Kənd turizmi

 

Şəhərda yaşayan insan üçün kənd evi 5 ulduzlu oteldən daha maraqlıdır

 

Yay özünü hiss etdirdikcə istirahət planlarının qurulması daha da aktuallaşır. Bir çox ölkələrdə artıq mövsüm turizmi fəaliyyətə başlayır. Əksər mütəxəssislər belə hesab edirlər ki, turizm növləri arasında ən böyük imkanlar kənd turizmindədir və bu istiqamətdə daha çox tədbirlər həyata keçirilməlidir. Şəhərda yaşayan insan üçün kənd evi 5 ulduzlu oteldən daha maraqlıdır. Kənd turizmi - böyük şəhərlərdə yaşayan insanların kənd yerlərinə etdikləri müvəqqəti səfərlərdir. Böyük şəhərlərdəki yorucu və gərgin mühitdən uzaqlaşmaq istəyənlər əksər hallarda kəndlərdə məskunlaşmaq, bir müddət burada yaşamaq istəyirlər. Kənd turizminə üstünlük verənlərin səfəri, adətən daha uzunmüddətli olur. Bir çox hallarda belə səfərlər bütöv bir mövsümü əhatə edir. Bu da kənd turizminin əsas üstünlüklərindən hesab olunur. Turizmin bu növünə əsasən ailələr üstünlük verirlər. Etiraf etmək lazımdır ki, şəhərlərdə yaşayış şəraiti sürətlə dəyişməkdədir. Şəhər evləri ilə otellər bir-birinə çox bənzədiyindən şəhərdə yaşayan insanlar səfərə çıxdıqları zaman fərqli mühitdə yaşamaq istəyirlər.

Yeri gəlmişkən, Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə turizm gəlirinin 2 trilyon dollar olacağını, bunun da 20 faizə qədərinin kənd turizminin payına düşəcəyini proqnozlaşdırır. Böyük sənaye şəhərindən və ya xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyük olur. Dünya praktikasında ev sahibi öz evində turistləri qəbul etdiyi halda, bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla qısa müddət ərzində bura qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsidir.

Turizm biznesi üzrə mütəxəssis Qəhrəman Yusufovun dediyinə görə, turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər. Ancaq müşahidələr göstərir ki, bizim kənd evlərində əksər hallarda bu cür şərait olmur. İstənilən sayda yorğan-döşəyə malik olan ailənin nə normal vəziyyətdə mətbəxi, nə hamamı, nə də yataq otağı olur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin mütəxəssis deyir ki, bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək üçün qısamüddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər.

Yusufov deyir ki, dövlət tərəfindən məqsədli kiçik kreditlər kənd yerlərində qonaq evlərinin təşkilində, eyni zamanda kəndlərin infrastrukturunun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Çünki kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir: "Müasir insanlar otellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişətlə və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar".

Ekspertin fikrincə, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maariflənməsi önəmlidir. Bu baxımdan Avropa təcrübəsindən yararlanmaq məsləhətdir: "Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər təklif etmək, turistlərin sakit istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlər önəmlidir".

