında həlak olmuş 300 min nəfər oğul-qızımızın nakam ruhları, arxa cəbhədəki insanların qələbəni yaxınlaşdırmaq naminə gecəli-gündüzlü zəhmət-qeyrət səyləri ana-babalarımızın, yaşlı nəslin, yeniyetmələrin cəbhədə vuruşanları dəzgahlar arxasında, tarlalarda, neft mədənlərində dəyanətlə əvəz etmələri, qız-gəlinlərimizin nişan üzüklərini, sırğalarını, qızıl bəzək əşyalarını könüllü surətdə Müdafiə Fonduna verməsi, cəbhədəki əzizlərimizin bir daha geri qayıtmayacaqlarını bildirən "qara kağızların" axıtdığı göz yaşları, yetim qalmış uşaqların ürək ağrıdan miskin baxışları, dul qadınların məşəqqətli həyat-dolanacaq tərzi, millətimizin aşkar-gizli niskilləri, şübhəsiz, taleyimizin pozulmaz naxışlarıdır".

Bu gün dünya Qarabağ savaşında haqsız olaraq Ermənistanın işğalçı siyasətini bu və ya başqa biçimdə dəstəkləməkdədir.

Qarabağın işğalı bu gün dünyada faşizmin yeni biçimdə yaşadığını göstərir. Zaman-zaman Bütöv Azərbaycan olmadığı dərəcədə bir millət olaraq döyüşkənlik ruhumuzun ifadəsi olan işlərimiz ayrı-ayrı millətlərin adına, ayağına az yazılmayıb. Necə ki, II Dünya Savaşında canından keçən minlərlə soydaşımızın qəhrəmanlığı sovet ordusunun adına yazıldı...

 

Uğur

Xalq cəbhəsi.-2014.- 9 may.- S.14.