İnsanların
informasiya tələbatı yüksələn xətlə
artır
"İnformasiya cəmiyyətində
ilkin olan əməyin dəyəri yox, biliyin dəyəridir”
II
yazı
...Azərbaycan
Milli Elmlər Akademiyasının əməkdaşı
Şöhrət Eyvazovun fikrincə, informasiya cəmiyyəti
bütün üstünlükləri ilə yanaşı,
yeni risk və problemlərin yaranmasına səbəb olur:
"İstənilən informasiya cəmiyyəti mükəmməl
deyil. İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi isə siyasi qərar və dəyərlərdən
asılıdır. Son illərdə
Avropada kompüter təhsilinin müsbət tərəfləri
ilə yanaşı neqativ nəticələri haqqında daha
çox danışılır. Əlbəttə
ki, video və komputer mədəniyyətinin
yaratdığı və ya yarada biləcəyi təhlükələrə
biganə qalmaq olmaz. Perspektivli informasiya
texnologiyaları və informatizasiya təkcə istehsalın
effektivliyinə, əməyə qənaətə xidmət
etməli deyil, həm də yeni elmi biliklərin tez
yayılmasına, cəmiyyətin ümumi intellekt səviyyəsinin
yüksəlməsinə stimul verməlidir.
İnformatizasiya - daxilində müəyyən subyektlər
(insanlar, təşkilatlar, dövlətlər) arasına
informasiya mübadiləsi, toplanması, emalı və
saxlanması həyata keçirilən vahid informasiya məkanının
yaranmasına gətirib çıxarır. Nəticədə
inkişaf etmiş ölkələrin hamısının
qoşulduğu vahid informasiya-telekommunikasiya sistemi yaranır.
Beləliklə, kommunikasiya və informasiya
texnologiyalarının inkişafı nəticəsində
informasiya milli resursdan dünyəvi resursa çevrilir. İnsanların və cəmiyyətin informasiya tələbatı
yüksək dərəcədə artır və getdikcə
iqtisadiyyatın daha çox sahələri bu tələbatının
ödənilməsinə yönəldilir. İnformasiya
cəmiyyətində ilkin olan əməyin dəyəri yox,
biliyin dəyəridir"
O, həmçinin
bildirib ki, bütün insanların İKT-dən istifadə
etmək imkanın yaradılması informasiya cəmiyyətinin
əsas məsələlərindən biridir: "22 iyul
2000-ci ildə qəbul edilmiş qlobal informasiya cəmiyyətinin
Okinava Xartiyasının 10-cu maddəsində deyilir ki, dövlətlərin
strategiyalarında əsas məsələlərdən biri
İKT-dən istifadəyə hər kəs üçün
şərait yaradılmasına nail olmaqdır. Xartiyada götərilir
ki, dövlət İKT-dən ümumi istifadənin təmin
edilməsi və insanlara kommunikasiya sahəsində xidmət
göstərilməsi üçün münbit bazar şəraiti
yaratmalı; geniş kütlə üçün
açıq olan müəssisə və təşkilatlar
vasitəsilə əlavə istifadə imkanları
yaratmalı; geri qalmış şəhər, kənd və
rayonlarda şəbəkə xidmətinin təkmilləşdirilməsinə
diqqəti artırmalı; daha az sosial təminatlı
insanların, o cümlədən məhdud əmək qabiliyyətli
və yaşlı insanların tələbatlarına
xüsusi diqqət ayırmalı; internet şəbəkəsindən
mobil istifadə, həmçinin pulsuz ümumi informasiya
yığımından və bütün istifadəçilər
üçün açıq proqram təminatlarından daha
geniş istifadə də daxil olmaqla "istifadə
üçün münasib", "maneəsiz"
texnologiyaların gələcək inkişafına dəstək
olmalıdır.
İnformasiya cəmiyyətinin problemlərindən biri də
mədəniyyət və dil müxtəlifliyidir. 2 noyabr 2001-ci
ildə YUNESKO-nun qəbul etdiyi "Mədəni müxtəliflik
haqqında deklarasiya"da mədəni müxtəliflik bəşəriyyətin
ümumi sərvəti qəbul edilib. Mədəni
müxtəliflik beynəlxalq həmrəylik, incəsənət
və insan hüquqları ilə sıx bağlıdır.
Bu baxımdan İKT bir tərəfdən yeni rəqəmsal
imkanlar yaradır: milli azlıqlar ənənələri, mədəniyyəti
və problemləri haqqında məlumatların yer
aldığı sayt vasitəsi ilə özləri
haqqında bütün dünyaya çar çəkə bilirlər.