Yoxsulluğun aradan qaldırılmasında, kənd icmalarında mütəşəkkilliyin artmasında və onların işgüzar fəaliyyətinin canlandırılmasında maarifləndirici layihələrin həyata keçirilməsi əhəmiyyətlidir. Lənkəran, Astara, Masallı, Yardımlı, habelə Qəbələ və Göygöl rayonlarında 2006-2008-ci illərdə fərdi surətdə turizmə və turistlərə olan münasibət sorğusu keçirilmişdi. Həticə göstərmişdi ki, kənd əhalisi turistlərin evlərində qalmasına heç bir etirazları yoxdur. Mütəxəssislər deyir ki, turistləri kənd evlərində kortəbii yerləşdirmək düzgün deyil. Belə ki, ev sahibləri və onların ailə üzvləri turistlərə müvafiq xidmətlərin göstərilməsinə hazır olmalıdırlar. Bunun üçün isə kənd sakinlərinə elementar turizm təhsilinin keçilməsinə, daha doğrusu, maarifləndirilməsinə böyük ehtiyac var. Turistlərin qəbulu, onların evlərdə yerləşdirilməsi, yataq dəstləri ilə təminatı, qida ilə təmin edilməsi, eyni zamanda, ətraf ərazi, yerli adət-ənənələr barədə məlumatların düzgün çatdırılması, onlara əlavə xidmətlərin (nəqliyyat, bələdçilik, tərcüməçilik, ovçuluqs.) göstərilməsi, həyətyanı təsərrüfatda sərbəst hərəkət etmələrinə şərait yaradılması, fiziki və əmlak təhlükəsizliyinin təmin edilməsi qaydaları barədə təlimlər keçilməlidir.

Kənd yaşıl turizminin Azərbaycanda inkişafının qarşısında duran əsas maneələrdən birisanitariya qovşaqlarının yararsız vəziyyətdə olmasıdır. Turist qəbul etmək istəyən evlərdə sanitariya qovşaqları və mətbəxlərin müvafiq səviyyədə təmir olunması üçün kiçik kreditlərin verilməsi əsas yer tutur. Bu cür kreditlər 3-5 il müddətinə verilə bilər. Turistləri qəbul etmək arzusunda olan evlərə kredit ayrıldığı halda qısa müddət ərzində təmir-bərpa işlərini yerinə yetirmək olar. Paralel olaraq kənd əhalisi arasında kənd yaşıl turizmi barədə maarifləndirmə işlərinin aparılması, turizm marşrutlarının hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Mütəxəssislər bildirir ki, bir çox kəndlərdə evlərin su, işıq və digər kommunal təchizatları da istənilən səviyyədə deyil. Bundan başqa, yolların rahat olması da əsas şərtlərdəndir. Ən ciddi problemlərdən biri isə yerli əhalinin turistlərə olan münasibətidir. Bəzi hallarda ev sahibləri həddən artıq qonaqpərvərlik göstərirlər ki, nəticədə turistlər özlərini sərbəst hiss etmirlər. Bu sahədə yerli əhaliyə daha çox maarifləndirici məlumatlar verilməlidir. Eyni zamanda kənd turizminin inkişafı üçün əhaliyə kiçikhəcmli kreditlərin ayrılması olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, ölkədəki 4253 kənd yaşayış məntəqəsinin böyük əksəriyyəti yaşıllıqlar qoynundaya dağlıq ərazilərdə yerləşir. Bu baxımdan mütəxəssislər Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün ciddi potensialın olduğunu deyirlər. Son illər turizmin bu növü Azərbaycanın Quba-Xaçmaz, Şəki-Zaqatala, Lerik-Masallı və Daşkəsən bölgələrində daha geniş yayılıb. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir ki, hər mövsümdə ölkədə minlərlə belə ev turistlərə qapısını açır. Onun fikrincə, bu işdə sistemli yanaşma çatmır: "Bunu sistemləşdirmək bu mənada lazımdır ki, müəyyən standartlar olsun. Bəlli təhlükəsizlik, təmizlik standartları olsun ki, gələn turistlər kənd evlərində qalarkən, sağlamlıqlarına hər hansı qorxu yaranmasın. Bu mənada sistemlilik olmalıdır. Belə turizmin ulduzlu otellərdə qalıb-qidalanmaqdan fərqi də məhz turizm xidmətinin gerçək kənd həyatına uyğunlaşdırılmasıdır".

