22 may hadisələrinin
8-ci ili
Vaqif Abışov: "İranın
tarixində həmişə
öndə gedən Azərrbaycan türkləri
olub” Güney Azərbaycanda
milli kimlik yönündə ardıcıl
maariflənmə işi
getməlidir
Güney Azərbaycandakı
2006-cı il 22 may hadisələrindən 8 il
ötür. Ötən
illər ərzində
durumun daha da gərginləşdiyi göz
qabağındadır. Təəssüf
ki, soydaşlarımızın
milli azadlıq yönündəki çabaları
çox hallarda arzudan, istəkdən o yana getmir.
Bütün hallarda Güney
Azərbaycanda nə qədər çətin
olsa da, milli kimlik yönündə
maariflənməyə, maarifləndirməyə
ehtiyac var.
Öncə təhlil
olunmalı məqamlar
var: indi İran kimi bir qapalı ölkədə belə elmi-texniki gəlişmənin
qarşısını kəsmək
qətiyyən mümkün
deyil. Bu ölkədə
informasiya texnologiyalarının
inkişafı insanların
internetdən istifadəsini
getdikcə daha da qaçılmaz edir. Bu ölkə
interneti istəsə də tam qapaya bilmir. Təbiidir ki, internetdən istifadə soydaşlarımızın
dünya ilə əlaqəsini
daha da operativləşdirir. Deməli, soydaşlarımızın
Azərbaycan Türk ruhu mədəniyyəti, ədəbiyyatı, tarixi
ilə bağlı bilgilər almaq imkanları da getdikcə artır. Burada arzu olunan odur
ki, soydaşlarımız
dünyaya çıxmaq
imkanı tapdıqda onu daha ciddi
dəyərləndirə bilsinlər,
torpaqları parçalanmış
millətimizin mənəvi
birliyi yönündə
hər bir kəs bacardığı
çabanı göstərsin.
Azərbaycanın Birliyi uğrunda xəlqi çabalar zahirən qələbələrlə
sonuclanmasa da, yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır. Bilmək gərəkdir
ki, türk ulusunun mübarizəsi heç zaman asanlıqla başa gəlməyəcək. Millət olaraq
insani-milli haqqımızı
tələb etməyimiz
heç zaman eyib sayılmamalıdır.
Ancaq bu, hər birimizdən
yetkinlik tələb edir. Güneyli soydaşlarımız ilk növbədə idraki-mənəvi
yetkinliyə çatmaq
yönündə çalışmalıdırlar.
Bu, ötən illərdəki səhvlərdən
qurtulmaq üçün
də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq mübarizəsi yetkin sonucla başa çatar. Bütün hallarda isə
azadlıq mübarizəsini
hər bir fərdin azadlıq hadisəsi səviyyəsində
dərk etmək, bu duyğuyla canlı şəkildə
yaşamaq gərəkdir.
Mümkün qədər dünyanın
halıyla yaşamamaq,
dünyanın halından
üstün olmaq.
Bilmək ki, dünyanın
Azərbaycan dərdi yoxdur. Ona görə də
Bütöv Azərbaycan
eşqi ilə yaşayan hər bir kəs Vətəni
təmsil edəcək
mənəvi gücə
yetməlidir. Bu imkan
isə hər bir soydaşımızın
aqibətində var...
Ruhu bütöv Azərbaycanımız
ikiyəbölünmüşlük taleyini yaşamaqdadır. Tarixçi-alim
Vaqif Abışov 22
may hadisələri haqqında
danışaraq bildirir
ki, 22 may hadisələri Güneydəki
soydaşlarımızın təhqirinə qarşı
xalqımızın hiddətli
cavabı idi: "İran konstitusiyasında başqa xalqların hüquqları ilə bağlı vədlər olsa da, yazılanlara
əməl edilmir. İranın
tarixində həmişə
öndə gedən Azərrbaycan türkləri
olub. Ancaq xalqımız qədər
də qətl-qarətlərə
məruz qalan olmayıb. Bu günə kimi də xalqımıza qarşı təhqirlər
davam edir. Xalqımızın azadlıq mübarizəsi
davam edəcək".
Dünyanın gerçək səviyyəsi
halımızı, aqibətimizi
anlamaq qüdrətində
deyil. Bizi sevməyənlər güclü və zəif məqamlarımızı
durmadan öyrənirlər.
Dünya
hələ də Güney Azərbaycan dərdimizə biganəlik
göstərməkdədir. Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney
Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, Azərbaycan türkləri bu və ya digər
taleyüklü məsələlərdə
həmişə özünün
fitri imkanlarına, bir millət olaraq ruhuna daha
çox əsaslanmalıdır.