Digər tərəfdən İnternetdə
ingilis dilinin üstünlüyü ilə məhdud sayda dillərdən
istifadə olunur ki, bu da öz növbəsində rəqəmsal
vasitələrin köməyi ilə beynəlxalq informasiya və
mədəniyyət mübadilələrini çətinləşdirir.
Bundan başqa, nadir dillər İnternet istifadəçilərinin
əksəriyyəti üçün anlaşılmaz
olduğu üçün istifadəsi məhduddur".
Ş.Eyvazov əlavə edib ki, getdikcə İnternetdə
dil müxtəlifliyinin təmini istiqamətində irəliləyişlər
müşahidə olunur. Belə ki, artıq İnternet saytların üçdə
biri ingilis dilindən istifadə etmir: "İnfokommunikasiya
inqilabının da daxil olduğu elmi-texniki tərəqqi beynəlxalq
münasibətlər sistemində müəyyən dəyişikliklərə
səbəb olub. Beynəlxalq hüquqi tənzimləmələrdə
qloballaşma prosesinin yaranması və inkişafı yeni
şərtlərin diktə olunmasına gətirib
çıxarıb. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı 3 qrup beynəlxalq
münasibətlərin yaranması ilə nəticələnib:
1) İKT-nin inkişaf prosesi ilə bağlı (əsasən
standartlaşma, texniki tənzimləmə məsələləri)
münasibətlər; 2) İKT-nin fəaliyyətini təmin
edən münasibətlər (müxtəlif telekommunikasiya
xidməti operatorları, eləcə də operatorlar və
istifadəçilər arasında olan münasibətlər);
3) İKT-nin fəaliyyətinin bilavasitə təsir göstərdiyi
münasibətlər (elektron ticarətin həyata
keçirilməsi, istehlakçı hüquqlarının
qorunması, komputer cinayətlərinin
qarşısının alınması və s.). Telekommunikasiyanın inkişafı beynəlxalq əlaqələrin
sadələşməsinə və güclənməsinə
əhəmiyyətli təsir edir".
Onun
bildirdiyinə görə, bu gün başqa ölkədə
olan malı İnternetlə sifariş etmək,
kommersiya müqaviləsi bağlamaq çox asandır:
"Beynəlxalq munasibətlər daha dinamikləşib və
tez formalaşır. Bunula belə
qloballaşmanın neqativ faktorları informasiya mühitində
də özünü göstərir. Belə ki,
ingilisdilli rəqəmsal irs bir çox
xalqların və milli qrupların mədəniyyətləri
üçün müəyyən mənada təhlükə
yaradır. Eləcə də informasiya sahəsində
başqa sferalarda olduğu kimi transmilli kapitalın təsiri
hiss olunur. Dünya informasiya bazarında
meqaşirkətlər "qlobal oyunçular" kimi
çıxış edir. Çernov informasiya cəmiyyəti
haqqında nəzəriyyələrin formalaşmasını
3 dövrə bölür: 1) ilk dəfə yapon hökumətinə
qeyri-hökumət təşkilatlarının verdiyi
hesabatlarda informasiya cəmiyyətinin xarakteristikalarının
verildiyi XX əsrin 60-cı illərinin ikinci yarısı; 2)
Bellin informasiya cəmiyyəti nəzəriyyəsinin sistemli
izah edildiyi "Yaxınlaşan postindustrial cəmiyyət. Sosial proqnozlaşdırma təcrübəsi"
kitabının nəşr olunduğu 1973-cu ildən
sonrakı dövr. 3) Piter Draker və Manuel
Kastelsin informasiya və biliklərə əsaslanan iqtisadi
sistemə keçid haqqında nəzəriyyəni
yaratdıqları 1980-90-cı illərdən sonrakı
dövr. Litvak informasiya cəmiyyəti nəzəriyyələrini
texnoloji və sosial hissələrə bölməklə
birincidə əsasən elmi-texniki tərəqqinin öyrənildiyini,
ikincidə isə yeni cəmiyyət tipinin yarandığı
sosial dəyişikliklərin
araşdırıldığını bildirir.
Uebster isə
informasiya texnologiyaları nəzəriyyələrini 5 qrupa
bölür: texnoloji, iqtisadi, professional, məkan və mədəni".
Texnoloji nəzəriyyənin əsasını Toffler
qoyub. Bu nəzəriyyədə
ictimai münasibətlərin yeni strukturunun
formalaşmasında texnologiyaların rolu
araşdırılır: "İqtisadi nəzəriyyədə
informasiya biznesi öyrənilir və informasiya
iqtisadiyyatının formalaşması əsaslandırılır.