Azərbaycan Turizm İnstitutunun tədqiqat-inkişaf mərkəzi kənd turizminə dair araşdırma aparıb. Eldar Aslanov deyir ki, turizmin bu qolunun inkişafı üçün hələ çox görülməlidir: "Gələn turistlərə təqdim edilən xidmətlər haqqında dolğun məlumat olmalıdır. Banklar ev sahiblərinə mikrokreditlər verə bilər, özəlliklə sanitariya qovşağının - hamam və tualetlərin təkmilləşdirilməsi üçün. Daha müasirdaha təmiz olsunlar deyə. Kəndlilərə faizsiz mikrokreditlər verilə bilər. Bundan ötrü böyük potensial var. Özəlliklə sovet dövründə adamlar böyük və çoxotaqlı evlər tikiblər. Adətən, bu otaqların bir hissəsi boş qalır".

İstirahət üçün kənd evlərini seçənlər yazdan axtarışa başlayırlar. Axı yay vaxtı kirayə veriləcək evlər dolu olur.

Qiymətlərə gəlincə, bu cür evlərin günlük kirayə qiyməti 10-25 manatdan başlayır.

Yay çağı dincəlmək üçün üz tutulan bölgələrdən biri də Şəki-Zaqatala bölgəsidir. Şəkidə kənd turizmi ilə məşğul olan Fərhad Əzizov deyir ki, kirayə verilən evlər, əsasən, Şəkinin özündədir. Şəki və Zaqatalanın kəndlərində belə evlərin sayı çox deyil. Bir adam üçün minimum şəraitli evin qiyməti gündəlik 12 manatdır. Səhər yeməyi də verilir - kənd yumurtası, nehrə yağı, dağ balı. Fərhad Əzizov kəndlərdə şəraitli evlərini az olduğunu bildirir: "Çox adamın evində lazımı şərait yoxdur. Heç bunu etməyə imkanı da yoxdur. Elə kəndlər var ki, qaz, su yoxdur. Təklif etmişdik ki, aşağı faizli kreditlər verilsin. Qrantlar ayrılsa, lap yaxşı olar. Şəkinin özündəki evlərdə təminat var. Kəndlərdə belə deyil".

Fərhad Əzizovun dediyinə görə, gələn turistlər mədəni-tarixi yerlərə baş çəkməyə üstünlük verirlər. Ancaq belə yerlər də çox azdır: "Hazırda turistlərin baş çəkdiyi yeganə yer Xan Sarayıdır. Sonra da Kiş məbədinə gedirlər. Xan Sarayı ərazisindəki Qala kompleksində 3 muzey var. Bir də Sənətkarlar Evi. Bunlara baxmağa bircə gün yetir. Sonra gedirlər Kiş məbədinə. Ona da baxandan sonra bununla hər şey qurtarır. Ancaq turistlər daha çox yerə getmək istəyirlər".

Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, kənd turizmini inkişaf etdirmək lazımdır. Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyir ki, Mədəniyyət və Turizm Nazirliyi ilk növbədə tarixi abidələrin bərpası istiqamətində işlər görür: "Abidələrin bərpası, turizm məqsədi ilə istifadə olunması üstün diqqət yetirdiyimiz istiqamətlərdən sayılır. Bu gün Azərbaycanın bir çox bölgəsində ev sahibləri turistlərə xidmət göstərirlər. Ancaq bu xidmətlər kortəbii, pərakəndə və kənd turizmi formatında deyil. Bizim də məqsədimiz odur ki, bu sahədə çalışanları bir yerə gətirək. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm QHT Forumu, həm də Gənclər Fondu vasitəsilə onların kiçik həcmli layihələrinə dəstək vermək və bu yolla kənd turizmini inkişaf etdirmək istəyirik".

Mahir Qəhrəmanovun dediyinə görə, bu işlə məşğul olan sahibkarlarla Kənd Yaşıl Turizm Assosiasiyasının yaradılması planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il yay mövsümündə Azərbaycanın bölgələrindəki otellərdə və kənd evlərində 380 mindən artıq yerli turist dincəlib.

 

Ülviyyə Tahirqızı

Xalq cəbhəsi.-2014.- 13 may.- S.13.