Bu yöndə Türk Dünyasının
gələcəkdə, nə
vaxtsa köməyi məsələsinə gəldikdə
isə təəssüf
ki, hələ türklərin birliyi mahiyyətcə əməldə
reallaşmayıb; Azərbaycan
aydınları özgələrdən
kömək ummaq adətindən əl çəkməlidirlər.
IX yüzildə
həşəmətli ərəb
imperiyasına qarşı
mübarizədə xəyanət
nəticəsində məğlub
olaraq tikə-parça
edilən Babəkin başçılıq etdiyi
hərəkatın süqutundan
sonra Azərbaycanın
taleyində yenidən
silsiləvi fəlakətlərə
yol açıldı. Şah İsmayıl
Xətainin qurduğu dövlətin türkçülük
yönü təəssüf
ki, çox çəkmədi. Şah
Abbas Xətainin bütün zəhmətini
farsçılığın ayağına bada verdi. 1721-ci ildə imperiya kimi qurulan Rusiya
Azərbaycanın işğal
olunması ilə bağlı qəddar istəklərini bir əsr ərzində gerçəkləşdirdi. Digər tərəfdən də İran Azərbaycanın tarixən düşdüyü
böhranlı vəziyyətdən
istifadə edərək
zaman-zaman torpaqlarımızı
işğal etdi.
XIX yüzilin əvvəllərində Azərbaycan
xanlıqlardan ibarət
idi. Təəssüf ki, vahid dövlətçiliyinin belə
bir gərəkli məqamda təsdiq olunmaması acı bir gerçək durum yaratmışdı. Biri-birlərini qətiyyən sevməyən
Azərbaycan xanları
nə qədər ürəkağrıdıcı səslənsə də, məhz biri-birlərindən
müdafiə olunmaq üçün çoxu
qıraqdan özünə
qəyyum axtarmağa başladı. İranla Rusiya
hər biri ayrı-ayrılıqda mövcud
fəlakətli vəziyyətimizdən
məharətlə istifadə
etdilər. Yurdumuz iki
böyük yağı
dövlətin müharibə
meydanına çevrildi.
Türkmənçay müqaviləsi Azərbaycan
Türklərinin vahid
tarixi torpaqlarının
parçalanması demək
oldu. Həmin amansız bağlaşmadan
sonra indi də özümüzə
gələ bilmirik.
Azərbaycan türklərinin parçalanmış xalq
olduğunu dünya etiraf etməlidir. Azərbaycanın tarixi ərazilərinin
böyük bir hissəsinin İranın əsarəti altında olduğu ilk növbədə
soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır.
Babəkin xəlqi əməli,
azadlıq uğrunda apardığı uzunmüddətli
döyüşləri hələ
də soydaşlarımız
tərəfindən ömürləşməyib.
Güney
Azərbaycan İran əsarətində olduğu
200 illik müddətdə
özünün milli
ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib.
Bu gün fars şovinizminin
bütün qadağalarına
baxmayaraq sazın soydaşlarımızın əlindən
alınması mümkün
deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən
daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü,
ciddi müqavimətinin
nəticəsi kimi meydana çıxır.
Saz türkün möhtəşəm
döyüşkənlik ruhunu
ifadə edir. Bu ifadədə zəifliyə
və zəlilliyə
yer yoxdur. Düzdür,
saz ruhumuzun bir zamanlar daha
güclü olmuş məqamlarını rəmzi
şəkildə bizə
çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu
ağlında, ürəyində
gəzdirən soydaşlarımızın,
bütövlükdə millətimizin
ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün
məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd
yerlərimizdən yana-yana
danışsa da, onun bu harayında
zəlillik və zəiflik olmadığından
kədərimiz bizə
yenilməz güc verir.
Bu gün
Azərbaycan Türkcəsinin
ardıcıl şəkildə
farslaşdırılması üçün İran əlindən gələni
edir. İranda ana dilimizdə
məktəblər yoxdur,
faktiki olaraq bu, Azərbaycan Türkcəsini elmi, kütləvi yöndə
soydaşlarımız arasında
daha geniş şəkildə bərqərar
olmasına ciddi maneə yaranır. Əksinə,
İran hakimiyyəti Güney Azərbaycanın
çoxsaylı bölgələrində,
ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayının
artırılmasına çalışır
ki, Azərbaycan Türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın.
Uğur
Xalq Cəbhəsi.-2014.-22
may.-S.14.