İlk dəfə bu nəzəriyyəni Maxluq
araşdırıb. Professional nəzəriyyə
Bellin işlərində inkişaf etdirilib. Onun fikrincə, yeniləşən cəmiyyətin
sosial strukturunda əsas rolu informasiya texnologiyalarından istifadə
edən və intellekt əməyi ilə məşğul olan
professionallar sinfi oynayır. Məkan nəzəriyyəsi
Kastelsin şəbəkə cəmiyyəti nəzəriyyəsini
öyrənir. Bu nəzəriyyə
çərçivəsində komputer şəbəkələrinin
məkan və zamana təsiri araşdırılır. Bu zaman virtual məkan fenomeninin ictimai münasibətlərə
təsiri diqqət mərkəzində saxlanılır. Mədəni nəzəriyyə müasir həyatın
simvollar və işarələrlə bütövləşməsindən
çıxış edir. Biz
dünyanı müəyyən işarələr sistemi ilə
qəbul edirik. Müasir mədəniyyət
əvvəlkilərdən informasiya baxımından daha
dolğundur. Bu zaman mədəni
inkişafda kütləvi kommunikasiya vasitələri
mühüm rol oynayır.
Bir qrup
rus alimi araşdırmalarında informasiya təhlükəsizliyi
siyasətinin 3 səviyyədə aparılması fikrini irəli
sürür: təşkilati; qanunvericlik; texnoloji. Təşkilati səviyyədə ölkənin beynəlxalq
informasiya cəmiyyətinə daxil olmasının təminatı
üçün görüləcək tədbirlərin
koordinasiyalı aparılması, dövlət provayderinin təyini
və internet şəbəkəsi ilə əlaqənin təkmilləşdirilməsi,
yerli informasiya resurs və texnologiyalarının
yaradılmasına dövlət dəstəyi, eləcə də
beynəlxalq təşkilatlarla əlaqələrin aktivləşdirilməsi
nəzərdə tutulur. Qanunvericilik baxımından isə
aşağıda göstərilənlər həyata
keçirilməlidir:
- məlumatların KİV, reklam, informasiya
resurslarında və beynəlxalq mübadilədə istifadəsinin
qanuni tənzimlənməsi;
- informasiya resurslarına qanunsuz müdaxilələrin
və zərərli informasiyanın emalının
qanunvericiliklə qadağan olunması;
- müəllif hüququ, şəxsiyyət
azadlığı və informasiya əldə etmə
hüquqlarının qanunvericiliklə tənzimlənməsi;
- "ikiqat kriminal" prinsipinə əsasən internet şəbəkədən
istifadə zamanı yaranan problemlərin həllinin yerli və
beynəlxalq qanunvericiliyə
uyğunlaşdırılması.
Şöhrət
Eyvazovun dediyinə görə, texnoloji səviyyədə
internet şəbəkəsi ilə əlaqəli işləyən
dövlət şəbəkəsinin yaradılması, icazəsiz
müdaxilələrə imkan verməyən informasiya
emalı vasitələrinin hazırlanması və tətbiqi,
informasiya məhsulları və xidmətlərinin sertifikasiya
və lisenziyalaşdırılması, verilənlər
bazasına müdaxilənin qarşısını alan proqram-linqivistik "filtr"lərin
yaradılması və tətbiqi təklif edilir. İnformasiya
təhlükəsizliyi anlayışı haqqında Tixonov və
Royx belə deyirlər: "...İnformasiya təhlükəsizliyi
deyərkən, geniş mənada informasiya mühitində
informatizasiyanın gedişində yaranan neqativ proseslərin,
hadisələrin, təzahürlərin aşkar edilməsi,
neytrallaşdırılması və aradan
qaldırılması situasiyasını anlamaq lazımdır.
İnformasiya təhlükəsizliyi qorunan
obyektin (şəxsiyyətin, cəmiyyətin, dovlətin,
müəssisənin və s.) sonrakı inkişafını təmin
edir".
Cəmiyyətin
informasiya təhlükəsizliyi bütün subyektləri, o
cümlədən dövlətin informasiya təhlükəsizliyini
özündə birləşdirir və ictimai həyatın
bütün sahələrini: siyasi fəaliyyəti, ictimai
birlikləri, iqtisadiyyatı, elmi, mədəniyyəti əhatə
edir".
Əli
Xalq cəbhəsi.-2014.- 16 may.- S.11.